Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5894/2021 15.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehna qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” (Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti) tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 3 saylı “Dost Mərkəzi”nə qarşı“yaşa görə əmək pensiyasının yenidən hesablanması” barədə məhkəməyə müraciət etmişdir. İddia tələbinə dəqiqləşmə əsasında məhkəmənin qərardadı ilə həmin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, aldığı pensiyanın məbləği 612 manat olmuşdur. Lakin bu zaman təhsil illəri nəzərə alınmamışdır. Bununla bağlı müraciət nəticəsində cavabdeh pensiya məbləğini azaltmışdır. Qeyd olunur ki, 14.09.2016-cı il tarixdən 28.02.2021-ci il tarixədək pensiya ödənişlərində artıq ödəmə aşkar edilmişdir. Halbuki qeyd olunan hal onun günahı ucbatından olmamışdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya əyani təhsil müddəti də nəzərə alınmaqla 39 il 1 ay sosial sığorta stajına və 24.09.2010-cu il tarixdən 14.09.2016cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 9859,5 manat pensiya kapitalına əsasən yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı işləməyən əmək pensiyaçı kateqoriyasına keçdiyi zaman əmək pensiyası yenidən hesablanarkən pensiya kapitalı düzgün hesablanmamışdır. Eyni zamanda, iddiaçının təhsil aldığı illər sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. İşə baxılarkən iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 09 mart 2021-ci il tarixli qərarın etibarsız hesab edilməsini, həmin qərara əsasən artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin geri qaytarılmasını, həmin qərara əsasən tutulması nəzərdə tutulan pul məbləğinin tutulmasının qadağan edilməsini, pensiya məbləğinin 614,83 manatdan aşağı salınaraq 427,56 manat müəyyən edilməsi barədə əmək pensiyasının yenidən hesablanması barədə 09.03.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və aldığı 614, 83 manat pensiya məbləğinin “H.Zərdabi adına X1 təhsil aldığım illərin nəzərə alınmaqla yenidən hesablanaraq artırılması barədə qərar qəbul edilməsi öhdəliyinin öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia - cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında 09 mart 2021-ci il tarixli qərarın etibarsız hesab edilməsi, həmin qərara əsasən artıq ödəmə adı ilə tutulmuş pul vəsaitinin geri qaytarılması, həmin qərara əsasən tutulması nəzərdə tutulan pul məbləğinin tutulmasının qadağan edilməsi hissəsində təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir. İddianın bir hissədə təmin edilməsi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə olduğu halda isə ümumiyyətlə razılıq olmadan inzibati akt qəbul etmək səlahiyyətinə cavabdehin malik olub-olmamasının müzakirəsinə əsas yaranır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Lakin, iddiaçı tərəfindən mübahisələndirilən cavabdeh tərəfindən artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərar isə inzibati aktın etibarlılığı xüsusiyyətinə malik hesab edilmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır. Hazırkı iş üzrə də mübahisələndirilən qərarla bağlı cavabdehin səlahiyyətə malik olmasından söhbət gedə bilməz. Bu zaman isə cavabdehin artıq ödəmənin geri qaytarılması barədə qərar qəbul edib-etməməsində səlahiyyəti barədə qiymətləndirmə yox, iddiaçının razılığı olmadan pul məbləğinin geri qaytarılmasına münasibətdə etibarsızlıq əlamətlərinin mövcud olub-olmamağı yoxlanılmalıdır. Təbii haldır ki, vətəndaşın razılığı olacağı təqdirdə həmin qərarın qəbulunda cavabdeh tam səlahiyyət daşıyan inzibati orqan qismində çıxış edir. Lakin, razılıq olmadan həmin formada qərarın qəbulu isə ümumiyyətlə qanunvericiliklə qadağan edilmişdir. Bununla bağlı qərarı ləğvi ilə etibarsızlığı anlayışları arasında mühüm fərqləndirmənin mövcudluğuna qiymət verilməsi zərurəti müəyyən edilir ki, məhkəmə bununla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Ümumiyyətlə nəzəri olaraq inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilməsi əsası ilə etibarsız hesab edilməsinə münasibətdə inzibati akt qəbul edilməsinə səlahiyyəti olmama bir-neçə aspektdən qiymətləndirilməlidir. İlkin olaraq qeyd olunur ki, ümumiyyətlə inzibati akt qəbul etmək səlahiyyətinə malik olmama mahiyyəti etibarı ilə inzibati aktın qəbulunda səlahiyyətli hesab edilməmə anlamına gəlir ki, qeyd olunan hal inzibati aktın etibarsızlığı deməkdir. Belə ki, hər nə qədər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsində inzibati aktın inzibati orqan kimii dövlət qurumları ilə yanaşı hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən qəbul edilməsi müəyyən edilmiş olsa da, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsinə uyğun olaraq fiziki şəxslərin və hüquqi şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməsə də, burada hər hansı fiziki və hüquqi şəxsdən yox, məhz inzibati akt qəbul etmək səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş fiziki və hüquqi şəxsin inzibati akt qəbul etmək səlahiyyətindən gedir. Bu səbəbdəndir ki, həmin səlahiyyətə malik olmayan hər hansı kommersiya qurumunun, sahibkarlıq fəaliyyətini həyata keçirən və keçirməyən fiziki şəxsin inzibati akt qəbul etməsindən söhbət gedə bilməz, həmin şəxslər tərəfindən verilmiş akt isə ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməyə yönəlmiş olsa da ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmağa çalışılmışsa da hüquqi nəticəyə malik olmayacaqdır ki, qeyd olunan hal da həmin aktın mütləq mənada etibarsızlığı deməkdir. Göründüyü kimi səlahiyyəti olmama dedikdə aşağıda göstəriləcək digər meyarlarla yanaşı şəxsin ümumiyyətlə inzibati akt qəbul etmə səlahiyyətinin olmamasını da özündə ehtiva edir. İnzibati aktın qəbul edilməsində səlahiyyətin olmaması ilə bağlı, həmçinin onun da qeyd edilməsi zəruridir ki, işin hallarından asılı olaraq inzibati akt qəbul etmə səlahiyyətinə malik olub, ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq və ya həll etmək, hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmaq səlahiyyətinə malik olmama da qəbul edilmiş akta münasibətdə etibarsızlıq əsası qismində çıxış edir. Belə ki, yuxarıda adıçəkilən misaldan fərqli olaraq inzibati orqan ümumilikdə öz səlahiyyətləri çərçivəsində inzibati akt qəbul edə bilir, lakin səlahiyyətləri çərçivəsindən kənara çıxan konkret halda inzibati akt formasında qərar və s qəbul etmişsə, qəbul edilən həmin akt da etibarsızdır. Buna misal olaraq təyinatı daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən orqanın vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etməsi, pensiya təyin edən orqanın torpaq sahəsinin ayrılması barədə sərəncam verməsi, torpaq ayırmaq səlahiyyəti olan qurumun pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsi göstərilə bilər. Həmin hallardan da göründüyü kimi həmin qurumların öz səlahiyyətləri çərçivəsində inzibati akt qəbul etmək səlahiyyəti olsa da, öz səlahiyyətlərindən kənara çıxan məsələlərdə inzibati akt formasında olsa da qəbul etdiyi qərar və hakimiyyət tədbiri xarakteri olan hər hansı sənəd etibarlılıq əlaməti daşımır və etibarsızdır. İnzibati akt qəbul etmə səlahiyyətinə malik olmamanın digər meyarı isə məhkəmə qeyd edir ki, həmin inzibati orqanın ümumilikdə ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni nizama salmaq və ya həll etmək, hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmaq səlahiyyətinə malik olması, lakin həmin səlahiyyətin yalnız müəyyən şərtlərdən asılı olaraq qəbul edilə bilməsi ilə bağlıdır. Həmin şərtin pozulması etibarsızlığına səbəb ola bilər. Hazırkı iş üzrə də cavabdeh tərəfindən artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında qərarın qəbulu ilə qanunvericiliklə müəyyən edilmiş şərt pozulmuş, inzibati aktın etibarsız hesab edilməsi üçün əsas yaranmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsi konkret olaraq Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin əmək pensiyaçısının razılığı olmadıqda məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir ki, belə razılığın mövcud olmamasına baxmayaraq inzibati orqan tərəfindən qəbulu həmin inzibati aktın ləğvi yox, məhz etibarsızlığı üçün əsas yaradır. Belə ki, həmin şərt yoxdursa ümumiyyətlə inzibati aktın qəbulundan söhbət gedə bilməz. Doğrudur ki, qanunvericiliyin tələblərinin pozulması ilə (misal müddətlə bağlı şərt yerinə yetirilmədən, məlumatlandırma aparılmadan, araşdırma aparılmadan və s) inzibati aktın qəbul edilməsi hallarında həmin hallar inzibati aktın ləğvi əsası kimi çıxış edə bilsə də, qanunvericiliklə dairəsi müəyyən edilmiş elə şərtlər mövcuddur ki, həmin şərtin pozulması inzibati aktın ləğvinə yox, etibarsızlığına səbəb olur. Qanunvericiliklə dairəsi müəyyən edilmiş şərtlər isə konkret olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqədardır. Belə ki, digər hallardan fərqli olaraq əgər inzibati akt qəbul etmək səlahiyyətinə malik olan qurum tərəfindən qəbul edilmiş olsa belə 65.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozularsa etibarsızdır və hazırkı iş üzrə qəbul edilmiş qərarda isə ümumiyyətlə inzibati orqanın səlahiyyətli olması şübhə yaradır. Beləliklə, adıçəkilən Qanunun 39.1-ci maddəsində inzibati orqan tərəfindən şəxsin razılığı alınmadan artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması barədə qərar qəbul edildiyindən inzibati aktın etibarlılığından söhbət gedə bilməz. Həmin orqanın razılıq mövcud olduğu təqdirdə həmin qərarı qəbul etmək səlahiyyəti mövcud olsa belə, razılıq olmadığı təqdirdə digər maddi və prosessual hüquq normalarının tələbləri yerinə yetirilməsinə baxmayaraq (misal araşdırma aparılmış, məlumatlandırma həyata keçirilmiş, inzibati araşdırma ilə bağlı müddətlərə riayət olunmuş) hər bir halda etibarsızdır. Beləliklə, hazırkı vəziyyətdə yuxarıda adıçəkilən Qanunun 39.1-ci maddəsinin tətbiqi zamanı qərarın ləğv edilməsinə münasibət bildirilməsi mübahisələndirmə növündə iddiaya baxılması məqsədləri ilə uyğunluq təşkil etmir. Belə ki, AR İPM-nin 2.2-ci, 2.2.1-ci və 32.1-ci maddələri ilə müəyyən edilmiş şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə, yəni ləğv olunmasına dair mübahisələndirmə növündə iddia “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 67 maddəsinin tələbləri nəzərə alınmaqla inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın ləğvi ilə bağlıdır. Doğrudur maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə yanaşı ümumilikdə inzibati icraat haqqında hüquq normalarının, o cümlədən özündə prosessual normaları da ehtiva edən inzibati icraat haqqında hüquq normalarının tələblərinə əməl olunmaması da mübahiləndirmə iddiası nəticəsində qərarın ləğv edilməsinə əsas müəyyən edir. Lakin prosessual hüquq normalarının pozulmasının hansı hallarda inzibati aktın ləğvi, hansı hallarda inzibati aktın etibarsızlığına səbəb olması ilə bağlı ciddi fərq mövcuddur. Həmin fərqləndirmənin nəticəsidir ki, inzibati aktın ləğvi ilə, inzibati aktın etibarsızlığının hüquqi nəticələri də bir birindən ciddi şəkildə fərqlənir. Belə ki, inzibati aktın ləğvindən fərqli olaraq inzibati aktın etibarsızlığı zamanı hər bir halda adıçəkilən Qanunun 65.2-ci maddəsi ilə öz hüquqi nəticələrini qüvvədən salır. Adıçəkilən maddədən də müəyyən edilir ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əmək pensiyası məbləğinin tutulması haqqında 09 mart 2021-ci il tarixli qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1.2-ci maddəsinin tələbinə uyğun olaraq etibarsız hesab edilməli, həmin qərar əsasında tutulmuş pul məbləği geri qaytarılmalı, eyni zamanda həmin qərara əsasən tutulması nəzərdə tutulan məbləğin də tutulması qadağan edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.2-ci maddəsinə əsasən Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Beləliklə, inzibati orqanın etibarsız hesab edilən qərarı əsasında pul vəsaiti tutulduğundan və qalıq məbləğdə tutulmağa davam etdirildiyindən, etibarsız hesab edilmiş inzibati aktın hüquqi nəticəsi olmaması səbəbi ilə də həmin qərar əsasında tutulmuş pul məbləği geri qaytarılır, eyni zamanda həmin qərara əsasən tutulması nəzərdə tutulan məbləğin də tutulması qadağan edilir. İddia tələbinin digər hissələri ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı təhsil aldığı 1965-1970-ci illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması barədə ilkin olaraq 15.02.2021-ci il tarixdə qərar qəbul etmiş, pensiya məbləği 614,83 manatdan 413,70 manata endirilmişdir. Daha sonra isə 09.03.2021-ci il tarixli qərarla əmək pensiyası yenidən hesablanmış iddiaçının təhsil aldığı illər nəzərə alınmaqla əmək pensiyasının məbləği 427,60 manat olaraq müəyyən edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi 614,83 manat pensiya məbləği sonda 427,60 manat olaraq müəyyən edilmişdir. İddia tələbi digər hissələrlə yanaşı, həmçinin hazırkı halda əmək pensiyasının məbləğinin azaldılması ilə də bağlıdır. İş materiallarından, o cümlədən cavabdehin 09 iyul 2021- il tarixli məktubundan görünür ki, cavabdeh həmin azaldılmanı onunla əsaslandırır ki, pensiya sığorta kapitalının düzgün müəyyən edilməmiş, ilkin təyinat zamanı 2006-2010-cu il tarixədək olan müddət nəzərə alınmasına baxmayaraq, pensiyanın yenidən hesablanması zamanı da həmin dövrlərdə yığılmış pensiya kapitalı təkrarən nəzərə alınmış, 14.09.2016-cı il tarixdə 272, 40 manat, təhsil illəri də nəzərə alınmaqla 281,13 manat hesablanmalı olan əmək pensiyasının məbləği 2006-2010-cu il tarixədək olan müddətin təkrarən nəzərə alınması səbəbindən (hesablama qaydası 09.07.2021-ci il tarixli **********9 nömrəli sənəddə geniş şəkildə qeyd edilmişdir) 398.94 manat kimi qeyd edilmiş və 01.01.2021-ci il tarixdə (müvafiq illər üzrə indeksasiya aparılmaqla) 413,70 manat-təhsil illəri də nəzərə alınmaqla 427,60 manat olmalı olduğu təqdirdə 614,83 manat kimi göstərilmişdir. Halbuki, 14.09.2016-cı ildə əmək pensiyasının məbləği müəyyən edilərkən pensiya kapitalı 12537,68 manat kimi yox, 2006-2010-cu illər nəzərə təkrar nəzərə alınmadan 9869,5 manat kimi müəyyən edilməli və hesablama həmin məbləğə əsasən aparılmalı idi. Bu zaman isə 110 manat baza hissə, 89 manat sığorta hissə, 23,89 manat yığım hissə, o cümlədən 58,14 manat toplanılmaqla pensiya məbləği 281.13 manat müəyyən edilməli idi. Məhkəmə də qeyd olunan hesablama ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından da göründüyü kimi təhsil müddəti də nəzərə alınmaqla iddiaçı 01.01.2006-cı il tarixinədək 39 il 1 ay sığorta stajına malikdir. 24.09.2010-cu il tarixindən 14.09.2016-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı isə 9859,5 manat təşkil edir. İddiaçıya 27.09.2010 –cu il tarixdən ödənilməklə pensiya kapitalına əsasən 177,30 manat əmək pensiyası təyin edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq şəxsin işləməyən pensiyaçı kateqoriyasına keçməsi ilə əlaqədar növbəti müraciəti zamanı 14.09.2016-cı il tarixdə yenidən hesablama 24.09.2010-14.09.2016-cı il tarixlərdə mövcud olan 9869,5 manat pensiya kapitalı əvəzinə, əsassız olaraq ondan əvvəlki dövrlərdə mövcud olmuş pensiya kapitalı əsasında hesablanmışdır ki, qeyd olunan hal isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olmamış, nəticədə iddiaçıya əsassız olaraq 614,83 manat pensiya məbləği hesablanmışdır. Halbuki hesablama 24.09.2010-14.09.2016-cı il tarixlərdə yığılmış pensiya kapitalı əsasında yenidən aparılmalı, o cümlədən ilkin təyinat zamanı iddiaçının təhsil müddəti nəzərə alınmalı idi. Qanunun adıçəkilən maddəsindən də görünür ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunmalıdır ki, iş materiallarında pensiya işinə əlavə edilmiş sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə 18.10.2016cı il tarixli arayışdan da görünür ki, yenidən hesablama zamanı məhz 12537,68 manat pensiya kapitalı nəzərə alınmış, sığorta stajı 01.01.2006-01.01.2016-cı il tarixədək 10 il kimi müəyyən edilmiş, hesablama həmin məbləğə əsasən aparılmışdır. Bu səbəbdən də iddia pensiya məbləğinin 614,83 manatdan aşağı salınaraq 427,56 manat müəyyən edilməsi barədə əmək pensiyasının yenidən hesablanması barədə 09.03.2021-ci il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və iddiaçıya ödənilmiş 614, 83 manat pensiya məbləğinin “H.Zərdabi adına X1 təhsil aldığı illər nəzərə alınmaqla yenidən hesablanaraq artırılması hissəsində rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərar etibarsız hesab edilsin. Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərara əsasən İddiaçı tutulmuş pul vəsaitinin geri qaytarılması öhdəliyi Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” 09 mart 2021-ci il tarixli **********1 nömrəli qərar əsasında tutulması nəzərdə tutulan artıq ödənilmiş pul vəsaitinin tutulması Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5894/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5894/2021
15.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver