Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-591/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X4 və Hüquq Universitetinin Gürcüstan Respublikasında yerləşən filialında 2010-2014-cü illərdə Maliyyə və kredit ixtisası üzrə təhsil aldığı Dİ 046338 nömrəli, 26 sentyabr 2014-cü il tarixli bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1993-cü il tarixdə anadan olmuşdur. O, 2010-2014-cü illərdə X4 və Hüquq Universitetinin Gürcüstan Respublikasında yerləşən filialında Maliyyə və kredit ixtisası üzrə qiyabi olaraq bakalavr təhsili almışdır. Təhsil müddətində sessiya imtahanlarını və dövlət imtahanlarını müvəffəqiyyətlə vermiş, kəsir və akademik borcu qalmamışdır. O, təhsilini müvəffəqiyyətlə bitirdiyi üçün Kiyev şəhərində Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən ona Dİ 046338 nömrəli, 26 sentyabr 2014-cü il tarixli Maliyyə və kredit diplomu verilmişdir. 38621185 nömrəsi ilə diplomum apostil olunaraq həqiqiliyi təsdiq olunmuşdur. İddiaçı cavabdehə müraciət edərək bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. İmtinaya səbəb kimi təhsil aldığı ölkənin ərazisində tələb olunan müddətdən az olmağı bildirilmişdir. Halbuki, o, təhsil aldığı 2010-cu il tarixindən universitetə vaxtıvaxtında gedib-gəlmiş, dərslərinə məsuliyyətlə yanaşıb verilən tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üzrə tətbiq olunan Qaydaların 4.1.4-cü yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında əks olunmuşdur. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: 1-ci il - getməyib, 2-ci il getməyib, 3-cü il - getməyib, 4-cü il - 27 gün. Aparılan icraat zamanı məlum olmuşdur ki, iddiaçı qiyabi təhsilalma forması üzrə mövcud olan normativ tədris müddətlərinə qarşılıq sadəcə bir tədris ili üzrə xarici ali təhsil aldığı ölkədə olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddiaçının təhsil aldığı universitet Gürcüstan Respublikasında yerləşir. Lakin, cavabdeh iddiaçının təhsil müddəti ərzində Ukrayna Respublikasında olma müddətinin az olması səbəbindən ona imtuna vermişdir. Halbuki iddiaçının təhsil adığı universitet Ukrayna Universitetinin Gürcüstan Filialıdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Ukrayna Respublikasının “KROK” İqtisadiyyat və Hüququ Universiteti tərəfindən 26 sentyabr 2014-cü il tarixdə verilmiş Dİ seriyalı, 046338 nömrəli bakalavr diplomunun və ona əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin təhsil müəssisəsini maliyyə və kredit ixtisası üzrə oxuyub bitirmiş və ona bakalavr dərəcəsi verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli NA00019071 saylı qərarından görünür ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İddiaçının Ukrayna-Gürcüstan Təhsil və X5 tərəfindən verilmiş tələbə biletinin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixli, 120/01-01 nömrəli əmrlə həmin İnstitutun 1-ci kursuna qəbul edilmişdir. İddiaçının növbəti tədris illərinə aid tələbə biletləri məhkəməyə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə iddiaçının müraciətinə baxılması və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq inzibati aktın qəbul olunması üçün cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli NA00034863 saylı qərarından görünür ki, qərardad əsasında ərizəçinin təqdim etdiyi əlavə sənədlər üzrə müraciətə yenidən baxılmış və nəticə etibarı ilə əvvəl verilən imtina qərarının pozulması üçün əsas müəyyən edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-4314/2024 nömrəli qərardadı əsasında İddiaçı Ukrayna "KROK" İqtisadiyyat və Hüquq Universiteti tərəfindən verilmiş xx.xx.2014ci il tarixli, Dİ № 046338 nömrəli diplom üzrə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən yenidən inzibati icraat aparılmışdır. İddiaçının xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdaki kimi müəyyənləşdirilmişdir: 1-ci il - getməyib; 2-ci il getməyib; 3-cü il getməyib, 4-cü il – 26 gün. İddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinə uyğun olaraq xarici ali təhsil müəssisəsinin yerləşdiyi ölkənin ərazisində olmadığı müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarf’nın 3.10.1-ci yarımbəndində əsasən 4.1-ci bənddə əks olunmuş tələblər üzrə uyğunsuzluqlar müəyyən edilmiş və 28 noyabr 2024-cü il tarixli qərarla onun xarici dövlətdə əldə etdiyi xarici kvalifikasiyasının tanınmasından imtina edilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət daxil olmuşdur. Qeyd olunan vəsatətdə iddiaçının "KROK" İqtisadiyyat və Hüquq Universitetinin Gürcüstan Filialında təhsil alması faktı vurğulanmışdır. Bu səbəblə iddiaçının qeyd olunan universitetin Gürcüstan filialında təhsil alması barədə sənədlərin təqdim edilməsi zərurəti yaranmışdır. Məhkəmə sorğusu əsasında iddiaçının 2010-2014-cü illər üzrə sərhədkeçməsi barədə məlumatlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə göndərilmişdir. Həmin məlumatlardan görünür ki, iddiaçı Gürcüstan istiqamətində xx.xx.2010-cu ildə ölkəni tərk etmiş və xx.xx.2010-cu ildə ölkəyə qayıtmış, xx.xx.2010-cu ildə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2010-cu ildə ölkəyə qayıtmış, xx.xx.2011-ci ildə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2011-ci ildə ölkəyə qayıtmış, xx.xx.2011-ci ildə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2011-ci il tarixdə ölkəyə qayıtmış, xx.xx.2011-ci ildə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2011-ci il tarixdə ölkəyə qayıtmış, xx.xx.2012-ci ildə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2012-ci il tarixdə ölkəyə qayıtmış, xx.xx.2012-ci il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2012-ci il tarixdə ölkəyə qayıtmış, xx.xx.2012-ci il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2012ci il tarixdə ölkəyə qayıtmış, xx.xx.2013-cü il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2013-cü il tarixdə ölkəyə qayıtmış, xx.xx.2013-cü il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2013-cü il tarixdə ölkəyə qayıtmış, xx.xx.2013-cü il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2013-cü il tarixdə ölkəyə qayıtmış, xx.xx.2013-cü il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2013cü il tarixdə ölkəyə qayıtmış, xx.xx.2014-cü il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2014-cü il tarixdə ölkəyə qayıtmış, xx.xx.2014-cü il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2014-cü il tarixdə ölkəyə qayıtmış, xx.xx.2014-cü il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2014-cü il tarixdə ölkəyə qayıtmış, xx.xx.2014-cü il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etmiş və xx.xx.2014cü il tarixdə ölkəyə qayıtmışdır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Gürcüstan Respublikası Təhsili X3 PHHŞ-in xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X9 Şəxs Təhsili X3nə (bundan sonra - İdarəetmə Sistemi) 27 mart 2025-ci ildə sizin № 345079 məktub daxil olmuş, həmin məktub əsasında X1 -Tədris İnstitutu haqqında məlumat tələb edilmişdir. Avtorizə edilmiş və ləğv edilmiş fəaliyyəti dayandırılmış təhsil müəssisələrinin statuslarının xüsusi elektron proqramında (rəqəmsal arxiv) əks etdirilmiş məlumatlara uyğun olaraq bildirilmişdir ki, Gürcüstan Təhsil Nazirliyi 09 oktyabr 1992-ci il tarixli № 01- xx-xx/1563 lisenziya əsasında təşəbbüs qrupuna pullu təhsil müəssisəsi kimi Tbilisi Humanitar Universitetini qeydiyyatdan keçirməsinə icazə vermişdir. Tbilisi şəhər Qldani rayon Məhkəməsinin 21 avqust 1996-cı il tarixli qərarı ilə Tbilisi Humanitar Universiteti Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçmişdir (qeydiyyat № 1a/4- 196). Gürcüstan Təhsil Nazirliyi 26 dekabr 1999-cu il tarixli Qeydiyyat Şəhadətnaməsi ilə 09 oktyabr 1992-ci il tarixli № 01-xx-xx/1563 lisenziyanın sahibi subyekti qismində İdarələrin Lisenziya Reyestrində Tbilisi Humanitar Universiteti MMC-ni qeydiyyatdan keçirmişdir. Gürcüstan Ali Təhsil Müəssisələrinin Akkreditasiya Şurasının 20 yanvar 2005ci il tarixli № 1-19/67 qərarı ilə Tbilisi Humanitar Universiteti MMC-nə akkreditasiya verməkdən imtina edilmişdir. Belə ki, “Ali təhsil haqqında Gürcüstan Qanununun” 88-ci maddəsinin birinci bəndinə müvafiq olaraq qeyd edilən müəssisə tərəfindən 2007-2008-ci tədris ili başlayana qədər Gürcüstan qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada verilmiş, tədris proqramını keçməsini təsdiq edən sənədlər dövlət tərəfindən tanınmışdır. Gürcüstan elm və təhsil nazirinin 03 oktyabr 2008-ci il tarixli №835 əmrinə müvafiq olaraq Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Rustavi Bölgə Mərkəzinin (Vergi Müfəttişliyi) 22 sentyabr 2008-ci il tarixli № 1143/***-*******46 - MMC - Birləşmənin əmri əsasında Tbilisi Humanitar Universiteti MMC, X1 -Tədris İnstitutu ilə birləşmişdir. X1 - Tədris İnstitutu MMC, Tbilisi Humanitar Universiteti MMC-in hüquqi varisidir. “Ali təhsil haqqında Gürcüstan Qanununun” 89-cu maddəsinin 23-cü bəndinə müvafiq olaraq 2010cu ilin 1 sentyabr tarixindən 10 gün ərzində akkreditasiyadan keçmiş istənilən ali təhsil müəssisəsi, akkreditasiya olunmuş, yaxud 2010-cu ilin sentyabr ayının 1-nə qədər fəaliyyət göstərmiş, həmin Qanunun 661 maddəsinin 2-ci bəndi ilə nəzərdə tutulmuş yeni təsis edilmiş fəaliyyəti lisenziyalaşdırılmış ali təhsil müəssisələrindən başqa bütün ali təhsil müəssisələri PHHŞ Təhsilin Keyfiyyətinin Milli İnkişaf Mərkəzinə həmin müəssisəyə qəbul olunmuş şəxslərin siyahısını təqdim etməli idilər. Həmin Qanunun 231 maddəsinə müvafiq olaraq qəbul olunmuş şəxslərin siyahısında göstərilmiş şəxs təhsilini X9 Şəxs Təhsilin Keyfiyyətinin Milli İnkişaf Mərkəzinə qəbul olunmuş şəxslərin siyahısını təqdim etmiş fəaliyyəti lisenziyalaşdırılmış ali təhsil müəssisəsində davam etdirmək səlahiyyətinə malik idi. PHHŞ - Təhsilin Keyfiyyətinin Milli İnkişaf Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən təqdim edilmiş informasiyaya (№ 1073451) müvafiq olaraq “Ali təhsii haqqında Gürcüstan Qanununun” 89-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq X1 -X8 Məsuliyyətli Cəmiyyəti (e/ kodu 2********) tərəfindən Milli İnkişaf Mərkəzinə qəbul olunmuş şəxslərin siyahısı təqdim edilmişdir və fəaliyyətini qəbul edilmiş şəxslər üçün lisenziyalaşdırılmış /avtorizə edilməmiş rejimdə davam etdirirdi. Bununla belə, Mərkəzin 01 noyabr 2024-cü il tarixli № ******* məktubu əsasında məlum olur ki, qeyd edilən müəssisə lisenziyalaşdırılmış rejimdə öz fəaliyyətini 01 yanvar 2017-ci ildən başa vurmuşdur. Eləcə də qeyd edilən müəssisənin tədris fəaliyyətinin həyata keçirilməsi ilə bağlı informasiya mübadiləsi üçün əsas olan halların aşkar edildiyi təqdirdə İdarəetmə Sistemi müəssisə haqqında yeniləşdirilmiş məlumatları təqdim etmək hüququnu özündə saxlayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmipedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur (6.1.). Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat) (13.1.). Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir (27.1. ). Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir (27.4. ). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir (44.1.). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir (44.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarında göstərilmişdir ki, bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir (1.1.). Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir (1.2). Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir (2.1.). Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır (3.1.). Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda (3.10.). Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda göstərilmişdir ki, tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.). Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi şəxsin xarici dövlət aldığı təhsil üzrə kvalifikasiyanın tanınması üçün onun hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı dövlətdə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda göstərilmişdir ki, ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır (8.7.1.). Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur (8.7.2.). Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Göründüyü Azərbaycan Respublikasında qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə minimum 180 saatdır ki, onun yarısı 90 saat təşkil edir. Həftəlik auditoriya dərslərinin bakalavriat səviyyəsində 30 saat olması nəzərə alınarsa iddiaçı təhsil aldığı dövlətdə hər tədris ilində minimum 3 həftə, yəni 21 gün olmalıdır. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, o, X4 və Hüquq Universitetinin Gürcüstan Respublikasında yerləşən filialında təhsil almışdır. Bu səbəbdən onun təhsil aldığı ölkə kimi Gürcüstan Respublikası götürülməlidir. Onun təhsil aldığı müddət ərzində həmin ölkədə olma müddəti normativ tələblərə uyğundur. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bakalvr diplomu və ona əlavə sənədlərdə təhsil müəssisəsinin adı Ukrayna “KROK” Universiteti kimi qeyd olunur və burada hansısa “Gürcüstan filialı”ndan söhbət getmir. Yalnız iddiaçıyya məxsus tələbə biletini verən orqan kimi Ukrayna-Gürcüstan Təhsil və X5 qeyd edilmişdir. İddiaçı həmin universitetin Gürcüstan Respublikasında yerləşməsini iddia edirsə, bunu sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı öz tələbinin sübutu kimi Gürcüstan Respublikası Təhsili X3 PHHŞ-in xx.xx.2025-ci il tarixli məktubunu təqdim etmişdir. Həmin məktubda isə Ukrayna- Gürcüstan Təhsil və X5 barədə danışılır və X4 və Hüquq Universitetinin Gürcüstan Filialı barədə hər hansı məlumat öz əksini tapmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının təhsil aldığı universitetin Gürcüstan Respublikasında yerləşməsi ilə bağlı iddiaçının dəlillərini əsassız hesab edir və iddiaçının təhsil aldığı ölkənin Ukrayna Respublikası olması qənaətinə gəlir. İddiaçının sərhədkemə məlumatlarından görünür ki, təhsil müddətində təhsil aldığı ölkədə olmamışdır. Məhkəmə qeyd edir ki, burada həlledici olan xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmamağıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Məhkəmə həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina edilməsi işin hallarına, eləcə də qanunvericiliyə uyğun olduğundan imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “bakalavr diplomunun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-591/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-591/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver