Məhkəmə qərarları › İş №2-1(112)-5890/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5890/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5890/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəsxi idarəsinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 59R saylı 0,06 ha bağ sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı mülkiyyətçisi olduğu həmin torpaq sahəsində məlumatlandırma icraatı qaydasında layihə əsasında fərdi yaşayış evi tikmişdir. Bununla əlaqədar olaraq inşa etdirdiyi fərdi yaşayış evini dövlət reyestrində qeydə aldırmaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabeh inzibati orqan ərizəni təmin etməmiş və buna səbəb olaraq, onun tərəfindən inşa edilmiş bağ evinin əməkdaşları tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman təqdim edilmiş layihədən fərqli olaraq faktiki bağ evinin 1-ci mərtəbəsində aşırım olduğu müəyyən edildiyini və bu səbəbdən də ona məxsus olan bağ evinin məlumatlandırma icraatında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim edilməsini əsas gətirməklə imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd edilən məsələyə dair xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********40 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman təqdim edilmiş layihədən fərqli olaraq faktiki bağ evinin 1-ci mərtəbəsində aşırımlar arası məsafənin 6 metrdən çox olduğu müəyyən edilmişdir. Belə ki, layihəyə əsasən bağ evinin ikinci mərtəbəsində 6 saylı yerləşkə eyvan kimi qeyd edilsə də, faktiki olaraq həmin hissədə eyvan mövcud deyildir. Bu səbəblə həmin bağ evinə dair məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan, 59R nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Xəzər RİH-ə ünvanlanmış ərizədən görüneür ki, iddiaçı, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında bağ evinin inşa etdiyi barədə Xəzər Rayon İcra Hakimiyyətini məlumatlandırmışdır. Eskiz layihəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan, 59R nömrəli bağ sahəsində yerləşən bağ evinin mövcud vəziyyətə layihəsi tərtib olunmuşdur. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda istinad olunan dəlillərə əsaslanaraq onun müraciətinin təminindən imtina olunmuşdur. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 59 R bağ sahəsində 02 mart 2021-ci il tarixdə 2 mərtəbəli fərdi yaşayış evinin tikinti niyyəti barədə Xəzər RİH-nə məlumatlandırma icraatı qaydasına uyğun olaraq İddiaçı deyil, vətəndaş X3 müraciət etdiyi müəyyən olunmuşdur. Xəzər RİH-nin əməkdaşları tərəfindən vətəndaş X1 inşa etdiyi fərdi yaşayış evinə keçirilən texniki baxış zamanı Xəzər RİH-nə təqdim olunan layihə ilə faktiki vəziyyət arasında hər hansı uyğunsuzluğun olması faktı aşkarlanmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Hazırkı inzibati mübahisə, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması ilə bağlıdır. İş materiallarından göründüyü kimi, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikmiş, bu proses qanunvericiliyə uyğun aparılmış və müvafiq qaydada eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyətinə müraciət edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən aydın olur ki, o, Qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulan tələb olunan hüquqmüəyyənedici sənədlərə malikdir. Buna baxmayaraq, cavabdeh iddiaçının həmin sənədlərə sahib olduğunu nəzərə almamış, inşa olunan tikilinin məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyekti üçün sənədlərin təqdim olunmalı olduğunu bildirmişdir. Cavabdeh bu qənaətə gələrkən fərdi yaşayış evinin faktiki vəziyyətinin layihədə göstərilən vəziyyətdən fərqli olmasına, layihəyə əsasən bağ evinin ikinci mərtəbəsində 6 saylı yerləşkə eyvan kimi qeyd edilsə də, faktiki olaraq həmin hissədə eyvanın mövcud olmadığına, bununla da bağ evinin 1-ci mərtəbəsində aşırımlar arası məsafənin 6 metrdən çox olduğuna istinad etmişdir. Məhkəmə, bu mübahisəli məsələnin həllində, “məlumatlandırma icraatı qaydasında” olan tikililər ilə “tikintisinə icazə tələb olunan” obyektlər arasında olan hüquqi fərqlərin xüsusi önəm daşıdığını vurğulayır. Belə ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 79.1.1-ci maddəsinə görə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fəsadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazəsinin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə görə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Məcəllənin 102.6-cı maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma göndərir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanın: 4.10. həmin Məcəllənin 53.2-ci maddəsində, 53.3-cü maddəsinin birinci cümləsində, 54.4-cü maddəsinin birinci və üçüncü cümlələrində, 54.5-ci maddəsində, 58.2-ci maddəsinin ikinci cümləsində, 80.5-ci, 92.1-ci maddələrində, 92.3cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 92.4-cü maddəsində, 92.5-ci maddəsinin birinci cümləsində, 92.8-ci maddəsinin birinci (hər iki halda), ikinci, dördüncü, beşinci və altıncı cümlələrində, 93.1-ci maddəsinin ikinci cümləsində (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə), 94.2-ci maddəsində, 95.2-ci maddəsinin birinci cümləsində, 95.3-cü, 95.5-ci (birinci halda) maddələrində, 97.2-ci maddəsinin birinci cümləsində, 97.3-cü, 97.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir; 4.7. həmin Məcəllənin 34.4-cü maddəsinin birinci cümləsində (birinci halda), 35.1-ci maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 35.3-cü maddəsində (birinci halda), 38-ci maddəsində (birinci halda), 40-cı maddəsinin ikinci cümləsində (birinci halda), 41-ci maddəsində (birinci halda), 42.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 43.3-cü (birinci halda), 44.3-cü (birinci halda), 47.4.5-ci (birinci halda), 47.4.6-cı (birinci halda), 48.3.3-cü (birinci halda) maddələrində, 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində, 89.2-ci (birinci halda) maddəsində, 90.1-ci maddəsinin ikinci cümləsində (birinci halda), 90.3-cü (birinci halda), 94.3-cü (birinci halda), 102.6-cı (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi, tikilinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili olması üçün isə həmin tikili aşağıdaki göstəricilərə malik olmalıdır: - mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa olunmalı; - yerüstü mərtəbələrinin sayı 3-dən çox olmamalı; - hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək çardaqaltı döşəmənin alt hissəsi) çox olmamalı; - aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Məhkəmə diqqətə çatdırır ki, mübahisə predmetini təşkil edən əmlakın tikintisinin başa çatması barədə aidiyyəti üzrə səlahiyyətli olaraq Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilmişdir. Nəzərə alınmalıdır ki, səlahiyyətli olan bu qurum məhkəmənin sorğusuna cavab məktubunda bildirmişdir ki, inşa olunan fərdi yaşayış evinə keçirilən texniki baxış zamanı Xəzər RİH-nə təqdim olunan layihə ilə faktiki vəziyyət arasında hər hansı uyğunsuzluğun olması faktı aşkarlanmamışdır. Göründüyü kimi cavabdeh inşa olunan tikilinin faktiki vəziyyəti ilə eskiz layihəsində göstərilən vəziyyət arasında fərqin olduğuna istinad etsə də, Xəzər Rayon İcra Hakimiyyəti belə bir uyğunsuzluğun olmadığını təsdiq etmiş və tikilini məlumatlandırma icraatı tətbiq olunan tikili kimi qəbul etmişdir. Məhkəmə qeyd edir ki, Qanunun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatı tətbiq olunan tikililərlə bağlı sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətinə) sifarişli poçt göndərişi ilə və ya bilavasitə müraciət etməklə məlumat verilməsini təsdiq edən sənədlər mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı iş üzrə aparılmış araşdırmalardan görünür ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin inşası başa çatdıqdan sonra Xəzər Rayon İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət edilmişdir. Sonuncu məhkəmə təqdim etdiyi sorğuya cavab məktubundan, tikilinin eskiz layihəyə uyğun inşa edildiyini, layihə ilə faktiki vəziyyət arasında hər hansı uyğunsuzluğun mövcud olmadığını təsdiq etmişdir. Beləliklə, qanunvericiliyə əsasən məlumatlandırma icraatı prosedurunun həyata keçirilib-keçirilməməsini və bu rejimin tətbiq edilə biləcəyi tikilinin parametrlərə uyğunluğunu ilkin olaraq qiymətləndirmək səlahiyyəti yerli icra hakimiyyətinə məxsusdur. Hazırkı iş üzrə Xəzər Rayon İcra Hakimiyyəti inşa olunmuş fərdi yaşayış evini məlumatlandırma icraatı çərçivəsində tikilmiş tikili kimi qəbul etmiş, təqdim edilmiş layihə ilə tikilinin uyğunluğunu təsdiqləmişdir. Göründüyü kimi, cavabdehin tikilinin məlumatlandırma icraatına uyğun olmadığı barədə arqumentləri, yerli icra hakimiyyətinin məktubu ilə təkzib olunmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir. Hazırki iş üzrə məlumatlandırma icraatı kimi inşa olunan tikilinin inşası ilə bağlı hər hansı uyğunsuzluğun FHN tərəfindən müəyyən olunduğuna dair cavabdeh tərəfindən hər hansı sübut da təqdim olunmamışdır. Göstərilən bütün sübutlara və dəlillərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inşa olunmuş əmlak məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyektinin göstəricilərinə və parametrlərinə uyğun olduğundan, həmin əmlaka münasibətdə təqdim olunmalı sənədlərin əhatə dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsində əks olunmuşdur. Məhkəmə icraatı zamanı təqdim olunmuş eskiz layihəsi, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyatına dair çıxarış,o cümlədən tikintinin başa çatması ilə əlaqədar məlumatlandırılan quruma məlumat verilməsini təsdiq edən məktub öz növbəliyində iddiaçının iddia etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün kifayət qədər zəruri və əsaslı sənədlərdir. Beləliklə Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının gözlənilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin tikiliyə münasibətdə texniki pasportun verilməsi də təmin olunmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl Şüvəlan 59R nömrəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması,buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar