Məhkəmə qərarları › İş №2-1(112)-593/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-593/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-593/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, yekunda 1789.13 manat miqdarında qərarsız təkrar tutulmanın ləğv edilməsinə və əvəzləşdirmə nəticəsində təkrar tutulmuş 1789.13 manat məbləğində pulun iddiaçıya ödənilməsinə, əmək pensiyasının yenidən hesablanması zamanı pensiya fərqinin cəmindən ötən dövr üzrə qalıq yaranmış 2082.99 manat məbləğinin iddiaçıya ödənilməsinə, "Əmək pensiyaları haqqında" qanunun 1.0.1-ci və 1.0.5-ci maddələri nəzərə alınmaqla əmək pensiyaçı hüququ qazandığı dövrdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən iddiaçıya ödənilmiş 919 manat miqdarında vəzifə maaşının və həmin vəzifə maaşının 10 faizi miqdarında əlavənin ona məxsus "Məlumat vərəqində" göstərilməsi, əmək pensiyanın yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü ildə doğulmuşdur. Uzun müddət xüsusi rütbəli şəxs kimi xidmətdə olmuşdur və xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə ikinci dərəcəli müharibə əlilliyinə görə əmək pensiyası alır. Hazırda işsizdir. O, əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan müraciətdə qeyd edilənlərin icrasından xx.xx.2022-ci il, **********8 saylı məktubla imtina etmişdir. İmtinanın səbəbi kimi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə istinad edilmişdir. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinad edilmişdir. Hazırkı vəziyyətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsi qüvvədən düşmüşdür. İddiaçının şəxsi hesabında mövcud olan pensiya kapitalının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Tibbi sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. İşdə olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, DSMF-nin Binəqədi rayon şöbəsindən xx.xx.2020-ci il tarixədək İİ qrup əlilliyə görə 651.31 manat məbləğində pensiya ödənilmişdir. Pensiya işi xx.xx.2020ci ii tarixdən dayandırılmışdır. Cavabdehin əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçıya "Əmək pensiyaları haqqında" Qanunun 20.16.1-ci maddəsinə əsasən xx.xx.2019-cu ildən əlilliyə görə əmək pensiyası təyin edilmiş, qərarın 1-cu hissəsində göstərilmişdir ki, rayon şöbəsindən aldığı 1869,89 manat nəzərə alınmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı artıq ödənilmiş 1789,13 manat vəsaitdən ona ödənilməli olan 1645,33 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 143,80 (1789,13- 1645,33) manat vəsait cari ilin may ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixinədək 4 il 4 ay sığorta stajı, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan 45024,58 manat (2019-cu il tarixinədek indeksləşdirilmiş), xx.xx.2024-cü il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 34254,90 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında xx.xx.2024-cü il tarixindən 1852.86 manat məbləğində əlilliyə görə əmək pensiyası hesablanmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Filial tərəfindən 21 fevral 2020-ci il tarixində (5 dekabr 2019-cu il tarixindən hesablanmaqla) hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilib. İddiaçıya Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda Fondun müvafiq struktur bölməsi tərəfindən də əlilliyə görə avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edildiyi müəyyən olunmuşdur. Nəticədə iddiaçıya 5 dekabr 2019-cu il tarixindən 1 mart 2020-ci il tarixinədək ümumilikdə 1789,13 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5.1-ci maddəsinə əsasən, müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 2020-ci ilin fevral ayında Mərkəzi Filial tərəfindən pensiya təyinatı zamanı iddiaçıya Fondun müvafiq struktur bölməsi tərəfindən artıq ödənilmiş vəsait nəzərə alınıb. Belə ki, həmin vəsait iddiaçıya ödənilməli olan vəsaitdən çıxılaraq müəyyən edilmiş qalıq ödənilməli olan 912,63 manat pul vəsaiti xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Sonradan sonuncu xidmət keçdiyi orqan tərəfindən iddiaçıya təqdim edilmiş yeni məlumat vərəqinə əsasən pensiyası 5 dekabr 2019-cu il tarixindən yenidən hesablanmış, lakin vaxtilə avtomatlaşdırılmış qaydada təyin edilən ümumi əsaslarla əlilliyə görə artıq ödənilmiş və əvəzləşdirilmiş pensiya məbləği nəzərə alınmayaraq ümumilikdə keçmiş dövr üzrə fərq məbləği müəyyən edilərək ödənilib. Buna görə də vaxtilə iddiaçıya Fondun digər struktur bölməsi tərəfindən ödənilmiş ümumilikdə 1789,13 manat pul vəsaiti artıq ödənilmiş vəsait olaraq müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022- ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Mərkəzi Filiala daxil olmuş müraciət ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən pensiya yenidən hesablanaraq 1677,89 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə iddiaçıya ödənilməli olan 1645,33 manat pul vəsaiti hesablanıb. Həmin vəsait iddiaçıya artıq ödənilmiş 1789,13 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilib, qalan 143,80 (1789,13-1645,33) manat vəsait 2024-cü ilin may ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Əlavə olaraq, Mərkəzi Filiala daxil olmuş 6 dekabr 2024-cü il tarixli müraciətdə təqdim edilmiş yeni sənəd əsasında əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən yenidən hesablanaraq 2087,75 manat məbləğində müəyyən edilib, həmçinin ötən dövr üzrə sizə ödənilməli olan 2314,43 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 231,44 manat hissəsi cari ilin yanvar ayında pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Qalan ödənilməli olan vəsait 2082,99 manat təşkil edir. Qeyd edilənlərlə bağlı iddiaçıya 14 yanvar 2025-ci il tarixli 3-17-1/2-M-7265/2025 nömrəli məktubla ətraflı məlumat verilib. Fondun digər struktur bölməsi tərəfindən daxil olmuş sorğu əsasında pensiya işinə dair sənədlərin köçürülməsi ilə əlaqədar Mərkəzi Filial tərəfindən iddiaçıya pensiya ödənişi cari ayın 1-dən dayandırılıb. Həmçinin iddiaçıya ödənilməli olan qalan 2082,99 manat vəsait barədə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına tərəfimizdən xidməti məktubla məlumat verilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla hazırda iddiaçı: 1.1789.13 manat miqdarında qərarsız təkrar tutulmanın ləğv edilməsi və əvəzləşdirmə nəticəsində təkrar tutulmuş 1789.13 manat məbləğində pulun iddiaçıya ödənilməsini;

2. əmək pensiyasının yenidən hesablanması zamanı pensiya fərqinin cəmindən ötən dövr üzrə qalıq yaranmış 2082.99 manat məbləğinin ödənilməsini;

3. "Əmək pensiyaları haqqında" qanunun 1.0.1-ci və 1.0.5-ci maddələri nəzərə alınmaqla əmək pensiyaçı hüququ qazandığı dövrdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən iddiaçıya ödənilmiş 919 manat miqdarında vəzifə maaşının və həmin vəzifə maaşının 10 faizi miqdarında əlavənin ona məxsus "Məlumat vərəqində" göstərilməslə əmək pensiyanın yenidən hesablanması və ödənilməsini xahiş edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı ilk iki tələbində haqlıdır. Belə ki, cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda da göstərildiyi kimi, 21 fevral 2020-ci il tarixində 5 dekabr 2019-cu il tarixindən hesablanmaqla hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş və bu zaman iddiaçıya əvvəl pensiya aldığı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən 5 dekabr 2019-cu il tarixindən 1 mart 2020-ci il tarixinədək ümumilikdə 1789,13 manat vəsait ödənilməsi nəzərə alınaraq, ona hərbi qulluqçu kimi 5 dekabr 2019-cu il tarixindən 21 fevral 2020-ci il tarixinədək ödənilməli pensiya məbləğindən həmin məbləğ çıxılmış və iddiaçıya keçmiş dövrə görə cəmi 304,21 manat vəsait ödənilmişdir. İşdən görünür ki, Mərkəzi Filiala tərəfindən iddiaçının müraciəti əsasında işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən pensiya yenidən hesablanarkən ona ötən dövr üzrə ödənilməli olan 1645,33 manat pul vəsaiti hesablanmış, lakin cavabdeh həmin məbləği iddiaçıya ödəməyərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən 5 dekabr 2019-cu il tarixindən 1 mart 2020-ci il tarixinədək ödənilmiş 1789,13 manat vəsait təkrar əvəzləşdirilmiş, bu zaman 1645,33 manat pul vəsaiti 1789,13 manat vəsaitdən çıxılaraq büdcəyə bərpa edilmiş, qalan 143,80 (1789,13- 1645,33) manat vəsait isə 2024-cü ilin may ayında iddiaçıya ödənilmiş əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Göründüyü kimi, iddiaçıya cəmi 1789,13 manat vəsait artıq ödənilmiş, cavabdeh isə həmin məbləği qanunsuz olaraq iki dəfə iddiaçıya ödənilən əmək pensiyasından tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. İddiaçının ikinci tələbinə gəldikdə, işdən görünür ki, cavabdeh özü də həmin məbləğin iddiaçıya ödənilməli olmasını qəbul etmiş, xx.xx.2025-ci il tarixli məktubda göstərmişdir ki, iddiaçının əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən yenidən hesablanaraq 2087,75 manat məbləğində müəyyən edilib, nəticədə ona ödənilməli olan 2314,43 manat pul vəsaiti hesablanmış və həmin vəsaitin 231,44 manat hissəsi cari ilin yanvar ayında ödənilsə də, qalan hissə ödənilməmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi bu hissədə də əsaslıdır. İddiaçının tələbinin üçüncü hissəsinə gəldikdə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən: -maddə 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; -maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi, təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdə olarkən aldığı vəzifə maaşın və ona əlavələrdən hesablanır. İddiaçı hazırda onun təminat xərcliyinə əlavə edilməsini xahiş etdiyi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən ödənilmiş 919 manat miqdarında vəzifə maaşı və həmin vəzifə maaşının 10 faizi miqdarında əlavə isə iddiaçının hərbi xidmətdə olarkən hərbi qulluqçu kimi aldığı məvacibə aid olmadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı əvəzləşdirmə nəticəsində təkrar tutulmuş 1789.13 manat məbləğində pulun və əmək pensiyasının yenidən hesablanması zamanı ötən dövr üzrə yaranmış 2082.99 manat fərq məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar