Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-588/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF X5 idarəsi) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olduğu dövrün ümumi əmək stajına daxil edilməklə, ona xx xxxxxx 2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1961-ci il təvəllüdlüdür. Əmək fəaliyyətinə xx xxxxxx 1979-cu ildə başlamışdır. Daha sonra xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. Bu barədə əmək kitabçasında qeyd aparılmışdır. Daha sonra əmək fəaliyyətini davam etdirərək, 2004-cü ilədək işləmişdir . İş yerləri zərərli olmuşdur. Bütün iş yerləri barədə əmək kitabçasında qeydlər vardır. xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək, xx.xx.1982-ci ildən xx.xx.2004-cü ilədək fasiləsiz əmək stajı və əmək stajına daxil edilməli olan xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olduğu dövr də daxil olmaqla, ümumilikdə 25 ildən çox iş stajı vardır. Buna əsaslanaraq 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün DSMF X5 idarəsinə müraciət etmiş, lakin yuxarıda qeyd olunan hallara baxmayaraq, inzibati orqan ona pensiya təyin etməkdən imtina edərək, əmək stajının kifayət etmədiyini bildirmişdir. Cavabdeh onun hərbi xidmətdə olduğu dövrü əmək stajı olaraq qəbul etməkdən imtina edir. 1979-1981-ci illərdə hərbi xidmətdə olduğu dövr əmək stajına daxil edildiyi halda, hazırki qanunvericiliyə əsasən, onun 57 yaşının tamam olduğu gündən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh isə bundan əsassız və qanunsuz olaraq imtina etdiyi üçün onun sosial təminat və pensiya hüquqlarını birmənalı olaraq pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X5 idarəsi məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli **********1 №li iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün DSMF X5 idarəsinə müraciət etmiş, cavab olaraq xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubla ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanunun 9.8-ci maddəsinə əsasən, həmin qanun qüvvəyə mindiyi günədək qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərdə xx xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil etməklə yanaşı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İddiaçı-İddiaçı məhkəmə iclaslarında verdiyi izahatında, iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh DSMF X5 üzrə Mərkəzi Filialınıln nümayəndəsi X2 məhkəmə iclaslarında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan; İddiaçıya məxsus xx.xx.2011-ci ildə Xətai rayon polis idarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə Cəbrayıl rayonu, Sarıcallı kəndində doğulmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 190 №li arayışdan müəyyən olunur ki, 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı 04054999 nömrəli xx.xx.1979-cu il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1979-cu ildə 26 Bakı komissarları adına Neft və qazçıxarma İdarəsinin 2 №li Neft və qaz hasilatı (neft mədəni) sexində təmirçi-çilingər şagirdi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1979-cu ildə Sovet ordusu sıralarına xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Sovet ordusu sıralarında xidmət etmişdir (Hərbi bilet NZ seriyalı ******* №li). xx.xx.1982-ci ildə Bakı Baş Tikinti “Fundamenttikinti” Trestinin 16 №li tikinti idarəsinə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə ikinci dərəcəli montajçı dərəcəsi verilmiş, xx.xx.1983-cü ildə Bakı Baş Tikinti “Fundamenttikinti” Trestinin 16 №li Tİ-nin adı Bakı Baş Tikinti İTQB GPETZ 16 №li tresti adına dəyişdirilmiş, xx.xx.1984-cü ildə polad və dəmir beton konstruksiyalar üzrə 3-cü dərəcəli montajçı dərəcəsi verilmiş, xx.xx.1984-cü ildə X4 Birliyi 16 №li Tikinti İdarəsinin adı Bakı Baş Tikinti X6 Birliyi 16 №li Tikinti İdarəsinin adına dəyişdirilmiş, xx.xx.1990-cı ildə 2-ci peşə kimi 4-cü dərəcəli izolyatorçu peşəsi verilmiş, xx.xx.1993-cü ildə altıncı dərəcə verilmiş, xx.xx.2004-cü ildə işdən azad edlmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Qubadlı rayon “Kalinin” adına kolxozun sədri Ə.Həziyev və mühasib G.Allahverdiyev tərəfindən imzalanmış İddiaçı verilmiş 06 №li xx xxxxxx 1982-ci il tarixli arayışda göstərilmişdir ki, “Arayış verilir Cəbrayıl rayonunun Sarıcallı kənd sakini İddiaçı, ondan ötrü ki, o, həqiqətən xx xxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1981-ci il tarixə kimi Qubadlı rayonunun Kalinin adına kolxozunda kolxozçu işləmiş və həmin müddətdə 128 manat 67 qəpik (bir yüz iyirmi səkkiz manat 67 qəpik) əmək haqqı almışdır”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 5/800-5/8002 №li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı verilmiş 06 nömrəli xx xxxxxx 1982ci il tarixli arayışın üzərində azərbaycan (kiril qrafikası) və rus dillərində “ ** Азəрб. ССР Дöвлəт *** КОЛХОЗУ КОЛХОЗ имени Калинина» məzmunlu möhür əksi və “ ** КОМ…..С… Губадлы РАСБ Калинин АДЫНА КОЛХОЗУ ГОСУДАРСТВЕННЫЙ АГРОПРОМЫШЛЕННЫЙ КОМИТЕТ АЗЕРБ..ЙДЖ..СКО…ССР Куба..лы..кого РАПО КОЛХОЗ ИМЕНИ Калинина ..илы кəнди-село.. иля…лы____№___ ___» məzmunlu ştamp əksi sənəd üzərinə bir başa vurulmuşdurlar (ulduzlar əks olunmayan mətni, nöqtələr isə hərfləri bildirirlər). Həmçinin ekspert qeyd etmişdir ki, rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə (rəqəmsal çap qurğusu (printer,çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli qələmlə icra olunmuş yazıların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına) görə qərardadda göstərilən “İş materiallarında olan Qubadlı rayon “Kalinin” adına kolxozun sədri Ə.Həziyev və mühasib G.Allahverdiyev tərəfindən imzalanmış İddiaçı verilmiş 06 №-li xx xxxxxx 1982-ci il tarixli arayışdakı qeydlərin icra olunduğu (arayışın yazıldığı) dövr, arayışın verilmə dövrü kimi sol yuxarı küncündə qeyd olunmuş (xx xxxxxx 1982-ci il) dövrə (zaman baxımından) uyğun gəlirmi?” sualı üzrə tədqiqat aparılmadı. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli X7 rayon İcra hakimiyyəti Qubadlı rayon Dövlət Arxivi tərəfindən verilmiş 2 №li xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, Qubadlı rayonunun işğalı ilə əlaqədar “Kalinin” adına sovxozun 1981-ci ilə dair əmək haqqı sənədləri Qubadlı rayon dövlət arxivinə, dövlət mühafizəsinə təhvil verilməmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF X5 idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********2 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, müraciətçinin x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanlara əsasən müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçının ümumi iş staji 25 ildən az təşkil etməklə yanaşı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. “Ümumi iş stajı” anlayışı ilə bağlı xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək (xx.xx.1979-xx.xx.1979; xx.xx.1979-xx.xx.1981 həqiqi hərbi xidmət dövrü; xx.xx.1981-xx.xx.1981; xx.xx.1982-xx.xx.2004;) 25 ildən artıq, yəni 25 (iyirmi beş) il, 28 (iyirmi səkkiz) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: XXVİİ Fəsil Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (22900000) fəhlələr (2290000a) izolyasiyaçılar (kod 2290000a—12520). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 14 (on dörd) il, 01 (bir) ay, 21 (iyirmi bir) gün güzəştli şərtlərlə iş stajının (xx.xx.1990-xx.xx.2004) mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik və 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmətdə olduğu dövr onun ümumi əmək stajına daxil edilməklə, ona 57 yaşı tamam olduğu, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh DSMF X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 120 (bir yüz iyirmi) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək həqiqi hərbi xidmətdə olduğu dövr onun ümumi əmək stajına daxil edilməklə, ona 57 yaşı tamam olduğu, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 120 (bir yüz iyirmi) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-588/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-588/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver