Məhkəmə qərarları › İş №2-1(112)-5930/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5930/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5930/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyat ünvanına düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, rəsmi qeydə alındığı ünvan olaraq göstərilən ünvan 2 ünvanında, səhv olaraq göstərilmiş ev 5 ünvanın, ev 25 olaraq qeydə alınmasını xahiş etmişdir. Cavabdeh 01 yanvar 2024-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, aidiyyəti məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvqafiqdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi qeydə alındığı ünvan olaraq göstərilən ünvan 2 ünvanında, səhv olaraq göstərilmiş ev 5 ünvanın, ev 25 olaraq qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvanı ailəliklə birgə yaşadığı, ünvan 3 ünvanı olmalı qeydiyyat ünvanında 25 əvəzinə 5 olaraq göstərilib və bu səhvin aradan qaldırılması ilə bağlı müraciətləri hər dəfə müxtəlif bəhanələr gətirilməklə təmin olunmamışdır.. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Cavabdeh məhkəməyə göndərdiyi məktubda onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qeydiyyat ünvanına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin 5899 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanı səhvən G.Ramazanov küçəsi, döngə 1, ev 5 gedib. Hal-hazırda evin ünvanı G.Ramazanov küçəsi, döngə 1, ev 25-dir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-6597/24 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 5 ünvanında xx.xx.1985-ci il təvəllüdlü X1, xx.xx.1988-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı, xx.xx.1963-cü il təvəllüdlü X2, 10.11,2014-cü il təvəllüdlü X7, xx.xx.1966-cı il təvəllüdlü X9, xx.xx.1988-ci il təvəllüdlü X3 qeydiyyatdadırlar. ünvan 3 ünvanında xx.xx.1985-ci il təvəllüdlü X16, xx.xx.1955-ci il təvəllüdlü X18 qeydiyyatdadırlar. İddiaçı hazırda bu sənədlərə istinad edərək, onun qeydiyyat ünvanında səhvə yol verildiyini, buna görə də ev 5-dən ev 25-ə dəyişiklik edilməsini xahiş edir. Lakin işdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı ilkin olaraq yaşayış yeri üzrə xx.xx.2006-cı il tarixdə ünvan 6 ünvanına qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixdə isə ünvan 7 ünvanına qeydiyyata alınmışdır. İddiaçı daha sonra xx.xx.2014-cü il, xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərdə yenidən şəxsiyyət vəsiqəsi almış və qeydiyyat ünvanı dəyişməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-13-46/2-22396 nömrəli məktubundan da görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən ünvan 8 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-11296/2024 **********96 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 5 və ünvan 3 ünvanlarında yerləşən fərdi yaşayış evlərinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar olunmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi X6 və X5 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Binəqədi rayonu, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi X13 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı 2012-ci ildən etibarən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, ev 5 ünvanında qeydiyyatdadır, hazırda qeydiyyata alınmasını xahiş etdiyi ünvan 3 isə özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Deməli, iddiaçı onun qeydiyyat ünvanının ünvan 11 25-ə dəyişdirilməsi üçün Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən hər hansı birini təqdim etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Məhkəmə yuxarıda istinad olunan normaların tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı qeydə alınmalarını tələb etdiyi evə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməməklə aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar