Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5899/2021 15.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X18 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X13, X7, X8, X9 və X15) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. 21 iyul 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 ünvan 1 ünvanında yerləşən 37 saylı mənzili İddiaçı (bundan sonra – İddiaçı) satmış, iddiaçının mülkiyyət hüququ xx.xx.2006-cı il tarixdə ********* nömrə ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, mənzil hazırda İddiaçının mülkiyyətindədir.
2. İddiaçı ərizə ilə Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, X13, X7, X8, X9 və X6 (bundan sonra – üçüncü şəxslər) mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh 091-13224A-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı bildirilmişdir.
4. Bundan sonra İddiaçı 20 aprel 2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilərək mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, məhəllə 500, ev 4 ünvanında yerləşən 37 saylı mənzildən X13, X7, X8, X9 və X6 pasport qeydiyyatından çıxarılmalarının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması:
5. İddiaçı tələbini bununla əsaslandırılmışdır ki, mənzil alqı-satqı olunan tarixdən üçüncü şəxslər həmin mənzildə yaşamırlar və qeydiyyatda olmaları formal xarakter daşıyır. Üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur və mülkiyyətində olan mənzillə bağlı sərbəst sərəncam vermək səlahiyyətinə maneə yaradır.
6. Məhkəmənin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-5899/2021 saylı qərardadı ilə X13, X7, X8, X9 və X15 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X23 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi
9. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
10. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
11. İddia həm də əsaslıdır. Belə ki, işdə olan xx.xx.2006-cı il tarixli AN-İ №0076286 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X10 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59.9 kv.metr mənzili 47.615 manat müqabilində İddiaçı satmışdır.
12. İşdə olan ******* nömrəli MH seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 37 saylı mənzil iddiaçının mülkiyyətindədir.
13. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən ünvan 4 ünvanında iddiaçıdan başqa X13, X7, X8, X9 və X15 da qeydiyyatdadırlar.
14. İşdə olan 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin 23 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 37 saylı mənzildə iddiaçı, oğlu X16 və nəvəsi X11 yaşayırlar.
15. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, məhəllə 500, ev 4 ünvanında yerləşən 37 saylı mənzildə üçüncü şəxslərin istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
16. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki: - xx.xx.1939-cu il təvəllüdlü X13 xx.xx.2003-cü ildən; - xx.xx.1934-cü il təvəllüdlü X8 xx.xx.2003-cü ildən; - xx.xx.1975-ci il təvəllüdlü X9 xx.xx.2003-cü ildən; - xx.xx.2000-ci il təvəllüdlü X17 xx.xx.2016-cı ildən; - xx.xx.1968-ci il təvəllüdlü X7 xx.xx.2004-cü ildən ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
17. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, məhəllə 500, ev 4 ünvanında yerləşən 37 saylı mənzilin iddiaçının mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzilə heç bir hüquqularının olmaması və orada yaşamamaları, üçüncü şəxslərin mübahisəli mənzilə həmin mənzili iddiaçının almasından əvvəl qeydiyyata düşdükləri məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunur.
18. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
19. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
20. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
21. Hazırkı iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4189/2020 saylı qətnaməsində də görünür ki, məhkəmə hazırkı iş üzrə üçüncü şəxslərin mübahisəli mənzildə istifadə hüquqlarının olmasının sübut olunmaması əsası ilə İddiaçının üçüncü şəxslərin istifadə hüququnun olmamasının müəyyən olunması barədə tələbini təmin etməmişdir.
22. Məhkəmə qətnamədə göstərmişdir ki, “iddia cavabdehlərin istifadə hüquqlarının itirlməsi hissəsində isə təmin edilməməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və hüquq normalarını nəzərə almaqla, məhkəmə qənaətə gəlir ki, cavabdehlərin həmin mənzildə istifadə hüquqlarının olması iş materialları ilə müəyyən edilmir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçı cavabdehlər X3, X1, X4 və X2 istifadə hüquqlarının itirilmiş hesab edilməsini, cavabdeh X12 isə istifadə hüququnun olmamasının müəyyən edilməsi istəyir.. Belə ki, cavabdehlər X14, X7, X8 və X9 mübahisəli mənzildə qeydiyyatda olsalar da, onların hansı tarixdə mübahisəli mənzilə qeydiyyata düşdüyü iş materialları ilə müəyyən edilmir... Məhkəmə iddianı cavabdehlərin istifadə hüququnun olmasının müəyyən edilə bilməməsi səbəbindən iddianın həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, qeydiyyat istifadə hüququ yaratmadığından və cavabdehin mənzilə qeydiyyat tarixi müəyyən olunmadığından məhkəmə olmayan hüququ itirə bilməz, cavabdehin mənzildə qeydiyyatda olması onun həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edən hüquqi fakt kimi çıxış edə bilməz.”
23. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində göstərilən əsasların təqdim edilməməsi ilə bağlı mülkiyyətçinin əmlaka heç bir hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı yaşadığı problemlərin həlli məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərar qəbul etmiş və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
24. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
25. İşdən müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli mənzildə 2003-cü ildən qeydiyyatda olmuşlar, lakin həmin mənzilə hər hansı bir əmlak hüququna sahib olmamışlar. 2006-cı ildə həmin mənzilə mülkiyyət hüququ əldə etmiş iddiaçı hazırda orada yaşamayan və mənzilə heç bir hüququ olmayan həmin şəxslərin qeydiyyatdan çıxarılmalarını xahiş edir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
27. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarı ilə müəyyən edilən halların hazırkı iş üzrə mövcud olmasını (üçüncü şəxslərin mənzilə heç bir hüquqlarının olmamasını və hazırda həmin mənzildə yaşamamalarını) nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddia tələbi əsaslıdır və təmin edilməlidir.
28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. xx.xx.1939-cu il təvəllüdlü X5, xx.xx.1934-cü il təvəllüdlü X4, xx.xx.1968-ci il təvəllüdlü X1, xx.xx.1975-ci il təvəllüdlü X2 və xx.xx.2000-ci il təvəllüdlü X6 Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, məhəllə 500, ev 4 ünvanında yerləşən 37 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova