Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-592/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Hövsan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi onun istifadəsindədir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh əsassız olaraq onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, yerləşmə sxemi məhz cavabdeh tərəfindən verilməlidir. Sonradan iddiaçı dəqiqləşmə verərək Bakı şəhəri, Hövsan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarış və plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşdiyini yeri müəyyən etməyə əsas ola bilən sənədlər mövcud deyil və yerləşmə sxeminin verilməsi cavabdehin səlahiyyəti olmamaqla aidiyyəti orqanların səlahiyyətindədir. Bundan əlavə, qeyd olunan torpaq sahəsi 6 hissəyə bölünməklə ümumi sahəsi 1450 kv.m təşkil edir və həmin sahə Dövlət Neft Şirkətinə məxsus ərazinin hüdudları daxilində yerləşir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçı tərəfindən müraciətin edilməməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu hal hazırki mərhələdə iddianın mümkünlük şərtlərinin ödənilmədiyinə əsas vermir. Belə ki, hətta, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciəti olmasa da, məhkəmə baxışı zamanı iddianın mümkün sayılmamasına əsas ola biləcək bu hal iddiaçı tərəfindən aradan qaldırılmışdır. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəyir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən inzibati orqana müraciətin edilməsinin mümkünlüyü və həmin halın mümkünsüzlük əsası qismində çıxış etməməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-807/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında nümayiş etdirilmişdir. Hazırkı iş üzrə də cavabdehə müraciət edilmiş, həm də cavabdeh tərəfindən müraciətin təminindən imtina barədə mövqe nümayiş etdirilmişdir ki, məhkəmə hesab edir ki, həmin hal işə mahiyyəti üzrə baxılmasına imkan yaratmaqla, prosessual qənaət prinsipləri baxımından inzibati prosessual qanunvericiliyin tələbləri ilə uyğunluq təşkil edir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarına surəti əlavə edilmiş X1 Əmək kollektivi Şurasının və Həmkərlar Təşkilatının birgə iclasının qərarından çıxarışında qeyd edilmişdir ki, aidiyyəti icraiyyə komitəsininm qərarı əsasında sovxozun işçiləri üçün ayrılmış torpaq sahəsindən 0,12 ha olan hissəsi iddiaçıya ayrılır. Qeyd olunur ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair protokolun təsdiq edilmiş surəti aidiyyəti yerli icra və arxiv qurumlarında aşkar edilməsə də məhkəməyə təqdim edilmiş İcraiyyə Komitəsinin qərarından görünür ki, 55 ailəyə 0,12 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququn dövlət qeydiyyatına alınmasından imtinanı onunla əsaslandırır ki, torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlər mövcud deyil, torpaq sahəsi Dövlət Neft Şirkətinin ərazisində yerləşir, ümumi istifadədə olan torpaq sahəsi 6 hissəyə bölünməklə 1450 kv.m təşkil edir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Göründüyü kimi hüqumüəyyənedici sənədin mövcudluğu əmlakın dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. Qeyd olunmalıdır ki, məhkəmə hesab edir ki, surəti iş materiallarına əlavə edilmiş protokoldan çıxarışda torpaq sahəsinin ayrılması barədə sənəd cavabdehə təqdim edilmiş olsa da, həmin sənəd əsasında ayrılmış torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədin təqdim edilməməsi hazırkı iddianını təminin istisna edir. Belə ki, yuxarıda adıçəkilən Qanunun: 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; Göründüyü kimi hüququn qeydə alınması üçün hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi kifayət etməməklə, torpaq sahəsiin planı və ölçüsünün təqdim edilməsi mütləqdir. Eyni zamanda, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının: Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Qeyd olunmalıdır ki, qüvvədən düşmüş Torpaq Məcəlləsinin: M a d d ə 7. Torpaq barəsində sərəncam Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. M a d d ə 23. Torpaq sahələrinin verilməsi Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Göründüyü kimi torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər təqdim edilmədən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması istisna edildiyindən, cavabdehin imtinası qanuni və əsaslı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-381/2022 saylı iş üzrə qəbul etdiyi 23 fevral 2022-ci il tarixli qərarında da məhkəmə kollegiyası torpaq sahəsinin yerləşmə yerini müəyyən etməyə imkan verən sənədin mövcud olmaması səbəbindən iddianın təmin edilməməsini qanuni və əsaslı saymış, həmçinin də hesab etmişdir ki, torpaq sahəsinin harada yerləşməsi ilə bağlı hər hansı sənəd mövcud olmadığından həmin torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsi mümkün deyil. Göründüyü kimi iddiaçının ilkin torpaq ayırma sənədləri içərisində yerləşmə sxeminin mövcudluğunun zəruriliyi aşkar müəyyən edilir ki, hazırkı iş üzrə həmin sənəd mövcud olmadığından müraciətin təminindən imtina qanuni və əsaslı hesab edilməlidir. Qeyd olunmalıdır ki, iddianın təminini istisna edə biləcək digər imtina əsasları da etiraz və imtina məktubunda qeyd edilmiş olsa da, məhkəmə həmin hallar üzrə əlavə araşdırmanın aparılmasını zəruri hesab etmir. Belə ki, hazırkı halda yerləşmə sxeminin olmaması ilə bağlı imtina iddianın təmini istisna edən faktiki şərt kimi nəzərə alınmalıdır ki, məhkəmə əlavə imtina şərtlərinin öz təsdiqini tapması ilə əlaqədar araşdırmanın aparılmasına, mütəxəssis rəyi və ekspertizanın keçirilməsinə, əlavə məhkəmə məsrəflərinin yaranmasına, beləliklə də uğurluluq ehtimalı ilkin imtina şərtinə münasibətdə cavabdehin haqlı olduğu mübahisə ilə bağlı adıçəkilən məsrəflərin iddiaçı tərəfindən ödənilməsinə səbəbiyyət verməyə zərurət müəyyən etmir və iddianın imtinası üçün əldə olunan araşdırma materiallarının kifayət olduğu müəyyən edilir. Lakin, yerləşmə sxeminin təqdim edilməli olması ilə bağlı məhkəməyə hüququnu izah edir ki, cavabdeh torpaq sahəsinin ayrılmasına dair ilkin yerləşmə sxeminin verilməsində səlahiyyətli olmasa da, buna səlahiyyətli qurum kimi torpaq sahəsinin yerləşdiyi aidiyyəti yerli icra hakimiyyəti orqanına inzibati qaydada yerləşmə sxeminin verilməsi və buna dair inzibati araşdırmanın aparılmasına hər hansı maneə mövcud deyil. Bu səbəbdən də iddiaçı yerləşmə sxeminin verilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanına müraciət etmək, müraciəti təmin edilmədikdə isə məhkəməyə müraciət etmək, həmin sxem əldə edildikdən sonra isə yenidən cavabdehə müraciət edərək iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair müraciətə baxılması kimi imkanlara malikdir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-592/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-592/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver