Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5919/2021 07.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan 11 saylı bağ sahəsi üzərində İddiaçı Məhəmədəli oğlunun mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və hüquqi xidmət üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşdur və ona Şabandağ sahəsində sahəsi 12 sot olan 11 saylı bağ ayrılmışdır. Həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun təmin edilməsi üçün cavabdehə müraciət etsə də onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, “Bağçının üzvlük kitabçası’na əsasən o 1991-ci ildə “Şabandağ” bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmişdir, bağçılıq cəmiyyətinin 05.03.1990-cı il tarixli, 10 nömrəli protokoluna əsasən iddiaçının istifadəsinə sahəsi 1200 kv metr olan 11 nömrəli bağ sahəsi verilmişdir. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 1 1/546 nömrəli, 07.08.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq, Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıqbostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft- Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05.03.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçı “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşdur və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05.03.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən iddiaçıya Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 12000 kv metr olmaqla 11 saylı sahə ayrılmışdır. Bununla bağlı plan cizgilərin surəti iddia ərizəsinə əlavə edirik. Cavabdeh inzibati orqan imtinasının əsası kimi 1 saylı Bakı Ərai İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üvəri sırasında iddiaçının adının aşkar edilməməsi, Bundan əlavə elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi ilə əlaqələndirir. Hazırkı bağ sahəsi ilə bağlı artıq şəxslər məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ilə bağ sahələrini rəsmiləşdirilərək, qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Belə ki, həmin qərarlarla müəyyən edilmişdir ki, cavabdehin imtinasında qeyd edilən torpaq sahəsinin başqa hüquqi şəxsə (o cümlədən, universitet kompleksi) aid olması qeyd edilsə də, mübahisələndirilən hal öz təsdiqini tapmamış, həmin universitet kompleksi mübahisəli bağ massivindən 20 yanvar metrosuna istiqamətdə, 5 km-dən də uzaq olan məsafədədir, həmçinin Bakı şəhər XDS İK-nin 07 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında mübahisəli “Şabandağ” bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində yerləşdiyi göstərildiyi halda, Bakı şəhər İcra Hakimiyyətinin 330 №li, 16.12.2003-cü il tarixli sərəncamına əsasən cavabdehin mübahisələndirdiyi həmin universitet kompleksinin tikintisi üçün ayrılmış ərazi Xocahəsən kəndinin şərqində yerləşən Xocahəsən gölünün şimalında yerləşir. Hazırda ən azı 3 şəxs öz bağ sahələrini dövlət qeydiyyatından keçirmişdir. Bir işlə bağlı isə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi vətəndaşın xeyrinə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh İnzibati orqan tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın **********34 sayylı 31.05.2021-ci il tarixli yazılı etirazda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinə dair digər şəxsin adına (X7) ləğv edilmiş Azərbacan Respublikası X5 Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. Bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 **********64 qeydiyyat nömrəli 07.04.2021-ci il tarixli məktub ünvanlanmışdır. Yerli İcra Hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəməyə hazırki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin surətini məhkəməyə təqdim edərək. məhkəmədən bu məsələyə də hüquqi qiymət verilməsini xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırki tələblə bağlı cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq sonuncu tərəfindən verilmiş 07 aprel 2021-ci il tarixli **********4 №li imtina məktubunda göstərilmişdir ki, 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatın üzvlərin siyahısında adınız aşkar olunmadı. Bundan əlavə, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinə dair digər şəxsin adına (ləğv edilmiş) X5 Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. Odur ki, torpaq sahəsinin sənədləşməsi ilə bağlı Sizin adınıza dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Hazırda iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan 11 saylı bağ sahəsi üzərində hüquqlaının qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş materiallarından iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarından müəyyən edilir ki; İddiaçı iddia ərizəsi il 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə son qoyulması və “Şabandağ” bağçılıq-bostançılıq təsərrüfatı tərəfindən ona verilmiş torpaq sahəsinin (“Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan 11 saylı bağ sahəsi) rəsmiləşdirilərək qeydiyyata alınmasının cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-780/2015 saylı iş üzrə çıxartdığı 08 may 2015-ci il tarixli qərarı ilə İddiaçı iddiasının rədd olunması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən məhkəmənin arxivində saxlanılan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-780/2015 saylı işin materiallarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, qeyd olunan iş üzrə çıxarılmış məhkəmə qərarından tərəflər apellyasiya şikayəti verməmiş və bununla da məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 45, 78, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-5919/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5919/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver