Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-591/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********2 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az (7 il 9 ay 21 gün (xx.xx.1992-xx.xx.2000-ci il tarixləri arasındakı dövr) təşkil edir.
2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 52 yaşının tamam olduğu 30 avqust 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 30 avqust 1967-ci il tarixdə doğulmuşdur. Hərbi bilet və əmək kitabçasının surətlərinə əsasən onun 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 20 il 2 ay 2 gün təşkil etmiş və həmin staj illərinin 11 il 5 ay 23 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Beləliklə, 52 yaşının tamam olduğu 30 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “X2” kompaniyası hazırda fəaliyyət göstərmədiyindən və bu şirkətin arxiv sənədlərini əldə etmək mümkün olmadığından həmin təşkilatın güzəştli arayışını əldə edə bilməmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun güzəştli iş stajının qanunla müəyyən edilmiş müddətdən az olduğunu əsas gətirərək tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı iclasda iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
8. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
9. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etmişdir.
10. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
11. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə:: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
12. Beləliklə, sadalanan normalardan görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən; - güzəştli iş stajı 10 ildən az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə
13. İşdə olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, onun 52 yaşı xx.xx.2019cu il tarixdə tamam olmuşdur.
14. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1985ci il tarixdən xx.xx.1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
15. İş materiallarında olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdə “Siyəzənneft” NQÇİ-nin Tikinti-Quraşdırma İdarəsinə texniki avadanlıqların təmiri üzrə çilingər şagirdi vəzifəsinə təyin edilmiş, xx.xx.1985-xx.xx.1985-ci il tarixədək həmin müəssisədə avadanlıq üzrə çilingər, xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə “Azneft” İB-nin “Siyəzənneft” NQÇİ-də qazmaçı köməkçisi, xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə Ukrayna SSR Berşad Avtonəqliyyat İdarəsində avtomobil təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə “Polimer” kooperativində yaymaçı və sürücü, xx.xx.1992-xx.xx.2000-ci il tarixlərdə “Xəzərdənizneftqaz” İB “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X14 İdarəsi “Şelf-5” və “Xəzər-6” X15 4-cü dərəcəli qazma qurğusunun motorçusu vəzifələrində işləmişdir. xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə “X3” kompaniyasında krançı köməkçisi, usta, krançı, xx.xx.2004-xx.xx.2008-ci il tarixlərdə “Karasu” əməliyyat şirkətində materiallar üzrə koordinator vəzifələrində işləmişdir. xx.xx.2010-cu il tarixdən bugünədək X9 LTD şirkətində müxtəlif vəzifələr icra edərək əmək kitabçasındakı sonuncu qeydə əsasən “Heydər Əliyev” qazma qurğusunda göyərtədə nəzarətçi vəzifəsində işləyir.
16. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;...
17. Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
18. İstinad edilən normalara əsasən iddiaçının hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 20 il 3 ay 29 gün ümumi iş stajı olmuşdur. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən kod 1100000a—14713- X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma, a) fəhlələr- qazma qurğularının motorçuları güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir.
21. İşdə olan SOCAR “X17” trestinin təqdim etdiyi arxiv arayışına əsasən xx.xx.1967-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci ildən (Əmr №124/k, xx.xx.1992ci il) xx.xx.2000-ci ilə kimi (Əmr №51/k, xx.xx.2000-ci il) “Xəzərdənizneftqazsənaye” X4 X5 İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 №li əmrinə əsasən xx.xx.1993-cü il tarixindən “Xəzərdənizneftqaz” istehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X14” İdarəsinin adı dəyişdirilərək Üzən X5 İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft” İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №li əmri ilə üzən X5 İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı" X14 İdarəsinin tərkibinə verilib. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X17” tresti yaradılmışdır və “Bayıl Limanı" X14 İdarə trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X14 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X17” trestinin strukturunun təkminləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən ’’Xəzər” X14 İdarəsi ləğv edilib və onun arxivi “Sahil ” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid" İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “X17" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir.
№ Tarix Vəzifələrin adları Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X14 İdarəsi Şelf-5” X18 4-cü dərəcəli qazma qurğusunun
1. xx.xx.1992-ci ildən- motorçusu peşəsinə qəbul edilib (Əmr 124/k, xx.xx.1998-ci ilədək xx.xx.1992-ci il) “Xəzər-6” X18 4-cü dərəcəli qazmaqurğusunun
2. xx.xx.1998-ci ildən- motorçusu peşəsinə keçirilib xx.xx.2000-ci ilədək (Əmr 104/k, xx.xx.1998-ci il)
3. xx.xx.2000-ci ildən İşdən azad edilib (Əmr №51/k, xx.xx.2000-ci il)
Ümumi iş stajı : 07 il, 09 ay, 21 gün Güzəştli iş stajı: 07 il, 09 ay, 21 gün Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-14713 qazma qurğularının motorçuları peşəsi 07 il, 09 ay, 21 gün güzəştli iş stajı təşkil edir.
22. İşdən görünür ki, cavabdeh bu arayışa istinad edərək, iddiaçının xx.xx.2006-cı il tarixə cəmi 7 il 9 ay 21 gün iş stajı olduğuna, bu müddətin isə tələb olunan 10 ildən az olmasına istinad edərək iddiaçıya pensiya təyin edilməsindən imtina edir.
23. İddiaçı isə xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə “X11 İnk" şirkətində işlədiyi krançı köməkçisi, usta, krançı vəzifələri üzrə dənizdə işləməsi səbəbindən əmək şəraitinin xüsusilə zərərli iş kimi güzəştli sığorta stajına daxil edilməsini xahiş edir.
24. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən dövlət reyestrində xx.xx.1999-cu il tarixdə 575 nömrə ilə dövlət qeydiyyatından keçmiş “X6 İnk.” Şirkətinin Azərbaycan Respublikasındakı Nüməyəndəliyinin (VÖEN: **********) təsisçilərinin ümumi yığıncağının qərarına əsasən xx.xx.2016-cı il tarixdə ləğv olunması barədə məlumat mövcuddur.
25. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi dövr üzrə iddiaçının işlədiyi müəssisə ləğv olunduğundan onun həmin dövrlərə dair güzəştli arayış təqdim etmək imkanı yoxdur.
26. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən analoji müəssisə kimi Azərbaycan Dövlət Neft Şirkətinə müvafiq sorğu ünvanlanmış, məhkəmə sorğusuna cavab olaraq SOCAR tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “X11 İnk" şirkətinin Azərbaycan nümayəndəliyinin istehsalat sahələrinin “Neftqaztikinti” trestinin istehsalat sahələri ilə uyğunluğunu müəyyən etmək mümkün olmasa da, sorğuda göstərilən usta vəzifəsinə oxşar tikinti quraşdırma işlərində usta vəzifəsi, krançı peşəsinə oxşar kran maşinisti peşəsi “Neftqaztikinti” trestində mövcuddur. Krançı köməkçisi peşəsinə uyğun peşə isə "Neftqaztikinti” trestində mövcud peşələr siyahısında yoxdur. Tikinti quraşdırma işlərində usta vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının "Neftqaztikinti” trestinin istehsalat sahələrinə uyğun gələn "XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b) rəhbərlər və mütəxəssislər” alt bölməsindəki “yeni tikinti və quraşdırma işlərinin ustaları” (kod: 2290000b-23419) vəzifəsi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftqaztikinti” trestinin istehsalat sahələrinə uyğun gələn 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b) mütəxəssislər" alt bölməsindəki “tikinti və quraşdırma işləri üzrə ustalar” vəzifəsi ilə eynilik təşkil edir. Kranın maşinisti peşəsi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsinin “a) fəhlələr” alt bölməsində, Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində, eləcə də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29- cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində və Siyahının “35. Ümumi peşələr” bölməsində öz əksini tapmamışdır.
27. Eyni zamanda məhkəmə sorğusuna X17 Tresti tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək, İddiaçı işlədiyi vəzifələrin (krançı köməkçisi, usta və krançı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı (Qərar) ilə təsdiq edilmiş 1 nömrəli siyahısında qeyd edilmiş 1100000a-13590 (qazma qurğularının maşinistləri) peşəsi ilə uyğunluğunun olmadığı bildirilmişdir.
28. X17 Tresti xx.xx.2023-cü il tarixli məktubunda isə iddiaçının işlədiyi “X12 İnc.” Şirkətinin sənədlərinin trestin arxivində olmadığı üçün həmin vəzifələrin güzəştli şərtlərlə pensiya hüququna malik olması barədə məlumat verilə bilməyəcəyini göstərmişdir.
29. Göründüyü kimi, X17 Tresti ilkin olaraq iddiaçının işlədiyi vəzifələrin (krançı köməkçisi, usta və krançı) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı (Qərar) ilə təsdiq edilmiş 1 nömrəli siyahısında qeyd edilmiş 1100000a-13590 (qazma qurğularının maşinistləri) peşəsi ilə uyğunluğunun olmadığını bildirsə də, daha sonra həmin müəssisənin sənədlərinin olmaması səbəbindən belə bir uyğunluqla bağlı məlumat verə bilməyəcəyini bildirmişdir.
30. Məsələ ilə bağlı X10 Ltd şirkətinə ünvanlanmış sorğuya cavab olaraq isə şirkətin məhkəməyə təqdim etdiyi 05 oktyabr 2022-ci il tarixli HA-023/2022 nömrəli məktubda göstərilmişdir ki, “X12 İnc.” Şirkətində olan krançı köməkçisi, krançı və usta vəzifələrinin iş təlimatları şirkətdə olan kran operatorunun köməkçisi, kran operatoru və göyərtədə nəzarətçi vəzifələrinin iş təlimatları ilə eynidir və həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şətrlərlə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda qeyd olunan 1100000a-13590 (qazma qurğularının maşinistləri) və 1100000b-23362 (avadanlığın təmiri üzrə ustalar) koduna uyğundur.
31. Məhkəmə qeyd edir ki, “X12 İnc.” Şirkəti beynəlxalq şirkət olmaqla, əsas fəaliyyəti dənizdə qazma (drilling) işlərinin həyata keçirilməsi, neft və qaz yataqlarının qazılması yolu ilə çıxarılması olduğundan (www.bloomberg.com/profile/, www.ogj.com/article/westernbuilt-jack-up-to-begin-caspian-sea-work), həmin şirkətin fəaliyyət istiqaməti X10 Ltd şirkətinin fəaliyyət istiqamətinə uyğundur.
32. Buna görə də məhkəmə X10 Ltd şirkətinin verdiyi arayışı mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddiaçının dənizdə qazma qurğularının maşinisti, yəni krançı və həmin avadanlıqların təmiri üzrə usta işlədiyi müddət də 1 nömrəli siyahı üzrə onun güzəştli iş stajına daxil edilməlidir.
33. Belə olan halda isə müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 10 ildən artıq, 11 il 5 ay 15 gün güzəştli iş stajı mövcud olmuşdur.
34. Beləliklə, işin sadalanan halları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajı mövcud olduğundan onun 52 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
35. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova