Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5882/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh N saylı hərbi hissəyə qarşı “əmrin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən iddia tələbində cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyi, üçüncü şəxsin N saylı hərbi hissə kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı qeyd edir ki, o, 1992-2007-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hesab edir ki, xidməti uyğunsuzluğa görə barəsində əmr qəbul edilsə də, hərbi xidmət zamanı heç bir qanun pozuntusuna yol verməmiş, xidmət müddətində heç bir cəza almamışdır. Onun göstərilən əsasla xidmətdən xaric edilməsi qanunsuzdur. Cavabdehin iddia ərizəsinə etirazı iddia müddətinin ötürülməsi ilə bağlı olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 20 iyul 2007-ci il tarixdə ehtiyyata buraxılsa da, bundan 14 il sonra əmrin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçının həmin əmrdən məlumatsız olması mümkün olmadığından hazırkı halda əmrdən müddət ötürülməklə şikayət verdiyi üçün iddia mümkün hesab edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1- ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Həmin növ iddialar üzrə iddia müddətinin otürülüb-ötürülməməsinə münasibət bildirilməsi ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, ləğv edilməsi tələb olunan inzibati akt, yəni əmr 2007-ci il tarixdə qəbul edildiyindən iddianın müddətlər baxımından qiymətləndirilməsində həmin dövrdə qüvvədə olan hüquq normaları da nəzərdən keçirilməlidir. Həmin dövrdə müvafiq icra hakimiyyəti orqanlarının qərarlarından məhkəməyə şikayət verilməsi müddətləri, baxılması qaydaları Azərbaycan Respublikası MPM-nin həmin dövrdə qüvvədə olan prosessual normaları ilə tənzimlənirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin həmin vaxt qüvvədə olan 285.0.3-cü maddəsində göstərilirdi ki, məhkəmə xüsusi iddia icraatı qaydasında müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə işlərə baxa bilər. Həmin Məcəllənin 296.1-ci maddəsində isə qeyd edilmişdi ki, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir (Mülki Prosessual Məcəllənin 296.3-cü maddəsi). Mülki Prosessual Məcəllənin 297.1-ci maddəsində müəyyən edilirdi ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: şəxsin hüquq və azadlıqları pozulmuş olsun; şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Bu fəslə aid 298-ci maddədə şəxsin özünün hüquq və azadlıqlarının pozulduğu barədə ona məlum olan gündən qanunla başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququ müəyyən olunmuşdu. (Həmin norma 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Göründüyü kimi inzibati orqanın mübahisələndirilən qərarı verilən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası nəzərdə tutulmuşdu. İş materiallarından görünür ki, iddiaçının hərbi biletində onun Azərbaycan Respublikası Müdafiə Nazirinin 0389 №-li, 20.07.2007-ci il tarixli əmri ilə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci madddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılması aydın şəkildə qeyd olunmuşdur. Bu hərbi biletin iddiaçının özündə olması onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən inzibati aktdan həmin dövrdə rəsmən məlumatlı olmuş, lakin qeyd olunan inzibati aktı 2021-ci il tarixdə mübahisələndirmişdir. Göründüyü kimi əmr barədə iddiaçının məlumatı olsa, məlumatlı olduğu gündən 1 ay ərzində məhkəməyə müraciət etməmiş və prosessual müddəti ötürmüşdür ki, 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən müddətlə bağlı şərtləri tənzimləyən normaların çıxarılması və bu cür mübahisələndirmə qaydalarının Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlaması vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Bununla əlaqədar olaraq qeyd olunması zəruridir ki, iddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə də bu tələblərə əməl etməklə iddiaçıya müddətin buraxıldığını bildirərək, iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticəni onun diqqətinə çatdırmış müddətin ötürülməsinin bərpası üçün əsas ola biləcək ötürülmənin üzrlü səbəblərinin olubolmaması barədə məhkəməyə məlumat verməyi təklif etmişdir. İddiaçı 2007-ci il tarixli əmrin hal-hazırda mübahisələndirmə səbəbləri ilə bağlı məhkəmə iclasında qeyd etmişdir ki, müraciətin gec edilməsi ailədaxili səbəblərlə bağlı olmuş, məhkəməyə hal-hazırda müraciət edə bilmişdir. İddianın belə gec verilməsi üzrlü səbəblərlə bağlı olduğundan iddianın müddətin ötürülməsi əsası ilə qeyri-mümkün hesab edilməməsini xahiş etmişdir. Bununla bağlı isə qeyd olunmalıdır ki, müddətin ötürülməsi ilə əlaqədar yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İddiaçının prosessual müddətin buraxılmasına haqq qazandıracaq bu cür üzürlü səbəblər (onun iddia ərizəsi tərtib edərək məhkəməyə göndərməyə imkan verməyən dərəcədə ağır xəstə olması, ezamiyyətdə olması, təbii fəlakət, fövqəladə vəziyyət və sair kimi hallar) isə hazırkı iş üzrə müəyyən olunmur. Hazırki vəziyyətdə, müddətin buraxılmasının üzürlü sayılmasına imkan verən, habelə bununla bağlı çıxarılacaq məhkəmə aktını qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına almayacaq, qanunla nəzərdə tutulmuş prosessual əsaslar yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-5882/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5882/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver