Məhkəmə qərarları › İş №2-1(112)-5901/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5901/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5901/2024 13.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1-də yerləşən 2 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hal-hazırda qeydiyyatda olduğu və yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən, 28-ci korpus, ev 2 ünvanında yerləşən, yaşayış sahəsi 17 kv.m olan mənzil üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə tələbin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən ünvan 1 ünvanda 2 saylı bir otaqlı mənzildə fasiləsiz və etirazsız yaşayır. Həmin mənzil ona “Binəqədineft” Neft-Qaz Çıxarma İdarəsi tərəfindən həmin ildə verilmişdir. Qeyd edilən mənzil sahəsinə iddiaçının yaşayış hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-3222/2002 saylı, 09 dekabr 2002-ci il tarixli qətnaməsi ilə tanınmışdır. İddiaçı hazırkı tələbi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin ona verilmiş 10 yanvar 2024-cü il tarixdə aldığı cavabda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərərək bildiririk ki, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən qanunamüvafıq qaydada baxılacaqdır”. Verilən cavabı aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi”. İddiaçı qeyd etmişdir ki, göründüyü kimi qanunun tələbinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarından biri də mənzil kirayəsi müqaviləsidir. Yaşadığı mənzil Bakı Şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Depertamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin balansındadır və həmin təşkilatın verdiyi arayışa əsasən o, hazırda da həmin mənzildə yaşayır. Həmçinin Bakı Şəhəri İcra Hakimiyyətinin Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Depertamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin verdiyi arayışa əsasən ötən müddət ərzində iddiaçının mənzili ilə bir evdə (Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən küçəsi, ev 28 nəzərdə tutulur) olan 12 mənzildən 6-sı sakinlərin xüsusi mülkiyyətinə verilmişdir. Həmin arayışa görə də, iddiaçı qeydiyyata alınmaqla həmin mənzildə müqavilə əsasında yaşaması təsbit edilmişdir. Həmçinin “Azneft” İstehsalat Birliyinin “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin rəisi İ.İ.Əliyev tərəfindən verilmiş 04 dekabr 2003-cü il tarixli, İƏ287-H nömrəli Sərəncam ilə qərara alınmışdır ki, həmin evə dair İddiaçı adına şəxsi hesab açılsın, İddiaçı ilə icarə müqaviləsi bağlansın və sərəncamdan irəli gələn vəzifələr MKT-nin rəisi tərəfindən yerinə yetirilsin. Mübahisənin bu halı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2015-ci il tarixli, 2( 102)-5462/15 nömrəli qərarında da öz əksini tapmışdır. Qərarın 3-cü vərəqinin 5ci abzasında qeyd edilmişdir ki, “Beləliklə evlə bağlı yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərlə müəyyən edilir ki, ev Bakı ŞİH-nin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mənzil fonduna aiddir, cavabdeh İddiaçı evdən istifadə hüququna malikdir, onunla Departamentin arasında icarə münasibətləri mövcuddur”. İddiaçı hesab edir ki, cavabdeh təşkilat mübahisənin bu mühüm halına hüquqi qiymət vermədən xahişini qanunsuz və əsassız olaraq rədd etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı ünvan 1, 2 saylı mənzilə xüsusi mülkiyyət hüququnun qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı ünvan 1, 2 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəli,xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023cü il tarixli, **********93, xx.xx.2024-cü il tarixli, **********47 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Təqdim edilən Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-3222/2022 nömrəli qətanməsinə əsasən İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin elektron kadastr məlumatlarına əsasən mənzilin yerləşdiyi sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OYL) istifadəsinə verilmiş ərazidə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin həyət tipli olduğu, faktiki olaraq mənzilin 2 (iki) otaqlı olduğu müəyyən edilmişdir. Mənzilin faktiki ümumi sahəsi 43.6 kv.m, faktiki yaşayış sahəsi 34.9 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli, 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, ev 28 yerləşən 2 saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Binəqədi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-3222/2002 №-li qətnaməsindən görünür ki, İddiaçı həmin iş üzrə cavabdeh “Binəqədineft” NQÇİ-yə qarşı iddiası təmin edilmiş və Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28, 2 saylı mənzilinə yaşayış hüquqları tanınaraq onun həmin ünvana qeydiyyata alınması Binəqədi RPİ-yə tapşırılmışdır. Qətnamə xx.xx.2002-ci il tarixdə qüvvəsini almışdır. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2003-cü il tarixli, İƏ287-H nömrəli Sərəncamından görünür ki, İdarə tərəfindən İddiaçı ərizəsi, həmçinin Binəqədi Rayon Məhkəməsinin 2-3222/2002 nömrəli, xx.xx.2002-ci il tarixli qətnaməsi ilə onun həmin mənzilə yaşayış hüququnun tanınması nəzərə alınmaqla, Binəqədi qəsəbəsi, İ mədən, kor. 28, mənzil 2-də bir otaqlı 17 kv.m yaşayış sahəsi olmaqla, İddiaçı adına şəxsi hesab açılması və iddiaçı ilə icarə müqaviləsinin bağlanması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-5462/15 nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən özbaşına tikilidən İddiaçı və ailə üzvlərinin çıxarılması, ərazinin boşaldılması, tikilinin cavabdehin hesabına sökülməsi və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2667/2015 saylı, 17 mart 2015-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia tələbi təmin edilərək ünvan 4 ünvanında yerləşən özbaşına tikilidən İddiaçı çıxarılması və tikilinin cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4424/2015 saylı, 15 iyul 2015-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov-sədrlik edən, C.Səfiyeva və V.Həsənov) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2667/2015 saylı, 17 mart 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 15 iyul 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 28 ünvanında yerləşən yaşayış binası və orada yerləşən 2 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. -3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 145 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 49 №-li arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır və yaşayır. -Elektron məhkəmə informasiya sisteminin şəxsiyyəti vəsiqəsi bölməsindən əldə edilmiş məlumatlara əsasən ASAN 1 tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. -İddiaçının oğlu X1 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən küçəsi, 28-ci korpusda yerləşən evin 2 saylı mənzilinin İddiaçı adına sənədləşdirilməsinə etiraz etmir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-cı maddəsinə əasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsində göstərilir ki, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Beləliklə, hazırkı işin araşdırılan hallarından görünür ki, qanuni qüvvəsini alımış Binəqədi Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 2-3222/2002 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28-də yerləşən 2 saylı mənzildə 1998-ci ildən yaşadığı müəyyən edilərək onun həmin mənzildən istifadə hüquqları tanınmış və qeyd olunan ünvana yaşayış yeri üzrə qeydiyyata alınması ərazi üzrə polis idarəsinə tapşırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin xx.xx.2003cü il tarixli, İƏ287-H nömrəli Sərəncamı ilə mənzildən istifadə hüquqlarının tanınması nəzərə alınaraq Bakı şəhəri, Binəqədi qəsəbəsi, İ mədən, korpus 28, mənzil 2-də 17 kv.m yaşayış sahəsi olan bir otaqlı mənzilə dair İddiaçı adına şəxsi hesab açılması və ilə icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Hazırda qeyd olunan mənzil dövlət mənzil fonduna aid olmaqla 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır və yaşayır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-5462/15 nömrəli qərarında göstərilmişdir ki, “Beləliklə evlə bağlı yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlərlə müəyyən edilir ki, ev Bakı ŞİH-nin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansında olmaqla dövlət mənzil fonduna aiddir, cavabdeh İddiaçı evdən istifadə hüququna malikdir, onunla Departamentin arasında icarə münasibətləri mövcuddur. Həmin sənədlərin ləğv edilməsi və ya etibarsız sayılması iş materialları ilə müəyyən edilmir.” Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərlə onun mənzilin balansaxlayıcısı Mənzil Kommunal Təsərrüfatı ilə icarə münasibətlərində olması təsdiq edilmişdir. Göstərilənləri nəzərə almaqla məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının qanuni qüvvəsini almış Binəqədi Rayon Məhkəməsinin 2002-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti olan mənzilə dair 1998-ci ildə istifadə hüququ əldə etməsi müəyyən edildiyindən və iddiaçının həmin mənzilə dair hüquq münasibətləri məhz həmin dövrdə yarandığından işə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən mübahisəli mənzillə bağlı təqdim edilmiş sənədlərə hüquqi qiymət verilərək onunla Mənzil Kommunal Təsərrüfat Departamenti arasında icarə münasibətlərinin olması təsbit edildiyindən və bu əsasdan çıxış edilərək Azərbaycan Respulikası Dövlət Neft Şirkətinin iddiaçıya qarşı “tikilidən çıxarılma, tikilinin sökülməsi və sairə” tələbinə dair iddiasının rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4424/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldığından, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununun müddəaları tətbiq edilməklə iddiaçının mübahisə predmeti olan mənzil üzərində mülkiyyət hüquqları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri baxımından dövlət qeydiyyatına alınmalıdır. Bu baxımdan, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həm də nəzərə alır ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 28də yerləşən binadakı mənzillərə dair hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən, bir otaqlı, 17 kv.m sahəsi olan mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar