Məhkəmə qərarları › İş №2-1(112)-5898/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5898/2025

11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5898/2025 11.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “5333 q” saylı, 982 kv. m. bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cü il tarixli, 14/519 №-li qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən-“5333 q” saylı, 982 kvadrat metr bağ torpaq sahəsi ona, yəni İddiaçı ayrılmışdır və hal-hazırda da həmin bağ torpaq sahəsi onun istifadəsindədir, üzərində ev və digər tikililər inşa etməklə yaşayır və qonşuluqda olan-digər qonşuları tərəfindən onlara məxsus bağ torpaq sahəslərinə dair müvafiq çıxarışlar alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən “5333 q” saylı, 982 kvadrat metrdən ibarət bağ torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 25 aprel 2024-cü il tarixli və 18 sentyabr 2024-cü il tarixli ərizələrinə baxılmış və 15 may 2024-cü il tarixli,000 3-21-3-30/2-14-1320/038- 2024- **********32 №-li və 26 noyabr 2024-cü il tarixli, 3-21-3-30/2-14-1320/028-2024- **********32 №-li bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtinanın əsası kimi isə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ massivində yerləşən 134 BTK-nın üzvlərinin siyahısında İddiaçı adı qeyd edilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Həmçinin mövcud məlumat bazasında İddiaçı adına 134 BTK nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, faktiki göstərilən torpaq sahəsi 982 kvadrat metr təşkil edir və elektron kadastr məlumatına əsasən göstərilən sahə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üstüstə düşür”. Bakı Şəhər X6 İcraiyyə Komitəsinin 22 dekabr 1989-cü il tarixli, 14/519 N-li 03 iyun 1993-cü il tarixli, 1053 №-li qərarın əslini və 15 №-li orderin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməklə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu onun mülkiyyət hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Bundan başqa, faktiki göstərilən torpaq sahəsi 982 kv. m təşkil edir və elektron kadastr məlumatına əsasən göstərilən sahə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR. İş materiallarında olan: Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-48- 2F/2-M-1718-8-2039/2024 saylı məktubu ilə iddiaçıya təqdim edilmiş Bakı şəhər X5 İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi haqqında (Birliyinin komissiyasının bağ məsələlərinə baxılması haqda yığıncağın protokolu № 12 “22” noyabr 1989-cu ildən) xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarından çıxarışından müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il tarixli 195 №-li və Bakı Sovetinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li qərarlarına əsasən Bakı şəhər X5 İcraiyyə Komitəsinin qərarı ilə 134 №-li BTK-dən 23 nəfərə bağ-torpaq sahələrinin ayrılması və bu bağ-tikinti kooperativlərinin tərkibinin təsdiq olunması qərara alınmışdır. Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 14/159 №li qərarına əsasən 10 №li əlavəsində müəyyən olunmuş Ləhic 134 №li bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq olunmuşdur:

15. X3 Bakı şəh. Əhmədli qəs. Keçid 815, ev 7, mənzil 78

Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş Bağlar sahəsində 134 №li Bağ Tikinti Kooperativi tərəfindən X2 verilmiş 15 №-li orderin surətindən müəyyən olunur ki, Bakı şəhər İcraiyyə Komitəsinin 22 dekabr 1989-cu il tarixli 14/519 №li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 134 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5333q №li bağ sahəsi ayrılmışdır.

İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: xx.xx.2024-cü il tarixli, **********32 №-li, cavab məktubunda qeyd olunmuşdur ki, “... təqdim olunmuş sənədlər surətdir. Təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Bundan başqa, faktiki göstərilən torpaq sahəsi 982 kv. m təşkil edir və elektron kadastr məlumatına əsasən göstərilən sahə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” xx.xx.2024-cü il tarixli, **********79 №-li, cavab məktubunda qeyd olunmuşdur ki, “... Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 134 BTK-nın üzvlərinin siyahısında X1 (sənəddə olduğu kimi) adı qeyd edilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Həmçinin mövcud məlumat bazasında Mir - Babayev Mir-Heydər Mir-Hüseyn oğlunun adına 134 BTK nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd (order) idarənin arxivində aşkar edilməmişdir.”

Məhkəmənin müvafiq sorğusuna əsasən:

DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2- 4676/2025 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcraiyyə Komitəsinin 22 dekabr 1989- cu il tarixli, 14/519 saylı qərarı ilə 134 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5333q saylı saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı adına 15 nömrəli order idarənin arxivində aşkar edilməmişdir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən sahə Bakı Şəhər İcra Hakimiyyətinin başçının xx.xx.2007-ci il tarixli 285 nömrəli Sərəncamı əsasında "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Məktuba aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 5333q saylı bağ sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha və faktiki olaraq 0,0982 ha təşkil edir. Yerli baxış zamanı nümayəndə iki bağ sahəsi göstərmişdir. Ümumi hasarlanmış sahədə 5333q və 5333b saylı bağlar yerləşməlidir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “İstirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisinə icazə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 285 №-li Sərəncamının surətindən müəyyən olunur ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 1/539 saylı razılıq məktubunu və "xxxx" MMC-nin xx.xx.2007-ci il tarixli, D/04/01 saylı müraciətini nəzərə alaraq, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində istirahət obyektlərinin və fərdi yaşayış evlərinin tikintisi məqsədilə, 101 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 saylı qərarına əsasən 11 №-li əlavədə Ləhiş 134 saylı bağ-tikinti kooperativinin üzvlərinin siyahısı: ... 15.X3 Bakı şəh. Əhmədli qəs. Keçid 815, ev 7, mənzil 78 TƏTBİQ EDİLƏN HÜQUQ

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: ... Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ... Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı.

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. ... Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. ... Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. ... Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;

… Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) strukturuna daxil olan qurumdur. 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.7. ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək.

3. Xidmətin vəzifələri. ... 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; ... 3.0.25-ci bəndinə əsasən ünvan reyestrini tərtib etmək və aparmaq, həmçinin ünvan reyestrinin məlumatlarını Ünvan Reyestri İnformasiya Sisteminə daxil etmək və onun aparılmasını təmin etmək, daşınmaz əmlak obyektlərinə ünvan vermək, ünvan reyestrində saxlanılan və açıq hesab edilən məlumatları internet saytında yerləşdirmək; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.

MƏHKƏMƏNİN MÖVQEYİ.

Məhkəmə ilkin olaraq iddia tələbinin hüququ əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər - hüquqmüəyyənedici sənədlər hesab olunur. Əgər şəxs əmlak ilə bağlı bu sənədlərdən hər hansı birinə malik olarsa, onun həmin əmlak üzərində mülkiyyət hüquqları yaranmış olur və o, həmin əmlakın özəlləşdirilməsini tələb etmək hüququna malik olur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 982 kv.metr olan 5333Q nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın imtinasından və iddiaya münasibətdə təqdim olunmuş yazılı etirazdan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün üç əsas gətirir:

1. Bağ sahəsinə dair orderin arxivdə aşkar edilməməsi;

2. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin "xxxx" MMC-nin adəmda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üstüstə düşməsi;

3. Bağ sahəsinin faktiki olaraq ölçüsünün 982 kv.metr təşkil etməsi;

Məhkəmə ilk öncə cavabdehin imtina əsası kimi göstərdiyi birinci hala münasibətdə qeyd edir ki, doğrudur ki, hazırki mərhələdə iddiaçının məhkəmə icraatı zamanı təqdim etmiş olduğu Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 134 №-li kooperativi tərəfindən verilmiş order aidiyyəti orqanların arxivində aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, həmin orderin aşkar edilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır. Eyni zamanda qeyd edilməlidir ki, həmin hal iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, hüquqmüəyyənedici sənədlərin arxivdə saxlanılması iddiaçının vəzifə səlahiyyətlərinə aid deyildir. Bundan əlavə, sənədin əsli də cavabdehə təqdim edilmişdir ki, onun mötəbərliyini şühbə altına alan hər hansı hal da aşkar edilməmiş, imtina arxivdə orderin olmaması ilə əlaqədar olmuşdur. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçının təqdim etdiyi order aidiyyəti qurumların arxivində aşkar olunmasa da, orderin verilməsinə əsas olan və orderdə istinad olunan Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı mövcuddur. Belə ki, iddiaçının müvafiq müraciəti əsasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-48-2F/2-M-1718-8-2039/2024 saylı məktubu ilə Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı təqdim edilmişdir. Bununla bağlı isə nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı, eləcə də Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş Ləhiş Bağlar sahəsində 134 №li Kooperativinə aid 15 saylı orderdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan 5333 Q nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, torpağın ayrılması və onun rəsmiləşdirilməsi ilə bağlı inzibati orqanların məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri şəxsin üzərinə qoyula bilməz. İş üzrə materiallardan görünür ki, iddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün ona torpaq sahəsinin ayrılması barədə Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı, eləcə də Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş Ləhiş Bağlar sahəsində 134 №li kooperativə aid 15 saylı orderi cavabdehə təqdim etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 14/519 №-li qərarı və eləcə də həmin qərar əsasında verilmiş 15 saylı order qüvvədədir. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli dövlət orqanının qərarı əsasında ayrılmışdır və həmin qərar hazırda qüvvədir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, qeyd olunan torpaq sahəsində abadlaşdırma işləri aparmış, həmin sahəyə qulluq etmiş və eləcə də torpaq sahəsinin ayrılması məqsədlərinə uyğun olaraq yaşayış və istifadə üçün müvafiq infrastruktur yaratmışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıldığı və iddiaçının istifadəsində olduğu müddətdə həmin qərar hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Nəzərə alınmalıdır ki, cavabdehin imtinasında göstərilən digər bir dəlil - qeyd olunmuş torpaq sahəsinin digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına münasibətdə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, göstərilən bu hal hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, mübahisələndirilən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Eyni zamanda cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin digər şəxsin adına dövlət reyestrdə qeydiyyata alınmasına istinad olunsa da, buna dair inzibati orqan tərəfindən iddiaçıya ayrılmış bağ sahəsinin üçüncü şəxsin istifadəsinə ayrılmış torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçının istifadəsində olan bağ sahəsinin üçüncü şəxsin istifadəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən olunmadığından hazırki iddia tələbinin təminini istisna etmir. Bir daha qeyd olunur ki, mübahisə predmeti olan bağ torpaq sahəsinin digər bağ sahələri ilə üst-üstə düşməsi iş materialları ilə müəyyən olunmur. Ümumiyyətlə mübahisə predmeti olan bağ sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə istifadəsinə ayrılmış ərazisində yerləşsələr belə, bu vəziyyət iddiaçının ziyanına dəyişmir. İlk növbədə ona görə ki, iddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin, yəni yerli icra hakimiyyətinin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Son olaraq məhkəmə qeyd etmək istəyir ki, bağ sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən az təşkil etməsi isə iddiaçının hazırki mərhələdə bağ sahəsi üzərində hüquqların qeydiyyatını istisna etmir. Belə ki, hüquqmüəyyənedici sənəd üzrə iddiaçıya ayrılmış bağ sahəsinin ölçüsü 1200 kv.metr təşkil etsə də, iddiaçının istifadəsində olan bağ sahəsinin faktiki ölçüsü 982 kv.metr təşkil etmişdir ki, iddiaçı da məhkəmədən bağ sahəsinin məhz 982 kv.metr hissəsinə münasibətdə hüquqların qeydiyyata alınmasını xahiş edir. Belə olan halda cavabdehin imtina məktubunda göstərdiyi 3 əsas aradan qalxmış olur. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin müddəalarına əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5). Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Hazırkı halda, iddiaçının iddiası torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından ibarət olduğundan, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin müddəalarına əsasən mübahisəli torpaq sahəsinə dair onun adına “torpaq sahəsinin planı və ölçüsü”də tərtib edilməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 982 kv. metrdən ibarət “5333q” saylı bağ torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar