Məhkəmə qərarları › İş №2-1(112)-5904/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5904/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5904/2023 23.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sabunçu rayon Polis İdarəsində (Bakı şəhəri Bakıxanov qəsəbəsi Sulh küçəsi 8 inzibati bina) qeydiyyatda olmuşdur. Sabunçu rayon Polis İdarəsi tərəfindən qeydiyyatdan çıxarılmışdır. Təkrar qeydiyyat üçün etdiyi müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən imtina etmişdirlər, şəxsiyyət vəsiqəsi deaktiv edilmişdir. Halhazırda qeydiyyatsızdır, ASAN xidmət, Təbib və sair idarələr ona xidmət göstərməkdən imtina edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli 49/2-11181 nömrəli və xx.xx.2023-cü il tarixli 49/2-15707 nömrəli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, İddiaçı Sabunçu RPİ-nə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizənin icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, onun qeydiyyatsız yaşadığı yuxarıda göstərilən ünvana qeydiyyata alınması üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından, onun həmin ünvana qeydiyyata alınması imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov 56) müraciət etməsi məqsədə müvafiq hesab edilmişdir; - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi aparatının xx.xx.1998-ci il tarixli 03 nömrəli qərarından çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 1991-ci il tarixli 123 saylı və 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınmış, Bakı şəhəri İcra Hakimiyyəti baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün hər ailəyə 400 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır (Beşinci kvartal sahə № 26 “B” İddiaçı, Bakı şəhəri Yasamal rayonu A.Abbasov küçəsi, ev 3); - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli 3-48- 2F/01387/2023 nömrəli məktubunda bildirilmişdir ki, Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir; - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir; - Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-18-5/2-2678/2023 nömrəli arayışından görünür ki, Məcidov X1 qəsəbəsi, Savalan yaşayış massivi, Məhərrəm Dadaşov küçəsi, ev 10 ünvanında qeydiyyatsız yaşayır; - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir; - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-18/2-2942/2023 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2018-ci il tarixli 144 nömrəli sərəncamının surətindən görünür ki, Sabunçu rayonunda təqdim edilmiş sxemlərə uyğun olaraq 70-ci küçə Məhərrəm Dadaşov küçəsi kimi adlandırılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslıdır və təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından və iddia ərizəsindən görünür ki, iddiaçı Maştağa qəsəbəsi, Məhərrəm Dadaşov 10 ünvanında qeydiyyatsız yaşayır və həmin ünvana qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun qeydiyyata alınması üçün müvafiq sənədlərin təqdim edilməməsi səbəbi ilə müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinasından narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə həmin iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyəti baş planına uyğun olaraq Beşinci kvartal № 26 “B” sahədə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, daha sonra həmin torpaq sahəsinin yerləşdiyi küçə Məhərrəm Dadaşov küçəsi kimi adlandırılmışdır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, eyni zamanda yerli icra hakimiyyəti orqanlarının Sərəncamları da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin birneçə yaşayış yeri ola bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür... - 5-ci maddəsinə əsasən Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları “ünvan üzrə” qeydiyyatını deyil, “yaşayış yeri və olduğu yer üzrə qeydiyyat”ı nəzərdə tutur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədləri üçün qanunverici “şəxsin yaşayış yeri” anlayışını həmin Qanun özündə təsbit etmişdir. Qanunun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 7 aprel 2022-ci il tarixli 1655 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanın 1.4-cü bəndi yeni redaksiyada verilmişdir. (yeni redaksiya “1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar;”) Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənəd hesab edilir (1.4-cü bənd). xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanında göstərilmişdir: “4.Şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir. 5. Rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar. Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər. 6. Rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Lenin rayonu Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafı haqqında” xx.xx.1991-ci il tarixli 123 saylı Qərarının 6-cı bəndinə əsasən Bakı Şəhər X2 İcrakomu Maştağa tərəvəzçilik-südçülük sovxozu torpaqlarının bir hissəsinin fərdi yaşayış evləri, sosial və mədəni-məişət təyinatlı obyektlər tikintisindən ötrü X3 vermək məsələsini qoyulmuş qaydada Abşeron Rayon X2 İcrakomu ilə birlikdə nəzərdən keçirib həll edilməsi qərara alınmışdır. Həmin Qərarın 7-ci bəndinə əsasən Bakı şəhər X2 İcrakomu Azərbaycan Respublikasının Dövlətaqrarsənayekomu, Shiyyə Nazirliyi, “Azərsutikinti” İTB, Azərbaycan Bitkiləri Mühafizə Stansiyası ilə birlikdə onların tabeliyindəki istifadə olunmayan ərazisinin adı çəkilən hissələrini aşağıdakı məqsədlərlə istifadə üçün X4 Deputatları Sovetinə özgəninkiləşdirmək məsələsini qoyulmuş qaydada həll etsin: a) Azərbaycan Bitkiləri Mühafizə Stansiyasının ərazisində Şadlıq evi tikintisi üçün; b) 3 nömrəli psixonevrolji xəstəxanasının bina və qurğularının ərazisini – hazırda məscid binasındakı əvəzinə “Xalçaçılıq” ixtisası üzrə yeni texniki peşə məktəbi tikintisi üçün; v) tuşların xəstəlikləri üzrə ixtisaslaşdırılmış laboratoriyanın və “Azərsutikinti” İTB-nin 38 nömrəli İSMD qarajının ərazisini – məişət xidməti obyektlərinin yerləşdirilməsi üçün; q) “Azərquşsənaye”nin ixtisaslaşdırılmış təmir təmir və sazlama müəssisəsinin ərazisini – kolxoz bazarı tikintisi üçün. Yuxarıda sadalanan qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddiaçı qeydiyyata alınmasını xahiş etdiyi ünvanda yaşadığından və qanunvericilikdə nəzərdə tutulmuş başqa sənədi mövcud olduğundan, yəni həmin ünvanda fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsinin ayrıldığına dair qərarı mövcud olduğundan, iddiaçının iddia etdiyi ünvana qeydiyyata alınması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan ünvana qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar