Məhkəmə qərarları › İş №2-1(112)-59/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-59/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-59/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə “nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan "X4 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X4 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X5 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin qadağan edilməsinin cavabdeh Daxili İşlər Nazirliyi Baş X6i İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyətində olan ’’X4 LC200” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X4 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X5 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini özgəninkiləşdirmək üçün Daxili İşlər Nazirliyi Baş X6i İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh nəqliyyat vasitələri üzərində alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsindən imtina etmişdir. Sonradan cavabdehə rəsmi qaydada müraciət olunaraq bu barədə məlumat verilməsi və maneənin aradan qaldırılması xahiş olunmuşdur. Daxili İşlər Nazirliyi Baş X6i İdarəsinin xx.xx.2022-ci il tarixli 016-28326-2222 nömrəli məktubu ilə müraciətə cavab verilərək göstərilib ki, DİN Baş X6i İdarəsinin informasiya sistemində həmin avtomobillərin üzərində Vergi Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən hüquqi şəxsin xüsusi mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə qanunsuz olaraq məhdudiyyət qoyulduğu üçün, mülkiyyətçi mülkiyyətində olan əmlak üzərində sərəncam verə bilmir. Məhkəmənin qərarı olmadan mülkiyyətçi öz əmlakları üzərində DİN Baş X6i İdarəsi tərəfindən sərəncam vermək hüququ qanunsuz olaraq məhdudlaşdırılıb. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli 016-60182-1222 nömrəli məktubu ilə iddiaya yazılı münasibət təqdim edilmiş və bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar rəsmi müraciət əsasında "X5 LC200" markalı **-AA-***, "X5 LC150" markalı **-PS-*** və "X5 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə “nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7860/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-666/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7860/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-666/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1033/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı CPS Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-666/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-282/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7860/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-282/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1612/2024 nömrəli xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 2-1(103)-282/2024 nömrəli qərardadı ləğv edilmiş,işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-2-20/2-46903/2024 nömrəli məktubunda göstərilmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olduğu müəyyən edilmişdir. Məktubda göstərilən vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş məktubuna əsasən vergi ödəyicisi İddiaçınə (VÖEN **********) xx.xx.2020-ci il tarixdə əmlakın siyahıya alınması haqqında Qərar açılmadığı ,xx.xx.2024-cü il tarixli Əmlakın siyahıya alınması haqqında Qərarın açıldığı və xx.xx.2024-cü il tarixli protokolla rəsmiləşdirilmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -“Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli, **********7 nömrəli və xx.xx.2024-cü il tarixli **********0 nömrəli qərarlarının surətindən görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdeh İddiaçıin əmlakının siyahıya alınması qərara alınmışdır. -“Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli **********7 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə SHACMAN SX3254DP384 Yük markalı 2008-ci il buraxılışlı, 20000(iyirmi min) manat dəyərində əmlakı siyahıya alınmışdır. -“Əmlakın siyahıya alınması haqqında” xx.xx.2024-cü il tarixli **********0 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ümumilikdə, 59 nəqliyyat vasitəsi olmaqla əmlakı siyahıya alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-677212/2025 nömrəli məktubunda gööstərilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) "X4 LC200" markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı, "X4 LC150" markalı 10-PR- 900 dövlət qeydiyyat nişanlı və X4 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vergi borcu ilə əlaqədar siyahıya alınmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-16/2-110662/2025 nömrəli məktubunda göstərilmişdir ki, DİN Baş X6i İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən “X5 LC200” markalı **-AA-***, “X5 LC150” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2018-ci il tarixdən, “X5 LC150” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-nin adına qeydiyyatdadır. Nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı sizə göndərilir. Eyni zamanda diqqətə çatdırırıq ki, “X5 LC200” markalı **-AA-***, “X5 LC150” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2018-ci il tarixdən, “X5 LC 150” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -AD250697 nömrəli xx.xx.2018-ci il tarixli Şəhadətnamədən görünür ki, X5 LC200 Minik markalı **-AA-*** nömrə nişanlı 2018-ci il buraxılışlı, Qara rəngli B733540 mühərrik nömrəsi olan, JTMHU01J7J5141196 ban nömrəli nəqliyyat vasitəsi "xxxx" MMC adına qeydiyyata alınmışdır. -AD250696 NÖMRƏLİ xx.xx.2018-ci il tarixli Şəhadətnamədən görünür ki, X5 LC150 MİNİK markalı nömrə nişanı **-PR-*** nömrə nişanı olan buraxılış ili 2017-ci il olan qara rəngli, mühərrik nömrəsi 1993709, ban nömrəsi JTEBX3FJ40K293875 nömrəli nəqliyyat vasitəsi "xxxx" MMC adına qeydiyyata alınmışdır. -AD250866 nömrəli xx.xx.2018-ci il tarixli Şəhadətnamədən görünür ki, X5 LC150 Minik markalı nömrə nişanı **-PS-*** olan, buraxılış ili-2018 olan, qara rəngli mühərrik nömrəsi ******* olan, ban nömrəsi JTEBX3FJ105105103 nömrəli nəqliyyat vasitəsi "xxxx" MMC adına qeydiyyata alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı “X4 LC200” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, “X4 LC150” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı, “X4 LC150” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin mülkiyyətçisidir. Cavabdeh 14 saylı ərazi vergilər idarəsinin xx.xx.2020-ci il tarixli məktubu əsasında iddiaçının mülkiyyətində olan mübahisə predmeti olan 3 nəqliyyat vasitəsi üzərinə məhdudiyyət qoyduğunu, bu barədə DİN Baş X6i İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparıldığını bildirmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “AK X2” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********0 nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərar çıxarılmışdır. Hazırkı tarixə dövlət büdcəsinə borcunun olduğu nəzərə alınaraq, “AK X2” MMC-nin ("xxxx" MMC-nin) adına qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin siyahıya alınması prosesi başa çatanadək həmin nəqliyyat vasitələrinin “AK X2” MMC-nin ("xxxx" MMC-nin) adından qeydiyyatdan çıxarılmaması xahiş edilir. .Kassasiya instansiyası məhkəməsi bu halla bağlı qərarında qeyd etmişdir ki:”Sözügedən xx.xx.2020-ci il tarixli məktubda iddiaçıya münasibətdə 8 ay əvvəl qəbul edildiyi qeyd edilən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli qərara istinadən siyahıya alınma prosesinin başa çatmadığı qeyd olunur. Buna rəğmən, cavabdeh, sözügedən məktubda qeyd edilən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli qərarı, həmin qərarın icrası ilə bağlı müvafiq sənədləri (iddiaçıya məxsus sözügedən nəqliyyat vasitələrinin siyahıya alınmasına dair müvafiq protokolu, həmin protokola əlavə edilmiş əmlakların siyahısını və sair) əldə etmədən, sadəcə Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubu əsasında iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoymuşdur. Halbuki, həmin məktubda istinad edilən “Əmlakın siyahıya alınması haqqında” qərarın qəbul edildiyi tarixdən 4 ildən çox, hazırkı iddianın qaldırıldığı tarixdən isə 2 ildən çox müddətin keçməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixli “Əmlakın siyahıya alınması haqqında” qərar, həmin qərarın icrasını təsdiq edən sənədlər (iddiaçıya məxsus sözügedən nəqliyyat vasitələrinin siyahıya alınmasına dair müvafiq protokol, həmin protokola əlavə edilmiş əmlakların siyahısı və sair) məhkəməyə təqdim edilməmişdir.” Ali Məhkəmənin qeyd edilən sonuncu qərarındakı göstərişinə uyğun olaraq iddia predmeti olan 3 nəqliyyat vasitəsi-“X4 LC200” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, “X4 LC150” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı, “X4 LC150” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin vergi borcu ilə əlaəqdar siyahıya alınıbalınmaması, siyahııya alınmasına əsas olan inzibati icraat materiallarının təqdim edilməsi ilə bağlı vergi orqanıına sorğu verilmiş və vergi orqanın təqdim etdiyi xx.xx.2025-ci il tarixli cavab məktubunda adları çəkilən nəqliyyat vasitələrinin vergi borcu ilə əlaqədar siyahıya alınmadıqları bildirilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoyulması barədə inzibati akt qəbul olunduğu müəyyən olunmamışdır. Belə olan halda cavabdeh orqanın təqdim edilmiş məktub əsasında iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə məhdudiyyət qoyması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). İnzibati orqanların fəaliyyətinə ümumi olaraq “İnzibati icraat haqqında” Qanunun 11ci maddəsində təsbit edilmiş qanunçuluq prinsipi şamil olunur. Buna görə, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu mənada, cavabdeh tərəfindən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə tətbiq edilən məhdudiyyət də qanunçuluq prinsipinə uyğun olmalıdır. Qanunçuluq prinsipinə uyğun davranış baxımından cavabdeh mülkiyyət üzərində məhdudiyyəti yalnız qanunda nəzərdə tutulmuş hallarda və müvafiq hüquqi əsaslar olduqda tətbiq etməyə haqlıdır. Yəni cavabdehin belə məhdudiyyəti tətbiq etmək səlahiyyətinin yaranması üçün qanunda nəzərdə tutulmuş müvafiq əsasların mövcudluğu ilə bağlı şərt mütləq mənada yerinə yetirilmiş olmalıdır. Bu baxımdan nəzərə alınmalıdır ki, “məktub” və ya “müraciət” mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının hüquqi əsası qismində çıxış edə bilməz. Cavabdehin “məktub” və ya “müraciət” əsasında məhdudiyyət tətbiq etdiyi hallarda, onun bu hərəkəti inzibati hüquq sahəsinə aid hərəkət kimi qiymətləndirilməli, bununla bağlı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan "X4 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X4 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X5 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Daxili İşlər Nazirliyi Baş X6i İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan "X4 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X4 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X5 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsi cavabdeh Daxili İşlər Nazirliyi Baş X6i İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar