Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5896/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı ilə "xxxx" MTK arasında mənzil alqı-satqısına dair 2 nömrəli 27 oktyabr 2005-ci il tarixli “kooperativ mənzil tikinti haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə uyğun olaraq, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən 3 girişli yaşayış binasında 3-cü girişdə, 7-ci mərtəbədə, ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı 131 nömrəli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq, mənzil "xxxx" MTK tərəfindən iddiaçıya təhvil verilmiş və iddiaçı öz növbəsində mənzilin dəyərini 2008-ci ilin sonunadək tamamilə ödəmişdir. Bu barədə maliyyə arayışı var. İddiaçı mənzilə yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun alınması ilə əlaqədar “yaşayış sahəsinin verilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarı”nın təqdim olunması üçün "xxxx" MTK-ya dəfələrlə müraciət etsə də, həmin qərar iddiaçıya təqdim olunmamışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət olunmuş, “yaşayış sahəsinin verilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarının təqdim olunması barədə” tələbinə dair qarşılıqlı iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2808/2020 saylı iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 3 mart 2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra olunmaq üçün Bakı şəhəri, Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, “İcraata başlamaq haqqında” 1 iyul 2021-ci il tarixli qərar qəbul edilmiş, icranı könüllü olaraq təmin etmək "xxxx" MTK-ya tapşırılmışdır. Lakin, "xxxx" MTK-nın təsisçisi Nəsimi rayon İcra şöbəsinə 17 iyul 2021-ci il tarixli 12 nömrəli məktub göndərərək bildirmişdir ki, sədr vəfat etdiyinə görə MTK-da sənədlərin imzalanması və möhürlənməsi səlahiyyəti hələlik bəlli olmadığından göndərilən bildirişə müsbət cavab verilməsi mümkün deyil. "xxxx" MTK-nın sədrinin 3 aprel 2021-ci il tarixdə vəfat etməsinə baxmayaraq, bu günədək kooperativ üzvlərinin ümumi yığıncağı keçirilməmiş və kooperativə yeni sədr seçilməmişdir. Nəticədə, qətnamə bu günədək icra olunmamışdır. "xxxx" MTK-nın işçiləri vəzifələrindən azad olunmuş, MTK isə fəaliyyətini tamamilə dayandırmışdır. Halhazırda bina idarəedici təşkilat tərəfindən idarə olunur. İddiaçı mənzilə yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh **********63 saylı 29 dekabr 2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətini təmin etməmiş və bildirmişdir ki, hüquq sahiblərinin "xxxx" MTK tərəfindən tərtib edilmiş sənədlərlə “ASAN” Xidmət Mərkəzinə müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır (halbuki, iddiaçı öz ərizəsinə müvafiq sənədləri əlavə etmişdir, əks halda ərizə cavabdeh tərəfindən ümumiyyətlə qəbul edilməzdi). Lakin imtina məktubunda hansı normativ akt və ya normativ xarakterli akta istinad edilməsi göstərilməmişdir. Yalnız, ümumi olaraq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə istinad edilmişdir. Halbuki «İnzibati icraat haqqında» Qanunun 61.1-ci maddəsinə əsasən inzibati orqan yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında protokoldan çıxarışın "xxxx" MTK tərəfindən ona (iddiaçıya) verilməsi qət edildiyindən, həmin sənədin obyektiv və eyni zamanda subyektiv səbəblərdən təqdim olunmaması onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olur. Eyni zamanda, qanuni qüvvəyə minmiş yekun məhkəmə akı ilə müəyyən olunmuş hal (protokoldan çıxarışın verilməsi) bir daha cavabdeh tərəfindən qanunsuz olaraq mübahisələndirilərək məhkəmə qərarını şübhə altına salır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir, 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Buna əsaslanaraq demək olar ki, Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumunın «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1 -ci və 178.2-ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 2.2, 15-ci maddələrinə, İPM-in 2.2, 2.2.3, 8.1.1, 34.1, 45, 46.1-ci maddələrinə əsaslanaraq, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A saylı binanın 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 140,3 kv.m ölçüsü olan 3 otaqdan ibarət 131 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin (qurum Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında yaradılmışdır) 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə ünvanlanmış 25 aprel 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 6 noyabr 2020-ci il və 21 dekabr 2021-ci il tarixlərdə 1 saylı bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun olaraq hüquq sahibinin "xxxx" MTK tərəfindən tərtib edilmiş sənədlərlə (protokoldan çıxarış və maliyyə arayışı) “ASAN” Xidmət Mərkəzinə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin, müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin daxilində rekonstruksiya işləri aparılmışdır. Bu səbəbdən ərizənin icrası mümün olmamış və bu barədə iddiaçıya 5 yanvar 2021-ci il tarixli **********34 nömrəli və 29 dekabr 2021-ci il **********63 nömrəli cavab məktubları ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturlarının optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 479 nömrəli Fərmanının 5-ci bəndində Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi qeyd olunmuşdur. «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.7.1 – 5.7.4-cü bəndlərinə əsasən mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. Qeyd olunanlardan da göründüyü kimi, müvafiq mənzil üzərində hüquqların ilkin qeydiyyatı yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməli olduğundan iddiaçı “ASAN xidmət” mərkəzlərinə deyil, İdarəyə müraciət etmişdir. Bu səbəbdən də, İdarə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya aidiyyəti üzrə müraciət etməli olması izah edilmişdir. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, iddianın mümkün sayılması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 82-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında 27 oktyabr 2005-ci il tarixdə “Kooperativ mənzil tikintisi haqqında” 2 nömrəli müqavilə bağlanmışdır və həmin müqavilədə nəzərdə tutulmuşdur ki, "xxxx" MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanında yerləşən 3 girişli yaşayış binasında 3-cü girişdə, 7-ci mərtəbədə, ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı 131 nömrəli mənzili kooperativə müvafiq pay ödənişi müqabilində hazırkı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK-nın 22 sentyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai prospekti, 40A ünvanında "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasında 3-cü girişdə, 7-ci mərtəbədə, ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı 131 nömrəli mənzilin dəyəti İddiaçı tərəfindən tam olaraq ödənilmişdir, onun MTK-ya borcu yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddiaçı "xxxx" MTK cavabdeh İddiaçı qarşı «kommunal xidmət haqları üzrə borcun ödənilməsi» tələbinə dair iddia qaldırmış və həmin iş üzrə cavabdeh İddiaçı "xxxx" MTK-ya qarşı «yaşayış sahəsinin ümumi yığıncağının qərarının təqdim olunması» tələbinə dair qarşılıqlı iddia qaldırmışlar. Məhkəmənin həmin (2(004)-2808/202 saylı) iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək İddiaçı "xxxx" MTK-nın xeyrinə 3.030,48 manat məbləğində pul vəsaiti və 20 manat dövl\ət rüsumunun tutulması, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək yaşayış sahəsinin verilməsi barədə "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının İddiaçı təqdim olunması və 30 manat dövlət rüsumunun "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2894/2021 saylı iş üzrə 3 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2808/2020 saylı iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “ilkin iddia tələbinin təmin edilməsi” hissəsində ləğv edilmiş, ilkin iddia rədd edilmiş və ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının özünə aid edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2894/2021 saylı iş üzrə 3 mart 2021-ci il tarixli icra sənədi əsasında 1 iyul 2021-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə “iddianın mümkünlüyü” ilə bağlı qeyd edir ki, iddiaçı mənzilə dair müvafiq müqavilə bağladığından və cavabdehə hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etməklə imtina cavabı aldığından, iddianı qaldırmaq üzrə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 17 yanvar 2019-cu il tarixli 479 nömrəli Fərmanının 5-ci hissəsi ilə qərara alınmışdır ki, Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri (“DOST” mərkəzlərində əmək pensiyalarının təyin edilməsi istisna olmaqla) yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilsin. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında» 706 nömrəli 5 sentyabr 2012-ci il tarixli Fərmanının 5-ci hissəsi ilə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin edilsin: (5.7) daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı: (5.7.1) mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, (5.7.2) daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, (5.7.3) fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, (5.7.4) torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi. «Vətəndaşların müraciətləri haqqında» Qanunun 7.10-cu maddəsinə görə müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. Qeyd olunmalıdır ki, sadalanan normalar mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar qeydiyyatla bağlı dövlət xidmətlərinin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Lakin nəzərə alınmalıdır ki, həmin müraciətlər üzrə icraat “ASAN xidmət” mərkəzləri vasitəsilə aparılsa da, qeydiyyata alınmadan imtina verildiyi təqdirdə inzibati mübahisənin tərəfi qismində, “ASAN xidmət” mərkəzləri deyil, məhz DƏDRX (hazırkı DƏDKR) ərazi idarələri çıxış edə bilər. Hazırkı işin hallarına görə isə, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi iddiaçıya “ASAN xidmət” mərkəzinə müraciət olunmasını tövsiyə etsə də, müvafiq qeydiyyatın aparılması üçün “protokoldan çıxarış” və “maliyyə arayışı”nın təqdim edilməsinin zəruriliyini bildirmişdir. Halbuki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi müraciəti aidiyyəti üzrə baxılması üçün “ASAN xidmət” mərkəzinə ünvalamaya bilərdi. Belə olan halda, qaldırılan “öhdəliyin icrası haqqında” iddia (bu qəbildən olan mübahisələr üzrə İPM-n müddəaları “iddia müddəti” nəzərdə tutmur) üzrə hazırkı iş üzrə tərəflər arasında inzibati mübahisə mövcud olduğundan, həmçinin iddianın mümkünsüzlüyünü şərtəndirən hər hansı digər hallar olmadığından, iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nəsimi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İnzibati mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə iş üzrə müəyyən edilən hallarla bağlı aşağıdakılar qənaətlərini diqqətə çəkir: 1) İddiaçı "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanındakı yaşayış binasında 3-cü girişdə, 7-ci mərtəbədə, ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı 131 nömrəli mənzilin dəyəti MTK-ya tam olaraq ödədiyindən, həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir; 2) Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanındakı yaşayış binasında 3-cü girişdə, 7-ci mərtəbədə, ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı 131 nömrəli mənzilə dair "xxxx" MTK üzvlərinin müvafiq protokolunun tərtib edilərək İddiaçı verilməsi barədə məhkəmə qətnaməsi qəbul edildiyindən və həmin qətnamə qanuni qüvvəyə mindiyindən, sözügedən məhkəmə aktının icra olunmaması İddiaçı iradəsindən asılı olmadığından, həmin protokol adıçəkilən şəxsin mənzil üzərində hüquqların həyata keçilməsinə münasibətdə verilmiş sayılmalıdır; 3) bununla da müəyyən edilir ki, iddiaçının inzibati icraat çərçivəsində təqdim etdiyi sənədlər sırasında “üzvlərin iclasının protokolundan çıxarış” və “maliyyə arayışı”, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulan hallar üzrə bütün sənədlər mövcuddur. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A ünvanındakı yaşayış binasında 3-cü girişdə, 7-ci mərtəbədə, ümumi sahəsi 140,3 kv.m. olan 3 otaqlı 131 nömrəli mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlkət reyestrində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, qeyri-yaşayış sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A saylı binanın 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 140,3 kv.m ölçüsü olan 3 otaqdan ibarət 131 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40A saylı binanın 3-cü giriş, 7-ci mərtəbəsində yerləşən 140,3 kv.m ölçüsü olan 3 otaqdan ibarət 131 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5896/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5896/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver