Məhkəmə qərarları › İş №2-1(112)-5935/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5935/2022

14.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5935/2022 14.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi İddiaçı, iddiaçının vəkili X4 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı «iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X5 və İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı «iddiaçılara doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı X5 11 iyun 1995-ci il tarixdə doğulmuş, digər İddiaçı isə 18 sentyabr 1993-cü il tarixdə doğulmuşdur. Onların doğum yeri Bakı şəhəridir. Onları atası X2 19 avqust 2005-ci il tarixdə vəfat etmişdir, anası X9 2 iyun 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçıların şəxsiyyət vəsiqələri olmamışdır. Amma onlara doğum haqqında şəhadətnamə verilmişdir. Anaları vəfat etdikdən sonra onların doğum haqqında şəhadətnamələrini tapmaq mümkün olmamışdır. Bu səbəbdən də şəxsiyyət vəsiqəsini ala bilməmişlər. Yalnız iddiaçı X1 doğum haqqında şəhadətnaməsinin kserosurəti tapılmışdır. Onlar doğum haqqında şəhadətnamələrin surəti almaq üçün dəfələrlə cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etsələr də, şəxsiyyəi təsdiq edən sənəd olmadığından arayış verilməmişdir. Ona görə də iddiaçılar doğum haqqında şəhadətnamələrin surətinin alınması üçün 1 sentyabr 2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə vəkil sorğusu göndərsələr də, şəhadətnamələrin surətini almaq mümkün olmamışdır. Göstərilənlərə və İPM-in 34, 45 – 46-cı maddələrinə əsaslanaraq, iddiaçılar X3 (11 iyun 1995-ci il tarixdə doğulmuş) və İddiaçı (18 sentyabr 1993-cü il tarixdə doğulmuş) doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahioş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmənin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçılar X1 və İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı «iddiaçılara doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbləri üzrə işdən İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı «iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə İddiaçı və cavabdehə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun vəkili gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 iddianı müdafiə etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydanın 9.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydanın 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onun 18 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Məhkəmə qeyd edir ki, iddiaçının 18 sentyabr 1993-cü il tarixdə doğulması barədə 5 yanvar 2006-cı il tarixli 04 nömrəli akt qeydi mövcuddur və cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi həmin akt qeydinin surətini məhkəməyə müvafiq sorğu əsasında təqdim etmişdir, yəni doğum akt qeydinin olması işin mübahisəli hallarına aid deyil. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, 18 sentyabr 1993-cü il tarixdə doğulmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 18 sentyabr 1993-cü il tarixdə doğulmuş İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar