Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5914/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili “Fides” Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işlədiyi üçün 55 yaşı tamam olan vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə işlədiyi üçün 52 yaşının tamam olan vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-ci il tarixdən X3 X14 Şəxsdə tibb bacısı (orta tibb heyəti) vəzifəsində işləyir. 1991-ci ildən hal-hazıradək ümumi əmək stajı 30 ildən artıq təşkil edir. 55 yaşı tamam olduqdan bir müddət sonra güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, ərizəyə xx.xx.2021-ci il tarixli **********3 saylı məktubda cavab olaraq bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. 44.400,00 manat hesablandığı halda cəmi 27.075,56 manat təşkil edir və bu səbəbdən güzəştli şərtlərlə pensiya təyinatından imtina edilmişdir. Hesab edir ki, ona verilmiş bu imtina cavabı qanunvericiliyinin tələblərinə uyğun deyil əsassızdır və ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27.075,56 manat təşkil edir. Yuxarıda göstərilən səbəbdən, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İddiaçının əmək kitabçasına və xx.xx.2021-ci il tarixli 25 №-li arayışa əsasən, xx.xx.2006-cı il tarixədək 20 il 3 ay 26 gün ümumi iş stajı (xx.xx.1985-xx.xx.1987, xx.xx.1987-xx.xx.1991, xx.xx.1991-xx.xx.2006), 01.01 2006-cı il tarixdən hal-hazıradək 13764.03 manat pensiya kapitalı mövcuddur. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: 62.5-56=6,5 il x 12= 78+144 = 222 ay (gözlənilən pensiya ödənişi müddəti), 222 x 200 (müraciət tarixinə minimum pensiya məbləği)= 44400 manat. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı kifayət qədər olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxrılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə etməklə, iddia ərizəsinə uyğun izahat verərək, iddiada qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək, yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Bakı şəhərində doğulmuşdur. ЗТ seriyalı 048065 №-li diplomun surətindən görünür ki, Ramazanova (Ağayeva) Nailə Adilşayevna 1983-cü ildən 1985-ci ilədək 1 №-li Bakı Tibb məktəbində tibb bacısı ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* №-li, xx.xx.1986-ci il tarixədə doldurulmuş əmək kitabçasının notarial təsdiq və tərcümə olunmuş surətindən görünür ki, Ağayeva (Ramazanova) Nailə Adilşayevna “Məhsul” X12-Kooperativ İdman Cəmiyyəti Respublika Şurasına işə qəbul edilənədək əmək stajı olmayıb (Lökbatan qəsəbə Soveti İcraiyyə Komitəsinin 2677 nömrəli xx.xx.1985-ci il tarixli arayışı). xx.xx.1985-ci ildə kamandan oxatma üzrə Respublika Uşaq-Yeniyetmə İdman Məktəbinə tibb bacısı vəzifəsinə qəbul edilmişdir (Sərəncam № 554-k, xx.xx.1985-ci il); xx.xx.1987-ci ildə “Məhsul” cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar olaraq yeni yaradılmış X5 könüllü Bədən tərbiyəsi və İdman Cəmiyyətinin Respublika Şurasına keçirilmişdir (Sərəncam № 141 k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə Məktəblərin yenidən təşkili ilə əlaqədar olaraq X5 Könüllü Bədən tərbiyəsi və İdman Cəmiyyətinin Bakı şəhər sovetinin Uşaq-Yeniyetmə İdman Məktəbinə keçirilmişdir (Sərəncam № 728 k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə X2 Könüllü Bədən tərbiyəsi və İdman Cəmiyyətinin Bakı şəhər Soveti-Güləş üzrə Uşaq-Yeniyetmə İdman Məktəbinə köçürmə ilə tibb bacısı vəzifəsinə qəbul edilmişdir (Sərəncam № 21/k k, xx.xx.1987-ci il); xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ftiziatriya və Pulmonologiya Elmi-Tədqiqat İnistutu-Torakal-Cərrahiyyə Şöbəsinə (50 çarpayı yeri) palata tibb bacısı vəzifəsinə qəbul edilmişdir (Əmr № 81, xx.xx.1991-ci il); xx.xx.1999-cu il tarixdə Ftiziatriya və Pulmonologiya Elmi-Tədqiqat İnstitutunun adı dəyişdirilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-X1muşdur ( Əmr № 141 k, xx.xx.1999-cu il).xx.xx.2021-ci ildən hal-hazıradək işləyir. Azərbaycan Respublikası İcari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi X4 İnistutu tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli 25 №-li arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1991-ci il tarixindən (əmr № 81, xx.xx.1991) arayış verilən günə kimi Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli 163-də yerləşən Elmi -X8 X11 Şəxsdə tibb bacısı (orta tibb heyəti) vəzifəsində çalışır. İşlədiyi dövr ərzində İddiaçı mtütəmadi olaraq infeksion xəstələrlə təmasda olmuş, bu səbəbdən də əmək haqqına 15 % əlavə almışdır. Eyni zamanda əmək şəraitinin zərərli xarakterli olması ilə əlaqədar olaraq əmək məzuniyyətinin müddəti 6 gün artırılmışdır (əsas: ştat cədvəli, əmək haqqı cədvəli). Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarına əsasən təsdiq olunmuş Siyahının 19-cu bölməsinin “a” bəndində nəzərdə tutulmuşdur ki, vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərdə orta tibb heyəti üzvlərinin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ vardır.İddiaçı zərər stajı 30 il, 3 ay, 1 gün, ümumi əmək stajı isə 36 il, 3 ay, 18 gün təşkil edir. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********3 №li cavab məktubunda göstərilmişdir ki,“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27075,56 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.; b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır, lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. İddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır və işin mübahisələndirilməyən hallarındandır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 №li Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: 19-cu bölməsində Tibb və sosial təminat müəssisələri a) vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində: orta tibb heyəti: kiçik tibb heyəti Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox əmək şəraiti zərərli işlərdə işləmiş lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmiş və imtinanın əsası kimi iddiaçının yetərli məbləğdə pensiya kapitalına malik olmaması göstərilmişdir. Halbuki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir ki, iddiaçı həm ümumi, həm də güzəştli iş stajını xx.xx.2006-cı il tarixədək topladığı üçün qeyd olunan maddənin müddəaları ona tətbiq oluna bilməz. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərindən bəhs edən 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən lakin, bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət etdilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyən edilmiş müddətlərə təyin olunur. İddiaçının xx.xx.2006-cı il tarixədək xüsusi iş stajı 10 ildən, ümumi iş stajı isə 20 ildən artıq olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ 52 yaşının tamam olduğu gündən yarandığından və iddiaçının 52 yaşı xx.xx.2017-ci il tarixdə tamam olduğuna görə, həmin tarixdən ona pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********3 №li məktubdan müəyyən olunur ki, iddiaçı hazırki tələblə inzibati orqana ilk dəfə 23 dekabr 2021-ci il tarixdə müraciət etmişdir. Qanunvericliyin yuxarıda qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçıya təyin olunacaq pensiya 23 dekabr 2018-ci il tarixdən hesablanıb ona ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunacaq pensiyanın xx.xx.2018-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunacaq pensiyanın xx.xx.2018-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5914/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5914/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver