Məhkəmə qərarları › İş №2-1(112)-593/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-593/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-593/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (ünvanı: ünvan 1 mənzil 26b), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 91; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Hüquq sektorunun baş məsləhətçisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “qaçqın statusunun bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı cavabdehin vəzifəli şəxsləri tərəfindən yol verilən və İddiaçı hüquq və azadlıqlannm məhdudlaşdınlmasına səbəb olan halların aradan qaldırılması; İddiaçı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulan iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı ailəsilə birlikdə 1988-ci il tarixdə Ermənistan Respublikası Masis rayonundan qaçqın düşmüşlər, bir müddət Bakı şəhərində yaşadıqdan sonra 1990-cı il tarixdən Xocalı şəhərinə köçmüşlər. xx xxxxxx 1992-ci il tarixdə dünya tarixində misli görünməmiş hadisə baş vermişdir. Erməni millətçiləri Xocalı şəhərində soyqırım törətmişlər. Həmin dəhşətli günlərin şahidlərindən biridə iddiaçının ailəsi olmuşdur. Bacısı ailəsi ilə birlikdə ermənilər tərəfindən qətlə yetirilmişlər. Bu gündə Xocalı soyqırımı ilə əlaqədar yaradılmış abidə lövhəsi üzərindəki şəhid adlarında onun da bacısının adı vardır. Məcburi köçkün kimi Bakıya gəldikdən sonra ailənin bütün üzvlərinə 1992-ci ildə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu və vəsiqəsi verildi. Məcburi köçkün statusuna malik olan şəxslər Bakıda və yaxud Respublikanın digər şəhər və rayonlarında yaşamasına baxmayaraq məcburi köçkün statusuna malik olduğundan o da xx xxxxxx 2015-ci ilə kimi məcburi köçkün statuslu sayılmış və nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmişdir. Belə ki, o zamanlar məcburi köçkünlərə verilən güzəştlərdən ailə üzvü kimi onunda adı qeyd edilib və o və övladları istifadə edib, həmçinin məcburi köçkünlərə edilən kommunal güzəştlərlə bağlı siyahıda həmişə onunda adı qeyd edilib və Dövlət Komitəsi də onu da nəzərə alıb. xx xxxxxx 2015-ci ilədək o, digər övladları yetkinlik yaşına çatdıqca müvafiq sənədləri səlahiyyətli orqana təqdim edərək, onlara məcburi köçkün vəsiqəsi almışdır. 2015-ci il tarixdən sonra ona bildirdilər ki, ona məcburi köçkün statusu düşmür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Respublikada qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Vətəndaş İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Təqdim edilmiş sənədlər Komitənin Status sektorunda araşdırılmış və müəyyən olunmuşdur ki, İddiaçı Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Xocalı şəhərinə gəlmiş, Xocalı şəhərinin işğalından 3 ay öncə Xocalıdan pasport qeydiyyatından çıxaraq xx.xx.1992-ci il tarixdə Bakı şəhərində yerləşən yataqxanada pasport qeydiyyatına düşmüşdür. xx.xx.1992-ci il tarixdə isə yataqxanada qeydiyyatdan çıxaraq ünvan 3 ünvanına daimi pasport qeydiyyatına alınmışdır. Daha sonra isə, Bakı şəhərində bir neçə dəfə mənzil dəyişərək müxtəlif ünvanlarda daimi pasport qeydiyyatına alınmışdır. xx.xx.1996-cı il tarixdən xx.xx.2010-cu il tarixədək ünvan 5 ünvanında, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Xocalı şəhərində qeydiyyatda olmuşdur. xx.xx.2011-ci il tarixdən bugünədək isə Nizami rayonu, Şərifli küçəsi, 94B, mənzil 26 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı Rayon Bölməsi tərəfindən Komitəyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 1970-ci il təvəllüdlü Hüseynov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində qeydiyyatda dayanmır və onun barəsində heç bir məlumat yoxdur. Bununla yanaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xocalı Rayon Polis Şöbəsi tərəfindən Komitəyə ünvanlanmış məktuba əsasən, İddiaçı fərdi uçot kartoçkasında onun xx.xx.2011ci il tarixdən Nizami rayonu, Şərifli küçəsi 94B, mənzil 26 ünvanında qeydiyyatda olduğu qeyd olunmuşdur. Yuxarıda yazılanlara əsasən və Xocalı RİH-nin başçısının müraciəti əsasında aparılmış araşdırmaların nəticəsi olaraq İddiaçı verilmiş AA 010838 saylı məcburi köçkün vəsiqəsi mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq ləğv edilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən, bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, “Məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan şəxs müvəqqəti məskunlaşdığı şəhər və rayon icra hakimiyyətində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir. Qaydaların 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Odur ki, İddiaçı Xocalı rayonunun işğalından əvvəl Xocalıdan pasport qeydiyyatından çıxaraq xx.xx.1992-ci il tarixdə Bakı şəhərində yerləşən yataqxanada pasport qeydiyyatına düşdüyündən, ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İş materiallarından görünür ki, 010838 nömrəli Məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı 1992-ci ildən Xocalı rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonunda müvəqqəti məskunlaşmışdır. İddia ərizəsindən görünür ki, 010838 nömrəli Məcburi köçkün vəsiqəsi ləğv olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir: “Araşdırma nəticəsində məlum olmuşdur ki, siz Ermənistan Respublikasından qaçqın düşdükdən sonra Xocalı şəhərinə gəlmiş və Xocalı şəhərinin işğalından 3 ay öncə Xocalıdan pasport qeydiyyatından çıxaraq xx.xx.1992-ci ildə Bakı şəhərində yerləşən yataqxanada pasport qeydiyyatına düşmüsünuz. xx.xx.1992-ci ildə isə yataqxanadan qeydiyyatdan çıxaraq ünvan 3 ünvanına daimi pasport qeydiyyatına alınmısınız. Bundan sonra Bakı şəhərində bir neçə dəfə mənzil dəyişərək müxtəlif ünvanlarda daimi pasport qeydiyyatına alınmısınız. Hazırda xx.xx.1996-cı ildən qeydiyyatda olduğunuz Nizam rayonu, Şərifli küçəsi, 94B, mənzil 26 ünvanında yaşayırsınız. Qeyd olunan xüsuslar və Xocalı RİH-nin başçısının müraciəti əsasında aparılmış araşdırmaların nəticəsi olaraq sizə xx.xx.1999-cu ildə Komitə tərəfindən verilmiş AA 010838 nömrəli köçkün vəsiqəsi mövcud qanunvericiliyin tələblərinə görə xx.xx.2010-cu ildə ləğv edilmişdir. Əlavə olaraq bildiririk ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” xx xxx 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Ermənistan Respublikasında aparılan etnik təmizləmə siyasəti nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və mövcud qanunvericiliyi əsasən daimi yaşayış sahəsi əldə etmiş qaçqınlar daimi məskunlaşmış hesab edilir və onlara məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil olunmur. Yuxarıda göstərilənlərə əsasən siz Ermənistan Respublikasından qaçqın düşdükdən sonra daimi yaşayış sahəsi əldə etdiyiniz üçün daimi məskunlaşmış qaçqın hesab edilirsiz və sizə qanunvericiliklə məcburi köçkün statusu verilə bilməz.” Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin xx.xx.2020-ci il tarixli 369 nömrəli Arayışında göstərilmişdirr: “İddiaçı xx.xx.1991-ci il tarixində 79-k nömrəli əmri ilə (keçmiş Bakı Sənaye- Pedaqoji Texnikumu) indiki ADPUnun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əyani şöbəsinə “Avtomobil nəqliyyatında hərəkətin idarə olunması və daşımaların təşkili" (qrup213) ixtisasına qəbul olmuşdur. Tələbə İddiaçı əyani şöbədə təhsil aldığı müddət ərzində xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək təhsil aldığı təhsil müəssisəsinin tabeliyindəki yataqxanada müvəqqəti qeydiyyatda olmuşdur. Sonra xx.xx.1992-ci il tarixində 60-k nömrəli əmrlə təhsilalma formasını dəyişdirərək öz ixtisası üzrə (qrup72) qiyabi şöbəyə köçürülmüşdür. xx.xx.1994-cü il tarixində 68k nömrəli əmrlə isə kolleci bitirmişdir.” İş materiallarında olan 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli 703 nömrəli Arayışından görünür ki, İddiaçı 41-813-cü yataqxanadan xx.xx.1992-ci ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 55, mənzil 47-yə qeydiyyata düşüb. İş materiallarından görünür ki, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Xocalı rayon Daxili İşlər Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə aldığı XXİV-JQ seriyalı 665167 nömrəli keçmiş SSRİ pasportu ilə xx.xx.1996-cı il tarixdən xx.xx.2010-cu il tarixədək ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Xocalı şəhərinə qeydiyyata alındıqdan sonra yenidən xx.xx.2011-ci il tarixdən hal-hazıradək ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək İddiaçı yaşayış yeri üzrə qeydiyyatı barədə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək təhsil aldığı təhsil müəssisəsinin tabeliyindəki yataqxanada müvəqqəti qeydiyyatda olması, xx.xx.1996-cı il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyata alınması iş materialları ilə öz təsdiqini tapmışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin 2.4-cü bəndinə əsasən Komitə qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək vəzifəsini həyata keçirir. Həmin Əsasnaməsinin 3.6-cı bəndinə əsasən məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir. Həmin Əsasnaməsinin 3.10-cu bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür. Həmin Əsasnaməsinin 3.11-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir. Həmin Əsasnaməsinin 3.22-ci bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair yazılı etirazını İddiaçı Xocalı rayonunun işğalından əvvəl (xx.xx.1992-ci ildən əvvəl) Xocalıdan daimi pasport qeydiyyatından çıxaraq xx.xx.1992-ci il tarixdə Bakı şəhərində yerləşən yataqxanada pasport qeydiyyatına düşməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı təhsil aldığı təhsil müəssisəsinin tabeliyindəki yataqxanada daimi deyil, müvəqqəti qeydiyyatda olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati icraat aparılarkən inzibati orqan tərəfindən Xocalı rayonu işğal edilən zaman (xx.xx.1992) iddiaçının başqa digər ünvanda (rayonda) daimi olaraq qeydiyyatda olduğu sübuta yetirilməmişdir. Həmçinin iddiaçının xx.xx.1992-ci il tarixə kimi Xocalı rayonunda qeydiyyatda olmamasına dair cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının Xocalı rayonundan məcburi köçkün olması iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin rayon işğal olunandək daimi olaraq başqa rayonda qeydiyyatda olmaması sübuta yetirilmədiyindən onun statusunun və vəsiqəsinin ləğv edilməsi əsassız olmuş və iddiaçının hüquqlarını pozmuşdur, odur ki, hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin bərpa edilməsi öhdəliyi cavabdeh Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar