Məhkəmə qərarları › İş №2-1(112)-5917/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5917/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5917/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 2 dekabr 2021-ci il tarixli, 01/72 nömrəli arayışında xx.xx.1990-xx.xx.2003cü il və xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində 2 nömrəli Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASCdə çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (15 il 12 gün (xx.xx.1979-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı 12 il 6 aydan az (4 il 4 ay (xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23316,72 manat təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil almışdır. xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə qədər və xx.xx.1986-cı ildən xx.xx.1990-cı illər arasında Rusiya Federasiyasında müxtəlif işlərdə işləmişdir. xx.xx.1984cü ildən xx.xx.1986-cı ilə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1990-cu ildə “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə iş icraçısı vəzifəsinə, xx.xx.2003-cü il tarixdə sex rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-nin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 14-cü dərəcəli sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı 12 il, 06 ay, 03 gün təşkil edir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşdə olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus ЛВ seriyalı, 020076 nömrəli diplomun, НЗ seriyalı ******* nömrəli hərbi biletin və AT-İV seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1979-cu ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi ixtisasına daxil olmuş və xx.xx.1984-cü ildə həmin ixtisas üzrə tam kursu bitirdiyindən ona hidrotexnika-mühəndis ixtisası verilmişdir. İddiaçı xx.xx.1984-xx.xx.1984-cü illərdə Saflaşdırma fabrikində operator işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra iddiaçı xx.xx.1986-xx.xx.1990-cı illərdə yenidən Saflaşdırma fabrikində işləmiş, xx.xx.1990-cı ildə “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdə iş icraçısı vəzifəsinə, xx.xx.2003-cü il tarixdə sex rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 nömrəli Fərmanına görə Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrəli sərəncamı ilə «Xəzərdənizneftsosialtikinti» tresti və onun struuktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İddiaçı xx.xx.2003-cü il tarixdə "xxxx" ASC 2 saylı Tikinti Quraşdırma İdarəsinə 14-cü dərəcəli sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə “Tikinti materialları və konstruksiyaları istehsalı” sahəsinin sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" ASC-nin “Tikinti materialları və konstruksiyaları istehsalı” sahəsinin sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra–AR ƏM) 70-ci maddəsinin “b” bəndinə əsasən müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə Nizami rayon Məşğulluq Mərkəzi tərəfindən işsizlik statusu verilərək müavinət təyin edilmiş, xx.xx.2006-cı il tarixdə müavinətin ödənişi başa çatmışdır. xx.xx.2006-cı il tarixdə 257 saylı Təmir-Tikinti İdarəsinin iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2009-cu il tarixdə "xxxx" MMC-nin iş icraçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə AR ƏM-in 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci il tarixdə "xxxx" MMM Müəssisəsinin iş icraçısı vəzifəsinə təyin olunmuş, xx.xx.2013-cü il tarixdə AR ƏM-in 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2013-cü il tarixdə “X1” MMCnin təchizat şöbəsinə iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cüil tarixdə AR ƏM-in 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-nin əsaslı tikinti sahəsində iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci il tarixdə AR ƏM-in 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə AR ƏM-in 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2016-cı il tarixdə "xxxx" MMCyə iş icraçısı vəzifəsinə qəbul edilmiş, AR ƏM-in 69-cu maddəsinə (öz xahişi ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə gözətçi vəzifəsinə işə qəbul edilmiş, AR ƏM-in 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə Sahə rəisi vəzifəsinə işəq əbul edilmiş, xx.xx.2019-cu il tarixdə AR ƏM-in 68.2 “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-yə Sahə rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə AR ƏM-in 68.2 “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə Çinar-R” MMC-yə İnşaat mühəndisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə AR ƏM-in 68.2 “a” bəndinə (öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Həmçinin ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İstinad edilən normalara əsasən iddiaçının hərbi xidmət, ali təhsil dövrü və əmək kitabçasındakı qeydləri nəzərə alındıqda aydın olur ki, onun xx.xx.2006-cı il tarixə 25 il 11 ay 11 gün ümumi iş stajı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının 1995-ci ildən sonra olan dövrdəki stajını qəbul etməmiş, bu zaman Mərkəzi Filialın aidiyyəti mütəxəssislərinin "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olaraq müəssisənin xx.xx.1995-ci il tarixindən sonra fəaliyyətdə olmadığını müəyyən etməsinə istinad etmişdir. Belə ki, işdə olan cavabdehin və "xxxx" ASC-nin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, müəssisənin 1995-ci ildən sonra fəaliyyəti olmamışdır. Məsələnin araşdırılması məqsədilə "xxxx" ASC-yə verilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda müəssisənin 1995-ci ildən sonra fəaliyyət göstərməsi ilə əlaqədar göstərilmişdir ki, müəssisə həmin dövrdə ARDNŞnin tərkibində olmuş və 2003-cü ildə Səhmdar Cəmiyyətə çevrilmişdir. Müəssisənin fəaliyyət göstərməsini təsdiq edən sənədlərin alınması üçün Vergi orqanlarına müraciət edilə bilər. Həmçinin obyektiv səbəbdən 1990-cı-2010-ci illərə aid mühasibat sənədləri saxlanılmamışdır. Eyni zamanda "xxxx" ASC məhkəməyə ünavnlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, "Xəzərdənizneftsosialtikinti" tresti "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin və Neft və X2 Həmkarlar İttifafaqı Respublika Komitəsinin 15 yanvar 1990-cı il tarixli 12/35-10d saylı Əmr-Qərarına əsasən yaradılmışdır. Yaradıldığı gündən bu günə kimi hüquqi şəxs kim bir gün də olsun fəaliyyətini dayandırmamışdır. “Xətai Tikinti Mexanizasiya" Açıq Səhmdar Cəmiyyəti 31 mart 2003-cü ildə “Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında yaradılmışdır. Müəssisə Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində 5 mərtəbəli, 12 bloklu yaşayış binası, Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu küçəsində 5 mərtəbəli, 10 bloklu yaşayış binası, Qaraçuxur qəsəbəsi, T.Fətəliyev küçəsində 5 mərtəbəli yaşayış binası, Bakı şəhəri, Nizamk rayonu, T.Abbasov küçəsində 5 mərtəbəli, 5 bloklu yaşayış binası, bakı şəhəri, bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində 5 mərtəbəli 4 bloklu yaşayış binası, Bakı şəhəri, Xətai rayonu, yaşayış binası, Pirşağı qəsəbəsində poliklinika və sair tikinti işlərinin həyata keçirmişdir. Həmin işləri təsdiq edən sənədlər çox böyük həcmdədir və onların təqdim edilməsi çox böyük çətinlik törədir. Müəssisə iri vergi ödəyicisi kimi bu gün də fəaliyyətini davam etdirir. Həmçinin müəssisənin xx.xx.1995-ci ildən sonra fəaliyyət göstərməsinə ARDNŞ və Vergi orqanları tərəfindən dəqiq cavab verilə bilər. Məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlamış sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Mərkəzi Arxivdə “Xəzərdənizneftsosialtikinti” trestinin arxiv sənədləri saxlanılmadığından vətəndaş İddiaçı işləməsi barədə hər hansı bir sənədin təqdim olunması imkan xaricindədir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) xx.xx.2003-cü il tarixli 25 nömrəli əmrinə və Azərbaycan Respublikası Prezidentinin “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli 844 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 92 nömrəli Sərəncamına əsasən ARDNŞ-nin tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 18 ünvanında yerləşən “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında struktur bölmələri daxil edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “Xəzərdənizneftsosialtikinti” trestinin arxiv sənədlərinin Mərkəzi Arxivə təhvil verilmədiyini nəzərə alıb aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilə bilər. Göründüyü kimi, müəssisə 1995-ci ildən etibarən fəaliyyət göstərdiyini bildirmiş, görülmüş işlərlə bağlı məlumat vermişdir. İş materiallarından da görünür ki, İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2003-cü il tarixli 92 nömrəli Sərəncamına əsasən ARDNŞ-nin tabeliyində olmuş Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 18 ünvanında yerləşən “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında struktur bölmələri daxil edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, müəssisənin nizamnaməsi xx.xx.2005-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qeydə alınmışdır. Eyni zamanda işdə olan 1651/3-285 saylı xx.xx.2003-cü il tarixli 1 saylı Yerli İqtisad Məhkəməsinin qətnaməsindən görünür ki, “Xəzərdənizneftsosialtikinti” tresti cavabdehlər Sabunçu rayon İcra Hakimiyyətinə və Sabunçu rayonu Pirşağı qəsəbə İcra Nümayəndəliyinə qarşı iddia qaldıraraq 1990-cı ilin iyul ayında Pirşağı qəsəbə Sovetliyi ilə trestin 2 saylı TQİ arasında 70 yerlik ambulatoriyanın tikintisi haqqında müqavilə bağlandığı, obyektin tikintisinə başlandığı, obyektin 2 saylı TQİ tərəfindən 2000-ci ilin may ayında təhvil verildiyi, obyektdə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin əlavə dəyər vergisi ilə birlikdə ümumi məbləğinin xx.xx.2000-ci ildə aparılmış üzləşdirmə aktına əsasən ********** manat təşkil etdiyi bildirilməklə, həmin məbləğdə borcun cavabdehlərdən tutulması xahiş olunmuşdur. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 7k-323 saylı xx.xx.2005-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, “...həmin müqaviləyə görə inşaat işi xx.xx.1999-cu ildə başlamalı, 31 may 2000-ci ildə başa çatmalı idi. Lakin inşaat işi 2000-ci ilin may ayında başa çatdırılmış və xx.xx.2000-ci il tarixli aktla təhvil verilmişdir.” Göründüyü kimi, cavabdeh iddiaçının işlədiyi müəssisənin 1995-ci ildən etibarən fəaliyyət göstərmədiyini bildirsə də, işdə olam məhkəmə qərarları ilə aydın olur ki, “Xəzərdənizneftsosialtikinti” tresti 2000-ci illərdə də aktiv fəaliyyət göstərmiş, müəssisə tərəfindən 2000-ci ildə Pirşağı qəsəbəsində 70 yerlik ambulatoriya tikilərək aidiyyəti qurumlara təhvil verilmişdir. Belə olan halda məhkəmə cavabdehin bu dəlilini qəbul etmir və hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 il 11 ay 11 gün ümumi stajı olmaqla, o qanunvericiliklə tələb olunan ilkin şərti ödəyir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “kod 22900000, XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsi üzrə kod 2290000b—24441 – iş icraçıları” vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid edilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı iş icraçısı vəzifəsində "Xəzərdənizneftsosialtikinti" trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində xx.xx.1990-cı ildən xx.xx.2003-cü ilə qədər işləmişdir. İddiaçı xx.xx.1990-cu il “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə iş icraçısı vəzifəsinə, xx.xx.2003cü il tarixdə sex rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2003-cü il tarixdə "xxxx" ASC-nin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 14-cü dərəcəli sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2004-cü il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" ASC-nin İstehsalat sahəsinə sex rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Ümumi iş stajı 15 il, 09 ay,13 gün, güzəştli iş stajı 12 il, 06 ay, 03 gün təşkil edir. İşlədiyi iş icraçısı (vəzifələri) peşələri güzəştli pensiya hüququna əsas olan xüsusiyyətiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 2 nömrəli əlavəsindəki "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" (kod ********) bölməsinin XXVİİ bəndinin B) yarınməndində göstərilən (rəhbərlər və mütəxəssislər) (kod 2290000b— 24441) müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İşdə olan "xxxx" ASC-nin 01/06 nömrəli, xx.xx.2022-ci il və 01/71 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, müəssisənin əsas fəaliyyət növü tikinti və tikinti-quraşdırma fəaliyyətidir. İş icraçısının vəzifə borcu sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edir. Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil edir. Sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin edir. Həmçinin işdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı’’na uyğun olaraq keçmiş İqtisad İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi departamentinin xx.xx.2003-cü il tarixli, 92 nömrəli sərəncamı ilə Dövlət Neft Şirkətinin "Xəzərdənizneftsosialtikinti" trestinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri "Xəzərdənizneftsosialtikinti" trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsi olan işçilərin siyahısında İddiaçı 1990-cı ildən iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1990-cı ildən etibarən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsi iş yerinin arayışı, həmçinin dövlət orqanında saxlanılan məlumatlarla təsdiq edilir. Həmin arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox, 12 il 6 ay 3 gün güzəştli iş stajı mövcuddur. Cavabdeh bu halı iddiaçının işlədiyi müəssisənin 1995-ci ildən etibarən fəaliyyət göstərmədiyinə istinad edərək qəbul etməmiş, iddiaçının cəmi 4 il 4 ay (xx.xx.1990xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş stajının olmasını qəbul etmişdir, hansı ki, bu hallara yuxarıda məhkəmə tərəfindən artıq qiymət verilmişdir. Buna görə də, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. ƏPQ-nin 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir). İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Belliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı qanunvericiliklə tələb olunan bütün şərtləri ödədiyindən iddia tələbi təmin olunmalı və iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar