Məhkəmə qərarları › İş №2-1(112)-592/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-592/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-592/2021 13.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 16 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “avtomobilə dövlət qeydiyyat nişanının təhkim olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “avtomobilə dövlət qeydiyyat nişanının təhkim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** GJ *** dövlət qeydiyyat nişannlı nömrənin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, tərəfindən 1.500 manat rüsumun ödənilməsi ilə ** GJ *** dövlət qeydiyyat nişanının ona verilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə müraciət edərək avtomobilinə ** GJ *** dövlət qeydiyyat nişanın verilməsini xahiş etmiş, cavabdeh isə bundan əsassız olaraq imtina etmişdir. Bu da onun məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Hesab edir ki, cavabdehin bu imtinası əsassız olduğu üçün qanunsuz sayılmalı və iddianın təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, həmin nömrəni avtomobilin üzərində Zöhrab adlı şəxsə vermişdir. Zöhrab da avtomobili satdıqda nömrəni cavabdehə təqdim etmişdir. Cavabdeh isə həmin şəxsin razılıqı olduqu halda bunun mümkün olduğunu bildirmişdir. Qeyd edilənləri Zöhrab özü də təsdiqləyir və nömrənin ona verilməsinə heç bir etirazı yoxdur. Rəsmi qaydada razılıq verməyə də hazırdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı iclası) vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərsar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarına əlavə olunmuş; AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavabdeh tərəfindən verilmiş 11 dekabr 2019-cu il tarixli 110806A-3913 saylı cavab məktubuda bildirilmişdir ki, onun adına qeydiyyatda olmuş “MERCEDES 320” markalı **-GJ-*** sövlət qeyydiyyat nişanlı avtomobil 01.09.2008-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı anbara təhvil verilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, yol hərəkəti haqqında qanunvericilikdə təhvil verilmiş dövlət qeydiyyat nişanlarının adına saxlanılması və soradan ona qaytarılması nəzərdə tutulmamışdır. Belə ki, avtomobili adından qeydiyyatdan çıxararkən onu alan şəxsin razılığı ilə həmin gün göstərilən dövlət qeydiyyat nişanları onun avtomobilinə müvafiq qaydada təhkim oluna bilər. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 31.10.2020-ci il tarixli 101194-1220 №-li cavab məktubunda qeyd olunur ki, DİN-in Baş X4 İdarəsinin Qeydiyyat-imtahan İdrəsinin kompyuter uçot bazasına görə "MERCEDES BENZ 320" markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.10.2004-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, 01.09.2008-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmiş və dövlət qeydiyyat nişanı anbara təhvil verilmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin İİİ hissəsinin tələbinə görə Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları saxlanılır. Belə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə həmin gün nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə müvafiq qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, cavabdehə müraciət edərək ** GJ *** dövlət qeydiyyat nişanlı nömrənin özünə məxsus avtomobilinə təhkim edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh buna əsas kimi qanunvericilikdə təhvil verilmiş dövlət qeydiyyat nişanlarının adda saxlanılması və sonradan vətəndaşa geri qaytarılmasının nəzərdə tutulmamasını göstərmişdir. İddiaçı cavabdehin imtinasının qanunsuz hesab edərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıdakı əsaslarla iddiaçının iddiasını haqlı hesab etmir: "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun; - 4-cü maddəsinin 21-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələridir. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin maddənin İV bəndinə görə, hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda: əldə edildiyi vaxtdan on gün ərzində; fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində; 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. Həmin maddənin İV) bəndinin 7) yarımbəndinə uyğun olaraq dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması qeydiyyatı aparan orqanın vəzifəsi olaraq müəyyən edilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Azərbaycan Respublikası DİN-nin 1999-cu il "14” 06 tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə” Təlimatın 2.12-ci bəndinə əsasən qeydiyyata alınmış nəqliyyat vasitəsinin mülkiyyətçisinə aşağıdakılar təqdim edilir: nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; dövlət qeydiyyat nişanları; texniki cəhətdən saz olan nəqliyyat vasitələrinə dövlət texniki baxşın keçirilməsi barədə talon. Nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi tərəfindən yuxarıda göstərilən sənədlərin və nişanların alınması barədə müvafiq reyestrdə imza edilir. Qeydiyyat hərəkətləri birbaşa üsul ilə həyata keçirildikdə, nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi bu sənədləri və nişanları alan zaman ərizədə imza edə bilər. Dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi onların rəqəm ardıcılığı qaydasında verilir. -11.1 -ci bəndinə görə nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanları və nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq xüsusi razılıq (lisenziya) almış müəssisələr tərəfindən hazırlanır. Nəqliyyat vasitəsinin texniki müayinə aktı, arayış-hesab blankları və digər ləvazimat, jurnal, kitab və ərizə blankları mətbəə üsulu ilə hazırlanır. Yuxarıda göstərilən xüsusi məmulatların və dövlət qeydiyyat nişanlarının hazırlanması Azərbaycan Respublikası DİN DYP İdarəsinin sifarişi əsasında həyata keçirilir. -11.3-cü bəndinə əsasən nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanlarının və qeydiyyat şəhadətnamələrinin uçotu qeydiyyat hərəkətlərinin aparılması reyestrində, onların seriya və nömrələri yazılmaqla aparılır -11.4-cü bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsi, texniki müayinə aktı və arayış-hesab blankları ciddi hesabat sənədləri kimi saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın 1.2-ci bəndinə əsasən, avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Həmin Qaydanın 1.3-cü bəndinə müvafiq olaraq dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. Həmin Qaydanın 2.1-ci bəndinə görə, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahanqeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Həmin Qaydanın 2.2-ci bəndinə uyğun olaraq dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 2.2.1. dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2.2.2. dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili...; 2.2.4. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması; 2.2.5. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30.11.2012-ci il tarixli Q74-001-12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament”in 3.1-ci bəndinə əsasən, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə sifarişin verilməsi istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. Həmin reqlamentin 3.2.1-ci yarımbəndinə müvafiq olaraq sorğunun formalaşdırılması: istifadəçi tərəfindən DİN BDYPİ-nin internet informasiya ehtiyatının elektron xidmət bölməsində rəqəmlərin və ya hərflərin kombinasiyalarının ardıcıllığı üzrə dövlət qeydiyyat nişanı sərbəst seçilərək sifariş verilməsi üçün ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən aidiyyəti olanlarla birlikdə həmin elektron ünvana təqdim edilir. İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, avtonəqliyyat vasitəsinə dövlət qeydiyyat nömrəsinin verilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. İnzibati orqan dövlət qeydiyyat nişanlı nömrəni verdikdə, müvafiq olaraq bazada sərfiyyətdə olan eyni və fərqli kombinasiyaların olub-olmamasını araşdırdıqdan sonra ərizəçəyə məlumat verir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd deyildir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar