Məhkəmə qərarları › İş №2-1(112)-5892/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5892/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5892/2023 12.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, X8 ilə evlənib ailə qurmuşdur. Nikahları 20 sentyabr 2017-ci il tarixdə rəsmiləşdilmişdir. Onların birgə nikahlarından Ömər və Hüseyn adlı iki uşaqları anadan olmuşdur. X8 13 sentyabr 2022-ci il tarixdə şəhid olmuşdur. Əri şəhid olduqdan sonra ailəni o idarə edərək, uşaqları tək böyüdür. O, ərinin şəhid olması ilə bağlı şəhid ailəsi kimi müəyyən imtiyazlardan istifadə edə bilmir. Belə ki, onu şəhid ailə üzvi kimi tanısalar da, vəsiqə versələr də, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı hüquqlardan istifadə edə bilmir. Onun özünə məxsus yaşayış evi yoxdur. Bu barədə yəni fərdi yaşayış evlərinin olmamaması ilə bağlı müvafiq orqanlardan sənədlər də almışdır. Buna görə də şəhid ailəsi kimi güzəştli mənzil növbəsində durmaq üçün qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə müvafiq orqanlara rəsmi qaydada müraciət etmişdir. Sözügedən məsələ ilə bağlı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti başçısının aparatına müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli məktub ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını qanunazidd hesab edir və hazırkı iddia ilə həmin imtinanı mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində tələbə etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı xx.xx.2022-ci il tarixədək Tovuz rayonunda qeydiyyatda olduğu və xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən vətəndaş X2 məxsus fərdi yaşayış evinə qeydiyyata alınaraq mənzil şəraitini süni şəkildə pisləşdirmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən İddiaçı onun xahişinin təmin edilməsinin imkan xaricində olduğu bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının şəhid ailəsi kimi güzəştli mənzil növbəsinə götürülməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixədək Tovuz rayonunda qeydiyyatda olmuşdur və xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən vətəndaş X2 məxsus fərdi yaşayış evinə qeydiyyata düşməklə mənzil şəraitini süni sürətdə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər.Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyinin tələblərini nəzərə alaraq iddiaçının xahişini təmin etməkdən imtina edilmişdir. - Tovuz rayonu İHB-nın Alakol kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 190506 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə İddiaçı xx.xx.2017-ci il tarixdə nikaha daxil ilmuşlar. Nikan bağlandıqdan sonra ərə “Mahmudzadə”, arvada “Muradlı” soyadı verilmişdir. - Tovuz rayonu Alakol kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı 020271 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2017-ci il ildə Tovuz rayonunda doğulmuşdur. - Tovuz rayonu Alakol kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı 403847 nömrəli xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il ildə Tovuz rayonunda doğulmuşdur. - 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 305664 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Ölümün səbəbi: hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmələr qeyd edilmişdir. - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli şəhid ailəsi üzvünün vəsiqəsinin surətindən görünür ki, İddiaçı şəhid ailə üzvü kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. - Bakı şəhəri Xətai rayon MKTB 2 saylı MKİS-nın 47 saylı xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı, X11, X17, X18 və X5 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, Zığ yolu küçəsindəki, ev 49/4 A nömrəli evdə qeydiyyatdadırlar. Bina özütikili, evin sahibi X12r. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X11 və X17 ünvan 3 ünvanda xx.xx.2022-ci il tarixdən qeydiyyatdadırlar. - Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 03/M950 saylı arayışının surətindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı Xətai rayonu Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. - Tovuz rayonu İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanmış 29 mart 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı Tovuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Mənzil komissiyası tərəfindən mənzil növbəsinə götürülməmişdir. - Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti MKTB tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və onun ailə üzvləri ünvan 9 ünvanında qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə ünvanlanmış məlumatdan görünür ki, İddiaçı adına ümumi birgə mülkiyyət hüququ ilə Tovuz rayonu, Alakol kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə ünvanlanmış məlumatdan görünür ki, İddiaçı adına ümumi birgə mülkiyyət hüququ ilə Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 30 nömrəli qərarı ilə verilmiş “Topağın mülkiyyətə verılməsinə dair Şəhadətnamə” ilə 0,16 ha torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sorğuda qeyd edilən digər şəxslərin adına dövlət reyestrində qeydiyyata alınmış dasınmaz əmlak aşkar edilməmişdir. - Tovuz rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, şəhid ailəsi xx.xx.1997 cı il təvəllüdlü İddiaçı ailə tərkibi aşağıdakı kimidir: X6 xx.xx.2017, oğlu X11 xx.xx.2020. Hər üçü anadan olduğu gündən bu günə kimi Tovuz rayonunun Alakol kəndində yaşayırlar. Qeyd. Muradlı X4 Uşaq bağçası körpələr evində tərbiyəçi müəllimə işləyir. Oğlu X1 tam orta məktəbin hazırlıq sinifində oxuyur. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respiublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı Tovuz rayonunun Alakol kənd sakini olmuş xx.xx.1991-ci il təvəllüdlü X9 ilə nikahda olmuşdur. X9 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, iddiaçıya şəhid ailəsi statusu verilmişdir. İddiaçı ünvan 3 ünvanda qeydiyyatda olsa da, orada yaşamır. Tovuz rayonu, Alakol kəndində yaşayır, işləyir və uşaqları həmin kəndin orta məktəbində məktəbəqədər təhsil alır. İddiaçı qeydiyyatda olduğu yer üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi üçün cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh Mənzil Məcəlləsinin müddəalarına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iş materialları və iddiaçının izahatı ilə müəyyən edildi ki, iddiaçının qeydiyyat ünvan 11 ünvanda yaşamır (ümumiyyətlə yaşamamışdır), ailəsi ilə Tovuz rayonunun Alakol kəndində yaşayır və onların bütün həyatı həmin kəndlə bağlı olmuşdur. İddiaçının yaşayış yerinin Bakı şəhərində olmasını, başqa sözlə, iddiaçının Bakı şəhərinə ərazi bağlılığını təsdiq edən sübut yoxdur, bu isə iddiaçının ünvan 13 ünvanındakı qeydiyyatının formal xarakter daşıdığını deməyə əsas verir. Halbuki, istinad olunan Mənzil Məcəlləsinin normalarından göründüyü kimi, mənzil növbəsinə götürülmə vətəndaşların yaşayış yeri üzrə yerli icra hakimiyyəti və ya bələdiyyə orqanına müraciətləri əsasında həyata keçirilir. Bununla belə məhkəmə vurğulayır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, onun Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının mənzil növbəsinə götürülməsindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar