Məhkəmə qərarları › İş №2-1(112)-5915/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5915/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5915/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzilin dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzilin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhərində yerləşən sosial təyinatlı binalarda ev verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilməsi və ona verilmiş mənzilin Bakı şəhərində yerləşən digər mənzillə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (indi Sosial Xidmətlər Agentliyi) üzərinə mənzillə təmin olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə iddiası qismən təmin edilmişdir. Cavabdeh apellyasiya və kassasiya şikayətləri versə də, hər iki instansiya birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı qüvvədə saxlamışdır. İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, valideyn himayəsindən məhrum edilmiş, 2007-ci ildən Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşən 16 saylı (hazırda 12 saylı) internat məktəbini bitirmiş və uzun illərdir ki, Bakı şəhərində işləyir və yaşayır. Cavabdehə evlə təmin olunmaq tələbi ilə müraciət edərkən bu halın nəzərə alınmasını xahiş etmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhərində Hövsan,Yasamal, Qara Qarayev, Ramana, Neftçilər ərazisində sosial təyinatlı binalar inşa edilmişdir. Bakı şəhərində kifayət qədər sosial təyinatlı binaların olmasına baxmayaraq cavabdeh tərəfdən iddiaçıya Abşeron rayonu ərazisində (Bakı -Quba yolunun üstündə) 16 sentyabr 2021-ci il tarixində axşam saatlarında mənzil verilmişdir. İddiaçı bacısı ilə oraya taksi ilə getməli olmuşdur. Axşam olduğundan taksidə istiqaməti və uzaqlığı, mənzilin yerləşdiyi coğrafi ərazini dəqiq müəyyən edə bilməmişdir. Sosial Xidmətlər Agentliyinin əməkdaşı hətta binadakı mənzili ona göstərmədən qaranlıq vaxtı həyətdə mənzilin təhvil verilməsi aktına qol çəkdirmişdir. Aktdan da görünür ki, aktda Sosial Xidmətlər Agentliyinin iki əməkdaşının adı olsa da, yalnız bir əməkdaşı akta imza atmışdır. Növbəti gün gündüz vaxtı iddiaçı həmin mənzilin Bakı şəhərində işlədiyi əraziyə çox uzaq olduğunu, nəqliyyat xətlərindən çox uzaqda yerləşdiyini, ətrafda yaşayış üçün lazım olan infrastrukturun olmamasını görəndən sonra dərhal Sosial Xidmətlər Agentliyinə müraciət etmiş və iradlarını bildirmişdir. İddiaçı verilən mənzildən hər gün “Neftçilər” metrostansiyası ərazisinə kimi böyük məsafə qət etməli və qazandığı pulları yollarda xərcləməli olur. Həm maliyyə baxımından, həm də fiziki baxımından bu yaşayış yeri iddiaçıya sərf etmir. Hökumətdən heç bir maliyyə yardımı almır. Qazandığı pullar yol puluna sərf olunduğundan heç kommunal xərcləri ödəyə bilmir. Bütün bunları nəzərə alaraq və mənzilin Bakı şəhəri ərazisində yox, Abşeron rayonunda olduğunu nəzərə alaraq cavabdehə ərizə ilə müraciət edərək evin dəyişdirilməsini xahiş etmiş, lakin ərizəsinə heç bir cavab verilməmişdir. Aktda Sosial Xidmətlər Agentliyi Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s nömrəli sərəncamına istinad etsə də, Nazirlər Kabinetinin saytında belə bir sərəncam, ümumiyyətlə, yoxdur. Sosial Xidmətlər Agentliyi sözügedən mənzili ona məhkəmə aktı əsasında versə də, bu barədə aktda heç bir qeyd yoxdur. Nəzərə almaq lazımdır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı xx.xx.2021-ci ildə, yəni Sosial Xidmətlər Agentliyinin aktda istinad etdiyi “Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s nömrəli sərəncamı”ndan əvvəl qəbul edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə tərəfindən üzərinə qoyulmuş öhdəliyi icra etməmişdir. İddiaçı valideyn himayəsindən məhrum edilmiş uşaq kimi Bakıda boya-başa çatmış, dövlətin qayğısı ilə Bakıda oxumuş, ünsiyyət qurduğu insanlar, tanışlar, hətta iş yeri Bakı şəhəri ərazisindədir. Lakin bir ildən çox gedən məhkəmə çəkişməsindən sonra iddiaçını Abşeron rayonu ərazisində məskunlaşdırmaq və onu çıxılmaz vəziyyətə salmaq ədalətli yanaşma deyildir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddia qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. İddiaçı Abşeron rayonu, X2ndə 1 otaqlı mənzillə təmin olunmuşdur. Bu barədə tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır (əlavə olunur), bununla da vətəndaş mənzilə razılıq barədə iradə ifadəsini əks etdirmişdir. Əvvəllər valideyn himayəsindən məhrum olmuş məzunlara mənzilin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsi ilə, hal-hazırda isə Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s Sərəncamı ilə tənzimlənir. Belə ki, mənzil təminatı ilə bağlı mövcud qanunvericilikdə mənzil verilərkən hansı ərazi meyarları əsas tutulmamış, əsas prinsip vətəndaşın sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil təminatı məsələsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2021-ci il tarixdə iddiaçı və cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, iddiaçı Abşeron rayonu, X2ndə 33 saylı binada, 18 saylı 1 otaqlı mənzili təhvil aldığını və təhvil zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və inventarların təchizatında (mənzil tam təmirlidir, hamam və qovşaqlar üçün santexnik cihazlarla, elektrik və ya qaz plitəsi ilə təchiz edilmişdir) heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmadığını və vətəndaş ona püşkatma yolu ilə təqdim olunmuş mənzilin mərtəbəsindən, otaq sayından təmirindən razı olmasını imzası ilə təsdiq etmişdir. - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı ona verilmiş Abşeron rayonu X2 bina 33, mərtəbə 3-də yerləşən 18 saylı 1 otaqlı mənzilin Bakı şəhərinə daha yaxın ərazilərdə, Masazır, Ramana, Hövsan qəsəbələri ərazisində tikilən yaşayış komplekslərinin birində yerləşən mənzil ilə əvəz olunmasını xahiş etmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********0 saylı iddiaçıya ünvanlanmış məktubundan görünür ki, iddiaçıya verilmiş Abşeron rayonu X2, bina 33, mərtəbə 3-də yerləşən 18 saylı 1 otaqlı mənzilin Bakı şəhərində yerləşən başqa mənzillə dəyişdirilməsindən imtina edilmişdir. - Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-4875/2020 saylı işin materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək İddiaçı mənzillə təmin edilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 dekabr tarixli, 2-1(103)- 2210/2020 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-478/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1137/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-478/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və 11 avqust 2021-ci il tarixdə icra vərəqəsi verilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün lazımi şəraitin yaradılması, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, alverinin, uşaq əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və bu kimi digər məsələlər uşaq problemləri sahəsində dövlət siyasətinin əsas istiqamətlərini təşkil edir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi-aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinin tələbinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Həmin Qanunun 7-ci maddəsinin tələbinə görə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.20-ci maddəsində də eyni məzmunda qeyd olunur ki, “Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilir.” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş nizamnaməsinə əsasən müəssisə - etnik və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir (1.2.). Müəssisə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan, tabeliyindəki yaşayış evi olmaqla, Fondun vahid sisteminə daxildir (1.3). Müəssisə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlarının yaşaması üçün yaradılmışdır (2.1.).. Müəssisəyə valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin məzunları, onların öz istəkləri nəzərə alınmaqla, qəbul edilirlər (4.1). Azərbaycan Respublikasının Təhsil Nazirliyi uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları barədə siyahını hər tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (4.2.). Yaşayış sahəsinin verilməsi haqqında qərar qəbul edildikdə, Fondla məzun arasında yaşayış sahəsinin əvəzsiz istifadə müqaviləsi bağlanılır (4.6.). Müəssisədə hər bir mənzil bir məzun üçün nəzərdə tutulmuşdur (4.9.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s nömrəli sərəncamının 3.1-ci bəndinə əsasən bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin 9-cu sinfinin 2007-ci ildə məzunu olmuş iddiaçı barəsində Təhsil Nazirliyinin 2018-ci il 10 avqust tarixli məktubu cavabdeh orqana ünvanlansa da, iddiaçı mənzillə təmin edilməmiş, iddiaçının bu barədə çoxsaylı müraciətlərinə baxmayaraq cavabdeh inzibati orqan hərəkətsizlik göstərdiyindən iddiaçı 2020-ci il 04 iyun tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mənzillə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4875/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək iddiaçının mənzillə təmin edilməsi barədə müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 11 dekabr tarixli, 2-1(103)- 2210/2020 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-478/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1137/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və 11 avqust 2021-ci il tarixdə icra vərəqəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4875/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarının icrası ilə əlaqədar iddiaçı Abşeron rayonu, X2ndə 1 otaqlı mənzillə təmin olunmuşdur. Hazırda isə iddiaçı həmin mənzilin Bakı şəhəri ərazisindəki başqa mənzillə dəyişdirilməsini tələb edir. İddiaçı mənzili təhvil aldığını və təhvil zamanı mənzilin təmir işlərində, avadanlıq, qurğu və inventarların təchizatında (mənzil tam təmirlidir, hamam və qovşaqlar üçün santexnik cihazlarla, elektrik və ya qaz plitəsi ilə təchiz edilmişdir) heç bir nasazlıq və ya çatışmazlıq aşkar olunmadığını və ona püşkatma yolu ilə təqdim olunmuş mənzilin mərtəbəsindən, otaq sayından təmirindən razı olmasını imzası ilə təsdiq etmişdir. Beləliklə, işin araşdırılan hallarından göründüyü kimi iddiaçı mənzillə təmin olunduğu zaman heç bir irad bildirməmiş, ona qarşı hər-hansı məcburetmə halı baş verməmiş, mənzil və onun təchizatından razılığını öz imzası ilə təsdiq etmiş, yəni öz iradə ifadəsini bildirmişdir. Bundan əlavə məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini aldıgı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarında valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunlar üçün yaşayış sahəsinin verilməsini tənzimləyən müddəalarda ərazi meyarları nəzərdə tutulmamış, əsas prinsip həssas kateqoriyadan olan həmin şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Bundan başqa, müvafiq kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi zamanı onlarla yanaşı dövlətin maraq və imkanları da nəzərə alınmalıdır. Bu şəxslərin dövlət tərəfindən təmənnasız şəkildə harada yerləşməsindən asılı olmayaraq, mənzillə təmin edilməsi dövlətin sosial yönümlü olmasının, həmin şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin göstəricisidir. Ona görə məhkəmə hesab edir ki, müvafiq kateqoriyadan olan şəxslərin dövlət tərəfindən mənzillə təmin edilməsində əsas məhz onların heç bir maneəsiz dövlətin iqtisadi imkanları çərçivəsində yaşayış sahəsi ilə təmin edilməsidir ki, bu da iddiaçıya münasibətdə öz müsbət həllini tapmışdır. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməsindən imtinası cavabdeh inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı oldugundan («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı verilmiş mənzilin Bakı şəhərində yerləşən digər mənzillə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar