Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5875/2025 24.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı üçüncü şəxs X3 “yaşayış sahəsindən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə qarşı X3 üçüncü şəxs qismində cəlb edilməklə “yaşayış sahəsindən qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı ərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********09-10301 olan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 9/1 saylı fərdi yaşayış evi İddiaçı (bundan sonra – iddiaçı) xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli, AZ-İ №420898 saylı nikahın pozulması haqqında şəhadətnamədəyə əsasən X5 ilə X2 (bundan sonra – üçüncü şəxs) nikahı Xəzər Rayon Məhkəməsinin 2(003)-917/2021 nömrəli işi ilə pozulmuşdur. Daxili İşlər Nazirliyinin "Yaşayış yeri üzrə qeydiyyat haqqında" xx.xx.2025-ci il tarixli arayışına əsasən üçüncü şəxs həmin ünvanda qeydiyyatdadır. İddiaçı üçüncü şəxsin mənzilindən qeydiyyatdan çıxarılması üçün cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddia tələbi, iddiaçının əsaslandırması cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Xəzər rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtnası qanunsuz və əsassızdır. Belə ki, evə dair bütün lazım olan sənədləri cavabdehə təqdim edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, üçüncü şəxs ona məxsus evdə yaşayır. Onun həmin evdən çıxarılması ilə bağlı Xəxər Rayon Məhkəməsində iddia qaldırmış, sonradan iddia ərizəsini geri götürmüşdür. Üçüncü şəxsin həmin çıxarılması ilə bağlı məhkəmə qətnaməsi yoxdur. Üçüncü şəxs iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, hazırda həmin ünvada yaşayır. Ona qarşı evdən çıxarılma ilə bağlı hər hansı məhkəmə qərarı mövcud deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 9/1 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Üçüncü şəxs həmin ünvanda pasport qeydiyyatındadır və faktiki olaraq həmin evdə yaşayır. Üçüncü şəxs iddiaçının qardaşının keçmiş arvadıdır. İddiaçı sözügedən ünvanda qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə cavabdehə mürariət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: İ hissə, Bənd 1. yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən İ hissə, Bənd 5. yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə görə, şəxs yaşayış yerini dəyişdikdə (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən) müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Mərdəkan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan və məhkəmə iclasında iştirak edən iddiaçının və üçüncü şəxsin izahatından görünür ki, üçüncü şəxs sözügedən ünvanda yaşayır. Həmçinin məhkəmə iclasında iddiaçının və üçüncü şəxsin verdiyi izahatlarla müəyyən edilir ki, üçüncü şəxs hazırda iddiaçıya məxsus evdə yaşayır. Belə olan halda iddiaçı faktiki olaraq sözügedən daşınmaz əmlakda yaşayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb edir ki, onun bu tələbi təmin edilə bilməz. Belə olan halda, üçüncü şəxs həmin evdən çıxarılması, istifadə hüququnun olubolmaması məsələsi mülki mühakimə icraatı qaydasında müəyyən edilməlidir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ş № 2-1(102)-1983/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-70/2024 nömrəli, 2-1(102)- 363/2023 nömrəli 2-1(102)-2307/2023 nömrəli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il tarixli Qərarının nəticə hissəsinin 2-ci bəndinə göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, üçüncü şəxsin qeydiyyatdan çıxarılması onun istifadə hüququna xitam verilməsi ilə ola bilər. Hazırkı mübahisə üzrə işin hallarından üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş olması halı müəyyən edilmir. Bundan əlavə Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan digər qərarında (2-1(102)-1934/2023 nömrəli qərar) qeyd edilmişdir ki, ... hazırkı işdə iddiaçı 3-cü şəxslərin istifadə hüququ və ya belə hüquqa xitam verilməsi, yaxud da olmaması ilə bağlı heç bir məhkəmə qərarı təqdim etmədən inzibati orqandan onun keçmiş ailə üzvlərinin yaşayış sahəsində faktiki olaraq yaşamadığını, həmin yaşayış sahəsinə heç bir hüququnun mövcud olmadığını müəyyən etməyi tələb edir. Yəni iddiaçının qənaətinə görə, ümumi yurisdiksiyalı məhkəmələr üçün xarakterik olan mübahisələrdə nəzərə alınmalı olan Konstitusiya Məhkəməsinin qərarlarının mövqeyi inzibati orqanda da rəhbər tutulmalı və polis orqanı əsaslar mövcud deyilsə istifadə hüququna kompensasiya ödənilmədən ehtiyac meyarının aradan qalxmasına əsas olaraq xitam verilməsini müəyyən etməli və şəxsi qeydiyyatdan çıxarmalıdır. Halbuki həmin halların, yəni üçüncü şəxsin ailə qurduqdan sonra yaşayış sahəsində yaşayıb-yaşamaması, servituta xitam verilmə əsaslarının mövcud olubolmaması, ehtiyac meyarının olub-olmaması, istifadə hüququna xitam əsaslarını mövcuddursa, kompensasiya və ya kompensasiya olmadan istifadə hüququna xitam verilməli olub olmamasının müəyyən edilməsi inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Həmin halların araşdırılması eləcə də inzibati məhkəmə araşdırmasının predmeti qismində də çıxış etmir. Belə ki, inzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər”. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5875/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5875/2025
24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver