Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-589/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair reyestrdə aparılmış qeyddə dəyişiklik edilməsi, yeni reyestrdən çıxarış və texniki pasport verilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilə dair reyestrdən çıxarışda düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddaçı İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 17 saylı evin 41 saylı mənzilində (yeni qaydalarla – ünvan 1 ünvanında) yaşayır. Mənzil 3 otaqdan ibarət olsa da, bu yaxınlarda məlum olmuşdur ki, reyestrdə qeydiyyat 2 otaq kimi aparılmışdır. Halbuki, daşınmaz əmlakın ümumi sahəsi 57.1 kv.m təşkil edir və faktiki sahə ilə üst-üstə düşür. İddiaçı bu ziddiyyəti aradan qaldırmaq üçün Bakı şəhəri Nərimanov RİH-ə ərizə ilə müraciət etmişdir. RİH-in 24 iyun 2021-ci il tarixli F-7-159 saylı məktubu ilə cavab verilsə də, məsələ müsbət həllini tapmamışdır. Bundan sonra iddiaçı sözügedən məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 2 dekabr 2021-ci il tarixli **********83 nömrəli məktubla məsələnin həllindən imtina etmişdir. İmtinada qeyd olunmuşdur ki, mənzil 2 otaq, ümumi sahəsi 57,1 kv.m kimi dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq, faktiki olaraq mənzil 3 otaq təşkil edir. Faktiki istifadə olunan sahələrinin dəqiqləşdirilməsi haqqında hüquq müəyənedici sənədlər təqdim edilməmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 17 saylı binanın 41 saylı mənzili faktiki olaraq 3 otaqdan və müvafiq olaraq yardımçı tikililər, dəhliz, mətbəx, sanitar qovşağı və 1 eyvandan ibarətdir. Mənzildə təmir işləri aparılmış, lakin xarici va daxili arakəsmələr üzərində hər hansı bir yer dəyişmə aparılmamış və dəyişiklik edilməmişdir. Binanın 1-ci mərtəbəsindən 4-cü mərtəbəsinədəki sırada mənzillər 3 otaqlıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki sahvləri, onları aşkar etdiyi va ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən 3 gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Göstərilənlərə əsaslanaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 17 saylı binanın 41 saylı mənzilinə dair iddiaçı X2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportda mənzilin 3 otaqdan ibarət olması qeyd edilməklə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı mənzilə dair reyestrdən çıxarışda düzəliş edilməsi tələbi üzrə iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 27 oktyabr 2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, mənzil iki otaq, ümumi sahəsi 57,1 kv.m kimi dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq, faktiki olaraq üç otaq təşkil edir. Mənzilin dövlət reyestrində qeydiyyatdan keçən sahəsi ilə faktiki istifadə olunan sahəsi arasında fərq mövcuddur. Faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi barədə hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********83 saylı 2 dekabr 2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır. Göstərilənlərə və Mənzil Məcəlləsinin 26.1, 35.1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 17 saylı evin 41 saylı mənzilinə dair qeyddə mənzil 3 otaqlı göstərilməklə düzəliş edilməsi, yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, Nərimanov rayonu, Təbriz küçəsi, 17 saylı binada ona məxsus mənzillə eyni göstəricilərə malik olan və onunla bir sırada (altında) yerləşən 12 və 27 saylı mənzillər 3 otaqlı mənzil kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dğvlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 17 saylı evin 41 saylı mənzili (yeni qaydalarla: Nərimanov rayonu, Təbriz küçəsi, 27, M4, m2) üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq 14 iyun 2023cü il tarixli məktubu ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 17 saylı evin 27 saylı mənzilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumatın aşkar olunmadığı bildirilmiş və həmin binanın 12 saylı mənzilinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Məktuba əlavə olunmuş həmin mənzilə dair sənədlərdə onun 3 otaqlı mənzil olması əks olunmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon MKTB 37 saylı MKİS tərəfindən tərtib edilmiş planda Bakı şəhəri, Təbtiz küçəsi, 17 saylı evin 41 saylı mənzili 4 otaqlı göstərilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 63-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2014-cü il taroxli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın 43.1-ci bəndinə görə Dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Həmin Qaydaların 43.2-ci bəndinə əsasən dəyişikliyin və ya düzəlişin aid olduğu məlumatın əks etdirildiyi vərəqdə "Xüsusi qeydlər" qrafasına dəyişikliyin və ya düzəlişin edilməsi barədə forması qeydiyyat orqanı tərəfindən müəyyən edilən xüsusi ştamp vurulur. Ştampda dəyişikliyin və ya düzəlişin edilmə tarixi, qeydiyyat orqanının müvafiq vəzifəli şəxsinin adının baş hərfi və soyadı, vəzifəsi göstərilir və imzası qoyulur. Bu qayda yeni dəyişiklik və ya düzəliş edilməsi hallarına da şamil olunur. Həmin Qaydaların 44-cü bəndinə görə dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər bu dəyişikliklərin və düzəlişlərin aid olduğu məlumatların əks etdirildiyi vərəqlərdən sonra gəlir. Dəyişikliklərin və düzəlişlərin edildiyi vərəqlər onların aid olduğu vərəqlərin nömrəsi ilə nömrələnir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Həmin Qaydaların 8.1-ci bəndinə görə ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxaraq qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə qeyd edir ki, hazırkı iddiaçının qaldırdığı məsələ ona məxsus mənzilin içərisində yenidənqurma və ya yenidənplanlaşdırma aparılmaqla dəyişiklik edilməsi deyil, əvvəldən göstəricilərinin səhv şəkildə qeydiyyat alınması barədədir. Belə olan halda, məhkəmə cavabdehin yazılı etirazında Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1, 26.1 və 35.1-ci maddələrinə istinadən təqdim edilmiş mövqeyi ilə razılaşmır. Məhkəmə diqqətə çəkir ki, mövcud inzibati praktikaya görə daşınmaz əmlak, o cümlədən mənzil üzərində reyestrdə qeydiyyat aparılarkən buraxılmış səhvlərin düzəldiməsi üçün heç də birmənalı şəkildə yeni hüquqmüəyyənedici sənədin təqdim olunması zəruri deyil. Digər tərəfdən, inizbati orqan mənzilə dair ilkin qeydiyyatı apararkən (mənzil sonradan bağışlanma müqaviləsi ilə iddiaçının adına qeydiyyata alınmışdır) hansı səbəbdən, daha dəqiq desək hansı hüquqmüəyyənedici sənəd əsasında onu 2 otaqlı mənzil kimi qeydiyyata alınmasını da məhkəmə icraatında subut edə bilməmişdir. Həmçinin, cavabdeh inzibari orqan iddiaçının mənzilinin faktiki vəziyyəti ilə reyestrdəki qeyddə otaqların sayına münasibətdə ziddiyyət olmasını inkar etmir. Bundan başqa, məhkəmə icraatında əldə olunmuş digər sübutlar – müvafiq MKİS tərəfindən çəkilmiş iddiaçıya məxsus mənzilin planı və binanın eyni sırasında (mənzilin altında) yerləşən aşağı mərtəbədə analoji mənzilin texniki pasportu belə qənaətə gəlməyə əsas verir ki, iddiaçıya məxsus 41 saylı mənzil hər hansı konstruktiv elementləri dəyişdirilmədən 3 otaqdan ibarət olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 17 saylı evin 41 saylı mənzili (yeni qaydalarla: Nərimanov rayonu, Təbriz küçəsi, 27, M4, m2) 3 otaqlı kimi qeyd olunmaqla daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəliş edilməsi və yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi məqsədəuyğundur. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciəti üzrə reyestrdə aparılmış qeydiyyatın və texniki pasportun dəyişdirilməsindən (düşəliş edilməsindən) imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 17 saylı evin 41 saylı mənzilinə (yeni qaydalarla: Nərimanov rayonu, Təbriz küçəsi, 27, M4, m2) dair qeyddə mənzil 3 otaqlı göstərilməklə düzəliş edilməsi, yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 17 saylı evin 41 saylı mənzilinə (yeni qaydalarla: Nərimanov rayonu, Təbriz küçəsi, 27, M4, m2) dair qeyddə mənzil 3 otaqlı göstərilməklə düzəliş edilməsi, yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-589/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-589/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver