Məhkəmə qərarları › İş №2-1(112)-5923/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5923/2025

05.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5923/2025 05.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı işlədiyi xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixədək aralığını, həmçinin xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixədək aralığını dövlət qulluğu stajına daxil edilməsini və xx.xx.2024-cü tarixinədək aylıq vəzifə maaşına artırmaları nəzərə almaqla (aldığı maaşın 1 misli yəni 540 manat həcmində əlavəni) hesablanmasını, məzuniyyət pulun 1014.77 (bir min on dörd manat yetmiş yeddi qəpik) manat nəzərə almaqla yenidən hesablanmasını və xx.xx.2024-cü il tarixindən pensiya ödənişlərində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyini cavabdeh orqan üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq, xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1990cı il tarixədək dövrləri dövlət qulluğu stajına daxil edərək əmək pensiyasının yenidən hesablanması və xx.xx.2024-cü il tarixindən ödənilməyən pensiya ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “İddiaçı işlədiyi xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixədək aralığını, həmçinin xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixədək aralığını dövlət qulluğu stajına daxil edilməsini və xx.xx.2024-cü tarixinədək aylıq vəzifə maaşına artırmaları nəzərə almaqla (aldığı maaşın 1 misli yəni 540 manat həcmində əlavəni) hesablanmasını, məzuniyyət pulun 1014.77 (bir min on dörd manat yetmiş yeddi qəpik) manat nəzərə almaqla yenidən hesablanmasını və xx.xx.2024-cü il tarixindən pensiya ödənişlərində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyini cavabdeh orqan üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 23 iyun 2025-ci il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 65 yaşı tamam olduğuna görə ona pensiya təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciət nəticəsində iddiaçıya əmək pensiyası hesablanaraq təyin edilmişdir. Lakin əmək pensiyası hesablanıb təyin olunanda sovet dövründə tutuduğu vəzifələr dövlət qulluğu stajına hesablanmadığına görə pensiya məvacibi az hesablanmışdır. İddiaçının 25 ildən artıq dövlət qulluğunda stajı vardır və bu faktı təsdiq edən əmək kitabçası cavabdehə təqdim edilmişdir. DOST xidmətinə şifahi müraciət edən zaman iddiaçıya bildirilmişdir ki, xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixini, həmçinin xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixlərini Gürcüstan SSRİ-ndə işlədiyinə görə dövlət quluğu olaraq dövlət qulluğu stajına hesablanmamışdır. İddiaçı qeyd olunan faktı qanunsuz və əsasız hesab edir. Belə ki, qanuna əsasən Sovet İttifaqına daxil olan ölkələrin ərazisində tutulan vəzifələr həm umumi həmdə dövlət qulluğu stajına daxil olunmalıdır. Cavabdeh orqana xx.xx.2024-cü il tarixində poçt vasitəsilə rəsmi müracitə olunaraq xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixədək aralığını, həmçinin xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixədək aralığını dövlət qulluğu stajına daxil edərək əmək pensiyamı yenidən hesablanılmasını cavabdeh orqandan xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı N.X6 ərizə ilə müraciət edərək dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-305494/2024 nömrəli məktubu ilə cavablandırılmış və İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması barədə məlumat verilmişdir. İddiaçı iddia ərizəsində pensiyanın yenidən hesablanmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, beləliklə də 14 08.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçıya hazırda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənilməkdədir. Belə ki, iddiaçının pensiya yaşına çatdığı xx.xx.2024-cü il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin pensiya yaşına çatması və dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajına malik olması tələb edilirdi. İstinad olunan normaların müddəaları baxımından, iddiaçıya xx.xx.2024-cü il tarixli qərarla 21 il 28 gün dövlət qulluğu stajına uyğun olaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahisi”nda iddiaçı N.X5 Sosialist Respublikasında işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Bununla əlaqədar iddiaçının müraciətində qeyd etdiyi dövrlər yəni xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək eləcə də, xx.xx.1986-cı il tarixdən xx.xx.1990-ci il tarixədək işlədiyi vəzifələrin dövlət qulluğu stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən idda tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən : - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə riayət edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair etirazda göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Faktiki hallar və sübutlar: AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İddiaçıya məxsus 3T-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1981-ci ildə Gürcüstan SSR Tikinti Nazirliyi “Gürcüstan mədən tikinti” tresti İstehsalat müəssisələri kombinatı Marneuli İstehsalat müssisəsi TNŞ usta vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1981-ci ildə Marneuli rayonu icra komitəsi plan şöbəsinin iqtisadçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1986-cı ildə Gürcüstan KP Marneuli RK keçirilməsi ilə əlaqədar tutduğu Marneuli RK keçirilməsi ilə əlaqədar tutduğu Marneuli rayonu icra komitəsi plan şöbəsinin baş iqtisadçısı vəzifəsindən azad edilmiş, xx.xx.1986cı ildə Gürcüstan KP Marneuli rayon komitəsinə təbliğat və təşviqat şöbəsinə təlimatçı vəzifəsinə təyin edilmiş, xx.xx.1990-cı ildə APM daxil olmaqla əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Daha sonra iddiaçı xx.xx.1990-cı ildə Bakı Ali Partiya Məktəbinə iki illik şöbənin İ kurs müdavimi qəbul edilmiş, xx.xx.1991-ci ildə AZ SXTQ 2 nömrəli Bakı quraşdırma-sazlama idarəsinə iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1993-cü ildə “Kuvar” Azərbaycan-Yunanıstan birgə müəssisəsinə iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2002-ci ildə Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialına böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci ilədək Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 9 aprel 2025-ci il tarixli 3-17-1/2-76012/2025 nömrəli “İddiaçı əmək pensiyasının hesablanması haqqında” məktubunda aşağıdakılar qeyd edilmişdir - İddiaçı 14 avqust 2024-cü il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 540,00 manat, qulluq illərinə görə əlavəsi 162,00 manat, rütbəyə görə əlavəsi 115,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 132 75 manat, digər növ əlavələri 62,12 manat olmaqla orta aylıq əmək haqqısı 1011,87 manat təşkil etmişdir Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.11.2-ci maddəsinə əsasən 21 il 28 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (1011,87 manat) 68 faızi-688,07 manat məbləğində müəyyən edilib. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar 1 yanvar 2025-ci il tarixindən hesablanmaqla İddiaçı pensiyası 743,80 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Müraciətdə göstərilən vəzifə maaşının 1 misli həcmində əlavə İddiaçı qulluq keçdiyi dövr ərzində ödənilmədiyindən həmin əlavəyə əsasən onun əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-18636/2024 nömrəli Qərarına əsasən İddiaçı pensiya məbləği yenidən hesablanmış və 688,07 manat pensiya hesablanmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 iyul 2025-ci il tarixli 3-17-1/2-170045/2025 nömrəli “Müvafiq məlumatların təqdim edilməsi haqqında” sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 24 oktyabr 2024-cü il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş əmək haqqı arayışına əsasən ona 14 avqust 2024-cü il tarixindən hesablanmaqla vergi orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası təyin edilib. İddiaçı əmək pensiyasının hesablanması zamanı orta aylıq əmək haqqısı xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti əsas götürülməklə müəyyən edilib. Belə ki, mükafatlar nəzərə alınmadan adıçəkilən şəxsin əmək haqqı arayışında məzuniyyətdə olduğu müvafiq aylar üzrə ödənilmiş əmək haqqısı: 2019-cu ilin iyul ayı üzrə 720,18 manat; 2019-cu ilin avqust ayı üzrə 275,60 manat; 2020-ci ilin iyul ayı üzrə 1041,12 manat; 2020-ci ilin avqust ayı üzrə 541,84 manat olmaqla ümumilikdə 2578,74 (720,18+275,60+1041,12+541,84) manat təşkil edib. Sözügedən aylarda məzuniyyətdə olmadığı halda ona həmin aylar üzrə hesablanmış tam əmək haqqı: 2019-cu ilin iyul ayı üzrə 424,00 manat; 2019-cu ilin avqust ayı üzrə 424,00 manat; 2020-ci ilin iyul ayı üzrə 744,00 manat; 2020-ci ilin avqust ayı üzrə 744,00 manat olmaqla ümumilikdə 2336,00 (424,00+424,00+744,00+744,00) manat təşkil etməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyasının müəyyən edilməsi zamanı ona məzuniyyətə görə əlavəsi orta aylıq əmək haqqısının tərkibində ümumilikdə 10,12 ((2578,74-2336,00)/24 ay) manat məbləğində hesablanıb. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-353/2025 nömrəli xx.xx.2025-ci il tarixli Qərarı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində - vəzifə maaşına və ixtisasına uyğun vəzifəyə bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən işə bərpa edilən tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Preambula. Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94- cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.1. qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”na əsasən:

9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.

Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı”na əsasən aparılır. İşin araşdırılan hallarına əsasən iddiaçı 1981-1986-ci illərdə Gürcüstan SSR Marneuli rayon X3 İcraiyyə Komitəsinin Plan komissiyasının iqtisadçı vəzifəsində, 1986- 1990-cı illərdə X1 Marneuli Rayon Komitəsinin Təbliğat və Təşviqat Şöbəsində və Təşkilat şöbəsində instruktor vəzifələrində işləmişdir, həmin təşkilatlar sovet və partiya orqanı olmaqla həmin orqanlarda iş Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı”na əsasən dövlət qulluğu hesab edilir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi qaydası”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. “Əmək pensiyaları haqqında ” Qanunun 23.2. -ci maddəsinə əsasən isə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Lakin cavabdeh qeyd edilən halları və qanunvericilik tələblərini nəzərə almamış, iddiaçının 1981-ci ildən 1990-ci ilədək Gürcüstan Respublikasında sovet və partiya təşkilatlarda xidmət illərin dövlət qulluğu stajına daxil etməmiş, bununla da “Əmək pensiyaları haqqında” və “İnzibati icraat haqqında” Qanununların tələblərini pozmuşdur.

İddiaçının iddia tələbinin digər hissəsinə- xx.xx.2024-cü tarixinədək aylıq vəzifə maaşına artırmaları nəzərə almaqla (aldığı maaşın 1 misli yəni 540 manat həcmində əlavəni) hesablanmasını, məzuniyyət pulun 1014.77 (bir min on dörd manat yetmiş yeddi qəpik) manat nəzərə almaqla yenidən hesablanmasını və xx.xx.2024-cü il tarixindən pensiya ödənişlərində yaranmış fərqin hesablanaraq ödənilməsi tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən:

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

17. Dövlət vergi orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların dövlət vergi orqanlarındakı xidmət illəri həmin orqanlarda xidmət (qulluq) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər dövlət vergi orqanlarına xidmətə qəbul edildikdə, onların xidmət (qulluq) illəri dövlət vergi orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. 54-1. Vergi orqanlarının vəzifəli şəxslərinin əməkhaqqı aylıq vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavələrdən və normativ hüquqi aktlarda nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 54-2. Vergi orqanlarının vəzifəli şəxslərinin aylıq vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 54-3. Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir. 54-4. Vergi orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

78. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan vəzifəli şəxslər istisna olmaqla, vergi orqanında dövlət qulluğunda çalışan digər vəzifəli şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş pensiya təminatı şamil edilir. 78-1. Vergi orqanlarının vəzifəli şəxslərinin vergi orqanlarında xidmətdə olmasının yaş həddi 65 yaşdır.

Məhkəmə qeyd edir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Qeyd edilməlidir ki, yuxarıda istinad edilmiş qanunvericiliyin normalarından göründüyü kimi, dövlət verqi orqanlarında xidmət etmiş dövlət qulluqçulara yaşa görə əmək pensiyası təyin edilərkən vəzifə maaşı, rütbə maaşı, həmçinin xidmət etdiyi dövrdə mükafatlar, müavinətlər və qanunla müəyyən edilmiş vəzifə maaşına əlavələr də nəzərə alınmaqla təyin edilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası 2024-cü ildə təyin edərkən pensiya məbləğini düzgün müəyyən etməmiş, iddiaçının bu haqda ərizəsində göstərilmiş halları tam, obyektiv və hərtərəfli araşdırmamışdır Məhkəmə cavabdehin qeyd edilən inzibati aktlarının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, həm də “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanunun tələblərinə cavab vermədiyi qənaətə qəlir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Sosial təminat insanların həyatının müxtəlif dövrlərində qarşılaşdıqları iqtisadi çətinlikləri aradan qaldırmaq və sosial rifahı təmin etmək məqsədini güdür. Bu sahədə düzgün və ədalətli yanaşma, cəmiyyətin sosial ədalətini təmin etmək və zəif təbəqələrin müdafiəsini gücləndirmək üçün vacibdir. Dövlətin sosial siyasəti, cəmiyyətin zəif və həssas qruplarının həyat şəraitini yaxşılaşdırmaqla, cəmiyyətin ümumi inkişafına və stabilliyinə mühüm təsir göstərir. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, müvafiq səlahiyyətli inzibati orqan tərəfindən müvafiq pensiya işi ilə bağlı inzibati icraat çərçivəsində araşdırılma aparılarkən sosial ədalət prinsipi nəzərə alınmalıdır ki, bu prinsip hazırki mübahisə ilə bağlı dövlət qulluğunda uzun müddət çalışan şəxslərin pensiya hüquqlarının qorunması və müvafiq şəkildə dəyərləndirilməsinin vacibliyini əks etdirir. Sosial ədalət, həmçinin, cəmiyyətin inkişafını, iqtisadi və sosial bərabərliyi təşviq edir. Həmçinin, vətəndaşların pensiya təminatı ilə bağlı inzibati icraatın qanuni aparılması, pensiya sisteminin şəffaflığını, düzgünlüyünü və ədalətliyini təmin etmək üçün vacibdir. Bu, vətəndaşların pensiya hüquqlarını qorumaq, müraciətlərin düzgün icrasını, müvafiq sənədlərin qiymətləndirilməsini və qərarların qanuna uyğunluğunu təmin edir. Əlavə olaraq inzibati icraat, pensiya müavinətlərinin vaxtında və düzgün ödənilməsi, sosial müdafiə sisteminin effektlivliyini artıraraq vətəndaşların inzibati orqana olan etimadını artırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı işlədiyi xx.xx.1981-ci il tarixindən xx.xx.1986cı il tarixədək aralığını, həmçinin xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixədək aralığını dövlət qulluğu stajına daxil edilməsini və xx.xx.2024-cü tarixinədək aylıq vəzifə maaşına artırmaları nəzərə almaqla (aldığı maaşın 1 misli yəni 540 manat həcmində əlavəni) hesablanmasını, məzuniyyət pulun 1014.77 (bir min on dörd manat yetmiş yeddi qəpik) manat nəzərə almaqla yenidən hesablanmasını və xx.xx.2024-cü il tarixindən pensiya ödənişlərində yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı işlədiyi xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixədək aralığını, həmçinin xx.xx.1986-cı il tarixindən xx.xx.1990-cı il tarixədək aralığını dövlət qulluğu stajına daxil edilməsini və xx.xx.2024-cü tarixinədək aylıq vəzifə maaşına artırmaları nəzərə almaqla (aldığı maaşın 1 misli yəni 540 manat həcmində əlavəni) hesablanmasını, məzuniyyət pulun 1014.77 (bir min on dörd manat yetmiş yeddi qəpik) manat nəzərə almaqla yenidən hesablanmasını və xx.xx.2024-cü il tarixindən pensiya ödənişlərində yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar