Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5934/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 1 may 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 430 №-li, 12 may 1998-ci il tarixli sərəncamına əsasən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/143 saylı, 22.02.96-cı il tarixli məktubunun icrasını nəzərə alaraq “Yeni Azərbaycan” qəzetinin xüsusi müxbiri İddiaçı fərdi yaşayış evi tikintisi məqsədi ilə rayonun Sulu-Təpə yaşayış massivində 600.0 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasəgöstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan başqa torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülərində və konfiqurasiyasında fərq mövcuddur. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 1998-ci il 12 may tarixli Binəqədi İcra Hakimiyyəti tərəfindən 430 saylı Sərəncama əsasən ayrılmış 600.0 km torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, bu torpaq sahəsi hazırda Neft Şirkətinə məxsus deyil və həmin ərazidə böyük yaşayış məntəqəsi salınmışdır. Həmin torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evləri üçün ayrılmış torpaq sahəsinə aiddir (Əsas: Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Memarlıq Baş İdarəsinin rəisi E.Qasımzadənin xx.xx.1996-cı il tarixli məktubu). Onun müraciəti əsasında SOCAR rəhbərliyi tərəfindən aldığı cavab məktubunda bildirilir: kənar fiziki və hüquqi şəxslərə aid torpaq sahələrinin SOCAR-ın daimi istifadəsində, eləcə də şirkətə məxsus sənaye obyektlərinin mühafizə zonasında yerləşməsindən asılıdır. Ona ayrılmış torpaq sahəsinin heç bir mühafizə zonasına aidiyyəti yoxdur. O zamankı AZNEFT Dövlət Konserni və AZNEFT X2 Neft-in rəhbərliyi tərəfindən xx.xx.1998-ci il tarixli məktubunda bildirilir: ayrılmış həmin torpaq sahəsində gələcəkdə neft quyularının qazılması planlaşdırılmır. Ona ayrılmış torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşməsi ilə bağlı bildirir ki, həmin ərazi rayon memarının çəkdiyi cizgidən 25 metr uzaqda yerləşir. Həmin torpaq sahəsi yerləşən ərazidə yeni qəsəbə - Xocasən İcra Nümayəndəliyi, bələdiyyəsi, polis bölməsi, məktəblər və poliklinikalar tikilərək əhalinin istifadəsinə verilmişdir. Həmin ərazidə Neft Şirkətinin fəaliyyətdə olan sənaye obyekti və mühafizə zonası yerləşmir. Ayrılmış torpaq sahəsi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuş ərazidir və həmin yerdə ev tikmiş, ailəsi ilə pasport qeydiyyatına alınmaqla orada yaşayır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Həmçinin bildirilmişdir ki, göstərilən sahənin 128 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 600 kv.m göstərilsə də, faktiki olaraq isə 623 kv.m təşkil edir. Üçüncü şəxs ARDNŞ iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müəyyən olunmuşdur ki, UTM WGS 84 koordinat sistemində koordinatlarda olan 600 m2 torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 162071 saylı ləğv olunmuş neft-qaz quyusunun 34 metrlik, 162106 saylı ləğv olunmuş neft-qaz quyusunun 58 metrlik, 162210 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 60 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin daş hasarının 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-57 mm-lik yerüstü aşağı təzyiqli qaz kəməri keçir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 430 №-li, 12 may 1998-ci il tarixli sərəncamı ilə fərdi yaşayış evi tikintisi məqsədi ilə rayonun Sulu- Təpə yaşayış massivində 600.0 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi ona istinad edir ki, elektron kadastr məlumatlarına göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində perimetrik ölçülərində və konfiqurasiyasında fərq mövcuddur. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçının təqdim etdiyi icra hakimiyyətinin sərəncamı hüquqmüəyyənedici sənəddir. Lakin istinad edilən Fərmanın 2-hissəsində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Cavabdehin imtina dəlillərindən biri ondan ibarətdir ki, ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Həmçinin torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İş üzrə üçüncü şəxs qismində məhkəməyə cəlb edilmiş ARDNŞ tərəfindən məhkəməyə təqdim edilmiş 23 fevral 2024–cü il tarixli məktubda cavabdehin imtinasında göstərilən bu hal öz təsdiqini tapmışdır. Belə ki, məktubda qeyd edilmişdir ki, UTM WGS 84 koordinat sistemində koordinatlarda olan 600 m2 torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 162071 saylı ləğv olunmuş neft-qaz quyusunun 34 metrlik, 162106 saylı ləğv olunmuş neft-qaz quyusunun 58 metrlik, 162210 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 60 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsinin daş hasarının 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-57 mm-lik yerüstü aşağı təzyiqli qaz kəməri keçir. Həmin məktuba ARDNŞ-nin daimi istifadəsində olan “Binəqədi OYL ƏŞ”-nin kontrakt sahəsinin Şabandağ və Sulutəpə blokunun xəritəsi, həmçinin torpaq sahəsinin və ətrafındakı neft quyularının ortofoto görüntüsü əlavə edilmişdir. Həmçinin iddiaçı da verdiyi izahatında evinin yaxınlığında neft quyusunun olmaasını ikar etməmişdir. Fərmanın ikinici hissəsində isə, qeyd edilən sənədlərin magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda hüququn qeydə alınması üçün əsas olması göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci hissəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Qaydalar”ın 5 nömrəli əlavəsinə əsasən təhlükəsizlik tədbirləri ilə əlaqədar orta təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 5 metr, aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə isə 2 metr müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. İddia predmeti olan torpaq sahəsi “X4” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil olduğundan, həmçinin 162071 saylı ləğv olunmuş neft-qaz quyusunun 34 metrlik, 162106 saylı ləğv olunmuş neft-qaz quyusunun 58 metrlik, 162210 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 60 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşdiyindən, eləcə də torpaq sahəsinin daş hasarının 0,2 metr məsafəsindən yanmayan materialdan olan dayaqlar (polad) üzərində quraşdırılmış SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan d-57 mm-lik yerüstü aşağı təzyiqli qaz kəməri keçdiyindən və iddia tələbi məhz bu əsaslarla əsassız olduğundan, məhkəmə cavabdehin iddia tələbinə etirazının dəlilləri kimi qeyd etdiyi digər halların araşdırılmasına zərurət görmür. İddiaçı iddia ərizəsində torpaq sahəsinin neft şirkıtinin ərazisində yerləşmədiyi qeyd etsə də, üçüncü şəxs tərəfindən təqdim edilən xəritə ilə iddiaçının bu dəlili inkar edilir. Digər tərəfdən iddiaçı ona torpaq ayrılarkən o zamankı AZNEFT Dövlət Konserni və AZNEFT X2 Neft-in rəhbərliyi tərəfindən xx.xx.1998-ci il tarixli məktubunda əmin torpaq sahəsində gələcəkdə neft quyularının qazılması planlaşdırılmadığını bildirməsinə istinad edir. Məhkəmə bununla bağlı qeyd edir ki, məktubda torpaq sahəsində gələcəkdə neft quyularının qazılması planlaşdırılmadığı bildirilməsinə baxmayaraq ərazidə ləğv edilmiş neft quyusunun olması onu deməyə əsas verir ki, həmin ərazidə vaxti ilə neft qaz əməliyyatları aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Qərara əsasən, ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. İddiaçının iddia istifadəsində olan torpaq sahəsinin koordinatları üçüncü şəxsə göndərilmiş və üçüncü şəxs tərəfindən verilmiş rəyə əsasən müəyyən edilmişdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 162071 saylı ləğv olunmuş neft-qaz quyusunun 34 metrlik, 162106 saylı ləğv olunmuş neft-qaz quyusunun 58 metrlik, 162210 saylı ləğv olunmuş neft-qaz quyusunun isə 60 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Göründüyü kimi, cavabdehin imtinsası əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5934/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5934/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver