Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5934/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «çağırış komissiyasının qərarının ləğv edilməsi və iddiaçının övladığının hərbi xidmətə çağırılması»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «çağırış komissiyasının qərarının ləğv edilməsi və iddiaçının övladığının hərbi xidmətə çağırılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının övladı X4 Nəsimi rayon çağırış komissiyasının qərarı ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) 30 iyun 2016-cı il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Təhsil müddəti başa çatdıqdan sonra Nəsimi rayon çağırış komissiyasına dəfələrlə müraciət edərək müddətli hərbi xidmətə göndərilməsini xahiş etmiş və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, ona 27 may 2019-cu il tarixli qərarı ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 1.9.1-ci maddəsinə əsasən ailə vəziyyətinə görə 35 yaşı tamam olanadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Növbəti dəfə müraciət edərək həmin qərarın ləğv edilməsi və özünün həqiqi hərbi xidmətə göndərilməsini xahiş etsə də, bu dəfə də ona eyni məzmunlu cavab məktubu göndərilmişdir. Həmin məktubda həmçinin qeyd olunmuşdur ki, “möhlət hüququna malik olan çağırışçıların könüllü şəkildə möhlət hüququndan imtina edərək müddətli həqiqi hərbi xidmətə göndərilmısi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, ona ailə vəziyyətinizə görə möhlət verilməsinə əsas olan xüsusatlarda dəyişiklik baş verdiyi və qanunla müəyyən olunmuş qaydada möhlət hüququ itirildiyi halda müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb oluna bilərsiniz”. Hesab olunur ki, cavabdeh təşkilatın imtinası qənunsuzdur və əsassızdır, Nəsimi rayon çağırış komissiyasının 27 may 2019-cu il tarixli qərarı ləğv edilməli və onun hərbi xidmətə çağırışa cəlb edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 1.9.1ci maddəsinə görə himayəsində başqa övladı olmayan İ dərəcə əlilliyi olan ata, yaxud ana olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir. İddiaçı İ dərəcə əlil olsa da, oğlumun himayəsində deyil, arvadı X1 himayəsindədir və qulluğa görə ona müvafiq təqaüd də verilir. Oğlunun həqiqi hərbi xidmətə cəlb olunmağına özü və arvadı etiraz etmirlər və bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizələri cavabdeh təşkilata da təqdim etmişlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 3.2-ci maddəsinə, İPM-in 2.2.3, 47, 49-cu maddələrini rəhbər tutaraq, məhkəmədən Nəsimi rayon çağırış komissiyasının 27 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçının övladı X2 hərbi xidmətə çağırışa cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsinin iddia ilə bağl məhkəməyə təqdim edilmiş yazılı münasibətində (etirazında) İPM-in 1.2, 47.2-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə, «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 2.0.5, 4.2, 13.1.1, 14.1.2, 14.3-cü maddələrinə, AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarına istinad olunaraq, cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əsl cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsi ilə əvəz olunması xahiş edilir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizısində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 26.1-ci maddəsinə görə inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər, mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. AR Mülki Prosessual Məcəlləsinin 49-cu maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçının övladı X2 1998-ci il təvəllüdlü olduğundan, yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxs kimi həm inzibati orqana, həm də məhkəməyə müraciət etmək hüququ olduğu halda, hazırkı iddianı iddiaçı kimi atası (İddiaçı) qaldırmışdır, hansı ki, sonuncunun bu iddianı öz adından qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmçinin nəzərə alınmaılıdır ki, X2 özünün inzibati orqana müraciəti, habelə onun inzibati icraat dövründə müvafiq səlahiyyətlərin nümayəndəsi qismində atası İddiaçı tapşırması (həvalə etməsi) barədə etibarnamə olmadığından, məhkəmə bu halı formal xəta kimi qiymətləndirməklə onun aradan qaldırılması istiqamətində iddaçının dəyişdirilməsinin tövsiyyə olunmasını məqsədəuyğun saymamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, qaldırılan məsələ ilə bağlı cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5934/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5934/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver