Məhkəmə qərarları › İş №2-1(112)-5917/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5917/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5917/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X24 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə X4 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatlarının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1999-cu ildə onun tərəfindən alınmış və Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 17.12.1999-cu il tarixli, FM seriyalı, 001980 nömrəli Qeydiyyat Vəsiqəsi əsasında onun mülkiyyətindədir. Hal-hazırda da, həyat yoldaşı və dörd övladı ilə birlikdə həmin evdə yaşayır. 2011-ci ildə qardaşı X10 müəyyən səbəblərdən əvvəllər qeydiyyatda olduğu mənzildən pasport qeydiyyatından çıxmalı olduğundan, müvəqqəti olaraq ona məxsus yuxarıda qeyd olunan ünvandakı fərdi yaşayış evinə pasport qeydiyyatına düşməsi üçün icazə verməsini xahiş etmişdir. O, da ona etiraz etməyərək evinə pasport qeydiyyatına aldırmışdır. Lakin, buna baxmayaraq qardaşı Vüqar Əlizadə ona məxsus evdə heç zaman yaşamamış, onun evinə olan pasport qeydiyyatı yalnız formal xarakterli olmuşdur. Qeyd olunan ünvandakı evində bəzi kommunal xidmətlərin (su və məişət tullantıları) haqqı mənzildə qeydiyyatda olan şəxslərin sayına əsasən hesablandığından və son zamanlar kommunal xidmətlərin qiymətlərində baş vermiş kəskin artımlar səbəbindən evində formal olaraq pasport qeydiyyatında qalmış X4 da, adına evinə əlavə xərclər hesablandığından və onun da həmin xərcləri ödəmək məcburiyyətində qaldığından qardaşına dəfələrlə qeydiyyatdan könüllü olaraq çıxmasını xahiş etsə də, o bu tələblərinə biganə yanaşır. Nəticədə, yenə də, lüzumsuz olaraq kommunal xidmət təşkilatlarına əlavə pul ödəməli olur. Hesab edir ki, X10 onun ailə üzvü olmadığından və ona məxsus yuxarıda qeyd olunan fərdi yaşayış evində formal olaraq pasport qeydiyyatına qaldığından onun xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyatı ləğv olunmalıdır. Bu məqsədlə, tərəfindən Binəqədi rayon Polis İdarəsinə müraciət olunaraq X4 ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatının formal xarakterli olduğundan ləğv edilməsi xahiş edilmişdir. Sözügedən müraciətinə Binəqədi rayon Polis İdarəsi tərəfindən 15.04.2021-ci il tarixli məktubla cavab verilərək, müraciətinin təmin olunmasının onların səlahiyyətində olmadığı bildirilmiş, həmçinin qeyd olunan faktla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməyi ona tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, ona məxsus fərdi yaşayış evindən hazırki mübahisə üzrə 3-cü şəxsin yaşayış yeri və olduğu yeri üzrə qeydiyyatının ləğv edilməsi öhdəliyinin icrasının cavabdehə həvalə olunmasına dair məhkəmə qərarı çıxarılmalıdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X4 Bakı şəhəri, Binəqədi rayonu, Rəsul-zadə qəsəbəsi, A.Ağayev küçəsi, ev 34 B-nin A hissəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə 20.09.2021-ci il tarixli, 059-34504-1221 nömrəli məktub ünvanlayaraq iş üzrə şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirmədən qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, ünvan 1 ünvanında xx.xx.1981-ci il təvəllüdlü İddiaçı, 30.09.2011-ci il təvəllüdlü X9, 14.08.1972-ci il təvəllüdlü X10, 24.05.2015-ci il təvəllüdlü X5 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 15.04.2021-ci il tarixli, 059-12618C nömrəli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbərinə əsasən X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. İşdə olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 001980 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, X7 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Ağayev küçəsi 3 (üç) otaq, 48.7 kv.m yaşayış sahəsi, 70.2 kv.m ümumi sahəsi olan 34 “b” saylı fərdi yaşayış evinin “A” tikilisi, 2 (iki) yataq otağı, 31.2 kv.m, köməkçi sahəsi 6.4 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyətçisidir. İşdə olan Səadət Sarayı tərəfindən verilmiş AZ-İİ seriyalı, 013632 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X8 17.10.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada “Cəlilova” soyadı verilmişdir. İşdə olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 034 nömrəli, 01.04.2021-ci il tarixli “Forma 2” arayışının surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi Cəlilova (Namazova) Aynurə Vahid qızına məxsusdur. Qeyd olunan ünvanda daimi pasport qeydiyyatında olan digər şəxslər - 2011-ci il təvəllüdlü X9 (2014-cü il tarixdən etibarən), 1972-ci il təvəllüdlü X10 (2014-cü il tarixdən etibarən) və 20115-ci il təvəllüdlü X2r (2015-ci il tarixdən etibarən). İşdə olan notarial qaydada təsdiq edilmiş X15, X12 və X13 tərəfindən verilmiş **********521 nömrəli ərizədən görünür ki, X10, ünvan 1 ünvanında Namazova (Cəlilova) Aynurə Vahid qızına məxsus olan evin ona aid olan hissəsində qeydiyyatda olmasına baxmayaraq, həmin ünvanda yaşamamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, ünvan 6 ünvanında yerləşən, 3 otaqlı, 48.7 kv.m yaşayış sahəsi, 70.2 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin “A” tikilisi Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 001980 nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının xüsusi mülkiyyətindədir. 3-cü şəxs qeyd edilən mənzildə 2014-cü ildən qeydiyyada olmaqla yaşamamasına və onun həmin mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, mübahisəli mənzildə yaşayış yeri üzrə formal qeydiyyatda qalmaqda davam etməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda X4 mübahisəli fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, onun mübahisəli ünvanda yaşamaması işin halları ilə müəyyən edildiyindən, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə X4 mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X4 ünvan 2-nin “A” hissəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar