Məhkəmə qərarları › İş №2-1(112)-5899/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5899/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5899/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı, üçüncü şəxs Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillə təmin olunma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.1964-cü il təvəllüdlü olmaqla İ qrup gözdən əlildir. İddiaçı İ qrup gözdən əlil kimi özü və iki nəfər qızı ilə birlikdə xx.xx.2009-cu il tarixdən mənzil növbəsindədir. Nəsimi Rayon İcra hakimiyyəti başçısının xx.xx.2010-cü il tarixli sərəncamına əsasən xx.xx.2010-cu il tarixdən növbədənkənar mənzil alanların siyahısına keçirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə (bundan sonra - cavabdeh) müraciət edərək, mənzillə təmin olunmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək ona ünvanlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixli məktublarında bildirmişdir ki, hal-hazırda Nazirliyin balansında Bakı şəhəri üzrə bir otaqlı mənzillər olmadığından mənzil təminatının həyata keçirilməsi mümkün olmamışdır. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra birotaqlı mənzillə təmin edilməyinizə növbəlilik qaydasında baxılacaqdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda isə göstərilmişdir ki, 3 nəfər (siz və iki qızınız) ailə tərkibi və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığınız qeyd edilmişdir. İki qızınız evli olduğu üçün və mövcud ailə tərkibiniz (özünüz) nəzərə alınmaqla Bakı şəhərində birotaqlı mənzillə təmin edilməyiniz nəzərdə tutulmuşdur. Nazirliyin balansına müvafiq mənzillər verildikdən sonra birotaqlı mənzillə təmin edilməyinizə növbəlilik qaydasında baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzillə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 2009-cu ildən mənzil növbəsində olmasına baxmayaraq hələ də mənzillə təmin edilməmişdir. Dəfələrlə bu barədə cavabdeh müraciət etmişdir. Hər dəfə müxtəlif bəhanələrlə işi uzadılır, nəticədə mənzillə təmin edilmir. Ona birotaqlı mənzil verilməsində səbəb şifahi olaraq patronajı ilə eyni cinsli olması göstərilir. O, Bakı şəhərindən kənarda da mənzil almağa razıdır. Əsas xahişi odur ki, mənzillə təmin edilsin. İllər ərzində cavabdehin hərəkətsizliyi nəticəsində hüquqları pozulmuşdur və evsiz-eşiksiz qalmışdır Nəticə etibarilə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, cavabdehim imtinası əsassızdır. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilərək iddianın mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri cavabdehin imtina məktubu ilə eyni faktiki və hüquqi əsaslara söykənir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın dəlillərinə uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etdi, əlavə olaraq qeyd etdi ki, qızları ailə qurub başqa yerdə yaşadığından ona 1 otaqlı mənzilin verilməsi nəzərdə tutulub. Lakin uzun müddətdir ki, nə Bakı şəhərindən, nə də ki digər yerlərdən ona mənzilin verilməsi təmin edilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı onun mənzillə təmin olunmalarını xahiş edir ki, belə bir iddia məcburetmə haqqında iddiaya aiddir (İPM-in 2.2.2-cü maddəsi). Bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh quruma müraciət etmişdir. Cavabdeh iddiaya yazılı etirazında iddiaçının tələbinin qanunvericilik baxımından əsaslı olmaması əsası ilə iddianın mümkün sayılmamasını xahiş etsə də, məhkəmə hesab edir ki, qanunvericilik baxımından iddia tələbinin əsaslı olmaması mümkünsüzlük əsası deyil, iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı hazırda onun barəsində əlverişli inzibati akt qəbul edilməklə mənzillə təmin olunmasını xahiş edir ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçotda olan və əlilliyi müəyyən edilən şəxs kimi onun belə bir iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Qanunvericiliyə əsasən onun mənzillə təmin edilməsinin mümkünlüyü isə artıq iddianın mahiyyəti üzrə qiymətləndirilməsi zamanı yoxlanılmalı haldır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia mümkün iddiadır. İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı 2010-cu ildən İ qrup gözdən əlil kimi növbədənkənar mənzil növbəsinə dayanmışdır. İddiaçı hazırda onun mənzillə təmin edilməsini xahiş edir. Cavabdeh isə iddiaçının iki qızının ailə qurduğunu, iddiaçının tək özünə birotaqlı mənzil verilməsinin nəzərdə tutulduğu və Nazirliyin balansında birotaqlı mənzilin olmamasını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Fərmanının 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı qanunvericilik aşağıdakı xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur. İstinad olunan normalardan görünür ki, gözdən əlilliyi olan şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. Cavabdeh tərəfindən iddiaçıya ünlanmanmış məktublardan müəyyən edilir ki, iddiaçının iki qızı ailə qurduğundan onun özünə birotaqlı mənzil ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərində isə birotaqlı mənzil Nazirliyin balansında hal-hazırda yoxdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən Fərmanların və Nazirlər Kabinetinin qərarlarının icrası 2021–2025-ci illər ərzində mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulmuşdur və bu proses davam etdirilir. Hal-hazırda cavabdehin iddiaçının müraciətinin edilməməsi ilə bağlı hərəkətsizliyində hər hansı bir qanun pozuntusunun, iddiaçının hüquq və marağının pozulması halı müəyyən edilmir. Belə ki, cavabdehin imtinasının əsas kimi, Nazirliyin balansında bir otaqlı mənzilin olmamasını göstərmişdir. İddiaçı isə cavabdehin imtinasının qanunsuz olması, ona mənzilin verilməli olmasını əsaslandıra bilməmişdir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmur, buna görə də iddia təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı tələbində onun mənzillə təmin edilməli olması barədə inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı, üçüncü şəxs Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti cəlb edilməklə “mənzillə təmin olunma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar