Məhkəmə qərarları › İş №2-1(112)-5920/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5920/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5920/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan 11 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və hüquqi xidmət üçün vəkilə ödənilmiş 500 (beş yüz) manatın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı “Şabandağ” bağçılıq- bostançılıq kollektivinin üzvü olmuşdur və ona Şabandağ sahəsində sahəsi 12 sot olan 73 saylı bağ ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun təmin edilməsi üçün cavabdehə müraciət etsə də, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, “Bağçının üzvlük kitabçası”na əsasən iddiaçı 1991-ci ildə “Şabandağ” bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmişdir, bağçılıq cəmiyyətinin 05.03.1990-cı il tarixli, 10 nömrəli protokoluna əsasən iddiaçının istifadəsinə sahəsi 1200 kv metr olan 73 nömrəli bağ sahəsi verilmişdir. Bakı şəhər X2 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07.08.1991- ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adma Neft- Qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin 05.03.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən iddiaçı “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşdur və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05.03.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən iddiaçıya Şabandağ sahəsində “Şabandağ” bağçılıqbostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 12000 kv metr olmaqla 73 saylı sahə ayrılmışdır. Qeyd edir ki, cavabdeh inzibati orqan imtinasının əsası kimi 1 saylı Bakı Ərai İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq tədsərrüfatının üzvləri sırasında iddiaçının adının aşkar edilməməsi, elektron kadastr baza məlumatlarında əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi və torpağın bir hissəsinin neft quyusunun mühafizə zolağına düşməsi ilə əlaqələndirir. Qeyd etmək istərdi ki, hazırkı bağ sahəsi ilə bağlı artıq şəxslər məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə ilə bağ sahələrini rəsmiləşdirilərək qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Belə ki, həmin qərarlarla müəyyən edilmişdir ki, cavabdehin imtinasında qeyd edilən torpaq sahəsinin başqa hüquqi şəxsə (o cümlədən, universitet kompleksi) aid olması qeyd edilsə də, mübahisələndirilən hal öz təsdiqini tapmamış, həmin universitet kompleksi mübahisəli bağ massivindən 20 yanvar metrosuna istiqamətdə, 5 km-dən də uzaq olan məsafədədir, həmçinin Bakı şəhər XDS İK-nin 07 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında mübahisəli «Şabandağ» bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində yerləşdiyi göstərildiyi halda, Bakı şəhər İcra Hakimiyyətinin 330 No- li, 16.12.2003-cü il tarixli sərəncamına əsasən cavabdehin mübahisələndirdiyi həmin universitet kompleksinin tikintisi üçün ayrılmış ərazi Xocahəsən kəndinin şərqində yerləşən Xocahəsən gölünün şimalında yerləşir. Hazırda ən azı 3 şəxs öz bağ sahələrini dövlət qeydiyyatından keçirmişdir. Bir işlə bağlı isə birinci instansiya və apellyasiya instansiyası məhkəməsi vətəndaşın xeyrinə qərar qəbul edib. Həmçiin qeyd etmək istərdi ki, həmin ərazidə hər hansı neft quyusu mövcud deyil. Hesab edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan 73 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və və hüquqi xidmət üçün vəkilə ödənilmiş 500 (üç yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 3.0.6-cı bəndinə əsasən hüquqları dövlət qeydiyyatına almaq, 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək, 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə daxildir. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən 07.04.2021-ci il tarixli yazılı imtinada bildirilmişdir ki, 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmiş “Şabandağ” bağçılıqyoldaşlığının üzvlərinin siyahısında adınız aşkar olunmadı. Tərəfinizdən göstərilən bağ sahəsinin elektron kadastr məlumatına əsasən digər şəxsə (ləğv edilmiş) X3 Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) üst-üstə düşdüyü, “Şabandağ” bağçılıq- yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Həmçinin, bağ sahəsinin bir hissəsi neft quyusunun mühafizə zolağında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Şabandağ” bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmadı. İddiaçı tərəfindən göstərilən bağ sahəsinin elektron kadastr məlumatına əsasən X3 Komitəsi (ləğv edilmiş) tərəfindən “Heydər Əliyev” Fonduna verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) ilə üst-üstə düşdüyü, “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Həmçinin, bağ sahəsinin bir hissəsi neft quyusunun mühafizə zolağında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********75 qeydiyyat nömrəli, 07.04.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.

5. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

6. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

7. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

8. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

9. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

12. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.

13. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

16. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq olunan tədqiq olunan sübutlar

17. SOCAR “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş arxiv arayışına əsasən 1950-ci il təvəllüdlü İddiaçı 01.12.1989-cu tarixində 26 Bakı Komissarı adına X7 İdarəsinin Mənzil Kommunal Təsərrüfatına anbardar peşəsinə qəbul edilmişdir; 02.01.1990-cu il tarixində 26 Bakı Komissarı adına X7 İdarəsinin Mənzil Kommunal Təsərrüfatına ailəvi yataqxanaya komendant peşəsinə keçirilmişdir; 30.04.2006-cı il tarixdən sosial-inkişaf idarəsinə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli 22 nömrəli qərarına S.Vəzirov adına “Azneft” Birliyinin 07 fevral 1992-ci il tarixli əmrinə əsasən 26 Bakı komissarları adına Neft və qazçıxarma İdarəsi Ə.C.Əmirov adına Neftçıxarma idarəsi adlandırılmışdır.

18. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 07.08.1991-il tarixli, 11/546 saylı qərarına əsasən 26 Bakı komissarı adına Neft-qazçıxarma idarəsinin xahişini nəzərə alaraq Qaradağ rayonu Lök-Batan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. Bildirilmişdir ki, “Şabandağ” bağçılıqyoldaşlıq yoldaşlığının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

19. İddiaçı tərəfindən təqdim edilmiş “Azneft” İB “26 Bakı komissarları” adına Neft və Qazçıxarma idarəsinin və idarə həmkarlar ittifaqının komitəsinin birgə iclasının protokolundan 05.03.1990-cu il tarixli çıxarışa əsasən, “26 Bakı Komissarları” adına NQÇİ-nin nəzdində “Şabandağ” sahəsində yerləşən 8 saylı NQÇİ-nin sexinin ərazisində 50 nəfər üzvü olmaqla bağçılıq-bostançılıq təsərrüfatı yaradılmış, İddiaçı 1200 kv.m.dən ibarət torpaq sahəsi ayrılmış və ona 73 nömrəli bağ sahəsinə dair üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasına əsasən, bağçılıq cəmiyyəti üzvlətinin 05.03.1990cı il tarixli 10№-li protokoluna əsasən iddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m. olan 73 №-li bağ sahəsi 07.08.1991-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə üçün verilmişdir.

20. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 24.06.2021-ci il tarixli məktubla bildirilmişdir ki, UTM WGS 84 koordinat sistemində X Y 396036 4469989 396003 4469978 396023 4469937 396055 4469948 koordinatlarda olan sözügedən 1547 kv.m. torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16.12.2005-ci il taixli 330 nömrəli sərəncamı ilə “X6”na ayrılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsinin 16 metrliyində Şabandağ- Şubanı-Yasamal dərəsi-Atəşgah yatağında qazılmış 732 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, həmin torpaq sahəsinin bağ sahəsi kimi iddiaçıya ayrılması barədə sorğu olunan sənədlər SOCAR-da aşkarlanmamışdır.

21. Məhkəmənin “Şabandağ” bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktının, üzvlərinin siyahısının, müayinə aktının, digər şəxsə verilmiş kadastr planının təqdim edilməsinə dair sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Qaradağ rayonu, Şaban qəsəbəsinin şərqində “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına 1986-cı ilin dekabr ayında 0,6 ha və 2,4 ha olmaqla torpaq sahəsinin ayrılmasına dair cizgi-çertyoj və “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı təqdim edilmişdir. Həmin siyahıda iddiaçının adı yoxdur. Təqdim edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Binəqədi rayonu, Xocəsən kəndinin şərq hissəsində Xocəsən gölünün ətrafında Bakı şəhər İH Başçısının 16.12.2005-ci il tarixli 330 saylı Sərəncamı ilə 17276776 kv.m. torpaq sahəsi universitet kampusunun tikintisi üçün “X6”nun daimi istifadəsinə ayrılmış, əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: X Y 396268,66 4475184,06 397850,40 4474048,48 396612,71 4466682,86 394026,17 4473638,96

IV. Məhkəmənin mövqeyi

22. Təqdim edilən bütün sənədlərdə, eləcə də iddia ərizəsində Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan bağ sahəsinin nömrəsinin “73” olmasına baxmayaraq, tələb hissəsində “11” olaraq göstərilməsini məhkəmə formal xəta hesab edir və iddia tələbinə Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 1200 kv metr olan 73 saylı bağ sahəsinə dair mülkiyyət hüquqların qeydə alınaraq çıxarışın verilməsi kimi qiymət verir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

25. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş; həmin Fərmanın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərinin mühafizə zonaları (MZ) yaşayış məntəqələrinə, şəxsi tikililərə, təsərrüfat və kənd təsərrüfatı obyektlərinə qədər minimum məsafələri göstərilmiş, quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən edilmişdir.

28. X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

29. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

30. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

31. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun iddiaçının adının “Şabandağ” bağçılıqyoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmamasına dair dəlilini qəbul etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş cizgi 1986-cı ilə aid olmaqla (“Şabandağ” bağçılıq-yoldaşlıq cəmiyyətinə torpaq sahəsi Bakı şəhər X2 İcraiyyə Komitəsinin 07.08.1991-ci il tarixli qərara əsasən ayrılmışdır) “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aiddir və həmin “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aid üzvlərin siyahısı təqdim edilmişdir.

32. Bununla belə, iddiaçı tərəfindən qeyd edilən torpaq sahəsi yerləşmə koordinatları üzrə başqa şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür və ləğv olunmuş olsa belə, neftqaz quyusunun mühafizə zonasında yerləşməklə həmin torpaq sahəsinin bağ sahəsi kimi iddiaçıya ayrılması barədə sənədləri müvafiq qaydada aşkar edilməmişdir. (İddiaçının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olması, həmin torpaq sahəsinin bağ sahəsi kimi iddiaçıya ayrılması barədə sorğu olunan sənədlər SOCAR-da aşkarlanmamışdır).

33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yoxdur.

34. “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığının digər üzvlərinə münasibətdə qəbul edilmiş məhkəmə aktları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: -"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı); - Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). -İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Odur ki, məhkəmə qeyd edir ki, digər iş üzrə qərarlar iddiaçılar həmin işdə proses iştirakçısı olmadığından hazırki iş üzrə məhkəmə üçün məcburi deyil. Belə ki, məhkəmə aktının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır.

35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar