Məhkəmə qərarları › İş №2-1(112)-590/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-590/2021

12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-590/2021 12.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “xüsusi müəssisənin rəisi vəzifəsini icra etdiyi dövr üçün rəis vəzifəsi ilə müavin vəzifəsi arasındakı fərqin hesablanıb birdəfəyə ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2007-ci il tarixdən xx xxxxxx 2009-cu il tarixədək (1 il 8 ay 10 gün) Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan 16 və 3 saylı xüsusi müəssisələrinin rəisi vəzifəsini icra etdiyi dövr üçün müəssisə rəisi vəzifəsi ilə müavin vəzifəsi arasındakı ödənilməyən fərqin hesablanıb ona birdəfəyə verilməsi haqqında cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 1998-ci ilin mart ayından xx xxx 2018-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində müxtəlif vəzifələrdə, o cümlədən xüsusi müəssisələrdə böyük əməliyyat müvəkkili, əməliyyat-rejim işləri üzrə rəis müavini və xüsusi sərəncam olanadək xüsusi müəssisələrin rəisi vəzifələrini icra etmişdir. xx.xx.2018-ci il tarixdə Penitensiar Xidmətin rəisinin müvafiq əmrinə əsasən ədliyyə mayor rütbəsində pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə nazirinin 116-k saylı xx.xx.2005-ci il tarixli əmrinə əsasən o, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 6 saylı Xüsusi müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin 446 ş/h xx xxxx 2007-ci il tarixli əmrinə əsasən 16 saylı xüsusi müəssisənin rəisi vəzifəsini xüsusi sərəncam olanadək o, icra etmişdir. Bir müddət sonra isə Penitensiar Xidmətin rəisinin 366 ş/h xx xxxxx 2008-ci il tarixli əmrinə əsasən 3 saylı xüsusi müəssisənin rəisi vəzifəsini icra etmişdir. O, həmin vəzifədə xx xxxxxx 2009-cu il tarixədək xidmət etmişdir. Beləliklə, o, Penitensiar Xidmətin Xüsusi müəssisəsinin rəisi vəzifəsini 1 il 8 ay 10 gün icra etmişdir. Xüsusi müəssisənin rəisi vəzifəsini icra etdiyi dövr üçün onun maaşı rəis vəzifəsi maaşı kimi yox, rəis müavini vəzifəsi maaşı məbləğində hesablanıb ödənilmişdir. O, bununla əlaqədar Penitensiar Xidmətin rəisinə ərizə ilə müraciət edərək xüsusi müəssisənin rəisi vəzifəsini icra etdiyi dövr üçün rəis vəzifəsi ilə müavin vəzifəsi arasındakı fərqin hesablanlb ona birdəfəyə ödənilməsini xahiş etmişdir. Lakin Penitensiar Xidmətin Maliyyə-İqtisadiyyat İdarəsinin rəisi vəzifəsini icra edən Sərxan Xəlilovun imzaladığı 17/7-18774 saylı xx.xx.2019-cu il tarixli cavab məktubu ilə ona imtina cavabı verilmişdir. İmtina cavabını o, xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə almışdır. İmtinanı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10.0.5-ci maddəsinə əsaslanaraq göstərmişdir ki, ədliyyə orqanları işçiləri vəzifədə olarkən “lazım gəldikdə öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərliyinin göstərişi ilə əlavə iş görməlidir. İmtina qanunsuz və əsassızdır. Belə ki, o, əlavə işə cəlb edilmədən əsas vəzifə kimi müəssisə rəisi vəzifəsini icra etmişdir. Ancaq ona müavin vəzifəsinin maaşı hesablanıb ödənilmişdir. Bu isə qanunun tələblərinə uyğun deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, iddiaçı xx.xx.1998-ci il tarixdə Penitensiar xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul olunaraq Abşeron rayon ədliyyə polis bölməsinin inspektoru, xx.xx.1999-cu il tarixdə Xətai rayon ədliyyə polis bölməsinin inspektoru, xx.xx.2001-ci il tarixdə 6 saylı xüsusi müəssisənin böyük əməliyyat müvəkkili, xx.xx.2005-ci il tarixdə 6 saylı xüsusi müəssisənin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifələrinə təyin olumuşdur. xx.xx.2007-ci il tarixdə 16 saylı xüsusi müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası xüsusi sərəncam olanadək ona həvalə edilmişdir. xx.xx.2008-ci il tarixdə Penitensiar xidmətin tabe qurumlarının strukturu və ştat bölgüsünün təsdiq olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. xx.xx.2008-ci il tarixdə 3 saylı xüsusi müəssisənin rəisi vəzifəsi üzrə səlahiyyətlərin müvəqqəti icrası, xx.xx.2009-cu il tarixdə 4 saylı xüsusi müəssisənin rəis müavini vəzifəsi üzrə səlahiyyətlərin müvəqqəti icrası həvalə edilmişdir. xx.xx.2011-ci il tarixdə xüsusi müəssisələrin ləğvi ilə əlaqədar sərəncama götürülmüş, xx.xx.2011-ci il tarixdə 10 saylı cəzaçəkmə müəssisəsinin Tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi), xx.xx.2013-cü il tarixdə həmin şöbənin baş inspektoru, xx.xx.2017-ci il tarixdə 6 saylı cəzaçəkmə müəssisəsinin Təsərrüfat bölməsinin rəisi vəzifələrinə təyin olunmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə qulluqda olmanın yaş həddinə çatdığına görə pensiya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2 və 4-cü bəndlərinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət edə bilər. Mübahisələndirilən dövr xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olduğu halda, İddiaçı hazırki iddiası ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir, bununla da qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. “Kadr məsələlərinə baxılmasının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2008-ci il tarixli 8-T nömrəli əmr ilə bir sıra kadr məsələlərinin həlli Azərbaycan Respublikası ədliyyə nazirinin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmin əmrin 1.3-cü bəndinə əsasən Penitensiar xidmətin tabe qurumlarının rəis müavinlərinin vəzifəyə təyin edilməsi, başqa vəzifəyə keçirilməsi, vəzifədən azad edilməsi və qulluq keçməsinə xitam verilməsi Azərbaycan Respublikası ədliyyə nazirinin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmin əmrə 2 nömrəli Əlavəsində Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinin həyata keçirdiyi kadr məsələlərinin hədləri müəyyən edilmiş və 2-ci bəndində Penitensiar xidmətin Azərbaycan Respublikası ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən işçiləri istisna olmaqla, digər işçilərinin vəzifəyə təyin edilməsi, başqa vəzifəyə keçirilməsi, vəzifədən azad edilməsi və qulluq keçməsinə xitam verilməsi aid edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2005-ci il tarixli 116-R nömrəli əmri ilə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi (indiki - Penitensiar xidmət) 6 saylı Xüsusi müəssisəsinin böyük əməliyyat müvəkkili ədliyyə polis kapitanı İddiaçı tutduğu vəzifədən azad olunub həmin müəssisənin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. 16 saylı xüsusi müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrasını və 3 saylı xüsusi müəssisəsinin rəisi vəzifəsinin üzrə səlahiyyətlərin müvəqqəti icrası İddiaçı Penitensiar xidmət üzrə əmrləri ilə həvalə edilmişdir. Penitensiar xidmətin büdcəsi dövlət tərəfindən formalaşır. Əməyin ödənilməsi sistemi və onun tətbiqi qaydaları Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir. Belə ki, əməyin ödənilməsi sistemlərinin tətbiqi qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 158-ci maddəsində öz əksini tapmışdır. Həmin maddənin 2-ci hissəsinə əsasən Büdcədən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əmək Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsində əsasən özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Göründüyü kimi, əmək qanunvericiliyində əvəz edilən işçinin vəzifə maaşı ilə onu əvəz edən işçinin vəzifə maaşı arasındakı fərqin ödənilməsi yalnız hər iki vəzifənin əmək funksiyası yanaşı yetirildikdə ödənilir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2005-ci il tarixli 116-K saylı əmrindən görünür ki, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi 6 saylı Xüsusi müəssisəsinin böyük əməliyyat müvəkkili ədliyyə polis kapitanı İddiaçı tutduğu vəzifədən azad olunub həmin müəssisənin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2007-ci il tarixli 446ş/h saylı əmrindən görünür ki, Penitensiar xidmətin 16 saylı Xüsusi müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası xüsusi sərəncam olanadək 6 saylı Xüsusi müəssisənin əməliyyat-rejim işləri üzrə rəis müavini ədliyyə mayoru İddiaçı həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2008-ci il tarixli 366ş/h saylı əmrindən görünür ki, Penitensiar xidmətin tabe qurumlarının yeni strukturunda nəzərdə tutulmuş vəzifələr üzrə fəaliyyəti təmin etmək məqsədilə, Xidməti zərurətlə əlaqədar ədliyyə mayoru İddiaçı 3 saylı Xüsusi müəssisəsinin rəisi vəzifəsi üzrə səlahiyyətlərin müvəqqəti icrası həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2009-cu il tarixli 75ş/h saylı əmrindən görünür ki, xidməti zərurətlə əlaqədar Penitensiar xidmətin 3 saylı Xüsusi müəssisəsinin rəis müavini vəzifəsi üzrə səlahiyyətlərin müvəqqəti icrası xx.xx.2009-cu il tarixdən xüsusi sərəncam olanadək 11 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin böyük inspektoru (rəisin növbətçi köməkçisi) ədliyyə kapitanı X2 həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli 17/7-18774 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə ünvanladığınız “vəzifələr arasındakı fərqin birdəfəlik qaydada ödənilməsi” barədə müraciətinizə baxılmışdır. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 10.0, 10.0.5 maddəsinə əsasən ədliyyə orqanları işçiləri vəzifədə olaraq “lazım gəldikdə öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli”dir. Bildiririk ki, Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Penitensiar xidmətin büdcə xərclərində pensiyaçılara əlavə fərqin ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə qulluqda olmuş, xx.xx.2018-ci ildə qulluqda olmanın son yaş həddinə çatdığına görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2005-ci il tarixli 116-K saylı əmrinə əsasən Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi 6 saylı Xüsusi müəssisəsinin böyük əməliyyat müvəkkili vəzifəsindən azad olunub həmin müəssisənin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2007-ci il tarixli 446ş/h saylı əmrinə əsasən Penitensiar xidmətin 16 saylı Xüsusi müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası xüsusi sərəncam olanadək iddiaçıya (6 saylı Xüsusi müəssisənin əməliyyat-rejim işləri üzrə rəis müavini) həvalə edilmişdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2008-ci il tarixli 366ş/h saylı əmrinə əsasən Penitensiar xidmətin tabe qurumlarının yeni strukturunda nəzərdə tutulmuş vəzifələr üzrə fəaliyyəti təmin etmək məqsədilə, xidməti zərurətlə əlaqədar iddiaçıya 3 saylı Xüsusi müəssisəsinin rəisi vəzifəsi üzrə səlahiyyətlərin müvəqqəti icrası həvalə edilmişdir. Hazırda iddiaçı Penitensiar xidmətin 16 saylı Xüsusi müəssisəsinin rəisi və 3 saylı Xüsusi müəssisəsinin rəisi vəzifələri ilə rəis müavini vəzifəsinin əmək haqları arasında olan fərqin ona ödənilməsini tələb edir. “Kadr məsələlərinə baxılmasının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2008-ci il tarixli 8-T nömrəli əmrnin 1.3-cü bəndinə əsasən Penitensiar xidmətin rəis müavinləri, həmin xidmətin baş idarəsində idarə, şöbə və bölmələrin rəisi və rəis müavinləri, tabe qurumlarının rəisləri, rəis müavinləri, əməliyyat, rejim-nəzarət, əməliyyat-rejim və tərbiyə işinin təşkili şöbələrinin (bölmələrinin) rəisləri, həmçinin Mühafizə alayı və Konvoy taborunun komandirləri, komandir müavinləri və qərargah rəislərinin vəzifəyə təyin edilməsi, başqa vəzifəyə keçirilməsi, vəzifədən azad edilməsi və qulluq keçməsinə xitam verilməsi Azərbaycan Respublikası ədliyyə nazirinin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmin əmrə 2 nömrəli Əlavənin 2-ci bəndinə əsasən Penitensiar xidmətin Azərbaycan Respublikası ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən işçiləri istisna olmaqla, digər işçilərinin vəzifəyə təyin edilməsi, başqa vəzifəyə keçirilməsi, vəzifədən azad edilməsi və qulluq keçməsinə xitam verilməsi Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinin səlahiyyətlərinə aid edilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür; 1.2-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ədliyyə orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Ədliyyə orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər; 10.0.5-ci maddəsinə əsasən ədliyyə orqanları işçiləri lazım gəldikdə, öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməlidir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirinin əmrinə əsasən 6 saylı Xüsusi müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmişdir. Sonradan isə 16 saylı Xüsusi müəssisəsinin rəisi vəzifəsi və 3 saylı Xüsusi müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Ədliyyə Nazirinin müavini - Penitensiar Xidmətin rəisinin əmrlərinə əsasən iddiaçıya həvalə edilmişdir. Qeyd olunan vəzifələr iddiaçı tərəfindən öz əmək funksiyaları ilə yanaşı yerinə yetirilməmişdir, həmin vəzifələr iddiaçıya müvəqqəti həvalə edilmişdir. Bundan başqa, qanunvericilikdə ədliyyə orqanları işçilərinin lazım gəldikdə, öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli olmaları müəyyən edilmişdir. Qeyd olunan vəzifələr üzrə səlahiyyətlər xidməti zərurətlə əlaqədar olaraq Penitensiar Xidmətin rəisinin əmrlərinə əsasən həvalə edilmişdir. Lakin qanunvericilikdə əlavə işlərin görülməsi zamanı vəzifələr arasında olan əmək haqqı fərqinin ödənilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı hazırda ədliyyə orqanlarında qulluq etmir, xx.xx.2018-ci ildə qulluqda olmanın son yaş həddinə çatdığına görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “xüsusi müəssisənin rəisi vəzifəsini icra etdiyi dövr üçün rəis vəzifəsi ilə müavin vəzifəsi arasındakı fərqin hesablanıb birdəfəyə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar