Məhkəmə qərarları › İş №2-1(112)-5873/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5873/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5873/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati iş materiallarına aidiyyatla bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Kəlbəcər Rayon Maddi X1 04 may 1979-cu ildən 25 mart 1993-cü ilədək fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mübahisə öhdəliyinin icrası ilə növündə iddialara aid olmaqla inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqanla bağlı olduğundan inzibati işə iddiaçının yaşadığı yer üzrə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. - 8.3-cü maddəsinə əsasən mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası vətəndaşının AZE 07744314 №-li, 09.02.2010-cu il tarixli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı yaşayış yeri Kəlbəcər rayonu, Zərqulu kəndi, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Yevlax şəhəri bölməsi tərəfindən verilmiş 050 №-li, 17.01.2022-ci il tarixli arayışa əsasən isə faktiki yaşayış yeri Yevlax rayonu, Aran qəsəbəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin maddənin ikinci hissəsinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi üzrə inzibati işin qeydiyyatda olduğu ünvan üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazım qaydada məlumatlandırılsa da səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iş üzrə ərazi aidiyyətinin müəyyənləşdirilməsini mümkün hesab etmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 4 №-li, 14.11.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi» barədə Əlavəyə əsasən Kəlbəcər rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.5, 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar