Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5875/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavadehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya əmək pensiyası almaq hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Nizami Şükürov xx.xx.1957ci il təvəllüdlüdür. xx.xx.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2009-cu il tarixinə qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmətdə olmuşdur. Ümumilikdə 30 ildən çox sığorta stajı vardır. Əmək fəaliyyətinin 10 ilə yaxın müddətində Azşərqtrans-1 müəssisəsində sürücü vəzifəsində işləmişdir. Belə ki, Müəssisənin xx.xx.1998-ci il tarixli 166 nömrəli əmri ilə sürücü vəzifəsinə qəbul edilmişdir, xx.xx.2004-cü il tarixli 10 nömrəli əmri ilə müqavilə müddətinin bitməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir. Həmçinin, xx.xx.2005-ci il tarixli 65 nömrəli əmrlə yenidən taksi sürücüsü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixli əmrlə müqavilə müddətinin bitməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir. İşə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. İddiaçı Nizami Şükürov xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh ƏƏSMN tabeliyində DSMF-nun Sosial ödənişlərin təyinatı üzrə Mərkəz filialına pensiya təyin edilməsi barədə müraciət etmişdir. Lakin, iddiaçı Nizami Şükürov müraciət etdiyi vaxt kifayət qədər əmək stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, cavabdeh Sosial ödənişlərin təyinatı üzrə Mərkəz filialının xx.xx.2022- ci il tarixli cavab məktubu ilə iddiaçının 25 ildən az siğorta stajı olması səbəbi ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, cəmi 19 il 6 ay 24 gün stajı olduğu qeyd edilir. Pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktubda xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cıı il tarixədək fərdi hesabın siğorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün Azşərqtrans-1 müəssisəsində işlədiyi dövrlərin sığorta stajına daxil edilmədiyi qeyd edilmişdir. İddiaçı xx.xx.1998-xx.xx.2004-cü illərdə Azşərqtrans-1 müəssisəsində 5 il 7 ay 23 gün işləmişdir. İddiaçı hesab edir ki, onun iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir. Cavabdeh iddiaçıya məxsus əmək kitabçasında olan məlumatın həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Mübahisə olunan dövr iş yerindən verilən əmək kitabçasında qeyd edildiyindən, həmin qeydin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən bəhs edilən dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə mərkəzi filialda baxılmış və xx.xx.2022-ci il tarixli cavab məktubunda İddiaçı sosial sığorta stajının qanunvericiliklə tələb olunan müddətdən (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd olunan Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2022-ci il tarixdən iddiaçı kişilər üçün nəzərdə tutulmuş pensiya yaş həddinə(65 yaş) çatmışdır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İş üzrə icraat materiallarından aydın olur ki, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək olan hərbi xidmət dövrü də nəzərə alınmaqla) ümumilikdə 19 il 6 ay 24 gün təşkil edir. Qeyd olunanlarla əlaqədar bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixdən xx.xx.2004cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Azşərqtrans-1” müəssisəssindəki əmək fəaliyyəti ilə bağlı əsaslı şübhələr olduğundan həmin dövrlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Azşərqtrans-1” müəssisəsində işləməsi faktını təsdiqləmək üçün aparılan araşdırma nəticəsində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sistemində xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı aşkar olunmuşdur. Bu səbəbdən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Azşərqtrans-1” müəssisəsində işləməsi faktı öz təsdiqini tapmamış və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd edirlər ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin bildirirlər ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyalar haqqında” qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, şəxsin fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Diqqətinizə çatdırırıq ki, İddiaçı adında aktiv VÖEN (**********) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə müavinət təyin edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından və pensiya kapitalı tələb olunan məbləğdən aşağı olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- xx.xx.1957-ci il təvəllüdlü İddiaçı AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli imtina məktubu; - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilmiş inzibati icraat materiallarının təsdiq edilmiş surəti; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktub.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1azi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:
Kişilərin yaş Qadınların yaş Dövr həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il
Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixədək olan dövr üçün 65 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim edilən əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 19 il 5 ay 24 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1998-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək “Azşərqtrans-1” müəssisəsində olan əmək fəaliyyəti dövrünün -sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və eyni zamanda adına aktiv VÖEN hesabı (**********) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək kitabçasının məlumatlarına görə onun əmək fəaliyyətinin xx.xx.2006-cı ilədək davam etmiş müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Vətəndaşın iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi digər sənədər (arayış, əmr və s.) nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh inzibati orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli Əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı: - xx.xx.1978-xx.xx.1979-cu il tarixləri arasında doldurucu, daşıyıcı (03 ay 14 gün); - xx.xx.1979-xx.xx.1981-ci il tarixləri arasında çilingər, sürücü (01 il 01 ay 17 gün); - xx.xx.1981-xx.xx.1984-cü il tarixləri arasında çilingər (03 il 09 ay 19 gün); - xx.xx.1984-xx.xx.1988-ci il tarixləri arasında sürücü (03 il 04 ay 22 gün); - xx.xx.1988-xx.xx.1991-ci il tarixləri arasında sürücü (02 il 08 ay 25 gün); - xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasında sürücü (02 il 05 ay 29 gün); - xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasında ekspeditor (01 il 03 ay 27 gün); - xx.xx.1995-xx.xx.1996-cı il tarixləri arasında sürücü (01 il 07 ay 22 gün); - xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasında sürücü (27 gün); - xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasında sürücü (01 il 02 ay 01 gün); - xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasında sürücü (04 ay 10 gün); - xx.xx.1998-xx.xx.2004-cü il tarixləri arasında sürücü (05 il 07 ay 23 gün); - xx.xx.2005-xx.xx.2009-cu il tarixləri arasında sürücü (03 il 05 ay 11 gün) peşəsində işləmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd edilən əmək stajı 27 il 05 ay 02 gün təşkil edir. İş materiallarına əlavə edilmiş HЗ ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək həqiqi hərbi xidmət dövrü 02 il 01 ay 18 gün təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Azşərqtrans-1” müəssisəsinin (VÖEN: **********) xx.xx.1999-cu il tarixdə ********* nömrəli VÖEN-lə, xx.xx.2004-cü il tarixdə ********** VÖEN ilə vergi uçotuna alınması, xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Beləliklə, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə “Azşərqtrans-1” müəssisəsində işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi “Azşərqtrans-1” müəssisə ********* nömrəli VÖEN-lə xx.xx.1999-cu il tarixdə uçota alınana qədər fəaliyyət göstərmişdir. Məhkəmə, iddiaçının həmin müəssisədə olan iş stajının hesablanması ilə bağlı qeyd edir ki, “Azşərqtrans-1” müəssisəsinin xx.xx.1999-cu il tarixdə vergi uçotuna alınsa da, hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilən iddiaçıya məxsus əmək kitabçasında, onun xx.xx.1998-ci il tarixdən “Azşərqtrans-1” müəssisəsinə taksi sürücüsü kimi işə qəbul edilməsi qeydi həmin müəssisənin xx.xx.1999-cu il tarixinədək fəaliyyət göstərdiyini sübut etdiyindən, iddiaçının “Azşərqtrans-1” müəssisəsindəki iş stajı xx.xx.1998-ci il tarixdən hesablanmalıdır. Həmçinin, iddiaçının “Azşərqtrans-1” müəssisəsində işlədiyi xx.xx.2006cı il tarixindən xx.xx.2009-cu il tarixinədək olan dövr (fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayan dövr) onun iş stajına hesablanmasa da belə iddiaçının əmək kitabçasında qeyd edilən əmək stajı, həqiqi hərbi xidmət dövrü nəzərə alınmaqla 26 il 3 ay 25 gün təşkil edir. İnzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd edilən dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə qanunvericiliyinə uyğun olaraq yaradılmış və fəaliyyət göstərmişdir. Bununla bağlı olaraq məhkəmə hesab edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə “Azşərqtrans-1” müəssisəsində işləməsi barədə əmək kitabçasındakı qeydlərin mötəbərliyi və həmin dövrlərin iş stajının onun sığorta stajına daxil edilməsi iş materialları ilə də öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı (24 il 02 ay 07 gün), həmçinin həqiqi hərbi xidmət dövrü (02 il 01 ay 18 gün) nəzərə alınmaqla 25 ildən artıq (26 il 3 ay 25 gün) olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 ildən artıq sığorta stajı olduğundan üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdeh inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev