Məhkəmə qərarları › İş №2-1(112)-59/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-59/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-59/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə (üçüncü şəxslər Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi) qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Cavabdeh ASC) qarşı fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində iddiaçıya dəymiş 100.000 manat zərər və əldən çıxmış gəlir, 50.000 manat kompensasiya və 100.000 manat mənəvi zərər, cəmi 250.000 manat pulun iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin təsiri ilə yaranan məhdudiyyətlər nəticəsində İddiaçınə dəymiş 400.000 manat zərər və əldən çıxmış gəlir, 50.000 manat kompensasiya və 100.000 manat mənəvi zərər, cəmi 550.000 manat pulun iddiaçıya ödənilməsi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi kimi” dəyişdirilmişdir.

3. Məhkəmənin qərardadı ilə “Azərbaycan Avtomobil Yolları“ Dövlət Agentliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.

4. İddiaçının ərizəsinə əsasən cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti əsl cavabdeh olan "xxxx" ASC-i ilə əvəz edilmiş, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti üçüncü şəxs kimi icraata cəlb edilmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətinə başlamaq niyyətlə “Piqulu” ÇK müəssisəyə məxsus Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 8-ci döngə, 12C ünvanında yerləşən 1,0 ha torpaq sahəsini kənar şəxslər tərəfindən təkrar zəbt edilməsinin qarşısını almaq məqsədlə ərazinin hasara alınmasına icazə verilməsi haqqında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının ərizələrlə müraciət etmişdir. Həmin müraciətlərə Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndində əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların quraşdırılmasına yol verildiyi nəzərə alınaraq əsaslı tikililərin inşası məqsədəuyğun hesab edilmir. Eyni zaman Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi 8-ci döngə 12C ünvanında yerləşən 1,0 ha torpaq sahəsinin “Piqulu” ÇK müəssisəsinə daimi istifadəsində olması barədə Suraxanı rayon İcra Hakimiyyətinin məlumatı olduğu halda Cavabdeh ASC tərəfindən həmin torpaq sahəsində kanalizasiya xətlərin inşasına müsbət rəy vermiş və bilavəsitə İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə 2020-ci ilin 18 fevraldan 01 mart tarixinədək həyata keçirilmişdir. Faktiki olaraq Suraxanı rayon İcra Hakimiyyətinin sərəncamı ilə müəssisəyə xəbər verilmədən müəssisəyə məxsus həmin “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsində qazıntı işlərini görüb ərazini bölərək 2006-ci ildən kənar şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrinə və həmin qeyri qanunsuz tikintilərə kanalizasiya xətti və asfalt yolu çəkilmişdir. Bununla da ona əlavə problem yaradılmışdır. Müəssisəyə məxsus “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsinin qanunsuz əsaslı tikinti işlərin dayandırılmasına dair tədbirlərin görülməsi barədə 18 fevral 2020-ci il tarixdə iddiaçı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rəşad Haciyevə, 24 fevral 2020-ci ilin tarixində Suraxanı rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına və şəxsən icra başçısının özünə tələblərini izah edərək torpaq ərazə qanunsuz əsaslı tikililərin dayandırılması tələbi ilə rəsmi qaydada müraciət etmişdir. Lakin qanuni tələblərə məhəl qoyulmayaraq “abadlaşdırma” adı ilə tikinti işlərinin aparılmasına son qoymaq əvəzinə həmin işlər 10 gün ərzində tamamlanmışdır. Sahibkarlıq fəaliyyətinə şərait yaratmaq əvəzinə, Hörmətli Prezidentimiz tərəfindən bəyan edilmiş iş adamlara dəstək proqramı ilə tam ziddiyyət yaradan bir haldır. Müəssisənin daimi istifadəsinə ayrılmış torpaq sahəsində hasar tikməyə icarə verməyərək həmin torpaq sahəsində Cavabdeh ASC-nin vasitəsi ilə torpaq sahəsini zədələyib ərazinin ortasında üç yerdən ehtiyac olmayan mənasız kanalizasiya xətlərini çəkilməsi və məhkəmə qətnaməsinə əsasən söküntüyə düşən qanunsuz tikililərə asfalt yolların çəkilməsi nəticəsində Suraxanı rayon İcra Hakimiyyəti öz qanunsuz hərəkətləri ilə və hərəkətsizliklə müəssisəyə küllü miqdarda maddi və mənəvi zərər vurmuşdur. Müəssisəyə dəymiş ziyanın və əldən çıxmış gəlirin həmçinin vurulmuş mənəvi ziyanın ödənilməsi ilə bağlı tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə rəsmi qaydada ərizə ilə müraciət edilmişdir. Lakin Suraxanı rayon İcra Hakimiyyəti müraciəti təmin edilməməsi barədə cavab məktubu ünvanlanmışdır. Adıçəkilən cavab məktubundan belə müəyyən olunur ki, guya icra hakimiyyəti tərəfindən müəssisəyə heç bir ziyan vurulmamış ərazidə görülmüş işlər Cavabdeh ASC tərəfindən həyata keçirilmişdir. Cavabdeh inzibati orqanın imtinası əsaslı deyil. Belə ki, Cavabdeh ASC, "xxxx" ASC, "xxxx" ASC tərəfindən Bakı şəhəri üzrə hər hansı bir işlər görülməzdən əvvəl yerli icra hakimiyyətləri orqanlarına bu barədə məlumat verilir və həmin məlumat yerli icra hakimiyyəti orqanının yəni hazırkı mübahisə üzrə Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən tam şəkildə araşdırıldıqdan sonra işlərin görülməsinə icazə verilir. Göründüyü kimi Suraxanı rayon İcra Hakimiyyəti qanuni istifadədə olan və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan verməmiş və bununla da qanunla qorunan hüquqlarını pozmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilmiş və bununla da külli miqdarda gəlirdən məhrum olmuşuq.

6. İddiaçının müraciətinə imtina mətubunda Suraxanı Rayon İcra Hakimiyyəti bildirmişdir ki, “müəssisənin istifadəsinə verilmiş həmin torpaq sahəsinin bir hissəsində “Azərsu" ASC tərəfindən müvafiq “Dövlət Proqramı” əsasında qazıntı işlərinin aparılaraq kanalizasiya xəttinin çəkilməsi məsələsi ilə bağlı mübahisənin və həmin torpaq sahəsini naməlum şəxslər tərəfindən zəbt edilməsinin qarşısının alınması məqsədi ilə aidiyyəti üzrə məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir.”

7. İddiaçının müraciətinə imtina mətubunda “Azərsu" ASC bildirmişdir ki, “Yeni Suraxanı qəsəbəsində inşa olunmuş kanalizasiya və su xəttinin sizə məxsus torpaq sahəsindən keçməsi ilə bağlı ünvanlanmış müraciətin araşdırılması məqsədilə mütəxəssislərimiz tərəfindən əraziyə baxış keçirilmişdir. Qeyd edək ki, həmin torpaq sahəsində yerləşən xəttlər Yeni Suraxanı qəsəbəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsi çərçivəsində, ərazidəki yaşayış məntəqələrində formalaşan tullantı sularının bir hissəsinin kənarlaşdırılması, eyni zamanda abonentlərin fasiləsiz, dayanıqlı su ilə təchiz olunması, suya olan tələbatının tam ödənilməsi məqsədilə inşa edilib. Su və kanalizasiya xəttinin inşası yerli icra orqanlarının razılığı və bilavasitə onların iştirakı ilə həyata keçirilmişdir. Belə ki, inşaat işləri zamanı kanalizasiya və su xəttinin əhəmiyyətliyini nəzərə alaraq layihəyə uyğun olaraq, qəsəbə daxili yollardan keçilərkən yerli icra nümayəndələrinin (Suraxanı Rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəsi və qəsəbə bələdiyyəsinin) rəyləri əsas götürülmüşdür. Sizin müraciətinizdə qeyd olunan ərazi ümumi istifadədə olan yol kimi göstərilmiş, su və kanalizasiya xətti həmin küçə boyu inşa olunmuşdur. Bildiririk ki, qeyd etdiyiniz ərazidə bir neçə fərdi yaşayış evləri yerləşir və həmin mənzillərin sakinləri tərəfindən su və kanalizasiya problemləri ilə bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və Suraxanı Rayon İcra hakimiyyətinə dəfələrlə müraciətlər ünvanlanmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya xəttinin layihələndirilməsi mərhələsində həmin ərazidə mülkiyyət hüquqlarını təstiq edən hər hansı bir sənəd (çıxarış və torpağın plan ölçüsü/aşkarlanmamışdır. Eyni zamanda qeyd etmək istəyirik ki, su və kanalizasiya xəttinin inşası zamanı hər hansı bir şəxsin istifadəsinin təstiqi kimi həmin ərazinin daş divarı və ya ayırıcı dəmir tellərlə ayrılması müşahidə olunmamışdır. Ərazinin çox hissəsi açıq sahədir, qalan sahə isə faktiki olaraq fərdi yaşayış binaları və onların ümumi istifadəsində olan yolla əhatələnib. Qeyd olunanları nəzərə alaraq, məsələnin həlli ilə əlaqədar olaraq Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməyinizi məqsədə uyğun hesab edirik.”

8. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin iddia tələbinə dair yazılı etirazında bildirilmişdir ki, İddiaçı istifadəsinə verilmiş torpaq sahəsinin bir hissəsində müvafiq “Dövlət Proqramı” əsasında qazıntı işlərinin aparılaraq kanalizasiya xəttinin çəkilməsi Cavabdeh ASC tərəfindən həyata keçirildiyindən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti məhkəməyə ünvanlandığı digər müraciətində bildirilmişdir ki, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsi 8-ci döngə 12C ünvanında yerləşən torpaq sahəsi üzərində yol çəkilişi və s infrastruktur yaradılması ilə əlaqədar tərəfindən hər hansı sərəncam, qərar verilməmişdir.

10. Cavabdeh ASC-nin məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsində yerləşən xətlər Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq “Yeni Suraxanı qəsəbəsinin su və kanalizasiya şəbəkəsinin yenidən qurulması” layihəsi çərçivəsində, ərazidəki yaşayış məntəqələrində formalaşan tullantı sularının bir hissəsinin kənarlaşdırılması, eyni zamanda abonentlərin fasiləsiz, dayanıqlı su ilə təchiz olunması, suya olan tələbatının tam ödənilməsi məqsədilə inşa edilmişdir. Nəzərinizə çatdırırıq ki, 2011-2012-ci illərdə işlənmiş layihəyə Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Təsisatdankənar Dövlət ekspertizası tərəfindən xx.xx.2012-ci il tarixli, 4452 nömrəli rəy verilmişdir. Ərazidə su xətlərinin inşası 2013-cü ildə, kanalizasiya xətlərinin inşası isə 2019-cu ilin noyabr ayında başa çatdırılmışdır. Su və kanalizasiya xəttinin inşası yerli icra orqanlarının razılığı və bilavasitə onların iştirakı ilə həyata keçirilmişdir. Belə ki, inşaat işləri zamanı kanalizasiya və su xəttinin əhəmiyyətliyini nəzərə alaraq layihəyə uyğun olaraq, qəsəbə daxili yollardan keçilərkən yerli icra nümayəndələrinin (Suraxanı Rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəsi və qəsəbə bələdiyyəsinin) rəyləri əsas götürülmüşdür. Müraciətinizdə qeyd olunan ərazi ümumi istifadədə olan yol kimi göstərilmiş, su və kanalizasiya xətti həmin küçə boyu inşa olunmuşdur. Bildiririk ki, qeyd etdiyiniz ərazidə bir neçə fərdi yaşayış evləri yerləşir və həmin evlərin sakinləri tərəfindən su və kanalizasiya problemləri ilə bağlı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və digər yüksək instansiyalara dəfələrlə müraciətlər ünvanlanmışdır. “Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən su və kanalizasiya xəttinin layihələndirilməsi mərhələsində həmin ərazidə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı bir sənəd (çıxarış və torpağın plan ölçüsü) aşkarlanmamışdır. Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, 8-ci döngə, 12C ünvanında yerləşən torpaq sahəsini İddiaçı mülkiyyətində olması ilə əlaqədar hüquqi sənədlər yalnız su və kanalizasiya xətləri çəkilib başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda, su və kanalizasiya xəttinin inşası zamanı hər hansı bir şəxsin istifadəsinin təsdiqi kimi həmin ərazinin daş divarı və ya ayırıcı dəmir tellərlə ayrılması müşahidə olunmamışdır. Ərazinin çox hissəsi açıq sahədir, qalan sahə isə faktiki olaraq fərdi yaşayış binaları və onların ümumi istifadəsində olan yolla əhatələnibdir. Bildirmək istəyirik ki, su və kanalizasiya xətləri çəkildikdən sonra qazılmış xəndəklərin üstü örtülərək kipləşdrilmiş və ərazi hamarlanaraq əvvəlki vəziyyətinə qaytarılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar vətəndaş Nümayəndə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı, baxılması üçün Cavabdeh ASC-yə göndərilmiş əvvəlki müraciəti araşdırılaraq müvafiq qaydada cavablandırılmış və aidiyyəti üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə edilmişdir.

11. Üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanda yerləşən ərazidə avtomobil yolunun tikintisi işləri Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən qəsəbə daxilində nəqliyyat vasitələrinin normal və təhlükəsizlik hərəkətinin təmin edilməsi məqsədilə Cavabdeh ASC tərəfindən kanalizasiya xəttinin çəkilişindən sonra yerinə yetirilmişdir. Eyni zamanda, müraciəitnizdə sözügedən avtomobil yolunun tikintisi işləri bilavasitə yerli icra orqanlarının iştirakı və nəzarəti ilə yerinə yetirilərək istifadəyə verilmişdir.

12. Üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin daxili yollarının təmiri ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2019-cu il tarixli 1677 nömrəli Sərəncamı ilə Agentliyin tabe müəssisəsi tərəfindən Yeni Suraxanı qəsəbəsinin daxili yollarında, o cümlədən 14 iyul küçəsində təmir işləri aparılmışdır. Aparılan təmir işləri yalnız mövcud yolun parametrləri əsasında (en və uzunluğu) asfalt-beton yol örtüyünün salınması olmuş və heç bir kənarlaşma hallarına yol verilməmişdir. Yol-təmir işləri yeni torpaq sahəsini əhatə etmədiyi üçün, layihə-axtarış sənədləri tərtib edilməmiş, təmir işləri yalnız 14 İyul küçəsinə keçirilmiş vizual baxış nəticəsində tərtib edilmiş qüsur aktı və smeta sənədləri əsasında aparılmışdır. Sözügedən yolda yenidənqurma və ya yeni yolun tikintisi aparılmaması səbəbindən yerli icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rəy verilməmişdir.

13. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məhkəməyə ünvanlandığı məktubunda bildirilmişdir ki, "xxxx" ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” üzrə layihə-smeta sənədlərinə mərhələlərlə baxılaraq müvafiq olaraq xx.xx.2012-ci il tarixli 14452 nömrəli, xx.xx.2013-cü il tarixli 16594/14452 nömrəli, xx.xx.2013-cü il tarixli 16714/16594/14452 nömrəli və xx.xx.2014-cü il tarixli 19098/16714/16594/14452 nömrəli ekspertiza rəyləri verilmişdir. Sorğuda göstərilən ünvan 6 ünvanda yerləşən torpaq sahəsi üzərində yol çəkilişi və s. infrastruktur yaradılması ilə bağlı məlumatlar layihə sənədlərində göstərilmədiyindən tələb olunan məlumatların verilməsi mümkün deyil.

14. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı istifadəsindədir.

15. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət ekspertizası Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 14452 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”nın bu rəyin 4-cü bölməsinin tələblərini növbəti mərhələdə yerinə yetirilməklə, 1991-ci ilin bazis qiymətləri ilə obyekt smetaları üzrə cəmi -671,040 manat, o cümlədən TQİ -670,459 min manat və qaytarılan məbləğ -2,353 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır.

16. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət ekspertizası Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 16714/16594/14452 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”nın bu rəyin 2-ci bölməsinin tələbi yerinə yetirilməklə 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə cəmi (ƏDV-siz) -729,380 manat, 0 cümlədən TQİ -697,060 min manat və qaytarılan məbləğ -2,353 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. xx.xx.2012-ci il tarixli 14452 nömrəli rəyin nəticəsi ilə razılaşdırılmış smeta dəyəri ləğv edilir.

17. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət ekspertizası Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 16594/14452 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” (dəyişiklik edilmiş layihə) işçi layihəsi bu rəyin 2-ci bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır.

18. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət ekspertizası Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 19098/16714/16594/14452 nömrəli rəyində qeyd edilmişdir ki, Cavabdeh ASC-nin sifarişi əsasında “Yeni Suraxanı qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması”nın bu rəyin 8-ci bölməsinin tələbi yerinə yetirilməklə 1991-ci ilin bazis qiymətləri ilə toplu smeta üzrə cəmi (ƏDV-siz) -970,506 manat, o cümlədən TQİ -917,026 min manat və qaytarılan məbləğ -3,096 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılır. xx.xx.2013-cü il tarixli 16714/16594/14452 nömrəli rəyin nəticəsi ilə razılaşdırılmış smeta dəyəri ləğv edilir.

19. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə xx.xx.2022-ci il tarixli məhkəmə qərardadı əsasında tərtib edilmiş xx.xx.2022-ci il 10/2896.9/3402 nömrəli ekspert rəyinə əsasən tədqiqatin nəticəsi: 1) Baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının plan və ölçü sənədində qeyd olunan koordinatların daxilinə düşən asfalt örtüyünün sahəsinin 440 m2 olduğunu, boru xətlərinin uzunluğunun (asfalt örtüyündən kənarda) 137 metr, diametrinin 200 mm olduğu, kanalizasiya xətlərinin baxış quyularının ölçüsünün 1.3 x 1.3 metr (üç ədəd, asfalt örtüyündən kənarda) olduğunu nəzərə aldıqda çıxarışla iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin ümumilikdə 474 m2 hissəsində kanalizasiya xətlərinin çəkildiyi və asfalt örtüyünün vurulduğu müəyyən olundu. 2) xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı istifadəsinə verilmiş 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bağçılıq-bostançılıq) olduğu və həmin torpaq sahəsində çəkilmiş kanalizasiya xətlərinin və asfalt örtüyünün mövcud olduğunu nəzərə alaraq, çəkilmiş kanalizasiya xətləri və asfalt örtüyü gələcəkdə həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edildiyi təqdirdə maneçilik törədə bilər. 3) Ekspertiza tədqiqatına təqdim edilmiş İddiaçı ÇKM-nin E.Z. Məmmədov tərəfindən tərtib etdiyi AKT-a əsasən, İddiaçınə məxsus olan ünvan 6 ünvanında yerləşən torpaq sahəsində kanalizasiya xətlərinin çəkilməsi nəticəsində dəymiş maddi zərərin (o cümlədən əldən çıxmış faydanın) üç ilə ümumi xərcləri təxminən 80241,00 manat müəyyən olunur. Həmin xərclərin adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.

20. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə mühasibatlıq, tikintitexniki və əmtəəşünaslıq ekspertizaları keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli 10/4098; 9/4296; 7/831 nömrəli ekspert ekspert rəyinə əsasən tədqiqatin nəticəsi: 1) xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı istifadəsinə verilmiş 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (bağçılıq-bostançılıq) olduğu və həmin torpaq sahəsində çəkilmiş kanalizasiya xətlərinin və asfalt örtüyünün mövcud olduğunu nəzərə alaraq, torpaq sahəsinin kanalizasiya xətləri və asfalt örtüyü çəkilmiş hissələrindən gələcəkdə təyinatı üzrə istifadə ediləcəyi təqdirdə maneçilik törədə bilər. Ekspert tərəfindən qeyd olunur ki, birinci sualın ikinci hissəsinin (əldən çıxmış faydanın müəyyən olunması) cavablandırılması tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid deyildir. 2) Tədqiqata təqdim edilmiş İddiaçı ÇKM-yə məxsus olan ünvan 7 ünvanında yerləşən torpaq sahəsində kanalizasiya xətlərinin və asfalt yollarının çəkilməsi nəticəsində torpaq sahəsi yararsız hala düşmüş, bağ-bostan bitkisinin becərilməsi üçün məhdudlaşmışdır. Tədqiqata təqdim edilmiş iş materiallarında olan məlumatlara, xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu və İddiaçı ÇKM-nin E.Z.Məmmədov tərəfindən tərtib etdiyi AKT-a əsasən və torpağın yerləşdiyi iqlim şəraiti nəzərə alınarsa 1 ha torpaq sahəsində xüsusi istixanada cəmi 140.000 ədəd şitil əkilməklə, hər bir şitildən 2 kq məhsul yığılmaqla, 10 aya 140.000 şitildən cəmi 280.000 kq məhsul əldə edilən “San Andreas” sortlu çiyələk bitkisi əkilib becərilə bilər. 3) Ekspertiza tədqiqatına təqdim edilmiş İddiaçı ÇKM-nin E.Z.Məmmədov tərəfindən tərtib etdiyi AKT-a əsasən İddiaçınə məxsus olan ünvan 8 ünvanında yerləşən torpaq sahəsində kanalizasiya xətlərinin çəkilməsi nəticəsində dəymiş maddi zərərin (o cümlədən əldən çıxmış faydanın) üç ilə ümumi xərcləri təxminən 80.241,00 manat müəyyən olunur. Həmin xərclərin adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.

21. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizaları keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2/-10/7918 nömrəli ekspert ekspert rəyinə əsasən tədqiqatin nəticəsi: ünvan 9 ünvanının yerləşdiyi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 420.000 məbləğində müəyyən edilir.

22. "xxxx" MMC-nin 02-170/22 nömrəli 25 noyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir İddiaçı istifadəsində olan ünvan 10 ünvanında yerləşən 1ha torpaq sahəsində hər hansı fors major olmadığı şəraitdə bir il ərzində neçə ton “San Andreas” sortu çiyələk yetişdiriləcəyinin mümkünlüyünün müəyyən edilməsi məqsədilə hesablamalar aparıldı. Həmin ərazidə yetişdirilmiş çiyələyin orta bazar dəyəri və 2020-ci ildən başlayaraq üç il ərzində yetişdirilmiş çiyələyin satışından İddiaçı ÇKM-in orta qazancı aşağıdakı kimi hesablanmışdır Toplam 3 il üçün ümumi məhsuldarlıq (əldə edilən mənfəət) – 205 200,0 azn, toplam 3 il üçün xərclər – 47 961,0 azn. Beləliklə, İddiaçı ÇKM-in istifadəsində olan ünvan 10 ünvanında yerləşən 1ha torpaq sahəsindən 2020-ci ildən başlayaraq üç il ərzində yetişdirilmiş çiyələyin satışından İddiaçı ÇKM-nin orta qazancı – 157 239,0 manat müəyyən edilir.

23. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin nümayəndəsi iş üzrı qəbul ediləcək yekun nəticəni məhkəmənin mülahizəsinə buraxdı.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və digər üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

26. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

28. İddia tələbi İddiaçınə dəymiş 400.000 manat zərər və əldən çıxmış fayda, 50.000 manat kompensasiya və 100.000 manat mənəvi zərər, cəmi 550.000 manat məbləğində pulun ödənilməsidir.

29. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

30. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

31. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

32. X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

33. Məhkəmə hazırki iş üzrə araşdırmanı X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşkil edir. 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

34. Məhkəmə qeyd edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il 10/2896.9/3402 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının plan və ölçü sənədində qeyd olunan koordinatların daxilinə düşən asfalt örtüyünün sahəsinin 440 m2 olduğunu, boru xətlərinin uzunluğunun (asfalt örtüyündən kənarda) 137 metr, diametrinin 200 mm olduğu, kanalizasiya xətlərinin baxış quyularının ölçüsünün 1.3 x 1.3 metr (üç ədəd, asfalt örtüyündən kənarda) olduğunu nəzərə aldıqda çıxarışla iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsinin ümumilikdə 474 kv.m hissəsində kanalizasiya xətlərinin çəkildiyi və asfalt örtüyünün vurulduğu müəyyən olundu.

35. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya ziyan onun istifadəsində olan bütün torpaq sahəsinə deyil, onun kanalizasiya xətlərinin çəkildiyi və asfalt örtüyünün altında olan 474 kv.metr hissəsinə vurulmuşdur ki, iddiaçının məhz həmin hissədə vurulmuş ziyanın cavabdehdən tutulması ilə bağlı tələbi əsaslı sayıla bilər.

36. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2/- 10/7918 nömrəli ekspert rəyinə əsasən ünvan 6 ünvanının yerləşdiyi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 420.000 məbləğində müəyyən edilmişdir.

37. Belə olan halda məhkəmə hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə müəyyən edilən orta bazar qiyməti əsas götürülməklə, iddiaçının istifadəsində olan torpaq sahəsinin 474 kv.m hissəsinə vurulmuş ziyana görə 19.908 (on doqquz min doqquz yüz səkkiz) manat kompensasiya ödənilməlidir.

38. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci məcəlləsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Məhkəmə iddiaçının iddia tələbinin əldən çıxmış faydaya görə kompensasiyanın ödənilməsinə münasibətdə qeyd edir ki, iddiaçı istifadəsində olan torpaq sahəsində çiyələyin əkilməsi niyyətini ərizəsində qeyd etsə də, onun iddia etdiyi yalnız ehtimala əsaslanır. Belə ki, hər hansı faktiki hərəkət tərəfindən edilməmiş, çiyələyin əkilməsinə dair hər hansı sübüt təqdim edilməmiş, başqa sözlə o, onun gələcəkdə ehtimal olunan xəyalıdır.

41. Məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyana görə kompensasiyanın ödənilməsi hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya məhkəməsinin xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

42. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008ci il tarixli Qərarının 3-cü bəndinə qeyd edilmişdir ki, plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Həmin qərarın 10-cu bəndinə qeyd edilmişdir ki, plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

43. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X3rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X7rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).

44. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçınə dəymiş maddi zərər 19.908 manat məbləğində pulun ödənilməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir, iddia qalan hissədə rədd edilməlidir.

45. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. İddiaçınə dəymiş maddi zərər 19.908 manat məbləğində pulun ödənilməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 350 manat Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar