Məhkəmə qərarları › İş №2-1(112)-59/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-59/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-59/2023 27.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkil)i Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Əzizbəyov RİH başçısının 30 oktyabr 1996cı il tarixli 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sərəncamda nəzərdə tutulduğu qaydada mağaza tikmişdir. Daha sonra həmin əmlakın müvafiq qaydada qeydiyyatdan keçirilməsi üçün o, cavabdeh DƏDRX 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin 29 noyabr 2019-cu il tarixli məktubu ilə həmin məsələnin həllindən imtina olunmuşdir. Cavabdeh orqan formal mülahizələrlə iddiaçının xahişini icra etməmiş, bununla da qanunun tələblərini pozmuşdur. Halbuki, cavabdeh torpaq sahəsinə yerində baxmaqla, sənədləri araşdrımaqla, mütəxəssis vasitəsi ilə müəyyən edə bilərdi ki, İddiaçı qeyd edilən əmlakın mülkiyyətçisidir. Göstərlənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 2, 20, 71-ci maddələrinə, İPM-in 8.1.1-ci maddəsinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri Əzizbəyov RİH başçısının 30 oktyabr 1996-cı il tarixli 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün iddiaçıya İddiaçı ayrılmış torpaq sahəsinə və orada inşa edilmiş qeyri-yaşayış obyektinə plan-ölçü verilməsi, həmin qeyri yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi və müvafiq çıxarışın iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 28 yanvar 2020-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən olmuşdur, sözügedən qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqimüəyyənedici sənədlər təqdim edilməmiş və ünvanda yerləşən qeyri-yaşayış binasında İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəblərdən ərizənizin icrası İdarə tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********87 saylı 29 noyabr 2019-cu il tarixli məktub ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10, 7, 8.0.9, 8.0.10, 11-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 101.2ci maddələrinə, Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası»nın müddəalarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 saylı qərərına əsaslanaraq, İPM-in 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Əzizbəyov RİH başçısının 30 oktyabr 1996-cı il tarixli, 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün İddiaçı ayrılmış torpaq sahəsinə iddiaçının adına plan-ölçü verilməsi, iddiaçının həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və orada inşa edilmiş qeyri-yaşayış obyektinə texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi 2-1(103)-1641/2020 saylı iş üzrə 13 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-339/2021 saylı iş üzrə 17 fevral 2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2020-ci il qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra müvafiiq prosessual hərəkətlər aparılmaqla işin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, fərdi yaşayış evinə və torpaq sahəsinə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarış la bərabər “texniki pasport”ün və (və ya) “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini də birmənalı şəkildə nəzərdə tutur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov RİH-in 886 saylı 30 oktyabr 1996-cı il tarixli sərəncamı ilə Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Pirallahı qəsəbəsində avtobus dayanacağımağazanın layihəsi Bakı ŞİH ilə razılaşdırılmışdır və layihəyə etiraz olunmadığı qeyd olunmaqla Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı müvafiq məktub ünvanlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 7 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində şikayətə baxılarkən məhkəmə kollegiyası vurğulamışdır ki, birinci instansiya məhkəməsi tikilinin inşa edilməsi vaxtı və bu vaxtdan asılı olaraq mübahisəni araşdırıb hüquqi qiymət verməmiş, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə tələb olunduğu halda qeyri-yaşayış sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarının və tikinti obyektinin istismarına icazənin olub-olmamasını, obyektdə rekonstruksiya işlərinin aparılıb-aparılmadığını, layihədə göstərilməyən sahəsi 25 kv.m olan əlavə zirzəminin inşa edilib-edilməməsini, əlavə üç ədəd qapının açılıb-açılmadığını, qeyri-yaşayış binasının iki zolaqlı qəsəbə yolunun kənar xəttinə bitişik inşa olunubolunmadığını və torpaq sahəsinin yolun 12,5 m-lik mühafizə zolağında yerləşibyerləşmədiyini araşdırmamışdır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qaytarıldıqdan sonra məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyularaq, ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: - İddiaçı RİH tərəfindən ayrılmış Bakı şəhəri, Pirallahı qəsəbəsi, 1 May küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş obyektdə layihədə göstərilməyən sahəsi 25 kv.m olan əlavə zirzəminin inşa edilib-edilməməsinin, əlavə üç ədəd qapının açılıbaçılmadığının, rekonstruksiya işlərinin aparılıb-aparılmadığının, qeyri-yaşayış binasının Pirallahı qəsəbəsindəki iki zolaqlı qəsəbə yolunun kənar xəttinə bitişik inşa olunubolunmadığının və torpaq sahəsinin yolun 12,5 metrlik mühafizə zolağında yerləşibyerləşmədiyinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhjkəməyə ünvanlanmış 27 sentyabr 2022-ci il tarixli məktubu ilə Mərkəzin ekspertinin həmin tarixli 10/3055 nömrəli ekspertiza rəyi təqdim edilmişdir. Rəydə aşağıdakılar bildirilir: - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı RİH tərəfindən ayrılmış Bakı şəhəri, Pirallahı qəsəbəsi, 1 May küçəsində yerləşən torpaq sahəsində inşa edilən obyektdə layihədə göstərilməyən sahəsi 25 kv.m olan əlavə zirzəminin inşa edilmədiyi, əlavə üç ədəd qapının açılmadığı, rekonstruksiya işlərinin aparılmadığı müəyyən olunmuşdur. Tədqiq olunan Pirallahı qəsəbəsindəki iki zolaqlı qəsəbə yolunun kənar xəttindən 2 metr ara məsafəsində, yolun orta xəttindən 9,5 metr ara məsafəsində inşa olunduğundan, yolun 12,5 metrlik mühafizə zolağında yerləşməsi müəyyən edilmişdir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Pirallahı rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Pirallahı rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə mövcud qanunvericiliyin aşağıdakı normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunvericiliyin sadalanan normalarına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, qanunvericilik 2013-cü il yanvarın 1-dək və həmin tarixdən sonra inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə şəxsin mülkiyyət hüquqlarının qeydiyyatının aparılması üçün sənədlərin əhatə dairəsini fərqləndirmişdir. Məhkəmə İPM-in 87.9-cu maddəsinin tələblərin uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin məcburi göstərişlərini də nəzərə almaqla iddiaçının Pirallahı qəsəbəsindəki müvafiq qeyri-yaşayış sahəsinə (binasına) və onun yerləşdiyi torpaq sahəsinə hüquqlarının qeydiyyata alınması ilə bağlı inzibati icraatda təqdim etdiyi sənədlərlə və bunun əsasında işin faktiki halları ilə bağlı aşağıdakıları müəyyən etmişdir: 1) İddiaçı Pirallahı qəsəbəsində inşa etdirdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ona ayrılması barədə səlahiyyətli qurum kimi Əzizbəyov RİH-in 30 oktyabr 1996-cı il taruxli 886 nömrəli sərəncamı olsa da, həmin sərəncamda torpa qsahəsinin ölçüsü əks olunmamış, eləcə də torpaq səhəsinin cizgisi tərtib edilməmişdir; 2) İş üzrə keçirilmiş ekspertiza zamanı İddiaçı Əzizbəyov RİH tərəfindən ayrılmış Pirallahı qəsəbəsi, 1 May küçəsində yerləşən torpaq sahəsində inşa edilmiş obyektdə layihədən kənarlaşmalar (əlavə sahə və zirzəmi inşa edilməsi, əlavə qapı açılması, rekonstruksiya işlərinin aparılması) müəyyən olunmasa da, obyektin Pirallahı qəsəbəsindəki iki zolaqlı qəsəbə yolunun 12,5 metrlik mühafizə zolağında yerləşməsi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı məhkəmə icraatında məhkəmə qərardadı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 17 sentyabr 2022-ci il tarixli 10/3055 nömrəli ekspertiza rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. MPM-in 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır; 3) İddiaçı tərəf konkret bildirməsə də, ona məxsus tikilinin 2013-cü ilin 1 yanvar tarixdən əvvəli dövrdə inşa edildiyi müəyyən edilir. Belə ki, iş materiallarında olan Əzizbəyov rayonu üzrə vergi müfəttişliyinin 2 dekabr 1999-cu il tarixli sərəncamı ilə İddiaçı tərəfindən nağd hesablaşmalarla bağlı pozuntuya yol verildiyinə görə həmin obyektin fəaliyyəti dayandırılmışdır. Belə olan halda, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə İddiaçı ona hüquqlarının reyestrdə qeydiyyata alınması ilə bağlı tikilinin yerləşdiyi torpaq sahəsinə hüququnu təsdiq edən sənəd və razılaşdırılmış layihəsi ilə yanaşı RİH-in tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktını təqdim etməlidir. Halbuki, bu sənədlər mövcud deyil və inzibati icraat zamanı cavabdeh orqana təqdim olunmamışdır. Həmçinin, tikilinin 2013-cü ilin yanvar ayının 1-dən sonra inşa edildiyi, yaxud tikintinin başa çatdırıldığı halda da qanunvericiliklə (tikintiyə icazə tələb olunan tikili kimi) tələb olunan sənədlər – tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsü və dəqiq koordinatları barədə mötəbər sənədin olmaması ilə yanaçı qeyd olunmalıdır ki, iddiaçı qeyri-yaşayış sahəsi (binasə) və onun yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi qeydiyyat alınmasını tələb edir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidr. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar