Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5914/2021 03.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın baza hissəsini, staja görə sığorta hissəsini, pensiya yığım kapitalından və həmin dövrlərin indeksasiyasını hesablamaqla yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən prokurorluq orqanlarında qulluğa görə ona 2016-cı il tarixdə pensiya təyin edilmişdir. İşlədiyinə görə qulluq stajının 50 % həcmində əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Baza sığorta və fərdi hesabın yığım hissəsində toplanan yığım (pensiya kapitalı) ona hesablanmamışdır. Ona 2016-cı il tarixdə pensiya təyin edilərkən 2006-cı ildən 2016-cı ilədək yəni 10 illik fərdi hesabın yığım hissəsində toplanan kapital hesablanmadığı üçün tam ödənilməlidir. Bu zaman istehlak qiymətləri indeksinin illik səviyyəsi də nəzərə alınmamışdır. Qulluqda olarkən 2016-cı ildə ona cavabdeh tərəfindən xidmət illərinə görə pensiya təyin edilərkən sığorta hissəsi 65 AZN hesablanmış, baza hissəsi 100 AZN, 2006-cı ildən 2016-cı ilədək, yəni 10 illik yığım hissəsindən, yəni kapitaldan hesablama aparılmamışdır. İddia tələbinə cavabdeh etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə görə bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 9.1-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Göstərilənlərə əsasən iddiaçıya 2006-cı ildən 2016-cı il tarixinədək pensiya sığorta kapitalının hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından, o cümlədən iddiaçı, onun nümayəndəsi və vəkilinin məhkəmə iclasında izahatlarından aydın olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edildiyi vaxt “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin qüvvədə olmuş redaksiyasına uyğun olaraq ona ödənişin edilməsini xahiş edir. 01.07.2017-ci il tarixədək Qanunun qüvvədə olmuş 37.3.1-ci maddəsinin redaksiyasından göründüyü kimi işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Qanunun 37.3.4-cü maddəsinin həmin dövrdə mövcud redaksiyasına əsasən bu qanunun 20.1.1-20.1.10-cu və 20.1.14-cü-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 25 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qüvvədən düşmüş 37.3.5-ci maddəyə əsasən bu qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Yuxarıda adıçəkilən Qanunun hazırda qüvvədə olan 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qüvvədə olan 37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı yuxarıda adıçəkilən qanunvericiliyin tələblərinin nəzərə alınmaqla işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsinin, pensiyanın yığım kapitalından və həmin dövrlərin indeksasiyası hesablanmaqla fərqin tam məbləğdə ödənilməsini xahiş edir. Bu zaman prokurorluq əməkdaşı kimi 37.3.4-cü maddənin tələbinin nəzərə alınmasını əsas götürür. Halbuki 37.3.4-cü maddə iddiaçıya əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsinin, pensiyanın yığım kapitalından və həmin dövrlərin indeksasiyası hesablanmaqla fərqin tam məbləğdə ödənilməsi üçün əsas yaratmır. Həmin maddə iddiaçı tərəfindən düzgün şərh edilməyərək iddia tələbi ilə müraciət edilmişdir. Adıçəkilən maddə qulluq stajına həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində əlavənin hansı hallarda ödənilməyə davam etdirilməsi, hansı hallarda əlavələrin ödənilməsinin dayandırılması ilə bağlıdır ki, iddiaçı Qanunun 20.1.5-ci maddəsinə istisna qoyulduğunun nəzərə alınaraq iddia tələbinin təmin edilməli olmasını bildirir. Halbuki, maddənin təhlilindən aydın olur ki, qeyd olunan istisna 50 faiz həcmində əlavənin dayandırılması və ya dayandırılmaması halları ilə bağlıdır. Müddəanın tənzimlədiyi münasibət prokurorluq işçisinin ona pensiya təyin edildikdən sonra işləməkdə davam edirsə ona ödənilən əlavənin ödənilməsinin dayandırılmasının istisnası ilə bağlıdır ki, maddənin tələbinə əsasən bəzi qrup şəxslərdə qeyd olunan güzəştin tətbiqi istisna edilmiş, həmin qrup şəxslərin pensiya təyin edildikdən sonra işləməsi 50 faiz əlavənin dayandırılması ilə nəticələnməli olması müəyyən edilmişdir. Prokurorluq işçiləri üçün isə qeyd olunan dayandırma istisna edilmiş, onlara işləməkdə davam etmələrinə baxmayaraq 50 faiz əlavənin ödəmənin davam etdirilməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsinin, pensiyanın yığım kapitalından və həmin dövrlərin indeksasiyası hesablanmaqla fərqin tam məbləğdə ödənilməsinin qanunvericilik bazası mövcud deyil, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin prokurorluq işçilərinə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınmalı olması qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, həmin qrup şəxslərə əmək pensiyasının təyini, ödənilmə qaydası xüsusi tənzimləmə tələb edir. Belə ki, 01.07.2007-ci il tarixdək qüvvədə olmuş yuxarıda adıçəkilən Qanunun: 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Hazırda qüvvədə olan redaksiyasına əsasən Qanunun: 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 01.07.2007-ci il tarixdək qüvvədə olmuş Yuxarıda adıçəkilən Qanunun: 20.8. Bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.8.1.prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.8.2 prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq 20.8.3. işçilərinə - prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxan qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Hazırda qüvvədə olan redaksiyaya əsasən Qanunun: 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Göründüyü kimi Qanunun 37.3.1-ci maddəsinin nə əvvəlki nə də yeni redaksiyasına uyğun olaraq işləyən əmək pensiyaçısı kimi prokurorluq işçisinə hazırda qüvvədən düşmüş Qanunun 1.0.11-ci maddəsində anlayış verilmiş əmək pensiyalarının birinci pilləsi olmaqla əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatı hesab edilən baza hissəsi, o cümlədən Qanunun 1.0.13-cü maddəsində təsbit edilmiş fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği hesab edilən sığorta hissəsi, iddiaçının da qeyd etdiyi kimi yığım kapitalı və indekdasiya edilməklə yaranmış fərqin ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, prokurorluq işçisinə əmək pensiyasının təyin edilməsi və ödənilməsi adi yaşa görə əmək pensiyasından əsaslı surətdə fərqləndiyindən, eyni zamanda əmək pensiyası məbləği pensiya kapitalı əsasında olmamaqla orta aylıq əmək haqqı nəzərə alınmaqla (müvafiq faiz nisbətində) hesablandığından həmin qrup şəxslərə iddiaçının istinad etdiyi ödənişlərin ödənilməsi nəzərdə tutulmamış, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi və iddia tələbində nəzərdə tutulmuş digər ödənişlərin tam məbləğdə ödənilməsi həmin qrup şəxslərə aid edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5914/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5914/2021
03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver