Məhkəmə qərarları › İş №2-1(112)-588/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-588/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-588/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın vahid əmlak kimi qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən, qeydiyyat №-si 20418 olan, 2002-ci il tarixli, “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu"nda ümumi ərazisi 25x40 olaraq göstərilən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərindən inşa edilmiş fərdi evin qeydiyyat nömrəsi 29418 olan, xx xxxx 2003-cü il tarixli qeydiyyat vəsiqəsində göstərilən ölçülərinə uyğun vahid əmlak olaraq mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən, “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” torpaq sahəsinin ayrılması barədə (Abşeron RXDS İK-nin 08/08 saylı, xx.xx.1988-ci il tarixli Qərarı) sənəd və ərazidə tikilmiş fərdi tikiliyə dair dövlət reyestrindən verilmiş xx xxxx 2003-cü il tarixli qeydiyyat vəsiqəsi əlavə edilmiş ərizəsi ilə İdarəyə müraciət edərək qeyd olunan 2002-ci il tarixli texniki pasportda göstərilən torpaq sahəsinin mülkiyyət hüquq üzrə adına dövlət reyestrində qeydiyyata alınmasını və ona vahid çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh İdarə tələbini təmin etməyib və ona xx xxxxxx 2019-cu il tarixdə, bu barədə xx xxxxxx 2019-cu il tarixli imtina məktubu verilibdir. İmtinanı əsassız hesab etmiş və cavabdehin hərəkətsizliyindən müdafiə olunmağı üçün, eləcə də tələbinin icrasının cavabdehin üzərinə bir öhdəlik olaraq qoyulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 53 №-li, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Suraxanı rayonu, 1 №-li Zeytun sovxozu küçəsində, yaşayış sahəsi 40,0 kv.m., köməkçi sahəsi 36,0 kv.m. 2 otaqdan ibarət yaşayış evi X1 adına mülkiyyət hüququ əsasında Abşeron RXDS İcraiyyə Komitəsinin 08/08 saylı, xx.xx.1988-ci il tarixli qərarına əsasən qeydə alınmışdır. - Dövlət Reyestri Xidmətinin rayon Ərazi İdarəsinin Arxivinin fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, X2 məxsus 1-№li Zeytun Sovxozu küçəsində yerləşən yaşayış evi 53 inventar nömrəsi ilə inventarlaşmışdır. Fərdi yaşayış evi 2000-ci ildə tikilməklə 2 yaşayış otağından ibarət olmaqla ümumi sahəsi 76 kv.m.-dir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1113,2 kv.m.-dir. Onun 94,6 kv.m.-i tikinti altına düşür. - Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin F.1329 №-li, xx.xx.2019-cu il tarixli arxiv çıxarışından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 08 №-li “Abşeron rayonu ərazisində yaşayan vətəndaşların özlərinə məxsus fərdi yaşayış evlərinə “Qeydəalma” vəsiqəsi verilməsi haqqında” Qərarına görə SSRİ Dövlət Statistika Komitəsinin xx xxxx 1985-ci il tarixli, 380 №-li təlimatına əsasən şəhər, şəhər tipli qəsəbələrdə və kəndlərdə vətəndaşlara məxsus olan fərdi yaşayış evlərinə «Qeydəalma» vəsiqəsinin verilməsi, tikintilərin yenidən inventarlaşdırılması, yaşayış fondunun uçotunu, tikintilərin qiymətlərinin dəqiq müəyyən etməklə fərdi ev sahiblərinə «Qeydəalma» vəsiqəsinin verilməsi üçün məqsədi ilə Abşeron rayonu ərazisində vətəndaşlara məxsus, mövcud normadan artıq olmayan, qırmızı xətti pozmayan və yaşayış evləri üzərində mülkiyyət hüququnu təsdiq edən sənədləri olan vətəndaşlara «Qeydəalma» vəsiqəsinin verilməsi qərara alınmışdır. Abşeron rayon Mənzil Təsərrüfatı istehsalat idarəsinə, müvafiq kənd və qəsəbə XDS icraiyyə Komitələrinə tikintilərin inventarlaşdırılmasını, yaşayış fondlarının uçotunun və qiymətlərinin dəqiqləşdirilməsini tezləşdirmək üçün konkret əməli tədbir görmələri, Abşeron Rayonlararası inventarlaşdırma idarəsinin gücü ilə bu işlərin aparılmasını və vətəndaşlara «Qeydəalma» vəsiqəsi verilməsinin təmin etmələri tapşırılmışdır. Araşyışdakı qeydə əsasən qərara adlı siyahı və cizgi daxil edilməmişdir. 1 №-li Zeytun sovxozunun 1996- 2000-ci illərdə X1 adına torpaq sahəsi ayrılması ilə bağlı heç bir məlumat aşkar edilməmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********35 №-li, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin sözügedən ünvanda yerləşən fərdi yaşayış evində idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizəsinin icrası tərəflərindən mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, sorğuda qeyd olunan xx.xx.2003-cü il tarixli, 20418 №li reyestr kitabında qeydə alınmış 53 №-li qeydiyyat vəsiqəsinin arxiv əsasları 4 saylı Abşeron Ərazi İdarəsində aşkar olunmamışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********68 №-li məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Suraxanı rayonu, 1 №-li Zeytun sovxozunda yaşayan İddiaçı ərizə ilə müraciət edərək ona məxsus olan 2 yaşayış otaqlı şəxsi mülkünün texniki pasportunun və qeydiyyat vəsiqəsinin verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənədlə müəyyən edilmişdir ki, 1 №-li X6 Təşkilatının 12 №-li, xx.xx.1996-cı il tarixli protokoluna və sovxozun 129 №-li, xx.xx.1996-cı il tarixli əmrinə əsasən vətəndaş İddiaçı torpaq sahəsi ayrılmışdır. Həmin ərizəyə əsasən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmiş və İddiaçı məxsus yaşayış evi qeydə alınmışdır. - Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 390 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 1 №-li Zeytun sovxozu ”-nun arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış H-1329 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon 1 saylı Zeytun sovxozunun 1-də 87-yə qədər əmrləri x xxxxxx 1996-cı ildən 29 dekabr 1996-cı ilə kimi Abşeron rayon Dövlət arxivində saxlanılır. Odur ki, məktubda qeyd edilən 129 saylı sovxozun əmri aşkar edilmədi. Məlumat üçün bildirilmişdir ki, sovxozun protokolları və yerləşmə sxemləri saxlanılması üçün Abşeron rayon Dövlət arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********05 №-li, xx.xx.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş arayışdan görünür ki, mübahisəli 1 nömrəli Zeytun Sovxozu ərazisində yerləşən sözügedən ünvana İdarənin texnik-inventarlaşdırıcısı tərəfindən texniki baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Torpaq sahəsinin ayrılması barədə arxiv sənədlərinə əsasən (surət təqdim edilib) 1000,0 m2 (25m x 40m) torpaq sahəsi ayrılmasına baxmayaraq faktiki olaraq yerində torpaq sahəsi 1667,5 m2 təşkil edir. 2002-ci ilin fevral ayında Abşeron Tİ və MHQİ-dən verilmiş texniki pasportda torpaq sahəsi 1113,2 m2 olmaqla icarə veriləndən 113,2 m2 artıq torpaq sahəsi olaraq 2 otaqlı 1 - mərtəbəli 76,0 m2 ümumi sahədən (40,0 m2 - y/s, 36,0 m2 k/s) ibarət A tikilisinə mülkiyyət hüququ qeydiyyatdan keçirilərək xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişir. Mövcud A-yaşayış evinə bitişik olaraq 65,0 m2 əlavə köməkçi sahələr tikilmişdir. Cəmi 667,5 m2 əlavə torpaq sahəsi istifadə edilir. Ümumi torpaq sahəsi üzərində əlavə 1 - mərtəbəli 1000,0 m2 tikintialtı sahəsi olan və 57,7 m2 tikintialtı sahəsi olan 2 - mərtəbəli yaşayış evləri tikilmişdir. Bu tikililərin cüzi tikintialtı sahələri əlavə torpaq sahəsinə düşür. Ayrılma sənədində torpaq sahəsi düzbucaqlı, texniki pasportda və yerində isə trapesiya şəklində olaraq konfiqurasiya dəyişikliyinə malikdir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi 1 nömrəli Hövsan Zeytunçuluq Sovxozunun ərazisində yerləşir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə düşür. Yerləşmə sxemi və ya texniki pasportda baş plan mövcud olmadığından sənədlərin həmin sahəyə aid olub-olmamasını araşdırmaq mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun Sovxozu ərazisində yerləşən fərdi yaşayış evi Abşeron RXDS İcraiyyə Komitəsinin 08/08 saylı, xx.xx.1988-ci il tarixli qərarına əsasən xx.xx.2003-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X4 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarının qeydə alınması və ona onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlakın qeydiyyatı barədə müvafiq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçıliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 4-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 536 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan və ölçüsünün təsviri”nin 5-ci bəndinə görə plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon (şəhər) şöbəsinin müdiri və həmin plan və ölçü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur. Məhkəmə araşdırılması zamanı İddiaçı istifadəsində olan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərə malik olması sübuta yetirilməməmiş, mübahisəli torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar