Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5917/2020 21.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan RespublikasınınTəhsil Nazirliyinə qarşı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə (bundan sonra Təhsil Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun diplomunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2015-ci il tarixdə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin iqtisadiyyat fakültəsinin 2-ci kursuna köçürülmüşdür. Həmin ildə iddiaçıya unuversitetin tələbə bileti, qiymət kitabçası və “forma 10” arayışı verilmişdir ki, bununla da o, hərbi xidmətdən möhlət hüququ əldə edərək, Elm vəTəhsi Mərkəzi “Təfəkkür” Universitetində əyani təhsil almışdır. Ali təhsilinin qalan hissəsini Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində almağına, təhsil haqqını vaxtlıvaxtında ödəməyinə, imtahanları müvəffəqiyyətlə başa vuraraq universiteti 2018-ci ildə uğurla bitirməyinə baxmayaraq hazırkı tarixədək ona bakalavr diplomu verilməmişdir. İddiaçı xx.xx.2020 tarixdə Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, Təhsil Nazirliyinin xx.xx.2020 tarixli İ-7367/1124 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında və “Tələbə-Məzun” dövlət elektron məlumat sistemində onun hər hansı ali və ya orta ixtisas təhsili alması barədə məlumat aşkar edilməmişdir. Halbuki, iddiaçı dörd il ərzində həmin universitetdə təhsil almış, dərslərdə iştirak etmiş, imtahanlardan məqbul qiymət almış, təhsil haqqı ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edilir ki, iddiaçının hüquqları pozulur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Təhsil Nazirliyinə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş,zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 21 sentyabr2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2013-cü il tarixdə ASAN 2-2 tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuşdur. - Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən 2015-ci ildə iddiaçıya verilmiş tələbə biletinin surətindən görünür ki, İddiaçı 2015-ci ildə həmin universitetin iqtisadiyyat fakültəsinə (ixtisas – maliyyə) köçürülmüşdür. - 2015-ci ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən verilmiş qiymət kitabçasının surətindən aydın olur ki, həmin kitabça İddiaçı adına açılmışdır. - Elm və Təhsi Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən verilmiş arayışların surətlərindən müəyyən olunur ki, 2-ci, 3-cü və 4-cü kursların təhsil haqları İddiaçı tərəfindən Universitetin hesabına ödənilmişdir. - Elm və Təhsi Mərkəzi “Təfəkkür” Universitetindən məhkəməyə daxil olmuş 3-58 nömrəli, xx.xx.2020-ci il tarixli məktubda məhkəmənin 07 sentyabr 2020-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixli 04 saylı əmrlə Rusiya Federasiyasının “Maliyyə və hüquq” İnstitutunun “İqtisadiyyat” ixtisasından Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Maliyyə” ixtisası üzrə əyani şöbənin İİ kursuna köçürülmüşdür. İddiaçı 2018-ci ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin İV kurs əyani şöbəsini bitirmişdir. Oxuduğu müddətdə təhsil haqqını tam ödəmiş və heç bir akademik borcu olmamışdır. Universitetin keçmiş rəhbərliyi tərəfindən İddiaçı Təhsil Nazirliyinin 1996-cı ildə təsdiq etdiyi və Ədliyyə Nazirliyində qeydə alınmış əsasnamənin tələbləri gözlənilməklə universitetin tələbələri sırasına daxil edilmişdir. Lakin, İddiaçı köçürüldüyü vaxt Təhsil Nazirliyinin razılıq məktubunun olmaması səbəbindən diplom ala bilməmişdir. Məktuba əlavə edilmiş Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli İ-7367/11-24 saylı məktubu ilə əlaqədar olaraq isə bildirilir ki, nazirliyin universitetin fəaliyyətinin qanunsuz sayılması tələbinə dair iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və məhkəmənin 15 mart 2019-cu il tarixli 2-2(82)-267/2019 saylı qətnaməsində müəyyən edilmişdir ki, iddianın digər, yəni “Universitetin fəaliyyətinin qanunsuz sayılması” hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, buna hazırda heç bir əsas olmadığından iddia həmin hissədə əsassızdır və rədd edilməlidir. Nəzərə alınmalıdır ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti müvafiq qaydada qeydiyyatdan keçmiş və icazə (lisenziya) almış təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdir. Məhkəmənin bu qərarı bütün məhkəmə instansiyalarında,o cümlədən Təhsil Nazirliyinin məktubunda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 03 dekabr 2019-cu il tarixli qərarında da universitetin fəaliyyətinin qanunvericiliyə uyğun olması öz təsdiqini tapmışdır. Qeyd olunanlar nəzərə alınaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı və Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, 01-11-522/15 saylı təlimatı məktubu nəzərə alınaraq İddiaçı diplom verilməsi məqsədəmüvafiq hesab edilir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, İ-7367/11-24 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən fəaliyyəti qanunsuz hesab edilmiş Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında və “Tələbə-Məzun" dövlət elektron məlumat sistemində onun hər hansı ali və ya orta ixtisas təhsili müəssisəsində təhsil alması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvələn, işin faktiki hallarından məlum olur ki, İddiaçı Rusiya Federasiyasının “Maliyyə və hüquq” İnstitutuna qəbul olunmuş, 2015-ci ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 04 saylı, xx.xx.2015-ci il tarixli əmrinə əsasən həmin universitetə köçürülmüş, adıçəkilən ali təhsil müəssisəsi ilə iddiaçı arasında təhsil alma haqqında müqavilə bağlanılmış, adına qiymət kitabçası açılmış, iddiaçı tərəfindən universitetin hesabına təhsil haqqı tam olaraq ödənilmiş, heç bir akademik borcu olmamış və 2018-ci ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin tam kursunu “maliyyə” ixtisası üzrə bitirmiş, lakin bu barədə adına bakalavr diplomu verilməmişdir. İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini bitirməsinə və “maliyyə” ixtisasına yiyələnməsinə dair adına dövlət nümunəli bakalavr diplomunun verilməsi barədə ərizə ilə Təhsil Nazirliyinə müraciət etmiş, lakin xahişi təmin edilməmiş, bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. İddiaçının Rusiya Federasiyasının “Maliyyə və hüquq” İnstitutundan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürüldüyü tarixdə müvafiq münasibətləri tənzimləyən xx.xx.1996-cı il tarixli “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric ediməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin 1.1.1-ci hissəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinin tələbərlərinin istənilən təhsil forması üzrə bir məktəbdən digər məktəbə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. Başqa sözlə, hazırkı işə münasibətdə iddiaçının Rusiya Federasiyasının “Maliyyə və hüquq” İnstitutundan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməsi ilə əlaqədar yalnız köçürülmənin aparıldığı təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı kifayət edir. İş materiallarında olan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 34 nömrəli “forma 10” arayışının surətindən də müəyyən edilir ki, 1997-ci il təvəllüdlü İddiaçı 2015-ci ildə Elm vəTəhsi Mərkəzi “Təfəkkür” Universitetinə köçürülmüşdür. Həmin universitetdə 2-ci kursdan etibarən təhsil almağa başlamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları” isə iddiaçının Rusiya Federasiyasının “Maliyyə və hüquq” İnstitutundan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürüldüyü tarixdə, yəni 2015-ci ildə qüvvədə olmadığından sözügedən münasibətlərə şamil edilə bilməz. Başqa sözlə, hazırkı işə münasibətdə iddiaçının Rusiya Federasiyasının “Maliyyə və hüquq” İnstitutundan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə köçürülməsi ilə əlaqədar Təhsil Nazirliyinin razılıq məktubunun olması tələb edilmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən iddiaçının Rusiya Federasiyasının “Maliyyə və hüquq” İnstitutundan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni əsaslarla köçürülməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, ali təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələrini və onların verilməsi qaydasını tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 2.1-ci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində aşağıdakı növ diplomlar müəyyənləşdirilir: bakalavr diplomu (adi və fərqlənmə); ali təhsil müəssisələrinin magistr diplomu (adi və fərqlənmə); Azərbaycan Milli Elmlər Akademiyasının magistr diplomu (adi və fərqlənmə). 2.2. Bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. 2.3. Bakalavr diplomunun təsviri: diplom 15x21 sm ölçüdə kitabça şəklində çap olunur. Ali təhsil müəssisəsini fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rənglidir. Diplomun üz qabığı dermantin materialdan hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə “BAKALAVR DİPLOMU” sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan və bakalavr diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASİ” və “BAKALAVR DİPLOMU” sözləri, sol səhifənin yuxarı hissəsində “BAKALAVR DİPLOMU ALİ TƏHSİL HAQQİNDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, diplomun seriyası və nömrəsi yazılır. Sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra səhifələrdə mətn bakalavr diplomunun nümunəsində göstərilən formada yerləşdirilir. 2.5. Nömrələnmə A №000001-dən başlayaraq, hər dəfə bir say artırmaqla aparılır. Altırəqəmli nömrələnmə son həddə çatdıqdan sonra № işarəsində əvvəlki hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır. Qaydaların 3.1. hissəsinə görə ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra-diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. 3.2. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEAna (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. 3.3. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır. 3.4. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar. 3.5. Diplom blanklarının alınması və istifadəsi barədə məlumatlar ali təhsil müəssisələrində və AMEA-da saxlanılan xüsusi qeydiyyat kitablarında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ali təhsil müəssisələrinin rəhbərləri və AMEAnın prezidenti tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan diplom blanklarının qeydiyyatı aparılır. 4.3. Diplomun və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır. Qaydaların 4.4. hissəsində qeyd edilmişdir ki, ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. 4.4-1. Ali təhsil müəssisəsinin, AMEA-nın yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir. Hazırki işin faktiki hallarından məlum olur ki, İddiaçı 2018-ci ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin İV kurs əyani şöbəsini bitirmiş, lakin adına dövlət nümunəli diplom və onun əlavəsi verilməmişdir. İş materiallarında olan məhkəmə qərarlarının surətlərindən də müəyyən edilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 yanvar 2017-ci il tarixli 16 nömrəli əmri ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyəti dayandırılmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-267/2019 saylı, 15 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “cavabdehin fəaliyyətinin qanunsuz sayılması və əmrin icrasının cavabdehə həvalə edilməsi barədə” iddiası qismən təmin edilmiş, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin “tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsinin təşkili üzrə işçi qrupunun yaradılması barədə" 12 yanvar 2017-ci il tarixli 16 nömrəli əmrinin icra edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Mərkəzi ‘‘Təfəkkür" Universitetinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmiş, həmin qətnamədən iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2-2(103)-456/2019 saylı qətnaməsi ilə, həmçinin, sonuncu qeyd edilmiş qətnamədən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 2(102)-497/2020 nömrəli qərarı ilə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın 4.4. hissəsinin tələblərinə uyğun olaraq həll edilməlidir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə görə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmipedaqoji kadrlar hazırlığı üç səviyyəlidir: 22.2.1. bakalavriat (əsas (baza ali) tibb təhsili); 22.2.2. magistratura (rezidentura); 22.2.3. doktorantura (adyunktura). 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan Hüquqlarının və X1 haqqında” Konvensiyaya dair Protokolun 2-ci maddəsinə görə heç bir şəxsin təhsil hüququndan imtina edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı adına fəaliyyəti dayandırılmış (ləğv edilmiş) Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “iqtisadiyyat” fakültəsini “maliyyə” ixtisası üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq münasibətləri tənzimləyən qanunvericilik normalarının tələblərinə uyğun olaraq verilməsi barədə cavabdeh Təhsil Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adına fəaliyyəti dayandırılmış (ləğv edilmiş) Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “iqtisadiyyat” fakültəsini “maliyyə” ixtisası üzrə bitirdiyi üçün dövlət nümunəli diplomun və onun əlavəsinin müvafiq münasibətləri tənzimləyən qanunvericilik normalarının tələblərinə uyğun olaraq verilməsi öhdəliyi cavabdeh Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-5917/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5917/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver