Məhkəmə qərarları › İş №2-1(112)-5915/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5915/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5915/2023 04.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əməlində inzibati xətanın tərkibinin olmadığının nəzərə alınaraq işin icraatına xitam verilməklə, cavabdeh tərəfindən onun barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli **********7741 №li qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidməti X3 üzrə Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********7741 №li qərarı ilə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunaraq barəsində 1000.00 manat məbləğində maliyyə sanskiyası tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərardan narazıdır. Belə ki, ilin əvvəlində kiçik sahibkarlıqla məşğul olur və vergi ödəyicisidir. İşlədiyi müddət ərzində dövlət vergilərini vaxtlı - vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən vergi nəzarəti aparılarkən kassa aparatı təmirdə olduğu üçün vurulmuş çekin təqdim olunmaması səbəbindən barəsində akt tərtib olunmuşdur. Həmin aktın araşdırılması zamanı bildirmişdir ki, kassa aparatı xarab olduğu üçün təmirə verilmiş və bu barədə akt tərtib olunmuşdur. Lakin cavabdeh tərəfindən kassa aparatı olmadığı dövrdə vurulacaq çeklərin qeyd olunması üçün qeydiyyat kitabçası təqdim edilməmişdir. O, ilk dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün bu barədə məlumatı olmamışdır. Cavabdeh tərəf həmin qeyd kitabçasını ona təqdim etməmişdir. Lakin buna baxmayaraq o, kassa olmadığı dövrdə apardığı əməliyyatların hamısını kompyuterdə olan proqram vasitəsilə qeydləri mütəmadi aparmışdır. Həmin qeydləri cavabdeh tərəfə təqdim edib vergidən yayınmaq niyyətində olmadığını sübut etməyə çalışsa da cavabdeh onunla razılşamayaraq, barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Kassa aparatını təmirə verdiyi zaman cavabdeh tərəfindən ona mütləq qaydada qeydiyyat aparılması üçün kitabça təqdim edilməli idi. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM-nin) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 2-1(112)-5915/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidməti X3 üzrə Baş İdarəsi ilə əvəz edilmiş və iddia ərizəsi və ona əlavə olunmuş, sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023-cü il tarixli **********316900 №li yazılı etirazda göstərilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********8211 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) ünvan 1 ünvanda yerləşən "X7" obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq, xx.xx.2022-ci il tarixli DVX seriyalı 001371 nömrəli "Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə" aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********935700 №li məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:54:28-də oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********7741 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********947700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16.06.45-də oxunduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində operativ vergi nəzarəti tədbiri zamanı kassasının xarab olduğunu, təmirə verdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:32-də İddiaçı məxsus "X7" kafesində müştəri tərəfindən 2 ədəd kapuçino üçün 11,80 manat ödəniş edilsə də ödəniş müqabilində NKAnın fiskal yaddaşına həmin məbləğ vurulmamış və çek müştəriyə təqdim edilməmişdir. Keçirilmiş OVN tədbiri zamanı məlum olmuşdur ki, NKA nasazdır və obyektdə NKA-nın işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabı olmadığı üçün həmin məbləği bərpa etmək mümkün olmamışdır. Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydalan”nın 2.3.3-cü bəndinə görə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş NKA çekini çap etməyə imkan verən müvafiq çap qurğusu ilə təchiz edilən NKA əhali ilə hesablaşmaların aparılmasında istifadə edilə bilər. Həmin Qaydaların 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsi kimi təsbit edilmişdir. Həmçinin, Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları nın 5.37-ci bəndinə görə satılan malın pulu ödənilərkən, istehlakçıya malın satıldığını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş qəbz, kassa çeki və ya digər yazılı sənəd verilməlidir. Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 5-ci bəndinə əsasən NKA işləmədikdə aşağıdakı tədbirlər həyata keçirilməlidir: 5.1. İstismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir. 5.2. NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. 5.3. Proqram kassasında, habelə proqram kassası və nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda, aşağıdakı tədbirlər həyata keçirilir: 5.3.1. Operator NKA-nı dərhal ehtiyat NKA ilə əvəz edir və nasaz NKA təmirə aparılan zaman Operator və İstifadəçi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin edir; 5.3.2. təmirə göndərilmiş NKA-nın əvəzinə ehtiyat NKA-nın quraşdırılması üçün Operator portaldan Nazirliyə müraciət edir. Nəzarət mexanizmi qurğusunun əvəz edilmiş NKA-ya quraşdırılması üçürı Nazirlik tərəfindən Operatora müvəqqəti sertifikat göndərilir. Operator sertifikatı müvəqqəti nəzarət mexanizmi qurğusuna yükləyərək aktla birlikdə İstifadəçiyə təqdim edir; 5.3.3. nasaz NKA-nın təmiri mümkün olmadıqda, Operator öz seçimindən asılı olaraq ehtiyat NKA-nı istifadə edə və ya onu yeni NKA ilə əvəz edə bilər. Ehtiyat NKA-nın istifadəsinə davam etdikdə, ehtiyat NKA-ya verilmiş müvəqqəti sertifikatın daimi sertifikata çevrilməsi üçün Operator tərəfindən Nazirliyə portal üzərindən müraciət göndərilir; 5.3.4. nasaz NKA təmir edildikdən sonra Operator tərəfindən vergi ödəyicisinə geri qaytarılır. Ehtiyat NKA-ya quraşdırılmış nəzarət mexanizmi qurğusunda olan məlumatlar Nazirliyə ötürülür. Ehtiyat NKA-nın təmirdən qayıtmış NKA ilə əvəz edilməsi ilə bağlı proseslər aktla rəsmiləşdirilir və bu barədə Nazirliyə məlumat verilir. 5.4. Nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı bu Qaydaların 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda Operatora təqdim edilir və Operator tərəfindən yoxlanılması üçün Nazirliyə təqdim edilir. Nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyatların aparılıb- aparılmaması Nazirlik tərəfindən yoxlanılır. 5.5. Nəzarət mexanizmi qurğusu yararsız hala düşdükdə yenisi ilə əvəz edilir. Həmin Qərarın 7.2.25-ci bəndinə əsasən İstifadəçini Operatorun imzası və möhürü ilə təsdiq edilməklə texniki xidmət jurnalı və NKA-nın nasaz olduğu dövrdə aparılan əməliyyatların uçotu kitabı ilə təmin etmək operatorun vəzifəsidir. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 16.1.9-cu maddəsinə görə nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində və təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş inzibati aktın rəsmi qaydada təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.

İşin halları.

İş materiallarında olan; iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan müəyyən olunur ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. "xxxx" MMC və İddiaçı iştirakları ilə xx.xx.2022-ci il tarixdə tərtib olunmuş və imzalanmış TPS575/320 saylı NKA-nın təhvil-təslim haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus NKA (C1C0-2199) "xxxx" MMC tərəfindən təmir üçün təhvil alınmışdır. Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********188211 №li xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı məxsus olan obyektdə Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev 16/18, ünvanında “X7” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin vergi xidməti müşaviri X4 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”da yoxlamanın müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, təyin edilməsi üçün əsas kimi isə Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi ilə müəyyən olunmuş vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə olunan məlumatlar göstərilmişdir. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 001371 №-li, xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, Səbail rayonu, Zeynalabdin Tağıyev 16/18 ünvanda yerləşən “X7” kafesində İddiaçı iştirakı olmadan əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən “X7” kafesində C1C0320A00202199 zavod №-li TPS 320 Smart POS markalı, nəzarət kassa aparatı Bakı şəhər X3 üzrə Baş İdarəsinin 30 iyun 2022-ci il tarixli **********2 №-li qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. “X7” kafesində əhali ilə hesablaşmalarının aparılmasında NKA quraşdırılıb. xx.xx.2022-ci il tarixdə saat 18:32-də İddiaçı məxsus “X7” kafesində müştəri tərəfindən 2 ədəd “Kapiçino” üçün 11 (on bir) manat ödənilmiş, lakin ödənişin müqabilində NKA-nın fiksal yaddaşına həmin həmin məbləğ vurulmamışdır. Obyektdə NKA-nın işləmədiyi dövürdə aparılmış əməliyyatların uçotu kitabı olmadığı üçün həmin məbləği bərpa etmək mümkün olmadı. İddiaçı obyektdə olmaması səbəbindən qərar, çıxarışla və tərtib edilmiş aktla tanış olması, aktın bir nüsxəsini götürməsi mümkün olmamışdır. Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7741 nömrəli Qərarından görünür ki, qeyd olunan qərarla İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********7742 №-li Tələbnamədən görünür ki, İddiaçı büdcəyə ödənilməli olan 1000 (bir min) manat vəsaitin xx.xx.2022-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE******************** № hesabına ödənilməsi tələb olunmuşdur. Məhkəmə araşdırması zamanı şahid qismində iştirak etmiş Bakı şəhəri X3 üzrə Baş İdarəsinin əməkdaşı X4 ifadəsində göstərmişdir ki, Baş İdarənin xx.xx.2022-ci il tarixli **********8211 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2022-ci il tarixdə fiziki şəxs İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən "X7" obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Belə ki, müştəri tərəfindən alınmış 2 ədəd 11,8 manatlıq məhsul (kapuçino) üçün pul ödənildikdən sonra NKA-ya vurulmadığı müəyyən edilmişdir. Yoxlamad iştirak etmiş şəxs kassa aparatında texniki nasazlıq olduğu üçün təmirdə olduğunu və buna görə də əməliyyatların gedişatını öz kompyuterlərində qeyd olunduğunu bildirmişdir.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 15.1.15. Bu Məcəllənin 16.1.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. 16.1.9. Lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 50.1.3. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını əhatə edən vergi nəzarəti formasıdır. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;

Məhkəmənin mövqeyi.

Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarəti keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi, nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmış malların siyahıya alınmaı VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi qanunvericlik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. Əvvəla qeyd olunmalıdır ki, cavabdeh ona verilmiş səlahiyyətlər çərçivəsində İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev 16/18, ünvanında yerləşən obyektdə əhaki ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarəti təyin etmişdir. Vergi münasibətlərini tənzimləyən qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından məlum olur ki, “nağd pul hesablaşmaları” dedikdə malların təqdim edilməsinin, işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin nağ pul ödəmələri hesabına aparılması başa düşülür. Qeyd olunmalıdır ki, VM-də bitmiş siyahısı müəyyən edilən fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmaları yalnız nəzarət-kassa aparatları vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və ya ciddi hesab blanklarında qanunvericilikdə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicilərinin əsas vəzifələrindən biri hesab edilir. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması dedikdə nəzarətkassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericilikdə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmaların aparılması, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması başa düşülür. Göstərilən əməllər vergi nəzarətinin təşkili ilə bağlı qaydalara qəsd edir. Əməlin obyektiv cəhətini nağd pul hesablaşmalarının aparılması qaydalarının yuxarıda sadalanan pozuntularında özünü göstərir.Pozuntunun subyekti nağd pul hesablaşmaları aparan fiziki və hüquqi şəxslər, subyektiv cəhəti isə qəsd və ya ehtiyatsızlıq formasında özünü göstərən təqsirdir. Bu cür pozuntulara görə VM-də maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi səbəbindən çekin təqdim edilməməsi təşkil edir. Nəzərə alınmalıdır ki, bununla bağlı pozuntuya yol verdikdə, qanunvericilik vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsini şərtləndirmişdir. Vegi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. İş materiallarından göründüyü kimi, iddiaçının fəaliyyət göstərdiyi obyekdə keçirilmiş operativ vergi nəzarətinin nəticələri xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirildiyi halda, yoxlamanın materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb olunması (maliyyə sanksiyasının tətbiq olunması) haqqında qərar qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülməklə (1 (bir) ay 3 (üç) gün sonra) yəni məsuliyyətə cəlb etmə müddəti bitdikdən sonra xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 54.0-cü maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh bunu sübuta yetirməmişdir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7741 №li qərarı ləğv edilməlidir. İPM-nin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Bakı şəhəri X3 üzrə Baş İdarəsinin İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7741 №li qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar