Məhkəmə qərarları › İş №2-1(112)-5926/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5926/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5926/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur (2 il 14 gün); ИT-İ № ******* №-li, 10 mart 1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1977-xx.xx.1977-ci illərdə Xaçmaz rayonunun “İliç yolu” sovxozunda fəhlə işləmişdir (2 ay 5 gün); xx.xx.1980-xx.xx.1981-ci illərdə həmin sovxozun 2 saylı traktor briqadasında əvəzedici traktorçu işləmişdir (11 ay 28 gün); xx.xx.1981-xx.xx.1981-ci il tarixlərdə Lenin Ordeni və Oktyabr İnqilabı adına 254 №-li Yol maşın stansiyasında yol çilingəri işləmişdir (9 il 2 ay 4 gün); xx.xx.1981-xx.xx.1990-cı illərdə “İliç Yolu” sovxozu 2 saylı traktor briqadasında traktorçu, texniki kompleksdə maşinist-buldozerçi işləmişdir (8 il 9 ay 2 gün); xx.xx.1990-xx.xx.1999-cu illərdə 781 №-li tikinti-quraşdırma qatarında maşinistbuldozerçi, 376 №-li tikinti-quraşdırma qatarında traktorçu, çilingər və ekskavatorçu işləmişdir (8 il 10 ay 26 gün); xx.xx.2002-xx.xx.2016-cı illərdə “AZ NYT” ATSC Mexanikləşdirmə İdarəsində ekskavatorçu işləmişdir (xx.xx.2006-cı il tarixədək 3 il 10 ay 15 gün, cəmi 33 il 11 ay 4 gün); xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 4 il 1 ay 23 gün. İddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ATSC-də olan əmək fəaliyyət dövrlərini sığorta stajına daxil etməmişdir. İddiaçı ona 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş Cavabdehin 02 dekabr 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “...təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunan məlumatlara əsasən mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2002-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək "xxxx" ATSC-də olan əmək fəaliyyəti dövrləriniz zamanı xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları öz əksini tapmamışdır. Bununla əlaqədar olaraq, adınıza sözügedən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı araşdırmanın aparılması, ödənildiyi təqdirdə fərdi şəxsi hesabınızda əks olunması barədə Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sözügedən sorğunun nəticəsindən asılı olaraq müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılacaqdır”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu – xx.xx.2023-cü il tarixidən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 noyabr 1972-ci ildə Xaçmaz rayon hərbi komissarlığı tərəfindən hərbi çağırışa dəvət edilmişdir. Hərbi xidmətini keçmiş SSR-nin Murmansk şəhərində piyada qoşunlarında keçmişdir. xx.xx.1979-cu il tarixində hərbi xidmətimi qurtarmış, həmin ildən müxtəlif sahələrdə və idarə təşkilatlarda əmək fəaliyyətinə başlamışdır. xx.xx.2002-ci ildə "xxxx" ASC Mexanikləşdirmə idarəsində Vİ dərəcəli ekskavatorçu vəzifəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixində öz xahişi ilə işdən çıxmışdır. Adı gedən təşkilata pensiyaya çıxmaq üçün müraciət etmişdir. Cavabdeh təşkilat kifayət qədər iş stajı olmasına baxmayaraq (25 ildən çox yəni demək olar ki, fasiləsiz) ona əmək pensiyası verməkdən imtina etdi. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində olan məlumata əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətində olan məlumata əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 il 10 ay 7 gün, xx.xx.2006-cı il tarixdən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumata əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 4 il 1 ay 23 gün əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 25 il təşkil edir. İddiaçının xx.xx.2006-cı ıil tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş məlumatlara əsasən mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ATSC-də olan əmək fəaliyyəti dövrləri xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları öz əksini tapmadığından sığorta stajına daxil edilməmişdir”. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçıya 3.12.2024-cü il tarixdən (cavabdehin mövqeyinə görə 25 il ümumi stajın tamam olduğu dövrdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh iddiaçıya əmək pensiyası təyin edilərkən xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ATSC-də olan əmək fəaliyyət dövrlərini sığorta stajına daxil etməmişdir. Lakin iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və xx.xx.2023-cü ildə 65 yaşı tamam olmuşdur və hesab edir ki, onun 65 yaşı tamam olduğu gündən ümumi iş stajı 25 ildən artıq olduğundan ona həmin vaxtdan pensiya təyin edilməlidir. Cavabdeh iddiaçının edilərkən xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" ATSC-də olan əmək fəaliyyət dövrlərini sığorta stajına daxil etməməsi barədə qənaətini onunla əsaslandırır ki, xx.xx.2002-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə fərdi şəxsi hesabınızın sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları öz əksini tapmadığından həmin dövlərin nəzərə alınması mümkün deyil. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir. Cavabdeh iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ATSCdə işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, fərdi şəxsi hesabın sığorta hissəsində məcburi dövlət sosial sığorta haqları öz əksini tapmamışdır. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 16 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəmiyyət “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” çərçivəsində keçmiş Dövlət Əmlakı Nazirliyinin 5 dekabr 2000-ci il tarixli 336 nömrəli sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında yaradılmış, Cəmiyyətin səhmlərinin 34,34 %-i özəlləşdirilmiş, dövlət mülkiyyətində qalan səhmlərin (65,66 %) isə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Cəmiyyət ünvan 1 ünvanı üzrə 22 dekabr 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN: **********). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 21 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" X3 Cəmiyyəti (VÖEN **********) xx.xx.2000-ci il tarixində dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 2əqliyyatyoltikinti” ATSC ləğv edilmiş "Azərnəqliyyatyoltikinti” Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında yaradılmışdır, həmçinin onların hüquq və öhdəliklərinin varisidir. Həmin müəssisənin mövcudluğu həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin 16 yanvar 2025-ci il tarixli məktubu ilə təsdiq edilir. İstinad edilən qanunvericilik normalarına əsasən işçinin xx.xx.2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ş № 2-1(102)-2264/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-582/2023 nömrəli iş üzrə 2-1(102)-473/2023 nömrəli iş üzrə 2-1(102)-1728/2022 nömrəli iş üzrə 2-1(102)-1476/2022 nömrəli iş üzrə 2-1(102)-1180/2022 nömrəli iş üzrə 2- 1(102)-1431/2020 nömrəli iş üzrə qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Beləliklə, iddiaçının həmin müəssisədə xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınmaqla, iş stajı və hərbi xidmət dövrü də daxil edilməklə ümumilikdə 25 ildən artıq iş stajı vardır. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu – xx.xx.2023-cü il tarixidən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləği fərqinin hesablanıb ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar