Məhkəmə qərarları › İş №2-1(112)-5923/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5923/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5923/2023 03.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayş evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayş evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 1 fevral 1999-cu il tarixli 15 nömrəli sərəncamına əsasən bir neçə şəxsə, o cümlədən hazırkı İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 67 ünvanında hər birinə 0,04 ha ölçüdə torpaq sahəsi ayrılmış və torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Maddi durumu ilə əlaqədar iddiaçı ona ayrılmış torpaq sahəsində bir neçə il tikinti işləri apara bilməmişdir. Torpaq sahəsind sonradan, yəni 2007-ci ildə tikinti işlərinə başlanılmış və bu tikinti 2009-cu ildə başa çatdırılmışdır. Ev iki mərtəbəli, mansardlı olmaqla üç otaqdan ibarətdir. Birinci mərtəbədə sahəsi 32 kv.m olan qonaq otağı, 14 kv.m olan mətbəx, 4 kv.m olan sanitar qovşağı, 20 kv.m olan dəhliz, ikinci mərtəbədə isə, hər birinin sahəsi 18 kv.m olan yataq otağı və sahəsi 30 kv.m olan dəhliz yerləşir. Mansardın sahəsi 30 kv.m, evin ümumi sahəsi 201 kv.m-dir. İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçı 2021-ci ildə evə və onun yerləşdiyi 0.04 torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir (nümayəndəsi vasitəsilə). İdarənin mühəndisləri bir neçə dəfə torpaq sahəsinə və evə ölçü işləri aparmışlar. Lakin sənədləşmə işi uzanmış və iddiaçı reyestrdən çıxarış ala bilməmişdir. Sonradan ona məlum olmuşdir ki, sənədlər hüquq mühafizə orqanına göndərilmişdir və araşdırma zamanı müəyyən edilmişdir ki, Xətai RİHin sərəncamı ona müvafiq qaydada təqdim edilməmişdir. Xətai RİH tərəfindən ona verilmiş sənədlərin qanunamüvafiq olmadığını iddiaçı və övladı (nümayəndəsi) bilməmişlər. Yəni, onların hər-hansı təqsiri olmamışdır və bu aparılmış təhqiqatla da tam təsdiqini tapmışdır. Onlar həmin sənədi mötəbər sənəd kimi bilərək evi tikmişlər. Reyestrdən çıxarış almaq üçün 2021-ci ildə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin «Əmlak Məkanı Xidməti»nə təqdim edilən müvafiq sənədləri 2007-ci ilin payızında Xətai RİH-dən bir şəxsdən əlbəəl almışlar. 30 noyabr 2007-ci il tarixli 5051 saylı arxiv arayışını da ona həmin şəxs vermişdir ki, evi inşa etdirəndən sonra həmin evə və torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınsın. Evin sənədləşməsi işi bir müddət ləngimişdir. İddiaçı 2021-ci ildə evinin sənədləşdirilməsi ilə bağlı cavabdehə iki dəfə müraciət etmiş, lakin müraciətlər imtina bildirişləri ilə cavablandırılmışdır. 30 noyabr 2021-ci il tarixli imtina bildirişinin dəlilləri və bunlara dair izahlar aşağıdakılardan ibarətdir: 1) İmtinanın ilkin dəlili budur ki, “Müvafiq sorğuya cavab olaraq arxiv qurumundan göndərilmiş 29 aprel 2021-ci il tarixli məktubda Xətai RİH başçısının 15 saylı 1 fevral 1999-cu il tarixli sərəncamının arxivdə saxlanılan nüsxəsində İddiaçı barəsində heç bir məlumat yoxdur." Qeyd edilən imtina dəlili evin tikilisi ilə bağlı hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. O, evi qanuniliyini bildiyi sənədlər əsasənda tikmişdir. 2) Digər imtina dəlili odur ki, “Elektron kadastr məlumatlarına əsasən Xətai RİH başçısının torpaq sahəsi ayrılmasına dair 15 saylı 1 fevral 1999-cu il tarixli sərəncamında ayrılması nəzərdə tutulmuş ərazi Zığ təmizləyici qurğuları stansiyasının yaxınlığı qeyd olunsa da, təqdim edilmiş yerləşmə cizgisi fərqli əraziyə dair tərtib edilib." Bu dəlilə etiraz ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanına əsasən,yerləşmə yerinin uyğunsuzluğu hüquqi sənədlər və faktiki istifadəşilik əsas tutulmaqla Əmlak Məsələləri Dövlət Xidməti (Xidmətin tabeçiliyində olan orqan və qurumlar,o cümlədən də qeydiyyat orqanı tərəfindən) aradan qaldırılmalıdır. 3) İmtina üçün digər dəlil odur ki, “torpaq sahəsi sənəddə qeyd olunan (400 kv.m) sahədən azdır (233 kv.m).” Bununla bağlı qeyd olunur ki, hal-hazırda faktiki istifadəsində olan torpaq sahəsinə deyil, tikiliyə mülkiyyət hüquqlarının qeydiyyatının aparılması tələb olunur. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestrini aparan orqanda həyata keçirilən inzibati icraatda qanuni sənədlərdəki ölçülərdən az olan sahənin qeydiyyatının aparılması praktikası artıq yaranmışdır. Faktiki istifadədəki 233 kv.m torpaq sahəsinin istifadə hüquqları ilə və azalma ilə (400 kv.m-dən az olmaqla) qeydiyyatının aparılmasına etiraz olunmur, 233 kv.m-dən geridə qalan sahə ərazidə tikinti işləri aparılarkən yol infrastrukturuna çıxışların daha əlverişli şəkildə təmin edilməsi üçün onun razılığı ilə qonşunn istifadəsinə artıq neçə illərdir ki verilmişdir. 4) İmtinanın dəlillərindən biri də odur ki, “göstərilən əraziyə digər fiziki şəxs tərəfindən müraciət olunmuşdur.” Bununla bağlı yaxşı olardı ki, daha geniş açıqlama verilərdi, fiziki şəxsin kimliyi və hansı sənədlər əsasında, nə zaman müraciət etməsi, müraciətə baxılmasının nəticəsi barədə məlumat verilərdi. Çünki, inzibati icraat maraqlı şəxslərin cəlb olunması ilə keçirilməlidir. Həmin fiziki şəxs 400 kv.m-dən geridə qalan sahənin faktiki sahibi olan qonşudur. İddiaçı həmin sahənin onun faktiki sahibliyinə (istifadəsinə) verilməsinə və adına qeydiyyatının aparılmasına etiraz etməmiş və hazırda da etiraz etmir. Bu öz aralarında razılıqla həll edilmişdir. 5) İmtinada həmçinin bildirilir ki, “təqdim edilən fərdi yaşayış evinə dair eskiz layihənin lisenziyası əlavə edilməmişdir.". Bu dəlil də əsassızdır. Eskiz layihəsi Xətai RİH-də razılaşdırılıb, sənədə İH-nin Təsərrüfat hesablı Layihə-Smeta Bürosunun ştampı, həmçinin RİH-nin Ümumi şöbəsinin üzərində “layihələr üçün” yazılmış möhürü vurulub. Xətai İH-nin Təsərrüfat hesablı Layihə-Smeta Bürosu müvafiq icazələri olan bir qurumdur. Bu sənəd özü də hal-hazırda mötəbərdir, heç bir orqan tərəfindən indiyədək mübahisələndirilməmişdir, o cümlədən də təhqiqat orqanı tərəfindən həmin layihənin qanunsuz olmasına dair faktlar müəyyən edilməmişdir. 23 dekabr 2021-ci il tarixli imtina bildirişində isə imtina bununla əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindənVtikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.) və torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı tikinti işlərini mötəbər hesab etdiyi torpaqayırma sənədləri əsasında yerli icra hakimiyyəti orqanının müvafiq sənədləşməsi əsasında aparmış və qanuni olaraq ev tikmiş, evin lahiyəsi təsdiqlənmişdir. Sonradan – tikinti işləri başa çatdıqdan və üstündən də 12 il keçdikdən sonra torpaqayırma sənədinin qanuna müvafiq olmamasının müəyyən edilməsi hüquqlarımın qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, «İnzibati İcraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan əlavə, «İnzibati İcraat haqqmda» Qanunun 67.5 və 67.6-cı maddələrinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onlan qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beləliklə, yuxanda göstərilənlərdən aydın olur ki, inzibati icraatda o (iddiaçı), maraqlı şəxsdir və onun etimadın qorunması hüququ vardır. Belə ki, o, qanuni və mötəbər hesab etdiyi torpaqayırma sənədi əsasında faktiki istifadəsində olmuş torpaq sahəsində tikilini qanunamüvafiq qaydada tikmişdir. Həmin əmlak artıq 13 ildir ki, faktiki sahibliyindədir və hal-hazırda da oradan istifadə edir, yaşayış evi olaraq orada yaşayır. İndiyə kimi ona qarşı hər hansı fiziki şəxs və ya hər-hansı dövlət, bələdiyyə orqanı tərəfindən hər hansı tələb irəli sürülməmişdir. Bundan əlavə, sözügedən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan heç birisi mövcud deyildir. Təqdim edilmiş sənədlərdən də görünür ki, torpaq sahəsi əldə etməsi və orada ev tikməsi tam qanuni olmuşdur. İddiaçı hesab edirəm ki, etimadın qorunması prinsipi əsas tutulmaqla, hüquqlarının qeydiyyatı mümkündür. İddiaçı göstərilənləri əsas tutaraq, bir müddət bundan əvvəl – 2022-ci ilin oktyabr ayında hüquqlarının qeydiyyatı üçün yazılı ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Artıq həmin vaxtdan 1 aydan çox zaman keçməsinə baxmayaraq, ərizə cavablandırılmamışdır. Bu isə faktiki olaraq hüquqların qeydiyyatından imtina deməkdir. O, hesab edir ki, cavabdeh inzibati orqanın müraciəti cavablandırmaması və öz hərəkətsizliyi ilə ona reyestrdən çıxarış verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş əmlaka mülkiyyət hüququnu, mülki qanunvericiliklə müəyyən edilmiş əmlakdan istifadə hüququnu və daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı hüququnu, həmçinin qanunla qorunan maraqlarını kobud şəkildə pozmuşdur. Göstərilənlərə və İPM-in 2, 45, 46-cı maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 139, 157-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsaslanaraq, iddiaçının Bakı şəhəri, Nobel prospekti 67 ünvanında yerləşən faktiki istifadəsindəki 233 kv.m torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayş evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq reyestrdən çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 15 mart 2021-ci il və 2 noyabr 2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma üzrə iddiaçı tərəfindən İdarəyə təqdim edilən Bakı şəhəri Xətai RİH başçısının 15 saylı 1 fevral 1999-cu il tarixli sərəncamının 30 noyabr 2007-ci il tarixli 5051 saylı arxiv arayışının həqiqiliyinə dair qeydiyyat orqanı mütəxəssislərinin ciddi şübhəsi olduğundan, aidiyyətı üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş 29 aprel 2021-ci il tarixli BA-01770-2021 saylı məktubda bildirilmişdir ki, Xətai RİH başçısının 15 saylı 1 fevral 1999-cu il tarixli sərəncamının arxivdə saxlanılan nüsxəsində İddiaçı barəsində heç bir məlumat yoxdur. Belə ki, fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri Xətai RİH başçısının torpaq sahəsi ayrılmasına dair 15 saylı 1 fevral 1999-cu il tarixli sərəncamında ayrılması nəzərdə tutulmuş ərazi Zığ təmizləyici qurğuları stansiyasının yaxınlığı qeyd olunsa da, təqdim edilmiş yerləşmə cizgisi fərqli əraziyə dair tərtib edilmişdir. Belə ki, təqdim edilən cizgidə Bakı şəhəri Xətai RİH başçısının torpaq sahəsi ayrılmasına dair 15 saylı 1 fevral 1999-cu il tarixli sərəncamına istinad olunmamışdır. Həmçinin göstərilən faktiki sahə "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış torpaq sahəsinin daxilində yerləşir. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 400 kv.m qeyd olunsa da, faktiki ölçüsü 233 kv.m təşkil edir. Bundan əlavə, təqdim edilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır. Həmçinin təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa göstərilən əraziyə fərqli sənədlər əsasında digər fiziki şəxs (X1) tərəfindən müraciət olunmuşdur. Qeyd olunanlarla yanaşı təqdim edilən fərdi yaşayış evinə dair eskiz layihənin lisenziyası əlavə edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün torpaq sahəsinin planı və ölçüsü ərizəyə əlavə olunmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasıanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; - (8.0.9) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.1) hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; (8.0.9.1.2) məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.7-ci yarımbənd) yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. İPM-in 12.1-ci maddəsinə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka, o cümlədən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı bu əsaslar sırasındadır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ünvanlanmış sorğuya əsasən Bakı şəhəri Xətai RİH-in 1 fevral 1999-cu il tarixli 15 nömrəli sərəncamının surəti məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, həmin sənəddə müvafiq ərazidə torpaq sahəsi ayrılan şəxslərin arasında hazırkı İddiaçı adı əks olunmamışdır. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. Beləliklə, hazırkı məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı 2009-cu ildə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 67 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində inşa olunduğunu iddia etdiyi fərdi yaşayış evinə hüququnun qeydiyyata alınması üzrə inzibati icraatda hüquqmüəyyənedici sənəd qismində ona həmin torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Xətai RİH-in 1 fevral 1999-cu il tarixli 15 nömrəli sərəncamından çıxarışı və RİH tərəfindən təsdiqlənmiş evin layihəsini təqdim etmişdir. Lakin məhkəmə icraatında cavabdeh inzibati orqanın “iddiaçının adının Xətai RİH-in vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələrinin ayrılması barədə 1 fevral 1999-cu il tarixli 15 nömrəli sərəncamında qeyd olunmaması” dəlili öz təsdiqini tapır. Odur ki, iddiaçının təqdim etdiyi RİH-in 1 fevral 1999-cu il tarixli 15 nömrəli sərəncamdan çıxarış mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan inzibati icraatda təqdim olunmuş həmin sübutun qiymətləndirilməsi üçün aidiyyəti tədbir görməkdə (arxiv qurumuna sorğu ünvanlamaqda) haqlı olmuşdur. Belə olan halda, iddiaçının təqdim etdiyi RİH-in 1 fevral 1999-cu il tarixli 15 saylı sərəncamdan çıxarış mötəbər qiymətləndirilmir və iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 67 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin qanuni istifadəçisi sayıla bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda. Məhkəmənin qənaəti belədir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 67 ünvanındakı 0,04 ha torpaq sahəsinin ona qanuni əsaslarla ayrılmasıə barədə mötəbər hüquqmüəyynedici sənəd təqdim etmədiyindən, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə onun mülkiyyət hüququnun qeydiyyat alınması yolverilən deyil. Cavabdehin imtina üzrə gətirdiyi digər dəlillərlə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş cizgidə fərqli ərazinin əks olunmasının təkzibi üzrə baş sübut əldə edilməsi mümkünsüzdür. Hazırkı cavabdeh inzibati orqanın səlahiyyətləri (vəzifələri) sırasına həm də “dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq” daxildir (qurumun Nizamnaməsinin 3.1.25-ci bəndi). Məsələnin bu elementlərinin müəyyən edilməsi üzrə əlavə tədbir vaxt itkisi və məsrəflərə səbəb olduğundan, məhkəmə işdə olan məlumat və dəlillərlə kifayətlənir və cavabdehin imtinasının həmin dəlilini əsaslı sayır. Torpaq sahəsinin ölçüsünün az olmasına gəldikdə isə, iddiaçı həmin (az həcmdə) ölçü ilə razılaşır və bu xüsusatı mübahisələndirmir. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 67 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 17, 19-cu maddələrinə və «Daşınmaz əmlakın dpövlət reyestri haqqında» Qanunun 15-ci maddəsinə zidd sayılmır. İddiaçının etimad hüququna gəldikdə isə, nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Həmçinin qeyd olunmalıdır ki, müvafiq məsələ ilə bağlı Bakı şəhəri Xətai RPİ-nin müstəntiqi tərəfindən 30 iyul 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilsə də, qərarda Xətai 1 fevral 1999-cu il tarixli 15 saylı sərəncamdan çıxarışın verilməsində qanunsuz hərəkətlərə yol verilib-verilməməsi konkret şəkildə müəyyən edilməmişdir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayş evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayş evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar