Məhkəmə qərarları › İş №2-1(112)-5889/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5889/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5889/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı “ictimai birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “X3” ictimai birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı təsisçisi olduğu “X3” ictimai birliyinin (xx.xx.2023cü il tarixli təsis yığıncağının Qərarı əsasında təsis olunmuşdur) dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə sahəsində xidmətlər baş idarəsinə siyahısı qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə birlikdə yazılı müraciət ünvanlamışdır. Müraciəti xx.xx.2023cü il tarixli, 3-16-5/2-13-10568/2023 nömrəli məktubla cavablandırılmış, təqdim edilmiş sənədlərin yoxlanılması zamanı qurumun bir fiziki şəxs tərəfindən təsis edildiyi məlum olmuş, bununla da “Qeyri-hökümət təşkilatları haqqında” Qanunun 2.1-ci maddəsinin tələbinə riayət edilmədiyi əsas gətirilərək müvafiq sənədlər geri qaytarılmışdır. İddiaçı cavabdehin bu mövqeyini əsassız hesab edir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13-10568/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Hilal” Hüquq Mərkəzi ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbinə riayət edilməməsi müəyyən olunmuşdur. Belə ki, qurum bir fiziki şəxs tərəfindən təsis edilmişdir. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə müvafiq olaraq sənədlər geri qaytarılır (əlavə olunur). Məsələyə nöqsanın aradan qaldırılacağı təqdirdə baxılacaqdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-390/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, qurumun təsis sənədləri xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023cü il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən ictimai birlik təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılır. Lakin “X3” ictimai birliyi bir fiziki şəxs tərəfindən təsis olunmuşdur. Qeyd etmək lazımdır ki, Qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz. Cavabdeh tərəfindən göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: “X3 ictimai birliyinin yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında” təsis yığıncağının xx.xx.2023-cü il tarixli 1 saylı Qərarına əsasən, “X3” İB-nin ədalətin təmin olunması üçün hüquq sahəsində fəaliyyət göstərmək, Azərbaycan Respublikasında demokratiyanı inkişaf etdirmək, insan hüquqlarının qorunmasına yardım etmək, hüquqi dövlət prinsipini inkişaf etdirmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək, xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlarla əlaqə yaratmaq və onlarla əməkdaşlıq etmək məqsədi ilə təsis edilməsi, “X3” İB-nin nizamnaməsinin təsdiq edilməsi, ictimai birliyin nizamnaməsinə uyğun olaraq qanuni təmsilçilik funksiyalarına malik sədri vəzifəsinə İddiaçı təyin edilməsi, ictimai birliyin təsis sənədlərinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınmışdır. “X3” ictimai birliyinin nizamnaməsinin “Birliyin təsisçiləri” adlanan 5-ci hissəsinin 5.1ci bəndində qeyd edilmişdir ki, birliyin təsisçisi aşağıdakı şəxsdir: İddiaçı, Ş/v: AA*******/ASAN7, xx.xx.2033-cü il tarixədək etibarlıdır. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, ev 7, mənzil 163. Nizamnaməyə əsasən ictimai birliyin təsisçisi qismində cəmi bir nəfər göstərilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən faktiki halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır... 43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir... 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır... 48.2. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər. 114.1. İctimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir. 114.4. İctimai birliklərin ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 894-İQ nömrəli Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci maddəsinə görə, bu Qanunda “qeyri-hökumət təşkilatı” anlayışına ictimai birliklər və fondlar daxildir. 1.3-cü maddəsinə əsasən, bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir. 2.1-ci maddəsinə görə, ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. 8.1-ci maddəsinə əsasən ictimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir... 12.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər. 15.1-ci maddəsinə görə, ictimai birliyin təsis edilməsi haqqında bildiriş onun təsis edilməsi haqqında qərarın qəbul olunduğu andan 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına yazılı müraciət vasitəsi ilə həyata keçirilir. İctimai birliyin rəhbəri tərəfindən imzalanmış müraciətə təsis protokolu da əlavə olunmalıdır. 16.1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 16.2-ci maddəsinə görə, Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. 16.2-1-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin elektron müraciət əsasında müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə dövlət qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 17.1-ci maddəsinə görə, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 17.2-ci maddəsinə əsasən, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. 17.3-cü maddəsinə görə, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 17.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli 560-İİQ nömrəli Qanunun: 3.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 11.3-cü maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. Ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. Hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. Firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarınız və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. 11.5-ci maddəsinə görə, hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər. İşin faktiki hallarına yuxarıda göstərilən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun ictimai birliyin təsis edilməsi ilə bağlı şərtlərə əməl edilməmişdir. Qanunvericilikdə ictimai birliyin bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılması mexanizminin təsbit edilməsinə baxmayaraq, “X3” ictimai birliyinin Nizamnaməsinin 5-ci bölməsinin 5.1-ci bəndindən də göründüyü kimi, ictimai birliyin təsisçisi qismində yalnız İddiaçı göstərilmişdir. Sahəvi qanunvericilik aktında ictimai birliyin bir nəfər tərəfindən təssis olunması istisna edildiyindən, iddiaçının ictimai birliyin bir təsisçinin qərarı əsasında təsis edilməsindən ibarət tələbi əsassızdır. Odur ki, qanunvericiliyin tələbləri baxımından cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasında ifadə edilən hərəkətləri qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı “X3 ictimai birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar