Məhkəmə qərarları › İş №2-1(112)-5927/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5927/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5927/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN” Xidmət X2rşı “adın dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN” Xidmət X2rşı “adın dəyişdirilmə öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1978-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, doğumu xx.xx.1978-ci il tarixli, 334 №-li akt qeydi ilə qeydə alınmışdır. İddiaçı 8.12.2023-cü il tarixli “adının dəyişdirilmsi barədə” ərizə ilə 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli 79 saylı qərarı ilə təsdiqlənmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 1.4-cü maddəsinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmçinin xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Aparılmış araşdırılma nəticəsində Ədliyyə Nazirliyinin Avtomatlaşdırılmış Qeydiyyat və İnformasiya sisteminin Antroponimlərində, şəxs X8ndə və təcrübədə də “Rusala” adına rast gəlinməmişdir. Həmçinin nəzərinizə çatdırırıq ki, seçdiyiniz “Rusala” adının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası AMEA Nəsimi adına X7 Şurasının qərarı ilə nəşr olunmuş “Azərbaycan Dilində Şəxs X8”-ndə olmadığı müəyyən edilmişdir və adı çəkilən quruma dəqiqləşdirmə aparılması ilə bağlı məktub ünvanlanmış, lakin bu adın verilməsinin yolverilməz olduğuna dair yazılı izah alınmışdır. Göstərilənlərlə bağlı bildiririk ki, adınızın məhz “Rusala”-ya dəyişdirilməsi barədə müraciətinizin tərəfimizdən təmin edilməsi mümkün deyildir". İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adının “Vüsalə” adından “Rüsala”ya dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində maddi və prosessual hüquq normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edilərək cavabdehin imtinası əsassız hesab edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə dair xx.xx.2024-cü il tarixli məktub göndərərək iddia tələbinə dair heç bir etirazının olmaması bildirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin əsaslandırması: İşin hallarından göründüyü kimi, iddiaçı adının “Vüsalə”dən “Rusala”ya dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Cavabdeh imtina əsası kimi, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiqlənmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 1.4-cü bəndinə və Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad edir. İmtinada qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin Avtomatlaşdırılmış Qeydiyyat və İnformasiya sisteminin Antroponimlərində, şəxs X8ndə və təcrübədə də “Rusala” adına rast gəlinmir. Həmçinin bildirilir ki, “Rusala” adının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyası AMEA Nəsimi adına X7 Şurasının qərarı ilə nəşr olunmuş “Azərbaycan Dilində Şəxs X8”-ndə olmadığı müəyyən edilmişdir və adı çəkilən quruma dəqiqləşdirmə aparılması ilə bağlı məktub ünvanlanmış, lakin bu adın verilməsinin yolverilməz olduğuna dair yazılı izah alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsində göstərilmişdir ki, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumun 1.06.2022-ci il tarixli qərarında (bundan sonra – Plenum qərarı) qeyd edilmişdir ki, “...Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır.Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir.Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər”. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X5rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X3rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X4rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64- 69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda istinad edilən normalarından göründüyü kimi, şəxsin qanunla müəyyən edilmiş qaydada adının dəyişdirilməsi hüququ vardır. Qeyd edilən qayda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”dır (bundan sonra – Qaydalar). Qaydaların 6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir. Qaydaların 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Cavabdehin həmin qaydaların 1.4-cü bəndinə istinad edir. Həmin bənddə qeyd edilmişdir ki, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Baxılan işdə iddiaçı onun adının “Rusala” ya dəyişdirilməsini istəyir. Lakin Qaydaların 1.4-cü bəndinə istinad edən cavabdeh həmin adın onun mənafeyinə və cinsinə uyğun olmaması, gülünc səslənməsinə dair hər hansı bir sübut təqdim edə bilmir və imtinanın əsası kimi yalnız Qaydaların həmin normasının məzmununa istinad edir. Lakin normanın iddiaçının müraciətinə tədbiqini əsaslandırmır. Cavabdehin istinad etdiyi digər norma “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsidir. Həmin normaya görə, Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Məhkəmə qeyd edir ki, həmin normanın hazırkı mübahisəyə aidiyyəti yoxdur. Belə ki, qeyd edilən norma adların yazılış formasını tənzimləyir. Yəni vətəndaşa verilmiş adın məhz başqa dillərdə yox, Azərbaycan dilində yazılmasını tənzimləyir. Azərbaycan dilində yazılış ilə Azərbaycan dilinə məxus məna verən adın verilməsi isə başqa başqa anlayışlardır. Qeyd etmək lazımdır ki, Azərbaycan vətəndaşlarına verilən adların əksəriyyəti (məna baxımından) ərəb, fars, rus və türk və digər dillərdə məna verən adlardan ibarətdir (Məhəmməd, Fatma, Zəhra - ərəb), Dilbər, Bəxtiyar, Canan, Cahangir - fars), Elcan, Aytəkin, Ceyran, Bikə, Damla - türk), Aida, Kiara, Kian, Amilya – digər dillər). (qeyd edilən adlar Ədliyyə Nazirliyinin rəsmi səhifəsinin “adlar üzrə statistika” bölməsinin (https://exidmet.justice.gov.az:8284/VVA/NameStatistics) son beş üzrə göstəricilərinə əsasən əldə edilmişdir). Yəni cavabdehin istinad etdiyi həmin norma, göstərilən adların başqa dillərdə deyil, məhz Azərbaycan dilində yazılışı qaydasını tənzimləyir. Məhkəmə cavabdehin imtina məktubunda qeyd etdiyi “Rusala” adının “Terminologiya Komissiyası AMEA Nəsimi adına X7 Şurasının qərarı ilə nəşr olunmuş “Azərbaycan Dilində Şəxs X8”-ndə olmadığı müəyyən edilməməsi ilə bağlı qeyd edir ki, həmin məktub mütəxəssis rəyi kimi qəbul edilməklə məhkəmə üçün məcburi xarakter daşımır və işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Plenumun qərarında qeyd edilmişdir ki, “...məhkəmələr Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının rəyini nəzərə alaraq hesab etmişlər ki, cavabdehin imtinası əsaslıdır. Həmin rəydə qeyd olunmuşdur ki, “2013-cü ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə orfoqrafiya qaydalarına uyğun olaraq “Muhammed” adının “Məhəmməd” və “Məmməd” formaları düzgün yazılış forması kimi göstərilmişdir. Bununla da orfoqrafiya qaydalarına uyğun olaraq bu adın “Məhəmməd” formasında yazılışı düzgün hesab edilir”. Bununla əlaqədar qeyd olunmalıdır ki, həmin Lüğətin “Lüğətin quruluşu” adlanan hissəsində coğrafi adlar, şəxs adları, müasir ədəbi dildə işlənməyən qəliz ərəb və fars sözləri, yalnız bir məhəllə və məhdud peşəkarlar dairəsində işlənən sözlərin (arqotizmlərin), əsasən Lüğətə daxil edilmədiyi bildirilir. Eyni zamanda, burada göstərilmişdir ki, Lüğəti çap etmiş nəşriyyat tərəfindən hazırlanmış şəxs adları (Əlavə 3-4) siyahıları orfoqrafiya lüğətinə ilk dəfə əlavə olunmuşdur. Beləliklə, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı)”. Məhkəmə qeyd edir ki, həmin məktubda “Rusala” adının lüğətlərdə öz əksini tapmaması və Azərbacayn dilində heç bir məna bildirməməsi qeyd edilmişdir. Lakin Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş yuxarıda istinad edilən Qaydaların 1.4-cü bəndinə hansı adın yolverilməz olduğu konkret olaraq qeyd edilmişdir. Həmin qaydalarda heç bir məna bildirməyən adın verilməməsi barədə tələb yoxdur. Bundan başqa baxılan işdə cavabdeh imtina məktubunda təcrübədə “Rusala” adına rast gəlinmədiyini bildirmişdir. Lakin Ədliyyə Nazirliyi X1 Reyestr Xidməti tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, 2020-2024-cü illər (son beş il) ərzində 2021-ci ildə bir nəfərə “Rusala adı verilmişdir. Göründüyü kimi, cavabdehin həmin imtina dəlili də əsassız olmaqla həmçinin iddiaçıya münasibətdə bərabərlik prinsipinin tələblərini də pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə qeyd edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı adının “Vüsalə” adından “Rusala”ya dəyişdirilməsi öhdəliyi 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar