Məhkəmə qərarları › İş №2-1(112)-5872/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5872/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5872/2022 27.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerinin dəyişdirilməsi və layihənin yenilənməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək sərəncamın məqsədlərinə uyğun olaraq, ayrılmış torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsinə mane olan mövcud vəziyyəti nəzərə alaraq, XRİH tərəfindən xx.xx.2013-cü il tarixli 398 nömrəli sərəncam ilə ayrılmış torpaq sahəsinin yerinin qeyd olunduğu həddə dəyişdirilməsinə (yeni sərəncam verilməsinə), mümkün hesab edilmədiyi halda əsaslandırılmasını və bu zaman həmin sahə daxilində, lakin tərtib olunmuş layihədən kənar (ağac maneə olduğu üçün) məntəqə tikintisini həyata keçirdiyi halda, hər hansı öhdəlik və ya məsuliyyət daşıyıb-daşımamağı barədə hüquqi əsaslandırılmış məlumat verməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olduğuna görə ailələrinin sosial rifahının yaxşılaşdırılması məqsədilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq xx.xx.1996-cı il tarixində Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində müvafiq köşkün, daha sonra isə xx.xx.2006-cı il tarixli sərəncamla 20 kv.metr sahədə məntəqənin tikilməsinə icazə verilmişdir. Elə həmin dövrdən etibarən bir kiçik ağacı səbəb gətirməklə uzun müddət tikintiyə maneə və süründürməçilik etməklə, nəhayət ağacın diametrini 30 sm-ə çatdırmışlar. Nə ağacın köçürülməsinə, nə də həmin ərazidə kifayət qədər boş yer olmasına baxmayaraq, layihənin (ayrılan torpaq sahəsinin) 30 sm sürüşdürülməsinə imkan yaratmamışlar. Qeyd edilənləri nəzərə alaraq, həmin sahədə yerləşən ağacın köçürülməsi və ya yerinin dəyişdirilməsi və ya digər analoji tədbirlərin görülməsinə dair qərar qəbul edilməsi, hər hansı səbəbdən ağacın götürülməsi məqsədəmüvafiq hesab edilmədiyi təqdirdə isə sərəncamla ayrılmış sahənin (20 kv.metr) hazırkı yerləşməsindən “ağacın maneə yaratdığı həddə” (30-40 sm) yerinin dəyişdirilməsi məsələsinə baxılması ilə bağlı iddiaçı tərəfindən Xətai Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciətlər edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.2-ci bəndində göstərilən yaşıllıqların götürülməsinə əsas olan hallardan heç biri mövcud olmadığından yaşıllığın yerində saxlanmasına dair rəy vermişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Agentliyinin 24 sentyabr 2020-ci il tarixli 22/T-399 nömrəli rəyindən də göründüyü kimi ağacla məntəqə tikintisi üçün ayrılan torpaq sahəsi arasında minimal yerləşmə məsafəsi tələbləri gözlənilməmişdir. Odur ki, adıçəkilən qurum tərəfindən rəydə ağacın yerində saxlanılması, obyekt tikintisinin isə yaşıllıqdan azad sahədə yenidən qurulması irəli sürülmüşdür. XRİH isə adıçəkilən rəydən yalnız ağacın götürülməsindən imtinaya əsas kimi istifadə etməklə, müraciətdə qeyd olunan əsas məsələyə, yəni sərəncamla məntəqə tikintisinə icazə üçün ayrılan torpaq sahəsinin yerinin “mövcud yaşıllığın yaratdığı maneə həddində” dəyişdirilməsinə göstəriş verilməsi məsələsinə münasibət bildirməmiş, son olaraq, 29 dekabr 2021-ci il tarixli T-21/3-144/3 nömrəli məktubla heç bir normativ hüquqi akta istinad etmədən torpaq sahəsi ilə bağlı sərəncam vermə səlahiyyətinin olmadığını bildirmişdir. Dövlət Şəhərsalma Arxitektura Komitəsinə yaxınlaşdıqda, həmin qurumun əməkdaşları da qeyd edilən maddəyə istinad etməklə, kiçik ölçülü tikililərə Komitə tərəfindən icazənin tələb edilmədiyi bildirilmişdir. xx.xx.2006-cı il tarixində mövcud məntəqənin tikilməsinə icazə verilməsinə dair sərəncama uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsində yerləşən köşkün sökülərək yerində (20 kvadrat metr ərazidə) kənd təsərrüfatı fəaliyyəti ilə əlaqəli məntəqənin tikilməsi nəzərdə tutulmuşdur ki, obyektin konstruksiyası 2013-cü ildə XRİH tərəfindən tərtib olunmuş “məntəqənin eskiz layihəsi” ilə öz təsdiqini tapır. Lakin ayrılmış və barəsində layihə tərtib edilmiş həmin torpaq sahəsində ağacın mövcudluğu tikintiyə maneə olduğundan, nəticədə şəhid ailəsinin sosial müdafiəsi məqsədilə torpaq sahəsinin ayrılması barədə XRİH-nin qeyd edilən sərəncamı öz mahiyyətini itirir və özlüyündə etibarsızlığa səbəb olur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin iddiaya yazılı etirazında bildirilmişdir ki, İddiaçı ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək, ünvan 1 ünvanında Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərəncamına əsasən 20 kv.m sahədə qeyri-yaşayış məntəqəsinin tikilməsinə icazə verildiyini və hazırda qeyd olunan ünvanda qəzalı ağacın götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciəti ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinə T-21/3-144/3 saylı, xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin 22/3465 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən 11 saylı RETSİ-nin mütəxəssisləri tərəfindən yerində baxış keçirələrək tərtib edilmiş və sözügedən ünvandan mövcud qeyri-yaşayış binasının arxa tərəfində yerləşən ağacın köküstəyaş halda, bioloji inkişafda olduğunu nəzərə alaraq götürülməsi mümkün hesab edilməmişdir. Yuxarıda qeyd edilənləri və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə təqdim edərək ona Xətai Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2013-cü il tarixli 398 nömrəli sərəncamla ayrılmış torpaq sahəsinin yerini dəyişdirmək şərtilə 40 sm qabağa sürüşdürülməsi və layihənin yeniləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1996-cı il tarixli, 32 nömrəli sərəncamına əsasən Xətai Rayon İcra Hakimiyyətinə ... və şəhid atası X5 müraciət edərək maddi rifah hallarının ağır olduğunu nəzərə alaraq, köşk yerləşdiriiməsinə icazə verilməsini xahiş etmişlər. Bakı Şəhər İcra Hakimiyyəti xx/xx-1487 saylı 18.12.95-ci il tarixli və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi 21.12.95-ci il tarixli 18/03-8/892 saylı məktubları ilə bu məsələyə razılıqlarını bildirmişlər. Şəhid ailələrinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə, Bakı Şəhər İcra Hakimiyyətinin 18.12.95-ci il tarixli xx/xx-1487 sayiı və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 21.12.95-ci il tarixli 18/03-8/892 saylı məktublarını, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 02.02.94-cü il tarixli 129 saylı sərəncamını və Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, Dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamənin 13-cü maddəsinin “Q” bəndini rəhbər tutaraq ... və Şəhid atası C.T.Tağıyevə Q.Məmmədov küçəsi, 2 saylı binanın yaxınlığında (2,0x3,0) m ölçüdə köşk yerləşdirilməsinə icazə verilməsi, köşklərin Bakı reklam şirkətində hazırlanması və rayonun baş memarının iştirakı ilə yerləşdirilməsi, sərəncamın verildiyi tarixdən etibarən 10 (on) gün müddətində rayon kommunal təsərrüfatı idarəsilə müqavilə bağlanması, ətraf ərazinin abadlığına və sanitariya qaydalarına riayət edilməsinin vət. ... və C.Tağıyevə həvalə edilməsi, sərəncamın 2, 3 və 4-cü bəndləri yerinə yetirilmədiyi halda onun ləğv edilməsi məsələsinə baxılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 398 nömrəli sərəncamından çıxarışa əsasən Xətai Rayon İcra Hakimiyyətinə İddiaçı ərizə ilə müraciət edərək, rayon İHB-nin 476 saylı, xx.xx.2006-cı il tarixli «Mövcud məntəqənin yenidən tikilməsinə icazə verilməsi haqqında» sərəncamında göstərilən məntəqənin sahəsinin ölçüsü layihəyə uyğun olaraq «20 kv.m» əvəzinə səhvən «12 kv.m» kimi göstərildiyindən həmin səhvin düzəldilməsini xahiş edir. Araşdırma zamanı ərizədə göstərilən faktların düzgün olduğu və rayon İHB-nin sərəncamında texniki səhvə yol verildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsaslanaraq Xətai Rayon İcra Hakimiyyəti Başçısının 476 saylı, xx.xx.2006-cı il tarixli sərəncamında göstərilən məntəqənin sahəsinin ölçüsünün 20 kv.m kimi oxunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X3 Agentliyinin Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 22/3465 nömrəli ağacın köküstə inkişafda qalması haqqında məktubda bildirilmişdir ki, ünvan 4 ünvanında “mövcud məntəqənin yenidən tikintisinə maneə yaradan 1 ədəd çinar ağacının götürülməsinə müvafiq rəy verilməsinə dair” 2021-ci il 27 oktyabr tarixli, T-21/3-144/3 nömrəli məktubla ünvanladığınız müraciətə X3 Agentliyində baxılmışdır. Məsələ iiə əlaqədar 11 saylı RETSİ-nin mütəxəssisləri tərəfindən yerində baxış keçirilərək tərtib edilmiş (11 saylı RETSİ-nin 2021-ci il 15 noyabr tarixli, 26/1498/d nömrəli məktubu ilə daxil olmuş) 2021-ci il 12 noyabr tarixli, 1000 nömrəli akta və ona əlavə olunan fotoşəkillərə istinadən, sözügedən ünvanda mövcud qeyri-yaşayış binasının arxa tərəfində 1 ədəd qovaq (d=26 sm) ağacının köküstəyaş halda, bioloji inkişafda olduğu və obyektlə ağac gövdəsi arasında minimal yerləşmə məsafəsi tələblərinin saxlanılmadığı müəyyən edilmişdir. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hər hansı obyekt inşa edilərkən ərazidəki yaşıllıqlar nəzərə alınmalıdır. Eyni zamanda qeyd edilir ki, yaşıllıqların götürülməsinə dair müraciətə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.5-ci bəndinin tələbinə uyğun olaraq bütün sənədlər (yaşıllıq yerləşən torpaq sahəsinin ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd və s.) əlavə olunmalıdır. Odur ki, qeyd olunanları və ağacın köküstəyaş halda, bioloji inkişafda olduğunu nəzərə alaraq obyektin yaşıllıqlardan azad sahədə yenidən qurulması və ağacın köküstə inkişafda qalması məqsədəmüvafiqdir. Qeyd: Ağacın köküstə inkişafda qalması barədə rəsmi məlumat aidiyyəti üzrə 11 saylı RETSİ-yə təqdim edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 524 nömrəli məktubunda bildirilmişdir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş sərəncamlar və ona əlavə edilmiş sənədlər təhviltəslim aktına əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən aidiyyəti üzrə müraciət olunması sizdən xahiş olunur. O ki, qaldı İddiaçı Xətai Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair yazılı münasibətin bildirilməsinə bildirilir ki, xx.xx.2022-ci il tarixli, 317 nömrəli məktubla məhkəməyə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, T-21/3-144/3 nömrəli məktubunda bildirilmişdir ki, sizin Xətai Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə baxılmışdır. X1 küçəsində yerləşən mövcud məntəqənin genişləndirilməsi işlərinə maneçilik yaradan 1 ədəd Çinar ağacının götürülməsi və yaxud həmin ağacın götürülməsi mümkün olmadığı təqdirdə ayrılmış torpaq sahəsinin yerinin dəyişdirilməsi ilə bağlı sərəncam verilməsi xahiş olunur. Müraciətlə əlaqədar rayon İcra Hakimiyyəti aparatı tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinə xx.xx.2021-ci il tarixli, T- 21-144 saylı məktub göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixli, 22/1268 saylı daxil olmuş məktuba əsasən qeyd olunan ünvanda yerləşən ağaca dair müvafiq rəyin alınması üçün “Yaşıllıqların götürülməsi Qaydası”nın qanunvericilikdə nəzərdə tutulmuş hallardan hər hansı biri olmadığından həmin ağac toxunulmaz qalmalıdır. Məlumat üçün bildirilir ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsi ilə bağlı sərəncam verilməsi rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilməmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1996-cı il tarixli, 32 nömrəli sərəncamına əsasən şəhid atası X4 Q.Məmmədov küçəsi, 2 saylı binanın yaxınlığında (2,0x3,0) m ölçüdə köşk yerləşdirilməsinə icazə verilmişdir. Daha sonra İddiaçı müraciətinə əsasən xx.xx.2006-cı il tarixli, 476 nömrəli sərəncamla 20 kv.metr sahədə məntəqənin tikilməsinə icazə verilmiş, məntəqənin eskiz layihəsi Xətai Rayon İcra Hakimiyyətinin memarının imzası və Xətai RİH-nin möhürü ilə təsdiq edilmişdir. Hazırkı halda iddiaçı ayrılmış 20 kv.metr sahədə diametri 30 sm-ə çatan 1 ədəd qovaq ağacının bitdiyini, həmin ağacın məntəqənin tikilməsinə mane olduğunu əsas gətiməklə həmin ağacın götürülməsi və yaxud ayrılmış torpaq sahəsinin yerinin dəyişdirilməsinə dair sərəncam verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan ağacın köküstəyaş halda, bioloji inkişafda olduğundan inkişafda qalmalı olması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/1268 saylı rəyinə istinad edərək “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərinə uyğun olaraq ağacın götürülməsini mümkün hesab etməmiş, eyni zamanda qüvvədə olan qanunvericiliklə torpaq sahəsi ilə bağlı sərəncam verilməsinin rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmədiyini bildirməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı halda iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək ayrılmış torpaq sahəsinin yerini dəyişdirərək 40 sm qabağa çəkilməsi, bununla bağlı layihənin yeniləndirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər -tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə iddianın mümkünlüyü baxımından işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı cavabdehin inzibati aktı, hərəkət, hərəkətsizliyi nəticəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını əsaslandıra bilməmişdir. İddia tələbindən də görünür ki, ağacın mane yaratması səbəbindən ayrılmış torpaq sahəsinin yerinin dəyişdirilərək qabağa çəkilməsi iddiaçıya həmin ölçüdə, lakin yeni torpaq sahəsinin ayrılması deməkdir ki, bu səlahiyyət hazırkı halda cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Əsasnamənin 4.18.2-ci bəndinə görə bu Əsasnamənin (.......) 4.16.4-cü bəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. Göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir, yəni rayon bölgüsü olan Bakı şəhərində Xətai Rayon İcra Hakimiyyəti başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti yoxdur. O, yalnız bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəy verə bilər. Məhkəmə onu da qeyd edir ki, qabağa çəkilmə nəticəsində iddiaçının istifadəsinə verilməsi iddia edilən torpaq sahəsi dövlət deyil, bələdiyyə torpağı olduğu fərz edilsə belə iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmin Qanunun 19-cu maddəsinə müvafiq olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin “Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi” adlı 59-cu maddəsinə əsasən yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənziltikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə. Göründüyü kimi iddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimyyətindən, torpaq sahəsi istər dövlət mülkiyyətində, istərsə də bələdiyyə torpağı olan hallarda, yəni hər bir halda, onun səlahiyyətlərində olmayan məsələnin həllini tələb etmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerinin dəyişdirilməsi və layihənin yenilənməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar