Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5912/2022 03.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qanunazidd olaraq imtinası nəticəsində vurulmuş maddi ziyan olaraq 504.000 AZN (beş yüz dörd min manat) vəsaitin xeyrinə tutulması, iddia ərizəsi məhkəməyə təqdim edilən gündən çıxarılacaq məhkəmə qərarı icra edilənədək Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi uçot dərəcəsi ilə illik 5% hesablanmaqla tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin 3/8 hissəsi vərəsəlik qaydasında xüsusi mülkiyyətindədir. ünvan 1 ünvanda yerləşən qanuni əsaslarla faktiki iddiaçıya məxsus olan torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən çıxarışının əldə edilməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirinə və Dövlət Reyestr Xidmətinə tələb olunan sənədləri təqdim etməklə elektron müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məktubu ilə tələb edilən sənədlərin siyahısı və şərtlər toplusu iddiaçıya cavab olaraq göndərilmişdir. Həmin cavablara əsasən xx.xx.2021-ci il tarixdə cavbdehə rəsmi olaraq sənədləri təqdim etməklə, tələb edilən dövlət rüsumunu ödəmişdir. Cavabdehin mühəndisi əraziyə gəlmiş və iddiaçının iştirakı ilə ona məxsus olan yerə baxış keçirtmiş və göstərdiyi yerin ona məxsus olan ərazi ilə eynilik təşkil etdiyini qəbul etmişdir. Cavabdeh tərəfindən sənədin icra müddətinin son tarixi xx.xx.2022-ci il tarixi qeyd edildiyi təqdirdə xx.xx.2022-ci il tarixdə sənədin icrasından qanunsuz olaraq imtina edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli imtinasında qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, qeyd edilən yaşayış evi sökülmüş, yerində hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən ərazi iki binanın arasında ümumi istifadədə olan sahədir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan fərdi yaşayış evinin həmin sahəyə aidiyyətinin olmaması qeyd edilmişdir. Cavabdeh vurulmuş ziyanın ödənilməsini təmin etməmişdir. ünvan 1 ünvanda yerləşən torpaq sahəsi 201,0 kv.m təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən fərdi yaşayış evi sökülmüş, yerində hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən ərazi iki binanın arasında ümumi istifadədə olan sahədir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan fərdi yaşayış evinin həmin sahəyə aidiyyəti olmadığı müəyyən olunmuşdur. Müvafiq daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində 5/12 hissə X1 adına, 3/8 hissə İddiaçı adına qeydiyyata alınmışdır və 5/24 hissə isə Ağa X4 adına açıq saxlanılmaqla qeydiyyata alınmışdır. Bu barədə vətəndaşa **********26 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qanunazidd olaraq imtinası nəticəsində vurulmuş maddi ziyan olaraq 504,000 AZN (beş yüz dörd min manat) vəsaitin xeyrinə tutulması və iddia ərizəsi məhkəməyə təqdim edilən gündən çıxarılacaq məhkəmə qərarı icra edilənədək Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi uçot dərəcəsi ilə illik 5% hesablanmaqla tutulmasına dair iddia tələbi ilə 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Maddi ziyanla bağlı tələbə dair qeyd edilir ki, ərizəyə iddiaçıya dəymiş maddi zərəri təsdiq edən hər hansı bir sübut (nəqliyyat və tibbi xidmətlərlə bağlı xərclərə dair ödəniş qəbzləri, tibbi arayış və s.) əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli Qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret hakda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən Qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 №-li Qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin 1-ci hissəsinə münasibətdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi, iddia tələbinin 2-ci hissəsinə münasibətdə isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 43 nömrəli sahəsi 255,80 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə, 0,015580 ha dövlət torpaq sahəsi istifadədə olmaqla 3/8 hissədə İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 5/12 hissədə X3 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə, 5/24 hissədə Ağa X4 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin may 1965-ci il tarixli, 43 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən Bakı şəhəri, M.A.Əliyev küçəsi, 43 nömrəli evin yerləşdiyi ümumi torpaq sahəsi 201,6 kv.m-dir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 43 ünvanında yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktının təsdiq edilmiş surətindən görünür ki, X12 küçəsi, 43 nömrəli fərdi yaşayış evinin çıxarışa əsasən paylı mülkiyyət ümumi sahəsi 255,8 kv.m, tikintialtı sahə 155,8 kv.m-dir. Fərdi yaşayış evi sökülüb. Ərazidə çoxmərtəbəli yaşayış binası tikilmişdir. Sökülmüş evin koordinatlarını dəqiqliklə təyin etmək mümkün deyil. Ərizəçinin məlumatlarına əsasən götürülən təxmini (dəqiq olmayan) koordinatlar əlavə edildi. İş materiallarına əlavə edilmiş Yasamal rayonu 40 saylı MKİS-nin möhürü və mühəndisinin imzası ilə təsdiq edilmiş Yasamal rayonu 40 saylı MKİS-nin inzibati ərazisindəki M.A.Əliyev küçəsində və ona yaxın fərdi evlərin eskizində qeyd olunmuşdur ki, M.A.Əliyev küçəsində 35, 37, 39, 41, 43 və 45 saylı evlər hal-hazırda mövcud deyildir. İş materiallarına əlavə edilmiş Yasamal rayonu 40 saylı MKİS-nin möhürü və mühəndisinin imzası ilə təsdiq edilmiş 40 saylı MKİS-nin ərazisindən çıxarılmış situasiya planında qeyd olunmuşdur ki, 35, 37, 39, 41, 43 və 45 saylı evlər hal-hazırda mövcud deyillər. İş materiallarına əlavə edilmiş Yasamal rayonu 40 saylı MKİS-nin möhürü və rəsinin imzası ilə təsdiq edilmiş M.A.Əliyev 43 ünvanında yerləşən evin Google Maps vasitəsilə çəkilmiş fotoşəklindən görünür ki, İddiaçı məxsus olmuş M.A.Əliyev 43 saylı ev göstərilən ünvanda olmuş və sökülmüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv qovluğundan görünür ki: - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 2020-ci il tarixli müayinə (baxış) aktından görünür ki, M.A.Əliyev küçəsi, 43 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 255,80 kv.m, t/sahəsi 201,60 kv.m-dir. Sözügedən ünvanda yerləşən 43 saylı mülk sökülmüşdür. Sökülmüş evin yerində 16 mərtəbəli və 6+ mansard sahəsi olan çox mənzilli yaşayış binaları inşa olunmuşdur. - Texniki İnventarlaşdırma Bürosunun sentyabr 1978-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 4 ünvanında cəmi tikintinin sahəsi 158,8 kv.m, cəmi meydançanın sahəsi 201,6 kv.m-dir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********87 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 43 ünvanındakı evin yerləşdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və birbaşa ünvanladığınız müraciətlərə (daxilolma qeydiyyatı: İN-D/O-Ə-982/2021, xx.xx.2021-ci il) aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********26 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 43 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci tarixli müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, qeyd edilən fərdi yaşayış evi sökülmüş, yerində hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. Elektron kadastr məlumatlarına əsasən tərəfinizdən göstərilən ərazi iki binanın arasında ümumi istifadədə olan sahədir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan fərdi yaşayış evinin həmin sahəyə aidiyyəti yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********30 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 43 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı qarşılaşdığınız problemin həllinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və birbaşa ünvanladığınız müraciətlərə (daxilolma qeydiyyatı: İN-D/O-Ə-64/2022/4, xx.xx.2022-ci il və İN-D/O-Ə-64/2022/5, xx.xx.2022-ci il) Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, elektron baza məlumatlarına əsasən göstərilən ərazi iki binanın arasında ümumi istifadədə olan, yaşayış binasında birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş sahədir. Qeyd edilənlər barədə sizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 27 yanvar 2022-ci il tarixli, **********26 nömrəli məktubla ətraflı məlumat verilmişdir. Eyni zamanda bildirilir ki, sözügedən torpaq sahəsi ilə bağlı mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmaqdadır. Müraciətinizdə qeyd edilmiş məsələnin həllinə məhkəmənin yekun qərarına uyğun olaraq baxılacaqdır. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 43 nömrəli sahəsi 255,80 ha olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 3/8 hissədə İddiaçı adına, 5/12 hissədə X3 adına və 5/24 hissədə Ağa X4 adına qeydiyyata alınmışdır. Paylı mülkiyyətçi İddiaçı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavadeh orqana müraciət etmiş, cavabdeh qeyd edilən fərdi yaşayış evinin söküldüyü, yerində hündürmərtəbəli yaşayış binası inşa edildiyi, göstərilən ərazinin iki binanın arasında ümumi istifadədə olan sahə olduğunu əsas gətirməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını, eləcə də imtina nəticəsində vurulmuş maddi ziyanın və iddia ərizəsi məhkəməyə təqdim edilən gündən çıxarılacaq məhkəmə qərarı icra edilənədək Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi uçot dərəcəsi ilə illik 5% hesablanmaqla tutulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması ilə bağlı istinad edilən sənədlər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin may 1965-ci il tarixli, 43 nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport və Texniki İnventarlaşdırma Bürosunun sentyabr 1978-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdur. Hər iki pasportda Bakı şəhəri, M.A.Əliyev küçəsi, 43 nömrəli evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 201,6 ha göstərilmiş, həmin fərdi yaşayış evinə 2020-ci ildə paylı mülkiyyət hüququnun qeydə alınması zamanı isə istifadədə olan torpaq sahəsinin ölçüsü isə 0,015580 ha göstərilmişdir. Məhkəmə aşağıdakılara əsasən sözügedən texniki pasportun hazırkı halda iddia olunan torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına əsas vermədiyi qənaətindədir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinə, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır. Qeyd edilən normaların ümumi təhlili ona deməyə əsas verir ki, texniki pasportlar fərdi yaşayış evinin yerləşmə vəziyyəti, ölçüsü və s. texniki göstəricilərini göstərən texniki sənəddir və adı çəkilən texniki pasportun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək torpaq sahəsinin qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd hesab edilməsi onunla bağlıdır ki, Qanun qüvvəyə minənədək tikilmiş, istifadədə olan fərdi yaşayış evlərinin yerləşdiyi tikintialtı və ya həyətyanı torpaq sahəsi ümumən həmin evdən faktiki istifadəyə xidmət edir və bu halda qanun həmin fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş ölçüdə torpaq sahəsinin də evlə birlikdə qanuni istifadədə olmasından (burada istifadə hüquqla yanaşı faktiki istifadə etmək imkanını nəzərdə tutur) dolayı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatına əsas verir. Başqa sözlə, Fərmanda adı çəkilən texniki pasport boş torpaq sahəsi üçün deyil, üzərində fərdi yaşayış evi, bağ evi olan əmlakın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını nəzərdə tutur. Mövcud olmayan əmlakın texniki vəziyyətini göstərən texniki pasport öz əhəmiyyətini itirməklə orada göstərilən torpaq sahəsinin qeydiyyatını da məqbul və zəruri etmir. İşin hallarından görünür ki, iddiaçının iddia etdiyi Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 43 nömrəli fərdi yaşayış evi sökülmüşdür. Belə ki, sözügedən fərdi yaşayış evinin söküldüyü istər həmin əraziyə xidmət edən Yasamal rayonu 40 saylı MKİS-nin tərtib etdiyi situsiya planlarında, istərsə də hələ xx.xx.2020-ci il tarixdə iddiaçının, eləcə də digər iki paylı mülkiyyətçinin fərdi yaşayış evinə mülkiyyət hüququnu qeydə alınarkən cavabdeh orqanın həmin ünvana yerli baxış keçirmiş mütəxəssisin tərtib etdiyi yerli müayinə aktında qeyd edilmişdir. Qeyd edildiyi kimi cavabdehin təqdim etdiyi fərdi yaşayış evinə hüququn qeydə alınması zamanı, eləcə də hazıkı iş üzrə torpaq sahəsinə hüququnun qeydə alınması üçün müraciət edilərkən tərtib etdiyi hər iki yerli müayinə aktında sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin söküldüyü və həmin ünvanda çoxmənzilli yaşayış binalarının inşa olunduğu qeyd edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi mülkiyyət hüququ bilavasitə əmlaka istər faktiki, istərsə də hüquqi anlamda sahiblik, istifadə və sərəncam vermə imkanını nəzərdə tutur. Beləliklə, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 43 nömrəli fərdi yaşayış evi mövcud olmadığı halda həmin evə mülkiyyət hüququnun qeydiyyatına, texniki pasportuna əsaslanaraq torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasının hüquqi əhəmiyyəti və zərurəti də mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması hissəsində təmin edilməməsi nəticəsinə gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. İddianın maddi ziyanın ödənilməsi tələbi hissəsi isə birinci tələbdən asılı olduğudan, birinci tələb təmin edilmədiyindən, eləcə də ziyanın vurulması ilə bağlı müvafiq sübutlar təqdim olmadığından iddia tələbi ziyanın ödənilməsi hissədə də təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5912/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5912/2022
03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver