Məhkəmə qərarları › İş №2-1(112)-5878/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5878/2024

21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5878/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “tikinti işlərinin bərpa olunması və dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qanunvericiliyin tələblərinə uyğun olaraq ona məxsus qanunlar çərçivəsində inşa etdiyi 132 kv.m olan apardığı tikintinin bərpa olunması və dəymiş zərər olaraq 10.000 (on min) manat real zərər olaraq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyət Başçısının 10 yanvar 2000-ci il tarixli 05 nömrəli sərəncamı ilə X1 islahat komissiyasının və həmkarlar komitəsinin 29 yanvar 2000-ci il tarixli 1 nömrəli protokoluna əsasən sovxozda fəhlə işləyən və özünə məxsus ev və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan, kənd təsərrüfatına yararsız olan yerlərdə fərdi yaşayış evi tikmək üçün müraciət edən İddiaçı 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində uzun müddətdir ki, kirayə yaşamağına baxmayaraq ailəsinin və özünün yaşaması üçün fərdi yaşayış evi tikmək arzusunda olsa da Hövsan Bələdiyyə, İcra hakimiyyəti və polis orqanları tikinti aparmağına icazə verirlər. Belə ki, dəfələrlə Rayon İcra Hakimiyyətinə, Şəhərsalma İdarəsinə ərizə ilə müraciət etməklərinə baxmayaraq hər kəs bir bəhanə ilə onun qanuni tələblərini guya qanunları pozduğuna görə tikinti aparmağına icazə vermirlər. O öz torpaq sahəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79-ci və 80-cı maddəsinə uyğun olaraq 132 kv.m. ölçüdə bir mərtəbəli fərdi yaşayış evi inşa etmək istəyir. Ancaq onun inşa etdiyi evi söküb dağıtmışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, İddiaçı Nəsiir oğluna qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləri RİH-ə təqdim etməsi yazılı şəkildə bildirilsə də, tələb olunan hüquq müəyyənedici sənədləri olmadığından onun apardığı özbaşına tikinti işlərinin qarşısı alınmışdır. Həmçinin, Azərbaycan Respublikasının torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 13-cü maddəsinin 2-ci bəndinə görə kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tiklilər və qurğular quraşdırıla bilər. İddiaçı Nəsiir oğlunun fərdi yaşayış evi tikmək istədiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar sahələrinə aid olduğundan iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Hövsan südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmrindən çıxarışa əsasən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 005 nömrəli sərəncamı, X1 İslahat Komissiyasının və Həmkarlar Komitəsinin xx.xx.2000-ci il tarixli 01 nömrəli protokoluna əsasən Sovxozda fəhlə işləyən, özünə məxsus ev və torpaq sahəsi olmayan, mənzil sahəsinə ciddi ehtiyacı olan, qəsəbə daxilində evlərarası boş və kənd təsərrüfatına yararsız olan yerlərdən fərdi ev tikmək üçün ərizə ilə müraciət edən İddiaçı 0.08 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-20/2-598/2024 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisinə münasibət bildirilməsi üçün Suraxanı RİH-ə ərizələr ilə müraciət etmiş və RİH-in cavab məktubları ilə (sonuncu cavab məktubunun surəti əlavə olunur) tikinti işlərinin aparılması nəzərdə tutulan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin surəti təqdim olunduqdan sonra müraciətinə yenidən baxılacağı bildirilmişdir. Lakin vətəndaş tərəfindən tikinti aparmaq istədiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd təqdim olunmamışdır. Suraxanı Rayon İcra Hakimiyyəti yanında "Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya"nın üzvlərinin İştirakı ilə rayon ərazisində keçirilən reyd zamanı vətəndaş İddiaçı tərəfindən Hövsan qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində heç bir hüquq müəyyənedici sənədi olmadan özbaşına tikinti işlərinin aparılmasına cəhdi aşkar edilmiş və bunun qarşısı Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.3.4. bəndinə uyğun qətiyyətlə alınaraq "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın 4.3. bəndinin tələblərinə əsasən bundan sonra tikinti işlərinin aparılmaması vətəndaşa tövsiyə edilmişdir. Məlumat üçün bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaş və özbaşına tikili barəsində müvafiq tədbirlərin görülməsi üçün RİH tərəfindən aidiyyəti üzrə Suraxanı Rayon Polis İdarəsinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətlər ünvanlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, T/262/2024 nömrəli məktubunda bildirilmişdir ki, Abşeron rayonu X1 2000-ci ilə aid arxiv sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət arxivinə təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 239/2024 nömrəli məktubunda bildirilmişdir ki, X1 2000-ci ilədək olan dövrünün sənədləri saxlanılması üçün rayon Dövlət arxivinə təhvil verilmişdir. 2000-ci il və ondan sonrakı dövrün sənədləri isə Abşeron rayon Dövlət arxivinə təhvil verilmədiyi üçün İddiaçı adının araşdırılması mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48-4/2-556/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğuda tələb olunan sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı fillialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********38 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 760.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yarımçıq tikili mövcuddur. Sözügedən sahəyə dair sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə keçmiş Hövsan Tərəvəzçilik-Südçülük sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008- ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Həmçinin sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-20/2-S-57-092/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 5-20/2-S-57/3-151/2/2023 nömrəli məktublarda bildirilmişdir ki, aşağıda qeyd olunan sənədlər RİH-ə təqdim olunduqdan sonra müraciətinizə yenidən baxılacaqdır. -şəxsiyyət vəsiqənizin surəti; -torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin torpaqları” olmaqla mülkiyyətə, icarəyə və ya istifadəyə verilməsi barədə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surəti (notarial qaydada təsdiq olunmuş); -torpaq sahəsinin planı və ölçüsünün surəti (notarial qaydada təsdiq olunmuş); -2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanmış tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi (3 nüsxə). Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Abşeron rayon Hövsan südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmrindən çıxarışa əsasən fərdi ev tikmək üçün ona 0.08 ha torpaq sahəsi ayrıldığı, həmin torpaq sahəsində tikdiyi fərdi evin cavabdeh tərəfindən söküldüyünü iddia edərək, cavabdehin tikinti işlərinin bərpa olunması və söküntü nəticəsində dəymiş maddi zərərin ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Hazırkı halda iddiaçı cavabdeh qismində qoyduğu Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə əmlakın sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etsə də həmin vəzifənin cavabdehdən tələb edilməsi üçün ilk növbədə inzibati orqanın publik fəaliyyəti nəticəsində hüquqazidd hərəkət (və ya hərəkətsizlik) və bu hərəkət ilə (hərəkətsizliklə) iddiaçıya ziyan dəyməsi sübut olunmalıdır. İşin hallarından görünür ki, iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı Abşeron rayon Hövsan südçülük Sovxozu üzrə xx.xx.2000-ci il tarixli 01 saylı əmrindən çıxarışı təqdim etsə də qeyd edilən əmr dövlət arxivində aşkar olunammışdır. Eyni zamanda iddiaçı tərəfindən həmin torpaq sahəsinin ayrılmasına dair sovxoz əmrinə torpaq sahəsinin yerləşmə mövqeyini göstərən yerləşmə cizgisi (təhkim aktı) əlavə edilməmişdir. Həmçinin, iddia olunan torpaq sahəsində fərdi evin tikintisinin başa çatdığı və tikilinin məhz cavabdeh yerli icra hakimiyyəti tərəfindən söküldüyünü təsdiq edən faktlar müəyyən edilməmiş, dəymiş zərərin dəyərinin nə qədər olduğu barədə sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş inzibati orqanın iddiaçıya ünvanladığı cavab məktubları isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq yerlərdə yerli icra hakimiyyətinin məlumatlandırma icraatı ilə bağlı keçirdiyi nəzarətlə bağlı olub, bilavasitə onun tərəfindən iddiaçının əmlakının söküldüyünü və bununla da iddiaçıya zərər vurduğunu ehtiva etmir. Beləliklə, iddiaçının mübahisəli torpaq sahəsinə və üzərindəki tikiliyə münasibətdə iddiaçının iddia olunan ərazidə torpaq sahəsinə dair hüquqmüəyənedici sənədlər, yerləşmə cizgisi aşkar olunmadığından, həmin əmlakla bağlı istifadə, mülkiyyət hüququ qeydə alınmadığından, eləcə də cavabdeh tərəfindən bilavasitə iddiaçıya zərər vurulduğunu təsdiq edən sübutlar təqdim edilmədiyindən iddiaçının cavabdeh qismində qoyduğu inzibati orqandan zərərin ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “tikinti işlərinin bərpa olunması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar