Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-591/2020 27.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 17, mənzil 4), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinin nümayəndəsi, eyni zamanda vəkili X4 (Ünvanı: Bakı şəhəri, Babək prospekti, 13 mənzil 57; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 13 saylı Vəkil Bürosu, vəkil) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı İddiaçı dövlət qulluqçusu işlədiyi illər nəzərə alınmaqla dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinat, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faiz əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1946-ci il tarixdə rayonu, Qaraməmmədli rayonunda doğulmuşdur. xx.xx.1972-ci il tarixdən xx.xx.1991-ci il tarixə qədər Azərbaycan SSR X1 Rayon Komitəsində, Komsomol Komitəsində, Azərbaycan SSR X3 Rayon Komitəsində, Azərbaycan SSR X2 Rayon Komitəsinin birinci katibi, Gədədbəy RXDS-nin sədr müavini vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. xx.xx.2002-ci il tarixdən dövlət qulluğu əsasları ilə pensiya alır. 16 il dövlət qulluğunda stajı vardır. Pensiya hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində mükafat və birqat vəzifə maaşı miqdarında maddi yardım hesablanmalıdır. Həmin məbləğin hesablanaraq pensiya hüququnun yarandığı gündən (ixtisas dərərcəsinə uyğun) ödənilməsi barədə cavabdehə müraciət etmişdir Lakin, bunlara baxmayaraq cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli məktubu ilə imtina olunmuşdur. İmtina məktubunda göstərilmişdir ki, vəzifə maaşının 15 faizi miqdarında əlavənin, ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin sizə ödənildiyinə dair məlumatlar mövcud olmadığından həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından iddiaçıya tədbiq edilməsi mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İdarənin cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli mətkubundan göründüyü kimi, şəxsə 28 fevral 2008-ci ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı icra hakimiyyət səlahiyyətlərinin icrası zamanı vəzifə maaşının 15 faizi məbləğində əlavə, il ərzində vəzifə maaşının 3 qat mislində mükafat və 1 qat vəzifə maaşı miqdarında maddi yardım almaq tələbi ilə idarəyə müraciət etsə də həmin əlavə, mükafat və müavinətlərin ona ödənilməsinə dair məlumatlar mövcud olmadığından həmin pul təminatları qanunvericiliyin tələblərinə görə ona tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 10, 11, 12-ci maddələrində müvafiq olaraq qeyd edilir: 10. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. 11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. 12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. İddiaçı tərəfindən nə ona hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın verilməsinə dair, nə də dövlət məvacibinin tərkibində mükafatlar və maddi yardımlar barədə İddiaçının çalışdığı orqanlar tərəfindən hər-hansı bir arayış təqdim edilməmiş, iddiaçının həmin vəsaitləri işlədiyi müddət zamanı alması suduta yetirilməmişdir. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsində qeyd edilən əlavələr və mükafatlarla bağlı heç bir məlumat olmadığı halda ondan bu əlavə və mükafatların dövlət məvacibinin tərkib hissəsi kimi pensiya hesablanması zamanı nəzərə alınması tələb etmək, bu barədə üzərinə öhdşlik qoymaq qanunsuzdur.iddiaçı iddia ərizəsində ixtisas dərəcəsi ilə əlqədar tələb qoymasa da, iddiaçının həmin əlavənin hesablanması ilə əlaqədar İdarəyə müraciət etdiyindən biz ona da aydınlıq gətirmək istəyirik. Vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavələrin və mükafatların pensiya təyini zamanı nəzərə alınıb-alınmamasının məsələsinə hüquqi yanaşma ilə bağlı məhkəmə praktikasına müraciət etsək görərik ki, AR Ali Məhkəməsinin işlə əlaqədar çox vacib qərarları vardır (2 qərarın surəti etiraza qoşma qismində əlavə olunur). AR Ali Məhkəməsinin inzibai-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)- 1202/19 nömrəli qərarında qeyd edilir: “Dövlət qulluqçusu özünün pensiyasının yenidən hesablanması tələb edərkən sonradan dövlət məvacibinin tərkibində verilməyə başlanılan bütün əlavələrin istisnasız nəzərə alınması tələb etməkdə haqlı deyildir. Belə ki, qanunvericiliyin təhlilindən müəyyən olunur ki, müəyyən qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olaraq verildiyi halda, digər bir qrup əlavələr dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənilir. Ona görə də, dövlət qulluqçusunun elə əlavələri nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır ki, onlar dövlət orqanının rəhbərinin mülahizəsindən asılı olmayaraq qanundan birbaşa irəli gəlməklə imperativ qaydada dövlət məvacibin tərkibinə daxil edilməklə verilməlidir (qərar səh.5 ). Beləliklə, istinad edilən normaların məzmunundan görünür ki, dövlət qulluqçusunun mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə qnaunverici dövlət qulluqçusunun hər bir halda, birmənalı olaraq pul mükafatı ilə təltif ediləcəyini təsbit etməmişdir. Bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni (dövlət qulluğunda olarkən ona ödənilməyən mükafatı) nəzərə almaqla pensiyanın yenidən hesbalanmasını tələb edə bilməz (qərar səh.6 )”. Ali Məhkəmənin qərarından edilən bu çıxarış eynilə hazırki iş üzrə İddiaçıya da aiddir.AR Ali Məhkəməsinin inzibai-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)- 840/2019 nömrəli qərarında dövlət qulluqçularının ixtisas dərəcələrinə görə əlavələr ilə bağlı (qərarın 4-cü səhifəsində müvafiq qanunvericilik normalarına istinad edildikdən sonra qərarın 5- ci səhifədində) qeyd edilir: “Qanunvericiliyin istinad edilən müddəalarına görə dövlət qulluqçusuna ixtisas dərəcəsinin verilməsi səlahiyyəti dövlət orqanının rəhbərinin mülahizəsinə əsasən onun əmri ilə həyata keçirildiyindən, həmçinin dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ya onun ixtisas dərəcəsindən məhrum edilməsi mümkün olduğundan, ixtisas dərəcəsinə görə əlavələr yalnız onun verildiyi gündən, pensiyaya çıxan dövlət qulluqçusunun ixtisas dərəcəsi hesablanarkən ixtisas dərəcəsinə görə əlavə haqq nəzərə alına bilməz. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, dövlət orqanın mülahizəsindən asılı olaraq alınan əlavələrə, o cümlədən ixtisas dərəcəsi ilə əlaqədar olan əlavələrə münasibətdə nəzərə alınmalıdır ki, dövlət qulluqçusunun həmin əlavələrə layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. AR Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları” nın 10-cu bəndinə əsasən, Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır. Bu müddəadan aydın olur ki, əgər pensiya hüququnun əldə olunmasını iddia edən şəxs bunun üçün müraciət edirsə, müvafiq sənədləri təqdim etməlidir. İddiaçı tərəfindən isə yalnız əmək kitabçasının kserosurəti əlavə edilmişdir” (qərar səh.5 ).İxtisas dərəcəsinə görə əlavənin pensiya təyinində nəzərə alınması ilə bağlı Ali Məhkəmənin bu qərarında qeyd edilənlər hazırkı iş üzrə İddiaçıya da şamil edilir. Həmçinin, iddiaçı, ixtisas dərəcəsinə görə dövlət məvacibinə əlavələri təsdiq edəcək hər hansı sənədi də cavabdehə təqdim etməmişdir. “ƏPQ”-nin 21.1-ci maddəsinə əsasən, Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “ƏPQ”-nin 31.2-1-ci maddəsinə əsasən, Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin olunarkən onun sığorta stajı təqdim etdiyi əmək kitabçasında göstərilən məlumatlara tam uyğun şəkildə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi iddiaçının müraciətinə xx.xx.2019-cu il tarixli imtina məktubunda bildirmişdir: “Ərizənizə baxaraq bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən sizə 28 fevral 2008-ci il tarixində dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir İdarəyə etdiyiniz müraciətə əsasən pensiya işinizə aid sənədlər 18 sentyabr 2019-cu il tarixində həmin şöbədən İdarəyə gətirilərək əmək pensiyanızın məbləğinin düzgünlüyü tərəfimizdən araşdırılmışdır. Araşdırma zamanı pensiya işinizə aid sənədlərdə hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin, ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin sizə ödənildiyinə dair məlumatlar mövcud olmadığından həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından sizə münasibətdə tətbiq edilməsinin mümkün olmaması müəyyən edilmişdir. Əlavə olaraq nəzərinizə çatdırırq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci madddəsinə əsasən əmək pensiyası “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqularını pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.6-cı bəndinə əsasən Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatında birinci katib vəzifəsi və ikinci katib vəzifəsi, müvafiq olaraq yerli icra hakimiyyəti başçısının birinci müavini və müavini vəzifəsinə, şöbə müdiri vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Həmin Siyahının 1.17-ci bəndinə əsasən rayon (şəhər) X5 icraiyyə komitəsinin aparatında icraiyyə komitəsinin sədri vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında yerli icra hakimiyyəti başçısının müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda iddiaçının dövlət qulluğu üzrə işlədiyi vəzifələr inzibati vəzifə kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının dövlət qulluğu üzrə müxtəlif vəzifələrdə çalışması və ona xx.xx.2008-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi işin mübahisələndirilməyən hallarına aiddir. İddiaçının “pensiyanın məbləği hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə verilən vəzifə maaşının 15%-i məbləğində əlavə nəzərə alınması” tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təyin edimişdir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Həmin Qanunun 22.8-ci maddəsinə əsasən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Həmin Qanunun 23-cü maddəsinə əsasən dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir (maddə 23.1-ci maddə); dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır (maddə 23.4-cü maddə). Göründüyü kimi, dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq yenidən hesablanmalıdır, dövlət qulluqçusu pensiyaya çıxanadək aldığı dövlət məvacibinin tərkibində olmayan və onun pensiyaya çıxmasından sonra verilməyə başlanılan bəzi əlavələr nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilər. Qanunverici əsas meyar kimi fəaliyyətdə olan dövlət qulluqçusunun aldığı dövlət məvacibinin məbləğini götürmüş, bununla da, müxtəlif vaxtlarda olsa da, eyni vəzifəni yerinə yetirmiş şəxslərin sosial təminatlarında bərabərliyə nail olmağı qarşıya məqsəd qoymuşdur. Belə olan halda, iddiaçının əmək pensiyasının hesablanması zamanı “hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqın nəzərə alınması” tələbi əsaslı və qanunidir. Həmçinin hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 776 nömrəli Fərmanı ilə təyin edildiyindən həmin tarixdən də iddiaçının əmək pensiyasının hesablanması zamanı nəzərə alınmalıdır. Məhkəmə iddiaçının “dövlət qulluqçularına il ərzində ödənilən 1 aylıq vəzifə maaşı məbləğində müavinətin nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması” tələbi ilə əlaqədar qeyd edir ki, dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 948 saylı Fərmanının 1-ci bəndinin 1-ci abzasına əsasən 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericiliklə dövlət qulluqçularına hər il vəzifə maaşına əlavələrlə birlikdə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun 1 misli həcmində əlavə vəsait (müavinət) nəzərdə tutulur ki, yuxarıda qeyd edildiyi kimi «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbinə uyğun olaraq həmin mükafatın məbləği pensiyaya çıxarkən dövlət qulluqçusunun pensiyasının məbləğinə təsir etməlidir. Məhkəmə iddiaçının “ixtisas dərəcəsi nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması” tələbi ilə əlaqədar qeyd edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi bu hissədə də əsaslı və qanunidir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.7.2-ci maddəsinə əsasən 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) bölmə rəhbərinin və onun müavininin vəzifələri inzibati vəzifələrin altıncı təsnifatına aiddir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. Həmin Qanunun 16.2.7-ci maddəsinə əsasən inzibati vəzifələrin altıncı təsnifatı üzrə – 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən isə ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Həmin Qanunun 17.5-ci və 17.6-cı maddələrinə əsasən dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 33.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 569 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 5-ci bəndinə əsasən dövlət qulluqçusuna ixtisas dərəcələri aşağıdakı səlahiyyətli şəxslər tərəfindən verilir: 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikasının Prezidenti; dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri-müvafiq dövlət orqanının rəhbəri. Qaydaların 12-ci bəndində isə təsbit olunmuşdur ki, ixtisas dərəcələrinin verildiyi gündən başlayaraq dövlət qulluqçusuna hər ay ixtisas dərəcəsinə görə əlavə ödənilir. Qaydaların 15-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilməsi qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əmək kitabçasında ixtisas dərəcəsinin verilməsi ilə bağlı müvafiq qeydlər olmasa da, iddiaçının dövlət qulluqçusu olması işin mübahisələndirilməyən halı olduğundan, ilk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş bütün şəxslərə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilməli olduğundan (imperativ olaraq), iddiaçının tutduğu vəzifə qanunvericiliyə uyğun olaraq inzibati vəzifələrin altıncı təsnifatına aid olduğundan və həmin təsnifat üzrə ən kiçik ixtisas dərəcəsi 3-cü dərəcə dövlət qulluqçusu olduğundan, həmçinin ixtisas dərəcəsindən qanunvericilikdə yalnız bir halda, yəni Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə məhrum edildiyindən, iddiaçının isə Azərbaycan Respublikası vətəndaşı olması işin mübahisələndirilməyən halı olduğundan, iddiaçıya da tutduğu vəzifənin təsnifatı üzrə ən kiçik ixtisas dərəcəsi, yəni 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsindən irəli gələn sosial təminatlardan istifadə etmək hüququ şamil olunmalıdır. Məhkəmə iddia tələbinin “dövlət qulluqçusuna il ərzində ödənilən 3 aylıq vəzifə maaşı məbləğində mükafat nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablayıb ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 774 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən mükafatın müəyyən edilməsi üçün götürülən dövr (hesablaşma dövrü) və mükafatlandırmanın şərtləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən dövlət qulluqçuları işin nəticələrinə görə mükafatlandırılmanın aşağıdakı növləri üzrə həvəsləndirilir: kollektiv mükafatlandırılma; fərdi mükafatlandırılma. Əsasnamənin 7-ci bəndinə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir; vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi, gənc mütəxəssislərə lazımi köməklik göstərilməsi; rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; normativ hüquqi aktların layihələrinin hazırlanması və qəbul edilməsində fərqlənməsi. Əsasnamənin 8-ci bəndinə əsasən dövlət qulluqçusuna işin nəticələrinə görə verilən mükafatların məbləği onun fəaliyyətinin nəticələrindən asılı olaraq qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir və onun yuxarı həddi məhdudlaşdırılmır. Əsasnamənin 10-cu bəndinə əsasən dövlət qulluqçularının fərdi mükafatlandırılması onun qulluq keçdiyi struktur bölmə rəhbərinin və ya yuxarı dövlət orqanının təqdimatı, habelə attestasiya komissiyasının tövsiyəsi əsasında onun qulluq keçdiyi dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əsasnamənin 12-ci bəndinə əsasən dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Qanunvericiliyin sadalanan müddəalarından görünür ki, dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən qanunvericilikdə birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətlərdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığı üçün iddiaçı həmin əlavəni nəzərə almaqla pensiyasının yenidən hesablanmasını tələb edə bilməz. Dövlət qulluqçusuna mükafat fərdiləşmiş qaydada, heç də bütün dövlət qulluqçularına deyil, Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verən şəxsə, dövlət orqanı rəhbərinin əmri (sərəncamı, qərarı) ilə verilir; bu məqsədlə dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq əmək haqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsait müəyyən edilsə də, veriləcək mükafatın yuxarı həddi məhdudlaşdırılmır və qulluq keçdiyi orqanın rəhbəri tərəfindən müəyyən edilir. Bundan başqa iddiaçı tələbində pensiya fərqinin birdəfəlik ödənilməsini tələb etmişdir. Lakin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır, odur ki, pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində də, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinin (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin maddənin hazırda qüvvədə olan (xx.xx.2017-ci il tarixdən sonrakı dövrdə qüvvədə olan redaksiyada) keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən, dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, hakimiyyət səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla İddiaçı dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə həvalə edilməsi hissəsində təmin edilməlidir, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. Dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, hakimiyyət səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla İddiaçı dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-591/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-591/2020
27.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver