Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5895/2023 03.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin və üçüncü şəxsin iştirakı ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X1) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, Zığ-Zeytun sovxozunun ərazisində 6 sot torpaq sahəsi iddiaçıya ayrılmış, onun istifadəsindədir. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müraciətindən cavabdeh imtina etmişdir. İmtina qanunsuz və əsassızdır. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Torpaq sahəsi elektrik və qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə əmrin əsli təqdim edilməmiş, İcra Hakimiyyəti orqanı tərəfindən verilən məktubda əmrə istinad edilməmişdir. Torpaq sahəsinin bir hissəsindən digər fiziki şəxsin istifadə etdiyi və faktiki istifadədə olan torpaq sahəsinin 77,1 kv.m az olduğu müəyyən edilmiş, yerləşmə cizgisində səlahiyyətli şəxsin imza və möhürü mövcud olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Arayışdan görünür ki, iddia olunan torpaq sahəsi elektrik şəbəkəsinin mühafizəsi zonasında yerləşir. Torpaq sahəsi elektrik verilişi xəttinin istismarına heç bir maneçilik törətmədiyindən qeydiyyata alınmasına etiraz etmirik. İmtina məktubunda qeyd edilmişdir ki, torpaq sahəsi elektrik və qaz xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə əmrin əsli təqdim edilməmiş, İcra Hakimiyyəti orqanı tərəfindən verilən məktubda əmrə istinad edilməmişdir. Torpaq sahəsinin bir hissəsindən digər fiziki şəxsin istifadə etdiyi və faktiki istifadədə olan torpaq sahəsinin 77,1 kv.m az olduğu müəyyən edilmiş, yerləşmə cizgisində səlahiyyətli şəxsin imza və möhürü mövcud olmamışdır. Əmrdən çıxarışdan görünür ki, 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Xətai İcra Hakimiyyətinin məktubundan görünür ki, həmin torpaq sahəsinin yerləşmə cizgisi razılaşdırılmış və mövcud vəziyyətə uyğundur. Yerləşmə cizgisindən görünür ki, adıçəkilən əmrdən çıxarışa əsasən yerləşmə cizgisi icra nümayəndəsi tərəfindən tərtib edilmiş və icra hakimiyyətinin möhürü ilə təsdiq edilmişdir. “Azəriqaz” İB-nin məktubundan görünür ki, torpaq sahəsinin hüdudları daxilindən diametri 76 mm olan aşağı təzyiqli, yerüstü qaz xəttinin keçdiyi müəyyən edilmişdir. Üçüncü şəxsə ünvanlanmış imtina məktubundan görünür ki, onun tərəfindən təqdim edilən qeydiyyat vəsiqəsi və texniki pasportunda qeyd edilən inventar nömrəsi və qeyd nömrsi fərqli ünvanda digər fiziki şəxsin adına qeydiyyata alınmış fərdi yaşayış evinə aiddir. Müayinə aktından görünür ki, iddia olunan torpaq sahəsinin faktiki ölçüsü 522,9 kv.mdir. Yerləşmə cizgisinə uyğundur, lakin başqa şəxs tərəfindən abadlıq sahəsi kimi istifadə edilir. Üçüncü şəxs tərəfindən təqdim edilən qeydiyyat vəsiqəsində və texniki pasportda qeyd edilmişdir ki, qeyd edilən yerdə üçüncü şəxsə fərdi yaşayış sahəsi verilmişdir. Məhkəmə sorğusuna əsasən ünvanlanmış əmlaka dair sənədlərdən, o cümlədən görünür ki, həmin nömrə ilə sənədlər digər şəxsin adına dövlət qeydiyyatına alınmışdır. Müqavilə satıcı X4 və alıcı X2 arasında bağlanılmışdır ki, üçüncü şəxs tərəfindən təqdim edilən texniki pasportda olan müqavilənin nömrəsi ilə eynilik təşkil edir. Qeydiyyat vəsiqəsi satıcının adına olmuş, daha sonra həmin əmlak satılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi sovxoz əmri hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı mübahisəli, istifadəsində olan torpaq sahəsinə dair həmin sənədə malikdir, hüquqmüəyyənedici həmin sənəd ləğv edilməmiş, dəyişdirilməmiş, hazırda qüvvədədir ki, adı üzərində hüquqmüəyyən edən sənəd üzrə əmlaka hüququn mövcud olmadığına istinad etməklə iddiaçının hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin göstərdiyi imtina əsasları Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüququn dövlət qeydiyyatına alınmasından imtina qismində çıxış edə bilməz. Belə ki, adıçəkilən Qanunun: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret halları qanunvericiliklə təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İş materiallarından da göründüyü kimi, cavabdeh elektrik xəttinin mövcud olmasına istinad edərək hüquqların dövlət qeydiyyatından imtina etməkdədir ki, məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, elektrik xəttinin mühafizəsini təşkil edən qurumun arayışından görünür ki, torpaq sahəsinin dövlət qeydiyyatına alınması elektrik verilməsinə hər hansı maneçilik törətməməsinə istinad edilərək mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına "xxxx" ASC tərəfindən etiraz verilməmişdir. Hətta etiraz mövcud olsa belə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hal konstitusion hüquqların realizəsinə mane ola bilməz. Belə ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1991-ci il 9 noyabr tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsində də təsbit olunmuşdur. Həmin normaya əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Eyni zamanda məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-239/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. “ Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1405/2020 saylı iş üzrə 01 iyul 2020-ci il tarixli qərarında, 2- 1(102)-864/2020 saylı iş üzrə 02 iyun 2020-ci il tarixli qərarında, 2-1(102)-445/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il, 2-1(102)-1153/2023 saylı iş ürə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Torpaq sah’sinin qaz xəttinin mühafizə zonasında yerləşməsinə münasibətdə də məhkəmə oxşar mövqedən çıxış edir. İlkin olaraq məktubdan da görünür ki, istinad olunan qaz xətti aşağı təzyiqli qaz xəttidir. Bundan əlavə, qaz xəttinin mühafizə zonasında yerləşmə hüquqların qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Ali Məhkəmənin digər bir 2-1(102)-2016/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edildiyi kimi təqdim edilmiş sənəd üzrə torpaq sahəsinin ölçüsünün 500 kv.m. olsa da, faktiki olaraq 495.0 kv.m təşkil etməsi və torpaq sahəsinin 80 kv.m. hissəsinin qaz xəttinin mühafizə zolağına düşməsi barədə kassasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla cavabdehə həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, qeyd edilən halların mövcudluğu iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə təşkil edə bilməz. Əmrin əslinin təqdim edilməməsi, yerləşmə cizgisinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, icra hakimiyyətinin məktubunda əmrə istinad olunmamasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin imtina əsasları formal olmaqla mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış etmir. Belə ki, əmrin özü olmasa belə mötəbərliyi şühbə altında olmayan arxiv çıxarışı təqdim edilmişdir ki, əmrin əslinin təqdim edilməsi cavabdehin özü tərəfindən də təmin edilə bilər. Halbuki, sənədin mötəbərliyini şühbə altına alan hər hansı hal aşkar edilmədən təsdiq edilmiş arxiv çıxarışı əsasında hüququn qeydiyyatının həyata keçirilməsi mümkün olmuşdur. Yerləşmə cizgisi də yerli icra hakimiyyəti orqanlarının tərkibində olan icra nümayəndəsi tərəfindən tərtib edilmişdir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən də həmin cizgi razılaşdırılmış, mötəbərliyini tanınmışdır. Qeyd olunur ki, iş materiallarında həmin cizginin və icra hakimiyyəti orqanı tərəfindən verilmiş inzibati akt xüsusiyyətinə malik məktubun qanunsuz hesab edilməsinə dair hər hansı sübut mövcud deyil. Cizgi mötəbərdir, faktiki vəziyyətə uyğundur, hər hansı orqan, məhkəmə tərəfindən ləğv edilməmiş, dəyişdirilməmişdir. Onun tərtibatında formal xarakterli qüsurlar mövcud olsa belə, hər bir halda iddiaçının təqsir sferasından kənar olmaqla inzibati orqanın daxili sənəd tərtibatı qaydalarına aid olan məsələ olmaqla iddiaçının ziyanına şərh edilməyən haldır. O ki, qaldı imtinanın digər şəxsin istifadəsinə düşməsi halı ilə bağlı olan hissəsinə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin bir hissəsi faktiki olaraq üçüncü şəxsin istifadəsində olsa da, iş materiallarında olan sənədlərdən, o cümlədən məhkəmə sorğusuna cavab məktubundan da göründüyü kimi üçüncü şəxs həmin əraziyə hər hansı hüquqmüəyyənedici sənədə malik olmamışdır. Məhkəməyə təqdim edilən qeydiyyat vəsiqəsi və texniki pasport isə mötəbər sənəd hesab edilmir. Həmin qeydiyyat vəsiqəsi və texniki pasportu ilə eyni rekvizitlərə malik qeydiyyat vəsiqəsi və texniki pasport digər bir sahədə olan əmlaka aid olmaqla başqa şəxsin mülkiyyətində olan sahə ilə bağlıdır. Hətta üçüncü şəxsin təqdim etdiyi texniki pasportun üst hissəsində istinad olunan notarial müqavilə üzrə də məhkəmə araşdırması aparılmış və müəyyən edilmişdir ki, həmin müqavilənin tərəfi üçüncü şəxs olmamış, müqavilə məhz yuxarıda adıçəkilən əmlaka dair başqa şəxslər arasında olan alqı-satqı əməliyyatı ilə bağlı olmuşdur. Beləliklə də hər hansı şəxsin hüquq və maraqlarının qorunması üçün ilkin olaraq həmin şəxsin həmin əmlaka dair hüquqi marağını müəyyən edə biləcək hüquqmüəyyənedici sənəd mövcud olmalıdır. İş üzrə üçüncü şəxsin faktiki istifadəsindən yaranan faktiki maraq iş materialları ilə müəyyən edilsə də, həmçinin o da müəyyən edilmişdir ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olmalı olan sahədən qanunsuz olaraq faktiki mötəbər olmayan sənədlər əsasında istifadə etməkdədir ki, qeyd olunan hal ən azından hazırkı iş üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Əks halda mülkiyyət hüquqlarının toxunulmazlığı xəyali anlayışa çevrilməklə, qanunsuz faktiki istifadəyə şərait yaratmış olar. Bu səbəbdən də əmlak faktiki olaraq bir hissədə üçüncü şəxsin istifadəsində olsa da, nə qədər ki, iddiaçı hüquqmüəyyənedici sənədə və texniki sənədə malikdir, həmin sənədlər ləğv edilməyib, həmin hissə ilə bağlı üçüncü şəxsin faktiki istifadəsi mötəbərliyi şübhəli olan sənədə əsasəndir, həmin hissəyə hüququn iddiaçının adına qeydiyyatından da imtina edilməməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia torpaq sahəsinin hansı ölçüdə iddiaçının adına dövlət qeydiyyatına alınmalıdır hissəsində qismən təmin edilməli, cavabdehin bir hissədə imtinasının qanuniliyi tanınmalıdır. Belə ki, sənəd üzrə iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılsa da, iş materiallarından görünür ki, iddiaçı faktiki olaraq 522,9 kv.m torpaq sahəsinin istifadəçisidir. Bu səbəbdən də iddiaçı 0,06 ha torpaq sahəsinə münasibətdə yox, məhz 522.9 kv.m torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatına alınması hissəsində əsaslıdır, 77.1 kv.m hissədə isə iddia təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayonu 2 nömrəli Zığ-Zeytun Sovxozunun ərazisində (Zığ qəsəbəsi) yerləşən 522,9 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5895/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5895/2023
03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver