Məhkəmə qərarları › İş №2-1(112)-593/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-593/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-593/2023 06.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı gömrük rəsmiləşdirilməsinin ləğv edilməsi (üçüncü şəxs X1 və Baş Dövlət Yol Polis İdarəsi) tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı gömrük rəsmiləşdirilməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin qərardadı ilə nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və xüsusi dayanacağa yerləşdirilməsi qərara alınmışdır. Daha sonra həmin qərardad ləğv olunsa da mübahisə davam etmiş, nəqliyyat vasitələri həbsdən azad edilmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən isə görünür ki, üçüncü şəxsə mübahisəli nəqliyyat vasitələrinin həbsdə olması əvvəlcədən məlumatlı olmuşdur. Həbsdə olan nəqliyyat vasitələrindən 5 ədədi həbsdə olmasına baxmayaraq həbsdə olduğu müddətdə qanunsuz olaraq üçüncü şəxsin adına rəsmiləşdirilmişdir. Halbuki, həmin nəqliyyat vasitələri xüsusi dayanacaqda olmuşdur. Cavabdeh qeyd etmişdir ki, həmin nəqliyyat vasitələrinin keçirilməsinə əsas gömrük vəsiqələri olmuşdur. Halbuki, həmin nəqliyyat vasitələri heç vaxt üçüncü şəxsin istifadəsində olmamışdır və hal-hazırda da onlara məxsus dayanacaqda saxlanılır. İddiaçı hesab edir ki, sənədləşmə saxta sənədlər əsasında qanunvericiliyin tələblərinə zidd olaraq əmlak həbsdə olan müddətdə aparılmışdır. Sonradan iddiaçı tərəfindən dəqiqləşmə ərizələri vermişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “gömrük vəsiqələrinin və gömrük bəyannamələrinin ləğv edilməsi formasında icraata qəbul edilmişdir. Qeyd olunur ki, iddiaçının dəqiqləşmələri 29 iyul 2022-ci il tarixli olsa da sistem üzrə son təqdim etdiyi dəqiqləşmə ərizəsi saat 16:49-da imzalamışdır ki, həmin dəqiqləşmə ərizəsi nəzərə alınaraq iddia tələbinin “AD N769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 nömrəli nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük bəyannamələri və gömrük vəsiqələrinin qanunsuz hesab edilməsi və xüsusi qərardad qəbul edilməsi” formasında icraata qəbul edilməsi barədə qərardad qəbul edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İdarə cavabdeh qismində qoyulmamalı ona qarşı iddia mümkün sayılmamalıdır. Bundan əlavə cavabdeh qeyd edir ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş gömrük bəyannamələri əsasında gömrük rəsmiləşdirilməsi aparılmış, hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İş materiallarında olan: Nizami Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, üçüncü şəxs ona məxsus nəqliyyat vasitələrinin yanlışlıqla həbsdə olduğunu əsaslandıraraq 5 ədəd nəqliyyat vasitələrinə qoyulmuş həbsin götürülməsini xahiş edir. 24 oktyabr 2019-cu il tarixli qərardadından görünür ki, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə ərizə təmin edilmişdir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən 5 ədəd nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsinə əsas olan sənədlər, o cümlədən bəyannamələr və malların sərhədkeçmə məlumatları məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi hazırkı iş üzrə verilmiş iddia ərizəsinin subyektiv hüquqi baxımından mümkünlük şərtinin ödənilib-ödənilməməsi və bundan sonra işə mahiyyəti üzrə baxılması, gömrük orqanının rəsmiləşdirmə ilə bağlı hərəkətlərinin qanuniliyinə qiymət verilməsi zərurəti müəyyən edilmişdir ki, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı subyektiv hüququn mövcudluğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarında iddiaçıya əmlakların məxsusluğunun dəlili kimi qeyd edilmişdir ki, həmin əmlaklar iddiaçıya məxsusdur, onun istifadəsindədir, məhkəmə qərardadı ilə nəqliyyat vasitələrinə həbs qoyulan zaman da üçüncü şəxsin məhkəməyə ərizəsi ilə həmin faktiki hal da təsdiq edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, əmlakın iddiaçının faktiki istifadəsində olması həmin əmlaklara münasibətdə hər bir halda subyektiv hüququn movcudluğu hesab edilməməlidir. Belə ki, subyektiv hüquq dedikdə qonunla qorunmalı olan hüquq başa düşülür ki, mübahisəli əmlak üzrə iddiaçının qanunla qorunan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının mövcudluğu təsdiq edə biləcək heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, məhkəmənin aidiyyəti orqanlara sorğuları ilə də iddia olunan nəqliyyat vasitələri barəsində heç bir məlumatı əldə etmək mümkün olmamışdır. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən iddiaçının istifadəsində olan nəqliyyat vasitələrin siyahısı məhkəməyə təqdim edilmişdir ki, həmin bitkin siyahıdan da görünür ki, iddia olunan nəqliyyat vasitələri barədə hər hansı məlumat həmin siyahıda mövcud olmamışdır. Üçüncü şəxs və cavabdeh tərəfindən 5 nəqliyyat vasitəsinə dair sərhədkeçmə məlumatları, gömrük rəsmiləşdirilməsinə əsas olan bəyannamələr təqdim edilsə də iddiaçı həmin əmlakların sərhədkeçmə məlumatları, aidiyyəti qurumlarda rəsmiləşdirilməsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmiş, məhkəmə araşdırması zamanı təqdim etdiyi sənədlərin-texniki pasportların isə həmin 5 nəqliyyat vasitəsi ilə əlaqəsinin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının nəqliyyat vasitələri üzərində sahibliyi faktiki sahiblik olmaqla qanuni sahiblik üçün əsas yaratmır. Faktiki sahiblik isə qanunilik meyarına malik olmadığı təqdirdə hüquqdan, dolayısı ilə də hüququn müdafiəsi vasitəsi kimi məhkəməyə müraciət etmək hüququndan, nəticədə isə iddia verilməsi üçün subyektiv hüququn movcudluğundan söhbət gedə bilməz. Beləliklə iddiaçı tərəfin subyektiv hüququn mövcud olmasına istinad edə biləcəyi hüquqmüəyyən edici sənəd mövcud deyil. Adından da göründüyü kimi hüququ müəyyən edən sənəd yoxdursa, deməli hüquq da mövcud deyil. Üçüncü şəxsin rayon məhkəməsinə ərizəsi də həmin hüququn yaranmasına səbəb olmur. Belə ki, həmin qərardaddan da görünür ki, həbs qoyulmalı olan əmlakların rekvizitləri bəllidir. 5 ədəd nəqliyyat vasitəsi digər əmlaklardır və üçüncü şəxs də məhz əmlak üzərinə səhv həbs qoyulması səbəbindən məhkəməyə müraciət etmiş, həmin 5 nəqliyyat vasitəsinin həbs qoyulmalı olan nəqliyyat vasitəsinə aid olması barədə heç bir məlumata istinad etməmiş, onun sahibliyində olmalı olan, lakin iddiaçının qarajında faktiki istifadəsində olan nəqliyyat vasitələrinin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən əmlakların saxlanıldığı qarajda yerləşən nəqliyyat vasitələrinə baxış keçirilmiş, lakin həmin nəqliyyat vasitələrinin qanuni sahibliyində olmasına dair heç bir məlumatın əldə edilməsi mümkün olmamış, iddiaçı tərəf də bununla bağlı hər hansı sənədi təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim:Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar